Maddi dünyanı yaradıcı insanlar üçün çox da zəngin material saymaq olmaz. Çünki sənət və yaradıcılıq fantaziyanı, təxəyyülün sərhədsiz imkanlarını sevir. Bu baxımdan irreallıq, ağılın gücü ilə izah olunmayan nəsnələr söz ustaları üçün qeyri-adi ilham mənbəyi, bədii təfəkkürün sərhədlərini genişləndirən yaradıcılıq imkanıdır.
İnsan gerçəkliyin yeknəsək təkrarından yorulanda xəyallarında magik aləm yaradıb. Təxəyyülünün qanadlarında gələcəyə uçub, istəyəndə zamanı geri çəkib, yenidən doğulub, fövqəltəbii varlıqlarla yoldaşlıq edib, başına fizika qanunları ilə izah olunmayan hadisələr gəlib.
Müasir Azərbaycan nəsrində insanın daxili dünyasını, onun psixoloji və mənəvi ziddiyyətlərini magik düşüncə qatında təqdim edən əsərlərin sayı çox deyil. Xalq yazıçısı Anarın 2014-cü ildə qələmə aldığı "Gözmuncuğu" povesti müasir nəsrimizdə bu boşluğu dolduran nadir nümunələrdəndir. Əsərin adı və süjet xətti "yaman göz", "bədnəzər" kimi qədim inanclara müraciət etsə də, müəllif bu motivlərdən təkcə folklor elementi kimi deyil, həm də real təsir gücünə malik fenomen kimi istifadə edib.
Magik-realist nəsrdə, xüsusən, Latın Amerikası ənənəsində möcüzəvi hadisələr çox zaman real həyatın bir hissəsi kimi təsvir edilir. Məsələn, sehrli realizmin ən böyük nümayəndələrindən olan Qabriel Qarsia Markesin "Yüz ilin tənhalığı" romanı struktur baxımından başdan-ayağa magik atmosfer əsasında qurulub. Anarın "Gözmuncuğu"nda isə ətraf mühit tamamilə magik aurada deyil, magik elementlər daha çox fərdi təcrübə müstəvisində, əsasən, qəhrəmanın şüurunda baş verir. Yəni, "Gözmuncuğu"nda magik reallıq kollektiv deyil, subyektiv məkanda yaşanır. Ümumiləşdirsək, deyə bilərik ki, Rulfo, Karpentier, Aliende və Markes kimi yazıçılarda mistik mühit kütləvi, Anarda isə daha fərdi və psixoloji xarakterə malikdir.
Ancaq xüsusi məqam ondan ibarətdir ki, "Gözmuncuğu"nda bədnəzərin mənfi enerjisi, gözmuncuğunun qoruyucu gücü kimi elementlər sadəcə simvolik deyil, həm də real təsirə malik qüvvə kimi təqdim olunur. Yazıçı süjet xətti boyunca bu qüvvələrin insan taleyinə müdaxiləsini oxucuya hiss etdirir. Bəzi epizodlarda mistika ilə reallıq arasında sərhədlərin itdiyini görürük. Ümumən bu əsərdə möcüzələr, mistik situasiyalar şübhəli, qeyri-müəyyən hallar kimi deyil, insan həyatına nüfuz edən görünməz qüvvələr kimi göstərilir.
Magik elementlərlə gerçəkliyin qarşılaşdırılması əslində povestin zahiri qatıdır. Əsərin təhkiyəsi magik əhvalatla başlayır və ilk cümlədəncə oxucunu dramatik-psixoloji gərginliyin dərinliyinə çəkir. Bu əsərdə Anar bir yazıçıdan daha çox bir filosof kimi davranaraq, süjeti yalnız mif-gerçəklik, xeyir-şər dilemmaları ilə qütbləşdirmir, həm də bu ziddiyyətlərin bir varlıq daxilində dövr edən əbədi vəhdətini və harmoniyasını da mükəmməl canlandırır.
Fəlsəfəni ədəbiyyata gətirmək, fəlsəfi problemləri ədəbi əsərin mövzusuna çevirmək ekzistensializm (varlıq və seçim), metafizika (gizli struktur, fövqəltəbiilik) fenomenologiya (şüur və təcrübə), postmodernizm (reallığın çoxqatlı izahı) kimi ədəbi-fəlsəfi cərəyanların ortaq özəlliyidir.
"Gözmuncuğu" məhz bu ədəbi-fəlsəfi istiqamətlərin demək olar, bütün xüsusiyyətlərini özündə cəmləşdirən bir əsərdir.
Anarın usta qələmi ona, əsərdəki mürəkkəb fəlsəfi labirintlərdən asanlıqla çıxmağa imkan yaradır. Yazıçı bədii əsər üçün çox vacib olan incə və estetik nüansları - dərin psixologizmi, süjetin dinamik hərəkətliliyini, səbəb-nəticə əlaqələrinin məntiqi ardıcıllığını qətiyyən unutmur, əksinə, bütün bu elementləri əvvəldən-axıra qədər "görünməz əl" peşəkarlığı ilə idarə edir.
