Bir vaxtlar biz böyük yazıçımız, nəhəng yazıçımız rəhmətlik İsa Hüseynovla qonşu idik. O, zamanlar o hələ Muğanna deyildi. Həmişə dediyim kimi, Hüsü Hacıyev (indiki Azərbaycan prospekti) küçəsindəki 19 saylı binada, o müqəddəs saydığım Yazıçılar binasında qonşu idik. İsa Hüseynovun iş otağı ilə, atamın iş otağını bir divar ayırırdı. Onlar birinci blokda beşinci mərtəbədə, biz isə ikinci blokun beşinci mərtəbəsində yaşayırdıq. Bu yazacağım hadisənin isə, kimin hansı blokda yaşamasına heç bir aidiyyatı yoxdur. Sadəcə olaraq, hər bir məsələni dəqiq yazmaq istəyirəm; ən adi işlənən sözlərə, cümlələrə qədər. Bəlkə də, başqaları üçün işlənən bu sözlər, cümlələr adi, adidən adi görsənə bilər, amma mənim üçün isə bu deyilən hər bir fraza, deyim tərzi, ən adi bir söz, olduqca gözəl və doğmadır. Çünki bu sözlər, bu deyim tərzləri adi adamların ağzından çıxmayıb. O dövrün, yəni sovet dövrünün ən üzdə olan, o necə deyərlər, ən qaymaqları tərəfindən deyilib və dedikləri hər bir söz də hədəfə dəyib. Çox təəssüflər ki, indi belə adamlar get-gedə unudulur və yaxud da qəsdən unutdurulur. O adamların yerini isə heç kim tutmur, tuta bilmir, çünki nəfəsləri çatmır.
Hə... indi dəqiq yadımda deyil, 1964, ya da 65-ci illər olardı. Orta məktəbin 5-ci, ya da 6-cı sinfində oxuyurdum. Ötən yazılarımda dediyim kimi, məktəb dərslərinə o qədər də fikir verməzdim. Belə. Ötəri baxardım, zəif oxuyurdum. Çünki evimizdə keçirilən "dərslərlə", evimizə gələn atamın dostlarından və yaxud da atamla birgə qonaq getdiyim evlərdən eşitdiklərimlə, olunan söhbətlərlə məktəb dərsləri arasında çox böyük fərq vardı. Bu fərqi də məktəbdə deyəndə, müəllimlərlə mübahisələr yaranırdı. Sözsüz ki, ev dərsləri daha maraqlı, daha həqiqət idi.
O illərin mənasız SSRİa xalqlar ədəbiyyatı, sosializm realizmini əks etdirən səfeh-səfeh əsərlər, sovet ədəbiyyatı, SSRİ tarixi, Böyük Oktyabr Sosialist İnqilabı, Rusiya tarixi və s. mənasız dərslər, mənasız bilgilər idi. Əlbəttə, seçim qarşısında mən ev dərslərinə üstünlük verirdim. O biri dərsləri isə elə-belə, qiymət xatirinə oxuyurdum ki, atam məni danlamasın.
Hə... Dediyim kimi, 1964-65-ci illər olardı. Axşamüstü İsa Hüseynov bizə zəng etdi. Tarixi səhv də sala bilərəm. Amma, hər halda bu hadisə "26-lar" filminin ekranlara getməsindən əvvəl olmuşdu. Çünki filmin çəkilişləri hələ gedirdi, ya da çəkilişlər bitib, montajlar üzərində işləyirdilər.
- Bəxtiyar, səninlə bir görüşmək istəyirdim. Əgər, hava mülayim olsa idi, elə həyətdə də görüşərdik, bir az hava udardıq... Yox... Amma evdə görüşsək, daha yaxşı olar. Elə bir işin-zadın yoxdur ki?.. O beş mərtəbəni çıxıb-düşmək gözümə durur... Yaxşı, gəlirəm.
(Mən İsa Hüseynovla onun "Yanar ürək" povesti vasitəsilə tanış olmuşdum. Əvvəl oxuyub tam başa düşməmişdim. Bəzi məsələləri atam başa saldı. Aydınlıq gətirdi. Təkrarən oxudum. Atamın bir adəti var idi, məsləhət gördüyü əsəri mənə oxutdurar, sonra, üstəlik, həmin əsər haqqında yazılanları da oxutdurardı. Nə bilim, yadımda qalanı odur ki, "Kommunist" qəzeti, "Ədəbiyyat və incəsənət" qəzeti, "Azərbaycan" jurnalı və digər qəzetlər bu roman haqqında yazmışdılar. O da yadıma gəlir ki, o əsər çox qalmaqallı bir əsər olmuşdu. Əsər özü bir yana dursun, əsər haqqında yazılanları oxuyub kimin haqlı, kimin haqsız olduğunu başa düşə bilmirdim. Atam isə təkid edirdi. Nə isə...).
- Gəl, ay İsa, gəl, gözləyirəm.
Çox çəkmədi ki, İsa Hüseynov gəldi. Atamın iş otağında oturub söhbət edirdilər. Mən çay gətirib otağa daxil olanda, qulağım aldı ki, İsa Hüseynov atama deyir:
- Bəxtiyar, bilirsən də... "26-lar" filminin çəkilişləri gedir. 26 nəfər bandit, fırıldaqçı, dəyyus. Ssenarini də mən yazıram.
