Anarın şeir yaradıcılığının fərdi rəngləri - Nizami Məmmədov TAĞISOY

 

Azərbaycan ədəbi-estetik məkanına Anar bir nəsr və publisistik əsərlər müəllifi kimi daxil olsa da, onun damarlarında şairlik siqlətinin də olduğunu etiraf etməkdəyik. Bu etirafı biz hələ 2004-cü ildə sənətkarın şeir yaradıcılığına həsr etdiyimiz "Öz adına sığmayan Anarı anlaya bilirikmi?" analitik məqaləmizdə ortaya qoymağa səy göstərmişdik. Qeyd etdiyimiz vaxtdan xeyli keçmişdir və bu günlərin, həftələrin, ayların, illərin bir-birini qovhaqovunda Anar nəinki öz nasirlik və publisistlik qələmini yerə qoydu, həm də poetik yaradıcılıqda yeni nümunələrlə oxucuların görüşünə gəldi.

Anarın şeirlərində, onların kompozisiya və məzmun düzümündə ənənəvi struktur, baxış, ölçü, metrika, ritm, qafiyə, ahəng və harmoniya axtarmaq nə oxucunu, nə araşdırıcını uğurlu sonuca gətirə bilər. Çünki Anar nəsr əsərlərində, publisistik dünyaduyumunda nə qədər individualdırsa, şeir yaradıcılığında da o qədər fərdidir, özəldir. Əslində o, nə üçün yazıb-yaratma məramını "Asilərim elə hey məni dəfn eyləyirlər..." şeirində ortaya qoyur:

 

Bir gün əgər doğrudan

Əcəl qapımı döysə,

Ölümə də hazıram.

Amma hələ ki sağam,

Yazmaqçün yaşayıram,

Yaşamaqçün yazıram,

 

- deyə fikirlərini yekunlaşdırmışdı.

Anar heç də yalnız özünün fərdi aləminin qeyri-adi düşüncələrini ipə-sapa düzmürdü, həm də klassik sənətkarlarımızın iç dünyasından zühur etmiş əsərlərdən epiqraflar gətirib, onlara nəzirələr yazırdı. Biz 2004-cü ildəki Anarın "klassik şairlərlə səsləşmələr" silsiləsində onlarla bağlı əsaslı münasibət ifadə etmişdik.

Anarın qeyri-ordinar poetik misraları oxucuların emosiyalarını təəccübləndirməklə, orijinal obrazlı düşüncə və gözləntiləri özünəməxsus şəkildə dəyişib paradokslar, qeyri-standart leksika, yaxud formalar yaratmaqla, həm də oxucuları vərdiş etdikləri fikirlər üzərində yeni formatda düşünməyə vadar edir. Müəllif tərəfindən işlədilən nadir söz və ifadələr, yaxud üslub və janrların qarışdırılması qeyri-standart obrazlar, gözlənilməz söz birləşmələri və ironiyalar Anarsayağı maraqlı bir aləm yaradır. Dediklərimizi Anarın "Şuşa nisgili" şeiri üzərində illüstrasiya edək:

 

Kirs dağından meh əsir,

Gəl sən vermə mehə sirr.

Təbiət əsir düşüb,

Külək dustaq, meh - əsir.

 

Satıldı Şuşam,

Atıldı Şuşam.

Mən də bununla

Gərək barışam.

(Anar. "Əsrin əsiri", s.373)

 

Bu şeirin qeyri-adi forması özünü onda göstərir ki, onu əvvəldən-axıra oxuduğumuz kimi, axırdan-əvvələ oxuduğumuz zamanda o qədər də güclü transformasiyalara uğramır, sözlər mənasını itirmir və belə şeiri anasiklik şeir kimi nəzərdən keçirmək olur. Yeri gəlmişkən, bildirək ki, anasiklik şeiri (yunancadan tərcümədə ana - yuxarı, yaxud əksinə, kükloç - dairə mənasını özündə əks etdirir) sondan əvvələ oxuduqda da öz mənasını itirmir. Eyni zamanda Anarın şeirlərində vizual effektin özü belə, özünəməxsus punktuasiya işarələri və sözlərin qeyri-adi düzümündə də özünü nümayiş etdirir.

