(N.Məmmədli. "1926-cı il I Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda" (Bakı, "Elm və Təhsil", 2026) adlı fundamental monoqrafiya barədə düşüncələr)
Arxiv materiallarıyla, əlyazmalarla işləmək, tarixin yüzilliklərindən yadigar qalan sənədləri, nadir əsərləri araşdırmaq ikiqat zəhmət və məsuliyyət tələb edir. Çünki bu əsərlərə toxunmaq, onları oxumaq, öyrənmək üçün yalnız böyük fiziki, cismani deyil, eyni zamanda mənəvi, ruhi bir qüvvə, cazibə də lazımdır. Görkəmli dilçi alim, filologiya elmləri doktoru, professor Nadir Məmmədlinin tədqiqatlarına diqqət yetirdikdə bu həqiqətə bir daha inanırsan. Onun bütün elmi yaradıcılığı boyu, xüsusilə də son illərdə qələmə aldığı əsərlər, nəşrə hazırladığı kitablar məhz belə fiziki və mənəvi gücün, ruhi cazibənin məhsuludur. Əbdürrəhim Ərdəbili Şirvaninin müəllifi olduğu "Məzhər üt-türki" dərsliyi (2023), Mahmud Kaşğarinin üçcildlik "Divani-lüğətit-türk" (2024), "Moskva Şərqşünaslıq İnstitutlarının azərbaycanlı tələbə, müdavim, alim və pedaqoqları" (2025) - "elm? s?daq?tlə qulluq edən, daha dərinlərə baş vura bilməkçün çalışmaqdan, axtarmaqdan usanmayan" (R.Hüseynov) alimin "həm zəhmətin, həm vicdanın, həm də milli borcun məhsulu" (İ.Tahirov) kimi ortaya çıxardığı, elmi ictimaiyyətə təqdim etdiyi bu sanballı əsərlərin sırasına bu gün artıq bir qiymətli monoqrafiya da əlavə olundu. Dilçi alimin I Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş, yeni işıq üzü görən "1926-cı il I Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda" adlı monoqrafiyası AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə "Elm və təhsil" nəşriyyatında çap olunub. Kitabın elmi məsləhətçisi akademik İsa Həbibbəyli, elmi redaktoru akademik Nizami Cəfərov, rəyçisi Türk Dil Qurumunun başqanı professor Osman Mertdir.
Kitabda həmin dövrün tarixi konteksti, 100 il keçməsinə baxmayaraq tədqiq olunmayan arxiv sənədləri və mətbuat materiallarının xronoloji ardıcıllıqla transkripsiyası, seçmə tərcümələri və elmi şərhləri verilir. Qurultayın protokolları, məruzə və çıxış mətnləri, rəsmi teleqramlar, eləcə də müvafiq komissiyaların sənədlərinin yer aldığı bu monoqrafiyada məqsəd təkcə hadisələrin ardıcıllığını əks etdirmək deyil, eyni zamanda bunun arxasında dayanan tarixi-siyasi məzmunu, ideoloji istiqamətləri analitik şəkildə açıqlamaqdır. Əsərdə I Türkoloji Qurultay sovet məkanlarında türk dillərinin gələcək inkişafı, yazı sisteminin transformasiyası və mədəni inteqrasiya mexanizmləri ilə bağlı strateji qərarların formalaşdırıldığı rəsmi platforma kimi təhlil edilir, onun tarixi-funksional mahiyyəti, türkoloji istiqamətdə yaratdığı mədəni nəticələr sistemli şəkildə araşdırılır. Xatırladaq ki, bu kitabın işıq üzü görməsindən daha əvvəl dilçi alim uzun müddət arxivlərdə ciddi tədqiqat aparmış, dövri mətbuatda I Türkoloji Qurultay barədə silsilə məqalələri, müsahibələri dərc olunmuşdur.