Atam dedi:
- Hə... Xəbərim var. Bilirəm.
Mən çayı jurnal masasının üstünə qoyub üzbəüzdəki divanda oturdum. İsa müəllim gördü ki, mənim getmək fikrim yoxdur. Əvvəl bir mənə baxdı, sonra atam tərəfə baxdı ki, - uşaq getsin, sonra söhbətimizi edək.
Atam başa düşdü ki, İsa müəllim mənim onlarla bir oturmağımdan narahatdır və istəmir ki, "26-lar" barəsində deyilən sözləri mən də eşidim. İndi olur da... 11-12 yaşım var, sabah gedib məktəbdə, orda-burda nəsə deyərəm, yaxşı olmaz.
- Yox, ay İsa. Onun üçün çox maraqlıdır. Əgər etiraz etməzsənsə, uşaq da bizimlə otursun. Əlbəttə, əgər etiraz etməzsənsə. Evimizdə belə söhbətlər olan kimi özüm qəsdən İsfəndiyarı çağırıram ki, oturub bizə qulaq assın, hər şeyi bilsin, başa düşsün.
Sonra gülə-gülə dedi ki, bütün Azərbaycanda gedən antisovet söhbətlər bax, bizim bu evimizdə müzakirə olunur, İsfəndiyar da hamısına şahiddir.
İsa Hüseynov bir də mənə baxdı və gülümsədi:
- Yox, sözüm yoxdur, amma Bəxtiyar, hələ tez deyil?.. Hm... nə deyirəm ki... Amma eşitdiklərini gedib orda-burda, məktəbdə danışmayasan, ha... yoxsa gəlib hamımızı apararlar birbaşa dəniz qırağına. Bilirsən, dəniz qırağı haradır?
- Bilir, bilir, ay İsa, çoxdan bilir.
Kiçik bir haşiyə.
(Mən bu "dəniz qırağı" məsələsini çoxdan, lap çoxdan, böyük aktyorumuz Həsənağa Salayevdən eşitmişdim. Hətta, bu barədə yazmışdım da... Xudu Məmmədov, Həsənağa Salayev, Məsud Əlioğlu, Əziz Mirəhmədov, rəssam, bəstəkar, alim, nə bilim, daha kimlər və kimlər, bir sözlə, həmin o dövrün ən işıqlı adamları bizdə oturmuşdular. Nəsə bir məclis var idi. Səhərə kimi sovet hökumətini qurub uçurtdular. Mən də o qırmızı divanımızda oturub onlara qulaq asırdım.
Həsənağa Salayev, Xudu Məmmədov bokallarını doldurub içməyə hazırlaşırdılar. Birdən Həsənağa Salayev dedi ki, dayan, ay Xudu, gəl bunu içək o gələcək günün varlığına ki, bunu içib qurtaran kimi, xəbər gələcək ki, Sovet hökuməti dağıldı və Azərbaycan da müstəqilliyə çıxdı.
Xudu müəllim gülə-gülə:
- Amin, min dəfə amin, - dedi.
Və bokalları bir-birinə vurdular. Amma elə ürəkdən, elə bərkdən vurdular ki, hər iki bokal sındı, içki yerə dağıldı. Masanın o biri tərəfində oturan Məsud Əlioğlu:
- Eh, neylədiz? Deməli, o günləri görmək bizə qismət olmayacaq.
Üzbəüzdə oturan gözəl alim Əziz Mirəhmədov isə (o zaman Əziz Mirəhmədov, səhv etmirəmsə, Mərkəzi Komitədə şöbə müdiri vəzifəsində işləyirdi) - Görəcəyik, onu hamımız görəcəyik. Xasayın qulağından uzaq (Xasay Vəzirov da həmin vaxtlar Mərkəzi Komitədə katib işləyirdi).
Atam və Əziz Mirəhmədov isə bokallarını toqquşdurmadan içdilər. Çox qəribədir, indi gəl, bu deyilən sözlərə inanma. O gözlənilən günü nə Məsud Əlioğlu gördü, nə Xudu Məmmədov gördü, nə də Həsənağa Salayev. Atam və Əziz Mirəhmədov isə o günlərə qədər yaşadılar.
O sınan bokallar 6 dənə idi. O gündən ta bu günə qədər onların 5-i də sınıb. İndi o bokaldan cəmisi bir dənə qalıb. Onu da mən atamgildən öz evimizə gətirmişəm. Bir xatirə kimi. Hərdən o bokala baxıb fikirləşirəm. Aman Allah, bu tək qalmış bokal kimlərin dodaqlarına dəyməyib? 60-cı illərdən ta bu günlərə qədər, Azərbaycanda ən üzdə olan adamları o bokaldan içiblər və üzdə olan adamlarına da sağlıq sözləri də deyiblər. Bəs onda onlara bu qədər sağlıqlar deyilibsə, niyə bu günə kimi onlardan heç kim qalmayıb? Bokal isə qalır. Və hər bir sözə də şahiddir.