Sənətkarın mistik ruhda qələmə aldığı iki bəndlik bayatısayağı şeiri də müəllifin öz fərdi duyumunun poetik interpretasiyası kimi maraqlıdır:

 

Ey dünya, gidi dünya,

Üzün ikidi, dünya.

Namərdi əzizlədin,

Yıxdın igidi, dünya.

 

Qəlbim mənə qalx, deyir,

Yan-yörənə bax, deyir.

Hay-küy səni üzməsin,

Kütlə hələ xalq deyil.

 

Anarın şeir yaradıcılığında həyat dəyərləri, həyat tərzi, ətrafındakılarla qarşılıqlı münasibətlər və ünsiyyət aparıcı əhəmiyyətə malikdir. Odur ki, Anarın şeirləri bizləri nəinki dərin fikirlərə qərq edir, həm də düşüncəmizi inkişaf etdirir, formalaşdırır.

Anarın şeirlərində biz həm də sənətkarın oxucular qarşısında hesabatını görürük. Onun "Əsrin əsiri" kitabında toplanmış ictimai-siyasi, mədəni-ədəbi mövzulu yazılarında, müəllifin ara-sıra yer almış şeir nümunələri də təqdim olunmuşdur ki, onlar özünəməxsus lirizmi ilə yanaşı, həm də epik vüsəti ilə diqqətimizi cəlb edir. Kitabın lap ilk səhifələrində yer almış "Mən" şeirinə müəllif geniş bir epoxal zaman kəsiyində nəzər salmağa çalışmışdır. Burada şeirin məzmununda ömrünün böyük bir hissəsini yaşadığı dövrə həsr etmiş (bəlkə də qurban vermiş) Anarın əsiri olduğu əsr qarşısında hesabatı bütün təfsilatı ilə ortaya qoyulmuşdur:

 

Əsrimin əsiriyəm,

Mən əsrimin əsiriyəm.

Yaxşım, pisim,

Duyğularım, fikrim, hissim,

Əsəblərim, əsərlərim,

Qəlbimdə qalan sirlərim,

Ağlı-qara aylarım,

Fərəhlərim, bayramlarım,

Umudlarım, ağrılarım,

İtkilərim, ağılarım

Baş daşlarım, göz yaşlarım,

Durmadan artan yaşlarım.

Döyüşlərim,

Görüşlərim,

Gülüşlərim,

Nəyim yoxdur,

Nəyim vardır

XX-dən yadigardır... və s. və i. a. (s.5)

 

Anarın "Mən" şeirini həm də müəllifin poetik hesabatı və onun daha sonrakı dövrlərə ekskursu kimi dəyərləndirmək olar. O, əsrinin əsiri olsa da, əl-qolunu sallayıb dayanmamış, itkiləri, ağrıları, baş daşları, döyüşləri, görüşləri, gülüşləri... və s. göz önünə gətirib, XX əsrdən həyatında iz buraxanlara özünün yazdığı kimi hesab edib, XX əsrdən XXI əsrə daşımaqla əvvəldən olanları yeni vətənə, min illərin sərhədindən keçib daha sonralara aşıb gedəcəyinə, yaşayıb, yaşayacağına inamını ifadə edir. Anarın şeir yaradıcılığının mahiyyətində, ilk növbədə, onun içində yer almış nikbin baxışları ifadə etməsidir. Anarın yaradıcı üslubunun ən fərqli cəhətlərindən biri onun peşəkarlığının özünüidenfikasiyasıdır. Eyni zamanda onun şeirlərində özünü birinci şəxsin təki formasında sübut etməsi son dərəcə inamlı görünür. O, şeir yaradıcılığında sırf özünün fərdi "estetik manifesti"ni yeni tarixi şəraitdə ortaya qoymaqdan çəkinmir. Və maraqlıdır ki, sənətkarın əsərlərində yer almış özünün Vətəndaş mövqeyi və vicdanının təmizliyi ortada dayanır. Anarın şeirlərinin əksəriyyətində birmənalılıq üstünlük təşkil edir və o, misralarını böyük məsuliyyətlə xalqına, vətəninə xidmət kredosu kimi nümayiş etdirir.

