Ağamusa müəllim idi, Tofiq müəllim idi, bir də mən… - Nizami CƏFƏROV

Nizami CƏFƏROV

Keçən əsrin 90- cı illərinin sonları idi. Dissertasiya müdafiələrinin birindən sonra dissertantın atası səviyyəli bir restoranda banket  verirdi. Ölkənin, demək olar ki, bütün adlı- sanlı dilçiləri orda idi. Kefimiz bir az durulandan sonra mən sağlıq  deyib əvvəlcə dissertantı təbrik elədim, sonra məclisi daha da canlandırmaq üçün ortaya hamını maraqlandıracaq kifayət qədər pravakasion bir məsələ atdım. Dedim ki, son illər Azərbaycan dilçilərinin bu miqyasda toplandığı birinci məclisimizdir. Və mənə elə gəlir ki, biz bir sıra aktual problemləri burada tam demokratik, kollektiv şəkildə həm müzakirə, həm də həll edə bilərik. Məsələn,  elmi səviyyəsinə görə hansımızın birinci, hansımızın ikinci, hansımızın üçüncü   və s. yerdə dayandığımızı müəyyən etməliyik ki, münasibətlərdəki iyerarxik mövqeyimizi (və işimizi) bilək. Mənim fikrimcə, birinci yer Ağamusa müəllimə - Ağamusa Axundova məxsusdur, ikinci yerdə Tofiq müəllim - Tofiq Hacıyev gəlir…

Məclis diqqətlə dinləyirdi, hiss  edirdim ki, hamının qulağı məndədir. Və  söhbət bu yerə çatanda üzümü Tofiq  müəllimə tutub soruşdum ki, Tofiq müəllim, siz təsnifatın bu cür gedişilə  razısınızmı?.. Tofiq müəllim özünəməxsus təbəssümlə, belə bir sualı gözləyirmiş kimi, cavab verdi: «Əgər mənə, həqiqətən, ikinci yeri  verirsinizsə,  Ağamusanın birinci yerdə olmasına razıyam».

Təklifimin yuxarı səviyyədə uğur qazanmasından həvəslənib söhbətimi davam elədim: «Üçüncü yerin kimə məxsusluğu çox mübahisəli olduğuna görə, onu sizin müzakirənizə buraxıb keçirəm dördüncü yerə. Və təvazökarlıqdan uzaq olsa da, həqiqət naminə deməliyəm ki,  həmin yer mənimdir. Sonrakı yerləri, xahiş edirəm, məclisin sonuna qədər öz aranızda ədalətlə bölüşdürün»…

Başqa sağlıqlar da deyildi, ancaq məclisin sonuna qədər hər kəs dilçilərin iyerarxik təsnifatında öz yerinin harada olması barədə ya passiv, ya da aktiv şəkildə maraqlanırdı.

Hətta banketdən sonra günlər, aylar keçsə də, bəzi dilçi həmkarlarımız üz- üzə gələndə, yaxud zəng edib məndən özlərinin təxminən neçənci yerdə  olduqlarını soruşurdular. Mən də  özümdən (dördüncüdən) sonrakı yerlərdən birini, ya soruşanın, ya da özümün ovqatıma uyğun olaraq, ona əta edirdim…

Ancaq təbii ki, nə Ağamusa müəllimin birinci, nə də Tofiq müəllimin ikinci yerinə göz dikən yox idi.