Səhərə yaxın məclis dağıldı. Qapıdan çıxanda Həsənağa Salayev mənə gülə-gülə dedi ki:
- Bax, gedib məktəbdə, orda-burda eşitdiklərini deməyəsən. Heç bir gün keçməz, gəlib hamımızı apararlar. Düz "dəniz qırağına". Bilirsən, "dəniz qırağı" haradı? Atandan soruş, o sənə desin. Onu ora çox aparıblar. Yazdıqlarına tövbə dedirtdirib, 1-2 gün saxlayıb, sonra buraxıblar. O da tövbəsinə tət demir, yenə də yazır, yenə də danışır. Amma indi aparsalar, ömürlük gedəcək. Ömürlük saxlayacaqlar, elə hamımızı. Sonralar öyrəndim ki, o zaman KQB dəniz qırağında yerləşdiyindən ora el arasında "dəniz qırağı" deyirlər.
Belə məclislər çox olurdu. Bəzən bizdə, bəzən Həsənağa Salayevgildə, bəzən Xudu Məmmədovgildə, bəzən elə hamıgildə. Saymaqla qurtarmaz. Atam da hara gedirdisə, məni də özü ilə aparardı. Oğul, diqqətlə qulaq as, - deyərdi.)
- Yox, yox, ay İsa, o belə məsələləri çox eşidib.
- Hə... Bəxtiyar... yaxşı, qoy olsun. "26-lar" filminin çəkilişləri gedir. Ssenarini də mən yazıram. - Barmağı ilə yuxarını göstərir. - Sifariş ordandır. Qarşıdan inqilabın 50 illiyi gəlir. Hə... Bunu mənə tapşıranda bu 26 nəfər əclaflara nə qədər nifrətim də olsa, çox böyük məmnuniyyətlə razı oldum. Hətta, sevindim də. Çünki onlar haqqında, yəni bu əclaf 26-lar haqqında əlimdə bəzi materiallar var idi. Fikirləşdim ki, bu da mənə göydəndüşmə oldu. Bu bildiklərimi bəzi eyhamlarla deyərəm, bacardığım qədər sızdıraram. Amma... yox... ürəyim istədiyi qədər olmadı.
Sonra nə fikirləşdisə, birdən ciddiləşdi: - Bilirsən, əslində səninlə niyə görüşmək istəyirdim? Niyə bura gəlmişəm?.. Ürəyimi sənə boşaltmaq üçün. Bu məsələdə məni bircə sən başa düşərsən. İki gündür ki, özümə gələ bilmirəm. İki gün əvvəl axşam Samoylov mənə zəng etmişdi. Baş əclaf, Şaumyan roluna çəkiləcək aktyor Samoylovu deyirəm. Tanıyırsan? - Yox, hardan tanıyacaqsan ki?! Əşşi, ortabab səviyyəli aktyordu. Hə... O mənə zəng edib. Düz bir saat telefonda danışmışıq.
- Yəqin ki, za sçet vızıvayemoqo.
- Hə, əlbəttə, bunların hamısı belədir. Hə. Mən onu əvvəllər də elə-belə tanıyırdım. Sən deyən elə-belə yaxınlığım olmayıb. Moskvadan tanıyıram. İndi gör, bu mənə nə deyir. Deyir ki, bu rolu, yəni Şaumyan rolunu mənə tapşıranda, sözün düzü, o qədər də könüllü qəbul etmədim. Çünki başqa bir filmə çəkilmişdim. Çəkilişlər yenicə qurtarmışdı. Yorulmuşdum. Bir qədər istirahət etmək istəyirdim. Amma... nə isə. Mən əlbəttə, uzaqdan-uzağa Şaumyan haqqında eşitmişdim. Amma, dəqiq bilmirdim ki, bu kim olub, nə kimi işlər görüb. Sonradan ssenaridən əlavə materiallar da tapıb oxudum. O mənə bir şəxs kimi maraqlı deyildi. Əlbəttə, yox. Sadəcə olaraq, rola girməli idim axı. Oxudum. Kitabxanalardan, ordan-burdan. İndi nəsə tapıb oxuyurdum. Yox... açmadı məni. Bir dostum var, o da orada, oranın arxivində işləyirdi. Özün bilirsən də, haranı deyirəm: "Detskiy mir" (Uşaq aləmi). Biz KQB-yə "dəniz qırağı" dediyimiz kimi, Moskvada da KQB-yə "Detskiy mir" deyirlər, çünki Moskvada KQB düz "Detskiy mir"in üzbəüzündə yerləşir. Ondan xahiş etdim. O, da maraqlanıb bir zülümlə arxivdən, bəzi kara gələn materialların üzünü köçürüb mənə danışdı. Amma yazdıqlarını vermədi. Mən də həm oxuduqlarımdan, həm də eşitdiklərimdən dəhşətə gəlmişəm.
- İsa Mustafayeviç, siz, həqiqətən, Şaumyanın kim olmasından, sizin xalq üçün nəçi olmasından, sizə nələr etməsindən xəbərdar deyilsiniz? Siz Şaumyanın kim olmasını bilmirsiniz? Əgər bilirsizsə və bilə-bilə bunu müsbət qəhrəman kimi filmə çəkirsinizsə... mən sizə təəccüb edirəm. Əgər bilmirsinizsə, onu niyə tanımaq istəmirsiniz?