Professor Nadir Məmmədlinin "1926-cı il I Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda" adlı fundamental monoqrafiyası Qurultayın 100 illiyinə gözəl hədiyyədir. Azərbaycan elmi mühitinin yaddaşına qızıl hərflərlə yazılacaq bu möhtəşəm, irihəcmli (828 səhifə və 32 şəkil), sözün hər iki anlamında sanballı monoqrafiyanın ərsəyə gəlməsində, qiymətli arxiv materiallarının, məxfi sənədlərin, dövri mətbuat səhifələrinin sistemli şəkildə araşdırılmasında göstərdikləri dəstəyə görə, müəllif kitabın elə titul səhifəsində Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin direktoru, professor Əsgər Rəsulova, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərovaya, həmin idarənin Arxiv fondlarının mühafizəsi və uçotu bölməsinin böyük məsləhətçisi, arxeoqraf Lamiyə Həsənovaya və AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi nəşrlər şöbəsinin müdiri Könül Mirzəyevaya dərin təşəkkürünü bildirdiyini qeyd edir.
"Giriş" və üç fəsildən ibarət bu sanballı kitabın "Giriş" hissəsində elə ilk sətirlərdən müəllifin bu möhtəşəm qurultayın ab-havasını nə qədər dərindən hiss edib, sanki o illərə - 100 il əvvəlki Bakının əhval-ruhiyyəsinə kökləndiyinin şahidi oluruq;
"26 fevral 1926-cı il - qışın sərt nəfəsi küçələrdə dolaşdığı, saf, təmiz, günəşli hava ilə qaranlığın bir-birinə qovuşduğu zaman, axşam saat 7-də İsmailiyyə binasında yanan gur işıqlar Bakının gecəsini işıqlandırdı. 6 martda, yazın nəfəsi şəhərə dolanda, qurultay da öz sözünü deyib tarixə yazıldı. Qışın qaranlığından yazın işığına uzanan bu yol Türk dünyasının gələcəyinə açılmış cığır idi. Sanki təbiətin özü də bu məclisin rəmzini yaratmışdı: qışdan yaza, köhnədən yeniyə!"
***
"Əsrin şahidliyini daşıyan bu binanın həmin gün qapısından keçən alimlər, ictimai xadimlər, ziyalılar, yazıçılar, şairlər və s. Türk dünyasının sabahını müzakirə edəcək, əsrlərin yükünü daşıyacaq qərarlar verəcək, yeni sabahların işığını yandıracaqlar".
***
"O gün Bakı, sadəcə paytaxt deyildi - Türk dünyasının ürəyi, mədəni və siyasi gələcəyini sınayan bir təcrübə meydanı idi. Hər çıxış, hər protokol, hər mübahisə, indi bizə arxiv kağızlarında "söz" kimi görünənlər o vaxt insanların ruhunda, ya ümid, ya qorxu, ya da böyük inam idi. Sabir bağına sığınan İsmailiyyənin divarları arasında bir tarix yazılırdı - sözün hökmü bütöv bir Türk dünyasının taleyini, gələcəyini dəyişəcəkdi!.."
***
"Bu kitab həmin günlərin nəfəsini, o zaldakı səslərin titrəyişini, tribunadan səslənən hər bir fikrin ardında gizlənən tarixi yükü anlamaq üçün yazılıb. 1926-cı ilin Bakısı təkcə bir məmləkətin paytaxtı deyil, bütöv Türk dünyasının güzgüsü idi. ...İsmailiyyənin daş-divarları isə tarixin yaddaşına həkk olunmuş o günün şahidi kimi bu səsin ahəngini yüz ildir ki, qoruyur!"
***
Kitabın "I Türkoloji Qurultay: Tarixi zəmində" adlı I fəslində, ilk olaraq Qurultayın siyasi və elmi əsasları barədə geniş araşdırma aparmış alim bu möhtəşəm toplantı üçün tarixi zəmin rolu oynayan hazırlıq dövründə görülən işlərdən, siyasi-ictimai həyatda baş verən yeniliklərdən ətraflı bəhs edir.
"I Türkoloji Qurultay arxiv sənədlərində" adlı II fəsildə müxtəlif arxivlərdə mühafizə olunan olduqca dəyərli sənədlərin xronoloji ardıcıllıqla transkripsiyası və seçmə tərcümələr, eyni zamanda onların şərhi verilmişdir.