***

…İrana elmi konfransa gedirdik. Avtobusdakıların hamısı tanınmış Azərbaycan ziyalıları idi. Hər mövzuda danışır, zarafatlaşırdıq. Bir məclisdə ki, Vasim Məmmədəliyev (Ustadi- kamil!) ola, orda darıxmaq, ümumiyyətlə,  mümkün deyil… Axırda yorulub hərə öz yerində mürgüləməyə başladı. Və bir də gördüm ki, Ağamusa müəllim gedib əyləşdi sürücünün böyründəki boş yerdə,  başladı onunla söhbət eləməyə. Sürücü  iranlı idi. Gecə düşdüyündən dağ yolları ilə maşını mümkün qədər ehtiyatla sürməyə çalışırdı. Ancaq hərdən təhlükəli vəziyyətlər də yaranırdı… Gördüm, söhbətləri uzun çəkir. Hamı yatırdı, mənim yuxum gəlmirdi. Keçdim qabağa. Dedim ki, Ağamusa müəllim, gecə gecədən keçir, niyə gəlib istirahət eləmirsiz?.. Sürücünün başının öz işinə qarışdığını görüb astadan «gəl sən də burda otur, söhbət edək, qoy şoferi yuxu aparmasın. Mürgüləyib bizi buralarda qərq eləyər» - dedi. Sonra əlavə elədi:  «Onsuz da bunlar şəhid olmaqdan  ötrü ölürlər».

Bilirdim, Ağamusa müəllimdə haradansa belə bir təsəvvür əmələ gəlmişdi ki, nə zamansa hansısa maşın qəzasına düşəcək.

 ...Ağamusa Axundov hissiyyatlı, hətta emosional adam idi, bununla belə bütün qərarları soyuq ağılla, məntiqlə qəbul edirdi. Ona görə də qəbul etdiyi qərardan, nəticəsindən asılı olmayaraq, heç vaxt təəssüflənmirdi…

***

Təbrizə gəldik. Gecə idi. Həmişə  həsrətində olduğumuz doğma şəhər… Gözümüzə nə dəyirsə hamısına maraqla, məhəbbətlə baxırıq… Ancaq yol yorğunu olduğumuzdan qərarlaşdırdıq ki, gecəni yatıb  dincələk, səhər o başdan durub doyunca gəzərik.

Səhəri mən daha tez durdum. Öyrəndim ki, Ağamusa müəllim də, Tofiq müəllim də hələ yatırlar. Bir taksi tutub dedim ki, gedək Ərk qalasına… Getdik… Qala təmir olunurdu, uçurub dağıtmışdılar, ancaq tarixi əzəmətini təsəvvür etməmək  mümkün deyildi. Doyunca baxdıqdan sonra bir taksi də tutub  getdim Təbrizin örtülü bazarına. Və təxminən bir saatdan sonra  qayıtdım otelə… Ağamusa müəllimlə Tofiq müəllimdən hələ səs- səmir yox idi.

Otaqda oturub televizora baxırdım ki, zəng gəldi. Düşdüm aşağı - otelin holluna. Gördüm ki, Ağamusa müəllimlə Tofiq müəllim şəhərə çıxmağa  hazır dayanıblar. Tofiq müəllim mənə dedi ki, ayə, nə çox yatırsan… Biləndə ki, artıq Təbrizi gəzib gəlmişəm, təəssüflə soruşdu ki, bəs  bizi niyə oyatmadın?..

Nə isə… Müəllimlərimlə Təbrizin örtülü bazarına bir də getməli oldum. Tofiq müəllimin çox mötəbər qərarı bundan ibarət idi ki, bir yer barədə daha mükəmməl təsəvvürə malik olmaq istəyirsənsə, gərək oranın bazarına gedəsən… Bazarın köhnəliyini,  divarların, tavanın uçuq- sökük olduğunu, ayaq qoymağa təmiz yer axtardığımızı görəndə təəssüflənsələr də Tofiq müəllim tez nikbin bir görkəm alıb dedi  ki, tarix elə bu cür olur, onu elə bu cür də qəbul etmək,  ona ehtiramla yanaşmaq lazımdır… Və birdən dayanıb əlavə  elədi: «Hələ bir bazardan gələn ətrə fikir verin, bu gözəllikdə ətri harda tapmaq olar?..»

Bazarda satılan müxtəlif cür ədviyyatın ətri, doğrudan da, adamı bihuş edirdi. Və  alqı- satqı prosesindəki mükalimələrin  ritmi, intonasiyası - Təbriz bazarının şirin Azərbaycan türkcəsi də elə bil bu ətrə qarışıb xüsusi, unudulmaz bir təəssürat yaradırdı.