İndi fikir verirsən, Bəxtiyar, bunu mənə bir rus deyir - orta səviyyəli, ortabab bir rus aktyoru. Samoylov deyir ki, mən aktyor adamam. Filmə çəkilib pulumu alacağam. Mənə fərqi yoxdur, mənfi qəhrəman olsun, ya da müsbət. Bu film mənim xalqıma yox, sizin xalqınıza aiddir. Bu film rus tamaşaçısı üçün deyil, rus tamaşaçısı onsuz da bu filmə baxmayacaq. Rus tamaşaçısı heç 26-ların kim olduğunu heç bilmir də. Ona siz baxacaqsınız. Özü də sevə-sevə baxacaqsınız.
(Ay sən öləsən).
- Bəxtiyar, indi bunun belə deməyinə mən elə də çox fikir vermirəm. Mənim də Şaumyan haqqında bildiklərim az deyil. Elə məsələləri bildiklərim az da olsa, indi bacardığım qədər ssenariyə salıb öz sözümü demək istəyirdim. İndi kim nəyi başa düşdü, düşdü, kim nəyi götürdü, götürdü. Əşşi, nəinki Şaumyan, elə öz əclafımız Əzizbəyovun da sifətini heç olmasa, bir balaca açıb göstərmək istəyirdim. İnandırıram səni, bizim öz əclafımız Şaumyandan da pis olub. Az da olsa, bunların maskalarını açmaq istəyirdim. Mümkün olmadı. İmkan vermədilər. O bir ssenarist, həm də rejissor Əjdər, Əjdəri deyirəm, İbrahimov, imkan vermirdi. Mən yazırdım, o dəyişirdi. Mən yazırdım, o dəyişirdi. Mübahisəmiz də düşürdü.
Atam:
- Əşşi, o da rusdur. Rus kimi şeydir. Arvadı rusdur.
- Hə, hə bilirəm. Onu da elə çox qınamıram. Deyirdi ki, ay İsa, sən Bakıda yaşayırsan, mən isə Moskvada. Səndən sonra mənim başım ağrıyacaq. Əjdər isə deyirdi ki, sən hələ bəzi məsələləri deyə bilmirsən. Məsələn, sən filmdə deyirsən ki, erməni erməniyə güllə atmaz. Hmm... Amma, Bəxtiyar, mən elə deməmişdim. Əsərin bir yerində demişəm ki: "Daşnaklar Şura hökumətinə güllə atmaz". Yəni, demək istəmişəm ki, daşnaklarla Şura hökuməti birdirlər, eyni zibildir, bir-birlərinə güllə atmazlar. Eyni məqsədə xidmət edirlər.
(Hələ uşaq ikən bu filmə hər dəfə baxanda filmin bu yerinə çatanda od məni götürürdü. Axı, əsərdə kimin nə dediyini müəllifdən eşitmişdim, həqiqəti bilirdim).
Sonra ssenari də yazmışdım ki: Biz deyirik: "Musavatın işlərinə Şura hökuməti qarışmasın. Biz də Şura hökumətinə güllə atmarıq". Bunu bax, üçüncü ssenarist Mark Maksimov dəyişib. Daha sonra əsərdə belə söz var ki: "Gürcü əcnəbilərin gündəyməzini öpməz. Əks tərəf də qayıdıb deyir ki, - Bəs, sən özün, yoldaş Caparidze, rusların gündəyməzini öpmürsən? Ruslar əcnəbi deyil? Bu cümləni isə tamam dəyişdiriblər. Nə isə... Bunları da Mark Maksimov dəyişib. Hə... İndi Bəxtiyar, rus Şaumyanın kim olduğunu bilir, Azərbaycanın qanına susamağını da bilir. Və bizə də bunu qəhrəman kimi sırıyır. İndi mən bəzi məsələləri demişəm və yaxud da ən azı cəhd göstərmişəm. Amma rusun Şaumyanı tanıması və bunu bizə müsbət qəhrəman kimi göstərməyə məcbur etməsi mənə çox ağır gəlir. Hələ mən Şaumyanın başçılığı altında 1918-ci ildə Qubada, Şamaxıda bizə olan qırğını (o zaman soyqırımı sözü işlənmirdi) birtəhər, dolayı yolla ssenariyə salmışdım, onu da çıxartdılar.
(Mən o gün İsa Hüseynovdan çox məsələləri öyrəndim. Öyrəndim ki, bunlar 26 nəfər yox, çox olublar. Öyrəndim ki, Şaumyan heç Krasnovodskiyə belə getməyib, onu qaçırıblar. Mən İsa Hüseynovdan bunu öyrənəndə mənim 11-12 yaşım var idi. Bizdə isə, bizim özümüz də, tarixi araşdıranlar, "tarixçilər" bu yaxınlarda biliblər ki, Şaumyanı qaçırıblar. İsa Hüseynov deyirdi ki, bu hadisəni ssenariyə sala bilib, amma axıra qədər mümkün olmayıb. Filmin sonunda həbsxana gözətçisi deyir ki, biriniz xilas ola bilərsiniz, buna imkan var. Amma sonra bunu da dəyişirlər. Guya, heç kim xilas olmaq istəməyib, razı olmayıb. Əslində bu elə Şaumyanın özü olub. Bu isə əsas məsələ idi. Şaumyan qaçmışdı. İsa Hüseynovdan eşitdiklərimi isə heç yerdə deyə bilmirdim. Bircə həyətimizdən başqa. Çünki hamımız yekdil idik. Hüsü Hacıyev 19-da, uşaqlarla birlikdə bunu müzakirə edirdik. Hər birimizin 11-12 yaşı vardı. Biz artıq bunu bilirdik. Mən bunları uşaqlara danışmışdım. Daha sonra 31 mart ermənilərin bizə qarşı törətdikləri vəhşiliklər, türk ordusunun bizi xilas üçün gəlməsi, hamısını qırıq-qırıq epizodlarla İsa Hüseynovun təkidi ilə vermişdilər. Hələ bunları böyük çətinliklə ssenariyə də sala bilmişdi. Min şükür. Və ssenaridən əsas kadrları çıxarıldıqdan sonra, çox mənasız bir film alınıb. Sabah da, birisi gün də, mən özüm yazdığım, əsl ssenarini sənə verərəm, oxuyarsan).