Kitabın "I Türkoloji Qurultay: milli mətbuatda" sərlövhəli üçüncü fəsli isə informasiya mənbələrində öz əksini tapan qurultayla əlaqədar materiallardan bəhs edir. Alim zaman-zaman tədqiqatlar aparılıb, məqalələr, kitablar yazılsa da, Azərbaycan mətbuatının bu tarixi toplantıdakı fəaliyyətinin, fədakarlığının araşdırılmadığını diqqətə çatdıraraq, "Yeni yol", "Bakinskiy raboçiy", "Kommunist" və "Yeni fikir" qəzetlərində dərc olunmuş məruzələr, müsahibələr və məqalələri elmi ictimaiyyətə geniş şəkildə təqdim edir.
Qurultaydakı məruzə və çıxışların, o cümlədən, qəbul edilən mühüm qərar və qətnamələrin dərc olunduğu qəzet səhifələrində diqqətimizi cəlb edən dəyərli məqamlar olduqca çoxdur. Qurultayla əlaqədar digər mənbə və məxəzlərdə olmayan məlumatlara bu fəsildə verilən və şərh edilən dövri mətbuat səhifələrində rast gəlirik. Belə mühüm bilgilər arasında, görkəmli ədəbiyyatşünas alim, şair Salman Mümtazla əlaqədar bir bilgi bizimçün xüsusi əhəmiyyət kəsb edir. "Yeni yol" qəzetinin 9 mart 1926-cı il 58 (469)-cu sayında dərc olunmuş "Son təbriklər" sərlövhəli yazının ilk cümləsi belədir: "Azərbaycan ədəbiyyatçılarından Salman Mümtaz şair Nəsiminin 10 parça şeirini qurultaya təqdim edir." İlk baxışdan həcmcə kiçik görünən bu bilgi əslində böyük əhəmiyyətə malikdir. Belə ki, bu, S.Mümtazın qurultaya Nəsimi haqda yazdığı və hələ çapdan çıxmamış kitabını deyil, şairin "öz əsrində Azərbaycan ləhcəsiylə" yazılan miniatürlü divanından çətinliklə əldə etdiyi 10 əlyazma vərəqini "Qurultay münasibətilə Stalin kitabxanasına hədiyyə etdiyini (bu barədə S.Mümtaz "Seyid İmadəddin Nəsimi" kitabının Ön sözündə yazıb) bir daha isbat edir. Qeyd etməliyik ki, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində İdarə Heyətinin üzvlərindən biri olan Salman Mümtaz Birinci Türkoloji Qurultayın təşkilatçılarından biriydi. Qurultayla əlaqədar tədqiqatlarda da qeyd olunduğu kimi, mənbələr təsdiq edir ki, Azərbaycandan Birinci Türkoloji Qurultayda rəsmi siyahıya daxil edilməyən, müəyyən təkliflər əsasında dəvət olunan tanınmış ziyalılar, elm adamları və yazıçılar da olmuşdur. Və bu görkəmli ziyalılardan biri də Salman Mümtaz idi. Adı Qurultay iştirakçılarının siyahısında olmasa da, "Qurultayın ilk günündən başlayaraq çəkilən fotoşəkillərdə Salman Mümtazın da görünməsi", eləcə də sonuncu, bağlanış mərasimində söz alması bu dəyərli insanın həmin mötəbər tədbirdə fəal iştirakını isbat edir. Qurultayın son günü qərar və qətnamələr oxunub qurtardıqdan sonra, çıxış üçün söz istəyənlər arasında "ilk söz azərbaycanlı şair Salman Mümtaza verilir." Təəssüf ki, çıxış Azərbaycan dilində olduğu üçün digər türkdilli məruzələr, çıxışlar kimi onun çıxışının da stenoqramı yoxdur.
"İnformasiya mənbələrində" adlı bu son fəsildə görkəmli türkoloqların, dilçi alimlərin əlavə məruzələri, "Ölkəşünaslıq haqqında məruzə ilə əlaqədar olaraq qurultayın arzusu", "Türk dillərinin orfoqrafisi haqqında qətnamə", "Türk dillərində elmi terminoloji sistem məsələsi haqqında qətnamə", "Ana dilinin tədrisi haqqında qətnamə", "Özəklərimiz qurultayın qərarları haqqında", "Yeni əlifba nəşriyyatı" və b. önəmli materiallar və professor Nadir Məmmədlinin həmin materiallara verdiyi məzmunca dolğun, həcmcə yığcam, lakonik şərhlər olduqca qiymətlidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