Ağamusa müəllimlə Tofiq müəllim ədviyyat alırdılar. Çalışırdılar ki, satıcıları daha çox danışdırsınlar. Mən isə onların ardınca gedir, aldıqlarını daşıyırdım ki, peşə marağından irəli gələn «dilçilik müşahidələri»ni rahat  aparsınlar.

Bazardan çıxıb bir- iki paltar mağazasına da dəydik. Tofiq müəllim özünə kostyum axtarırdı… Axır ki tapdı. Təzə kostyumu yoxlamaq üçün geyinib iri güzgüdə əyninə necə  oturduğuna baxanda Ağamusa müəllim onu diqqətlə süzüb  mənə işarə elədi ki, yaxın gəl. Gəldim… Tofiq müəllimin də eşidə biləcəyi kifayət qədər yüksək bir səslə, ancaq guya təkcə mənim eşitməyimi istəyirmiş kimi dedi: «Nizami, bu Tofiq onsuz da iddialı, özündənrazı adamdır. Təzə kostyum da ona çox yaraşır. Əgər bunu da geyinsə, Tofiqin qarşısına çıxmaq çətin  olacaq. Gəl deyək ki, yaraşmır, qoy almasın»… Mən güldüm… Tofiq müəllim  bir az o yan- bu yana gəzişib kostyumun rahatlığına əmin olandan sonra təbəssümlə  «Ağamusa, yaraşmasa da alacam» dedi, «özü də deyin niyə?.. Çünki Bakıdakından üç- dörd qat ucuzdur».

***

Gecəni avtobusla, bütün  heyətlə yol gəlib səhər işıqlaşana yaxın İran Astarasına çatdıq. Sərhəd keçid məntəqəsi hələ açıq olmadığına görə gözləyir, yaxınlıqdakı bağda gəzişirdik… Gördüm ki, Ağamusa müəllim nə isə narahatdır, dedim, yəqin,  yuxusuzluqdandır. Ancaq sən demə  əməlli- başlı xəstələnibmiş… Məni yanına çağırdı, söhbət edə- edə camaatdan aralanandan sonra dedi ki, Nizami, məni təcili xəstəxanaya çatdır, özümü heç yaxşı hiss eləmirəm.  O taya keçənə qədər dözə bilməyəcəm… Bilirdim ki, Ağamusa müəllim hər hansı problemini heç kimlə bölüşən deyil, ona görə də narahat oldum, hətta bir az da  qorxdum. Və tez taksi tapıb xahiş  etdim ki,  buradakı ən yaxşı xəstəxanaya sürsün.

Xəstəxanada bizi olduqca hörmətlə qarşılayıb Ağamusa müəllimi təcili müayinə elədilər, iynə  vurdular, dərman içirdilər. Və xəstəxanadan çıxanda Ağamusa müəllimin əhvalı artıq xeyli yaxşı idi… Sərhəd keçid məntəqəsinə qayıdanda gördük ki,  tək- tək keçənləri buraxırlar, ancaq avtobuslar üçün növbə var. Və növbəmizin nə vaxt çatacağı da məlum deyildi… Səfər yoldaşlarımıza demədən keçid məntəqəsinə yaxınlaşdıq, Ağamusa müəllimi Cənub Astarasından Şimal Astarasına yola salanda onu da, məni də kövrək tutdu. Və qucaqlaşıb ayrılanda əlini cibinə salıb artıq qalmış İran  pullarını mənə uzatdı, «hələ bir- iki saat  burdasız» dedi, «xərcləyərsən, orda onsuz da lazım olmayacaq».

Avtobus yola düşəndə camaat gördü ki, Ağamusa müəllim yoxdur. Axtardılar… Dedim ki, Bakıda təcili işi varıymış, tez getdi, gözləyə bilmədi… Məsələdən xəbəri olmayan Tofiq müəllim zarafatla «Ağamusanın yoldaşlığı sona qədər olmadı» dedi.