Atam:
- Yaxşı, bəs bizim öz əclafımızı kim oynayır? Bu rola kim çəkilib? İsa müəllim gülümsündü:
- Onu yaxşı tapıblar: Məlik Dadaşovu.
Kiçik bir haşiyə.
"Mən 1994-97-ci illərdə Mədəniyyət nazirinin müavini işləyirdim. Həm də, İncəsənət Universitetində Şərq teatr tarixi fənnindən dərs deyirdim. Rəhmətlik Məlik Dadaşovun dərs dediyi otaqla mənim dərs dediyim otaqlar yan-yana idi. Bir dəfə Məlik Dadaşovla dəhlizdə durub söhbət edirdik. Nəsə, söhbət filmdən, çəkilişdən düşdü. Məlik Dadaşov gülə-gülə dedi ki, "mən çox vaxt mənfi rollarda çəkilmişəm, Çox vaxt deyəndə ki, elə həmişə. Qəmlodan tutmuş, "Uşaqlığın son gecəsi"ndəki baş idarənin rəisinə kimi mənfi obrazlar yaratmışam. Çox az da olsa, müsbət rollarda çəkilmişəm. İndi nə bilim, filmdə Əzizbəyov, teatrda Lenin, nə bilim, daha kimlər və kimlər... İndi taleyin bir işinə bax e.... Bütün o mənfi rollarım indi müsbət rol olub, oynadığım müsbət rollar isə mənfi rollara çevriliblər. Taleyin belə işlərinə gülməyəsən, nə edəsən?"
İki saatdan artıq idi ki, İsa Hüseynov danışırdı. Çox maraqla danışırdı. Filmin çəkilişindən, qurulan pavilyonlardan, 26-lardan, Şaumyandan, əşşi, hər şeydən... Nodar Dumbadzedən, hətta ssenariyə saldığı, o cümlədən, "Gürcü əcnəbilərin "gündəyməzini öpməz" cümləsini Moskvada olarkən Nodar Dumbadzeyə deməsindən... Hə, o da gülüb, deyib ki, yox e, ay İsa, bu Rus İmperiyası istədikləri vaxt adama hər yerini öpdürərlər, elə öpdürürlər də... Çünki Stalini bizə bağışlamırlar. Heç vaxtı da bağışlamayacaqlar.
Gözlərimi qırpmadan İsa müəllimə baxır, daha çox şeyləri öyrənmək istəyirdim. Birdən İsa müəllim baxışlarını atamdan çəkərək mənə baxıb:
- A bala, böyüyəndə nə olmaq istəyirsən?
Atam məndən qabaq:
- Raykom katibi.
- Bəxtiyar, ciddi deyirsən?
- Hə, hə, vallah, oturub-durub elə deyir ki, raykom katibi olmaq istəyirəm. İctimai işlərə yaman həvəsi var.
İsa Hüseynov gülərək:
- Elə ona görə təkidlə deyirsən, qoy bizimlə otursun, qulaq assın. 2 saatlıq söhbətimiz getdi havayı. Raykom katibinin nə işi var bizim söhbətimizdə?!
(Atam düz deyirdi. Həqiqətən də, əvvəllər raykom katibi olmaq istəyirdim. Çox istəyirdim. Bəs, bu raykom katibi olmaq fikri hardan beynimə düşmüşdü?
Atamı tez-tez rayonlara - oxucularla görüşlərə dəvət edirdilər. Atam da hansı rayona gedirdisə, məni də özü ilə aparardı. Günorta vaxtı gedəcəyimiz rayona çatardıq. Oxucularla görüş, tədbirdən sonra raykom katibinin təşkil etdiyi təmtəraqlı məclis, məclisdən sonra katibin bərli-bəzəkli qonaq otağında istirahət etmək və s. və s. Mən uşaq idim. Fikirləşirdim ki, bəs bizdə niyə bunlar yoxdur? Bəs biz niyə onlar kimi yaşamırıq? Atamda niyə belə təmtəraqlı həyat yoxdur? 8-9 yaşım ancaq olardı. Bunların hamısını, mən hamısını görürdüm, mənim gözlərimin qabağında baş verirdi. Ay aman, bu nə gözəl belə həyatdır?! Bu nə təmtaraqdır?! Mən də hökmən katib olacağam, arzulayırdım. Və bir dəfə görüş keçirilən hansısa rayondan Bakıya qayıdanda yolda atamdan soruşdum ki:
- Ay ata, yəqin ki, bu katiblər məktəbdə yaxşı oxuyublar, əlaçı olublar. Hə?.. Yaxşı oxumasaydılar, əlaçı olmasaydılar, katib olmazdılar ki?! Yəqin ki, yaxşı oxuyublar deyə, belə imtiyaz, belə səlahiyyət sahibi olublar.