Əlbəttə, hər bir əsərin bədii dəyərini müəyyənləşdirən əsas amillərdən biri də onun psixoloji qatıdır. Bu mənada, "Gözmuncuğu"na magik realizmin psixoloji transformasiyası kimi də baxmaq olar. Əsərin qəhrəmanı Əhlimanın mənəvi tənhalığı, asosial həyat tərzi, başına gələn (və ya gözünə görünən) mistik hadisələr onun mənəvi-psixoloji aləmini əks etdirir.
Anarın bu əsərdə qaldırdığı fəlsəfi mühakimələrdən biri də insanın öz əməllərinə görə məsuliyyət daşımasıdır. Əhliman həm gözündə ölümcül bədnəzər gəzdirən bədbəxt qatil, eyni zamanda qeyri-adi intuitiv zəkaya malik bir alimdir.
Əsərin qəhrəmanı ağır uşaqlıq travmaları ilə, sosial təzyiq və zorakılıq mühitində böyüyüb. Bu amillər onun daxilində şər qüvvənin cücərməsinə zəmin yaradır. Ancaq əsərin ideyası heç də bu determinasiyanı mütləqləşdirmir, yəni şərin qurbanı olan birinin də zamanla öz içində şər yetişdirib bəsləməsinə bəraət qazandırmır. Əksinə, Əhliman öz vəziyyətinin fərqində olan, "pis göz"ünün potensialını anlayan və onu nəzarətdə saxlamağa çalışan bir obraz kimi maraqlıdır. Bu xüsusiyyəti onu passiv qurban statusundan seçim potensialı olan aktiv fərd səviyyəsinə yüksəldir. Ay qızı və sirli xalçanın sahibi Qafarzadə ilə bağlı final hissədə düyün açılır, Əhlimanın içində yetişən iki qüvvə - Hörmüz və Əhrimən üz-üzə gələrək savaşmağa başlayır.
Bəs bu savaş hansı tərəfin qələbəsi ilə bitir?
Əsərdə bu sualın konkret cavabı yoxdur. Bu situasiyadan çıxış edərək, Anarı xeyirin birmənalı qələbəsinə inanan ənənəvi pozitivistlər sırasına aid edə bilmərik.
Əsərin finalında ikiləşən Əhlimanın özü ilə duelə çıxdığı savaş onun ölümünə səbəb olur. Lakin əsərin sonunda müəllif qəhrəmanına qəbirdə dirilmə, eyni zamanda yenidən ana bətnindən doğulma şansı verir. Bəs bu dirilən və doğulan kim idi? Hörmüz, yoxsa Əhrimən? Yazıçı yüngül ipucu ilə bu sualın cavabını da həssas oxucunun öhdəsinə buraxır.
Düşünürəm ki, Anar povestdə dünyanı əzəldən iki qüvvənin idarə etdiyini və bu qüvvələrin eyni zaman və məkan daxilində həm vəhdətdə, həm də mübarizədə olduğu düşüncəsini irəli sürür.
Beləliklə, bu ideya "Gözmuncuğu"na dialektikanın məşhur "ziddiyyətlərin vəhdəti və mübarizəsi" qanununun bədii ifadəsi kimi baxmağımıza imkan yaradır.
Əsərin fəlsəfi qatını dərinləşdirən əsas məsələlərdən biri də determinizm, yəni (təsadüflərə inanmamaq, mütləq səbəbiyyət) eləcə də seçim azadlığı problemidir. Magik ədəbiyyatın vətəni sayılan Latın Amerikası nəsrində qəzavü-qədər ideyası üstünlük təşkil etdiyi halda, "Gözmuncuğu"nda baş qəhrəman seçim qarşısında qoyulur və onun üzərinə məsuliyyət yüklənir. Beləliklə, oxucu ekzistensial problematikanın klassik üçlüyün - iradə, azadlıq və məsuliyyətin insan taleyində necə həlledici rol oynadığının şahidi olur.
Əsərdə səbəb-nəticə əlaqələrinin klassik məntiqin tələblərindən fərqli şəkildə qurulması da diqqət çəkir. Qəhrəmanın baxışlarının, "pis göz"ün təsirinin doğrudan da, faciələrə səbəb olması mətn daxilində getdikcə daha inandırıcı reallığa çevrilir. Gözmuncuğunun qırılması ilə müşayiət olunan hadisələr artıq təsadüfi deyil, müəyyən qanunauyğunluq təsiri bağışlayır. Beləliklə, əsərdəki talisman (gözmuncuğu) kortəbii inanc elementindən real qüvvəyə çevrilir.