Biz burada Anarın şeir yaradıcılığının əksər tərəflərinə işıq tutub, poetikasına bir küll halında baxış sərgiləməsək də, onun bədiilik arsenalında vətəndaşlıq və xalqa xidmətin ən görümlü tərəflərini müəyyənləşdirə bilirik. Anarın şeirlərində oxucunun ürəyinə özünəməxsus şəkildə bir yol tapma istəyi, Vətənin taleyi ilə bağlı bir narahatlıq, gələcəklə bağlı bir həyəcan yer almaqdadır. Odur ki, şeirlərində müəllifin mənəvi gücü daha üstün mövqedə dayanır. Buna görə də Anarın poetik xarakteri son dərəcə möhtəşəm və güvənlidir.

Anarın "Əsrin əsiri" kitabında, yuxarıda qeyd etdiyimiz kimi, onun bir neçə şeir nümunələri verilmişdir. "Dağların qarından ağ bəyaz döşün" şeirinin üçüncü və dördüncü bəndlərində müəllif yenə də özüsayaq söz, söz birləşməsi və ifadələrin hesabına poetik sıralamalar ortaya qoyur:

 

Doğma Qarabağın gen qucağında,

Şuşa qalasının bir bucağında,

Şəkili bulağın lap qırağında

Ölməyimdən öncə olasım gəlir.

 

Ürək də ətdəndir, dəmir deyil ki,

Dünyanın sirri çox, sirr bu deyil ki,

Bir gün gedəsiyəm, bu sirr deyil ki,

Yenə də dünyada qalasım gəlir (s.710).

 

Anar şeirdə "olasım gəlir", "qalasım gəlir" kimi özünəxas "olmağım" və "qalmağım" kimi ifadələr əvəzinə, yuxarıda göstərdiyimiz ifadələrə daha çox üstünlük verir. Yuxarıda bildirdiyimiz kimi, Anar döyülmüş, çeynənmiş ifadələr işlətmək əvəzinə, nümunə gətirdiyimiz poetik inversiyalardan yararlanmaqla sözə bədii ifadəlilik, emosional rəng, düzüm verməklə onun yeni ritmini yaratmaq kimi ritmik-melodik təşkilolunma bəxş edir ki, bu da nəticə etibarı ilə sənətkarın fikirlərinin emosional təsirini gücləndirir. Anarın şeirin bədii ifadəliliyini fərdiləşdirmək məqsədi ilə istifadə etdiyi poetik tryüklər, çeşidli nitq fiqurları sintaktik konstruksiyalar, ritorik işarələr və s. mətnin orijinallığını və oxucuya emosional təsirini artırmaq məqsədi ilə həyata keçirilir. Eyni zamanda şeir mətnlərində nəsr daxilində istifadədən çıxmış sözlər şeir içində yaşamaq hüququ qazanır. Digər tərəfdən, nəsr dilində tam şəkildə vətəndaşlıq hüququ qazanan yeni biçimli sözlər şeir mətnlərinə çətinliklə daxil edilir. Bəzən bu tipli sözlərin şeirə daxil edilməsi prozaizm adlansa da, Anarın interpretasiyasında onların hamısı uğurlu alınır. Əlbəttə, şeir sahəsində belə poetik priyomlardan istifadə müəllifin yaradıcılıq arsenalını gərəyincə zənginləşdirə bilir. Belə priyomdan istifadə əsərin daha fərdi, parlaq, emosional və ekspressiv olmasının qarantına çevrilir. Anar yaradıcılığı nəsrdə, publisistikada, ironik, sarkastik janrlarda olduğu kimi, nəzm poetexnologiyasında da maraqlı, orijinal və özəldir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!