- Ə... Nə danışırsan? Yaxşı oxusaydılar, əlaçı olsaydılar, düşünən başları olsaydı, katib niyə olurdular ki? Yaxşı oxuyanın nə işi var raykomda? Hamısı pis oxuyub.
Söz beynimə batdı. Hə... Demək, pis oxuyanı katib qoyurlar. Hm... Mən məktəbdə pis oxumurdum. Ötən yazılarımda dediyim kimi, pis yox, zəif oxuyurdum. Çünki mənim bildiklərim müəllimləri qane etmirdi, müəllimlərin dediklərini isə mən qəbul etmirdim. Məsələn, mən deyirdim, M.Rəsulzadə, onlar deyirdilər, Dadaş Bünyadzadə, Çingiz İldırım, Qəzənfər Musabəyov. Mən deyirdim, onlar bizim xalqın düşməni olublar. Müəllimlər isə deyirdilər, onlar bizi ağ günə çıxarıblar. Mən deyirdim, ruslar bizim düşmənimizdir. Müəllimlər deyirdilər, türklər bizim düşmənimiz. Belə-belə, müəllim-şagird arasında mübahisələr olurdu, tez-tez olurdu. Nəticədə ən yaxşı halda mən müəllimlərə güzəşt edib "3" alırdım, höcətləşəndə isə "2" alıb danlanırdım. Aha, mən deməli, zəif oxuyanların sırasındayam. Mən də katib ola bilərəm. Əlimdə bu boyda şansım var. Əlbəttə, atam bunu ciddi demirdi. Mən isə bunu ciddi qəbul edirdim. Uşaq idim. Atam da hər dəfəsində mənə deyirdi ki, böyüyəndə hər şeyi özün başa düşəcəksən. Sənin mütaliən çox genişdir. Dünyagörüşün çox genişdir. İnanmıram ki, bu tərbiyənin, bu mütaliənin yiyəsini katib qoysunlar.
Amma, 1968-1969-cu ildən sonra (tarix dəqiq yadımda deyil) fikrimi dəyişdim. Mərhum yazıçımız İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" tamaşasından sonra fikrimi dəyişdim. Bu barədə bir dəfə yazmışdım da. Əsərdə belə bir yer var. Əsərin qəhrəmanı Anjel deyir ki, "yayda Fransada istirahət etmişəm, atalığımın yanında. Atalığım Fransada səfirdir. Əsərin digər qəhrəmanı Savalan dərhal sevinclə soruşur: - Atanız azərbaycanlıdır?
Anjel gülümsəyərək:
- Xeyr, yəhudidir.
Savalan pərt olur.
Əsərin ilk baxışı gedirdi. Atamla yanaşı oturmuşdum. Atam pıçıltı ilə: - Əla, əla detaldır. Çox gözəl. Tamaşadan qayıdanda yolda atamdan soruşdum ki, axı o nə dedi ki, sən "əla, əla detaldır", dedin?
- Ay oğul, özün bir fikirləş, heç azərbaycanlını səfir qoyarlar? Səfir çox böyük bir vəzifədir - öz ölkəsini başqa bir ölkədə təmsil etmək. Öz ölkəsini başqa bir ölkədə tanıtdırmaq. Bu qibtə olunacaq bir vəzifədir. Sonsuz bir səlahiyyətdir. Müəllif demək istəyir ki, azərbaycanlını səfir qoymazlar. Belə-belə mühüm vəzifələrə qoymazlar. Ay-hay, azərbaycanlı hara, dünyamiqyaslı bir vəzifə hara, səfir hara?! Bu hadisəni bir neçə il sonra atama dedim:
- Bəs sən deyirdin, azərbaycanlıları heç vaxt səfir qoymazlar? Bəs Vəzirov? Vaxtı ilə Kirovabadda birinci katib işləyirdi. Onu ki, səfir qoydular, o ki azərbaycanlıdır. Atam güldü:
- Əvvəla, rusa belə bir adam lazımdır. İkincisi, Vəzirov öz ana dilini bilmir. Üçüncüsü, onun arvadı yəhudidir. Əgər bütün bu sadaladıqlarım onda olmasa idi, ona inanmazdılar. O bütün bunlarla özünü rusa inandırıb.
Və atamın o sözündən sonra, özümə söz verdim ki, heç bir yəhudi ilə ailə qurmadan səfir olacağam. Hökmən səfir olacağam, nəyin bahasına olursa-olsun! İlk növbədə, özümü inandırmalıyam.
Kiçik bir haşiyə.