Əslində yazıçı bu əsərdə "hər şeyin mütləq bir səbəbi var" kimi kəskin bir fikir irəli sürmür. Lakin o göstərir ki, insan hər hansı bir hadisəni səbəb kimi qəbul etdikdə, zamanla həyatını həmin inanca uyğun şəkildə qurmağa başlayır. Bu baxımdan povestdə üç əsas qat müşahidə olunur:
Birincisi, deterministik təsir qatıdır. Burada hadisələr sanki bir-biri ilə əlaqəli və səbəb-nəticə zənciri daxilində baş verirmiş kimi görünür.
İkincisi, subyektiv şərh qatıdır. Burada hadisələr arasındakı ardıcıllıq reallıqda deyil, məhz insanın şüurunda izlənilir. Gözmuncuğuna - adi bir əşyaya xüsusi məna yüklənir, hadisələr bu prizmadan izah edilir.
Üçüncüsü isə, ambiqvlik (ikimənalılıq) qatıdır. Oxucu tərəddüd içində qalır: görəsən, doğrudanmı, gizli bir qanunauyğunluq mövcuddur, yoxsa bütün bunlar sadəcə, təxəyyülün yaratdığı bir illüziyadır?
Məhz bu ambiqvlik əsəri daha cəlbedici və maraqlı edir.
"Gözmuncuğu"nda fraqmentar quruluş, şüur axını və zamanın qarışdırılması qəhrəmanın daxili aləmini daha canlı və inandırıcı şəkildə açır. Keçmiş, indiki an və mistik olaylar bir-birinə qarışdıqca reallıq hissi bulanır, oxucu seyrçi mövqedən çıxaraq, qəhrəmanın psixoloji vəziyyətini sanki özü yaşayır.
Yuxarıda xatırladığımız kimi, şər və xeyir qarşıdurması əsərdə metafizik səviyyədən daha çox, daxili mübarizə kimi təqdim olunur. Hörmüz və Əhrimən motivləri insanın daxilində mövcud olan iki təzadın, daha dəqiqi, dualist başlanğıcın simvolik ifadəsidir. Yazıçı şəri təbiətdə mövcud olan müstəqil qüvvə kimi deyil, daha çox insanın daxili potensialı kimi göstərib. Əhlimanın faciəsi də məhz, bu potensialı idarə edə bilməməsindən, daha doğrusu, içindəki şər cücərtisini qidalandırıb yetişdirməsindən doğur. Bu tragik nəticə isə əsərin ideya-məzmun qatında müəllif mövqeyinin daha geniş şəkildə açılmasına zəmin yaradır.
Müəllif bir yaradıcı kimi qəhrəmanının taleyini özbaşına buraxmır, əksinə, süjet boyu onun həyat xəttini istiqamətləndirir. Bu baxımdan Əhlimanın taleyi minillərdir açıq qalan əbədi suallara yazıçının cavab axtarışının bədii ifadəsi kimi çıxış edir.
Fikrimcə, əsərin ən təsirli məqamlarından biri Əhrimənlə Hörmüzün qarşılaşmasıdır. Əhrimənin kəskin arqumentləri və sərrast məntiqi onu şərin kor-koranə simvolu kimi qəbul etməyə imkan vermir. Onun müqəddəs mətnlərdəki "Talion prinsipi"nə - "gözə-göz, dişə-diş" qanununa sadiqliyi əsərdəki dini-fəlsəfi mübahisəni daha da dərinləşdirir. Hörmüz isə mərhəmət və bağışlama ideyaları ilə fərqli mənəvi model təklif edir. Bu dialoqların fəlsəfi gərginliyi "Karamazov qardaşları"ndakı məşhur ideya qarşıdurmalarını xatırladır. Lakin fərq ondadır ki, Dostoyevski bu ideya savaşlarını qardaşlar arasında "təşkil" edirdisə, Anar həmin müharibəni qəhrəmanın öz daxilində gedən psixoloji mübarizə kimi canlandırır.
Beləliklə, "Gözmuncuğu" iki fərqli ədəbi ənənənin kəsişməsində dayanır: bir tərəfdən, magik realizmin simvolik və mifik qatlarını, digər tərəfdən isə, ekzistensializmin fəlsəfi və psixoloji dərinliyini özündə birləşdirir.
Nəticə etibarilə, əsəri ekzistensial-psixoloji magik realizm nümunəsi kimi qiymətləndirmək daha doğru olar. Bu əsər göstərir ki, insanın ən böyük problemi xarici dünya ilə deyil, daha çox onun öz daxilində mövcud olan ziddiyyətlərlə bağlıdır. İnsan daxilindəki qüvvələri tanımadıqda, onları nəzarətdə saxlaya bilmədikdə faciə qaçılmaz olur.
Düşünürəm ki, görkəmli yazıçımız Anarın "Gözmuncuğu" əsəri bədii film üçün unikal materialdır. Bu əsərin ekranlaşdırılması Azərbaycan kinosuna dünya miqyasında böyük uğur qazandıra bilər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