(1990-cı illər olardı. Bəlkə 80-ci illərin axırları. Tarixi səhv salmaqdan çox ehtiyat edirəm. Müstəqillik aktının müəlliflərindən biri olan 1992-ci ildən etibarən 18 oktyabr gününün bayram kimi qeyd olunması təklifini irəli sürən, Gəncə şəhərinin adını özünə qaytarmağa çox çalışan mərhum dövlət xadimi Tofiq Bağırovun bağındayıq. Atamla bir xeyli söhbət etdilər. Sonra Tofiq Bağırov üzünü mənə çevirib dedi:
- 3-4 gün bundan əvvəl sənin bir məqaləni Mirzə Xəzər "Azadlıq" radiosunda xüsusi qeyd etdi. Afərin! Amma sən partiya sahəsində çalışırsan. İndidən belə açılışma. Hələ öz mövqeyini bildirmə, gizli saxla. İndi bizim, bütün partiya işçilərinin, içi mən qarışıq, dədələrimizi heç kim tanımırdı. Bilmirdilər kim olublar, nəçi olublar, amma sənin dədən göz qabağındadır. Bunu hamı da bilir ki, antisovet, antirus bir adamdır. Sən də onun oğlusan. Sən belə dəridən-qabıqdan çıxsan da, sənə heç kim inanmayacaq, çünki sən bir nömrəli dissidentin övladısan. Sən də nəsə eləmək istəyirsənsə, çalış, onları özünə inandır, qoy sənə inansınlar (eyni sözləri mənə atamla Qaxda olarkən İmam Mustafayev də demişdi. Demişdi ki, çalış, sənə inansınlar. Bu barədə də yazmışam). Sonra Tofiq müəllim gülümsəyərək, onsuz da sənə heç kim inanmayacaq, amma çalış ki, sənə inansınlar, sən onlara inanmadığın kimi, onlar da sənə inanmayacaqlar, amma sən inansınlar deyə, rola gir).
İsa Hüseynov:
- Ay bala, sən hələ uşaqsan, belə-belə, boş-boş şeylərə, inanma. Nə raykom katibi?! Ciddi bir iş haqqında fikirləş. Məsələn, həkim, mühəndis, rejissor, nə bilim, daha nə, nə. Birdən İsa müəllimi gülmək tutdu. Çay içirdi, hətta çeçədi də. Çay boğazında qaldı. Bir xeyli güləndən sonra üzünü atama tutub:
- Ay, Bəxtiyar, gör bir nə olub? Bunu sənə çoxdan demək istəyirdim, vaxt tapmırdım. Bir 3-4 ay bundan əvvəl rayona getmişdim. Vacib bir işim var idi. Elə katibin otağında oturub söhbət edirdik. Nədənsə bərk əsəbiləşmişdi. Elə hey deyirdi ki: - Vallah, bizim rayona qəfildən KQB-dən yoxlama göndərsələr, ucdantutma hamımızı tutub içəri salasıdılar. Vallah, nə qədər bu camaatı, KQB ilə, milislə qorxutmaq olar? Nə qədər sovetdən, partiyadan misallar gətirmək olar? Nə qədər Lenindən sitatlar gətirmək olar?! Əhəmiyyət verən yoxdur. Hamı o məlunu oxuyur. Yoruldum barmaq silkələməkdən. Əhəmiyyət verən yoxdur. Heç kim, heç nədən qorxub-eləmir.
- Hansı məlun? Məlun kimdir?
- Əşşi, o da. Ondan başqa məlun var?
Elə bu vaxt qapı açıldı. Otağa 15-16 yaşlarında bir oğlan uşağı daxil oldu. Katibin sözü yarımçıq qaldı. Üzünü gələn uşağa tutub:
- Gəl, gəl, köpək oğlu, səni görüm...
Məlum oldu ki, otağa daxil olan uşaq katibin nəvəsidir.
- Gəl, köpək oğlu, çantanı qoy stolun üstünə.
Katib çantanı havada götürüb, açıb eşələməyə başladı. İnan ki, katib az qala, başını çantaya soxmuşdu. Qərəz, çantanı eşələyib, 5-6 səhifəlik yazını stolun üstünə çırpıb bax:
- Bax, İsa, bax, bu məlunu indi hamı oxuyur. Öz dərslərini bir yana qoyub bunu oxuyur.
İstər-istəməz vərəqlərə baxdım. Bəxtiyar, sənin adını gördüm. "Gülüstan" poeması idi. Gülmək tutmuşdu məni. Katib yan otağı göstərərək:
- Elə bütün bunlar da, səhər ciblərində partbilet gəzdirib, axşam "Gülüstan" poemasını oxuyurlar. Bu məlunu əzbərdən bilirlər. İnandırıram, hər bir evdə bu var. Nə bilim, "Gülüstan"dır, nədir, əl-əl gəzir. Hə... O...
Hə... Bu söz məni tutdu. O qədər tutdu ki, düşündüm ki, əgər əlimə bir imkan düşsə, yazı düşsə, bu hadisəni ora salım.
Kiçik bir haşiyə.
(1973-cü ildə "Nəsimi" filminin daxili baxışı keçirilirdi. Ssenarinin də müəllifi İsa Hüseynov idi. İsa Hüseynov dediyini eləmişdi. Əsərdə belə bir yer var. "Teymurləng öz nəvəsini yanına çağırtdırıb, onun köynəyinin altından Nəsiminin qəzəllərini çıxarıb ətrafdakılarına deyir:
- Bu məlunu hamı oxuyur. İndi nə deyirsiz? Öz övladlarımızın da başından keçək?"
Axşamüstü atam evə gəlib İsa Hüseynovla gülə-gülə 6-7 il bundan əvvəl baş verdiyi hadisəni danışdılar. Bir neçə ay sonra İsa müəllim bizə zəng edib, dedi ki, - ay Bəxtiyar, həmin o katib mənə zəng etmişdi. "Nəsimi" filminə baxıb. İndi işdən çıxarıb təqaüdə göndəriblər. Mənə dedi ki, İsa, elə bilmə ki, başa düşməmişəm, o zaman elə mənim dediklərimi yazmısan.
İsa müəllim atama deyirdi ki, bu bədbəxt oğlu, bədbəxt Teymurləngə baxıb özünü onun yerində görürdü. Deyirdi ki, məni yaxşı yaratmısan).
İsa Hüseynov mənə deyirdi ki, özünə indidən bir sənət seç, onu oxu. Məsələn, həkim ol, ya da elm dalıyca get, amma elm zəhmət tələb edir, bu hökumətə etibar yoxdur, bu gün var, sabah yoxdur.
Həmin gün atamla İsa Hüseynov xeyli söhbət etdilər. Xəyalən, bizim indi bu yaşadığımız günlərə gəlib çatdılar, amma bu günlərin ayrı bir formasına.
Amma o zaman sovet quruluşunun qılıncının dalı da, qabağı da, qəbzəsinin də kəsən vaxtları idi, onlar isə xəyalən bu günlərdə idilər, dediyim kimi, bu günlərin başqa bir formasını yaşayırdılar.
Şəki. 2000-ci illər.
Atamı görməyə gəlmişəm. 2-3 gün qalıb yenidən qayıdasıyam. Axşamüstü idi. Görkəmli jurnalist, professor, Şirməmməd Hüseynov, BDU-nun professoru Yusif Səfərov və bir çox ziyalılarla oturub söhbət edirik. Söhbət indiyə kimi yadımdadır. Həm də, o da yadımdadır ki, qarpız yeyirdik. Söhbət hərlənib-fırlanıb İsa Hüseynovdan düşdü. Mən İsa Hüseynovla yuxarıda yazdığım söhbətlərimizi danışdım, atama xatırlatdım. Dedim ki, taleyin bir işinə bax. Heç ağlıma belə gətirə bilməzdim ki, həm rayon başçısı olum, həm də səfir. Hər ikisində də işlədim. Düzdür, rayon başçısı rayon katibi deyildi, çünki rayon partiya komitəsinin katibi bütün səlahiyyətlərini itirmişdi. Mən rayon icraiyyə komitəsinin sədri idim və səlahiyyətlərim raykomunkundan çox idi, böyük idi. Çünki, rayon icraiyyə komitəsinin sədri idim. Katib sayan yox idi. Katib heç işə də gəlmirdi. Bütün səlahiyyətlər məndə idi. Rayonda hökm-fərman mən özüm idim. Bulvardakı rus nağılının adından götürülən "Sadko" kafesinin adını dəyişib "Altunay" eləmişdim. Hansısa küçənin adını dəyişib "Almas İldırım" adını qoydum. "Cənub" mehmanxanasının adını dəyişib "Ankara" elədim. "26-lar"ın tünd qırmızı rəngdə barelyefini sökdürdüm. Bayıl tərəfdə hansısa məktəbin adını dəyişib "Əhməd Cəfəroğlu" adını vermək istəyirdim. Amma, bilmirəm, sonra nə oldu. Çox məsələləri həll elədim, amma elədiklərimi sadalamaq istəmirəm. Çünki bu mənim vəzifəm idi. Rəhmətlik Tofiq Bağırov demişkən, mən məqamında açılışmışdım. Rəhmətlik İmam Mustafayev də eyni sözləri mənə tövsiyə etmişdi. Nə isə... Sonra da səfir oldum.
Şirməmməd Hüseynov dedi ki, - "deməli, sən bir əldə iki qarpız tutmaq istəyirdin".
- Yox, Şirməmməd müəllim, mən çox arzulayırdım ki, Cəfər Cəfərov kimi, Əziz Mirəhmədov kimi, həm partiya sahəsində işləyim, həm də millətmizə töhfə verim. Amma, qarpızın biri düşdü əlimdən, parçalandı, çünki sovet dağıldı. Elə yaxşı da oldu. Başqa qarpızı da, götürmək istəmədim.
Şirməmməd müəllim güldü:
- Çox nahaq, sən gərək ikinci qarpızı da götürəydin. Sənin əlində hər bir imkan var idi. Sən axı elmlər doktorusan, professorsan, səfirsən, kifayət qədər təcrübən var. Müharibəni, inqilabı görüb gəlmiş adam idin. Asanlıqla qarpızın ikisini də götürə bilərdin. Çünki, indi elə adamlar var ki, bir əldə 5 qarpız tuturlar. Çünki, qarpızlar balacalaşıb, cılızlaşıb, lap belə bir əldə beş qarpız da tuta bilirlər. Beşini bir kisəyə salıb, bir barmaqla da qaldırırlar.
Hə... İndi o kişilərdən heç biri yoxdur bu dünyada; nə İsa Hüseynov, nə Məmmədcəfər Cəfərov, nə Əziz Mirəhmədov, nə Məsud Əlioğlu, Tofiq Bağırov, nə Şirməmməd Hüseynov, nə İmam Mustafayev... Müəllimlərim çox olub, lap çox olub. Kiminsə adını çəkməmişəmsə, ruhları qarşısında üzr istəyirəm. Allah o kişilərin hamısına rəhmət eləsin.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