***

2001- ci ildə həm Ağamusa müəllim, həm Tofiq müəllim, həm də mən - onların bilavasitə tələbəsi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçildik. Bu, mənim üçün böyük şərəf idi.

Növbəti mərhələdə - həqiqi üzv seçkilərində nəinki mən, heç Tofiq müəllim də öz namizədliyini irəli sürmədi. Çünki qabaqda Ağamusa müəllim vardı.

Bir neçə ildən sonra Tofiq müəllim də Akademiyanın həqiqi üzvü seçildi.

Həqiqi üzv seçkisi ərəfəsində Ağamusa müəllimlə dissertasiya müdafiələrindən birində yanaşı əyləşmişdik. Bir az da fikirli idi  ya mənə elə gəlirdi, bilmədim. Yavaşca məndən soruşdu ki, sən həqiqi üzvlüyə  namizədliyini verəcəksən?.. Cavab verdim ki, siz olan yerdə mən elə bir iddiaya heç vaxt düşə bilmərəm… Gülümsündü,  kefi açıldı. Görünür, münasib bir söz  axtarırdı. Bilirdim ki, həmin sözü tapana qədər heç nə deməyəcək. Və handan-hana özünəməxsus təbəssümlə «düz eləyirsən» - dedi.

Sonralar Ağamusa müəllimdən  kim soruşsa ki, növbəti seçkidə səsi kimə verəcəksiz, hamıya «Nizamiyə» demişdi. Ancaq mən sonra da namizədliyimi vermədim, çox da ki, bəxtim gətirib müəllimlərimlə bir vaxtda müxbir üzv olmuşdum.

Ağamusa müəllimin ardınca, təbii ki, Tofiq müəllim gəlirdi… Söz dəyirmandakı  idi…

 

Ağamusa müəllim idi, Tofiq müəllim idi, bir də mən… Gəncəyə gedirdik…

Gəncə Dövlət Universitetinin rektoru, dilçi həmkarımız Mübariz Yusifov hər üçümüzü universitetdə keçiriləcək elmi konfransa dəvət eləmişdi. Səhər gedib, günorta konfransı keçirib, axşama qayıtmalıydıq.

Səhər tezdən durub maşını «xoddadım». Əvvəl Tofiq müəllimi götürdüm, sonra da Ağamusa müəllimi. Hiss olunurdu ki, hər ikisi yuxudan zorla durub… Ağamusa müəllim görəndə ki, maşını özüm sürürəm, narazılıq elədi. Və dedi ki, əşşi, sən haranın şoferi oldun, aparıb  bizi qırarsan, şofer çağır… Dedim: «Ağamusa müəllim, narahat olmayın,  bir az gedək, baxın, maşın sürməyim xoşunuza gəlməsə, zəng edəcəm şofer gəlsin».

Hər ikisi arxada əyləşmişdi. Mən bütün sürücülük istedadımı işə salmışdım ki, maşın yolun heç kələ-kötür yerlərində də silkələnməsin. Bununla belə Ağamusa müəllim narahat idi. Və hərdən müxtəlif formalarda öz etirazını bildirib Tofiq müəllimə baxırdı. Tofiq müəllim isə gözlərini yumub şirin- şirin mürgüləyirdi.  Birdən Ağamusa müəllimin hövsələsi daraldı, Tofiq müəllimi silkələyib «Tofiq, əşşi, bir sən də dillən, bu bizi aparıb qərq edəcək» - dedi. Ancaq məlum oldu ki, Tofiq müəllim yatmırmış. Çox sakit bir tərzdə dilləndi ki, Ağamusa, mən taleyimlə barışıb oturmuşam, nə olar, olar… Artıq Şamaxıya çatırdıq, Ağamusa müəllimin də öz taleyilə barışmaqdan başqa  çarəsi yox idi. Həm də hörmətli səfər yoldaşlarım - müəllimlərim yavaş-yavaş yuxudan ayılırdılar. Narın yağış yağır, təmiz payız havası maşının mən tərəfdən azca aralı qoyduğum pəncərəsindən  içəri dolub kefimizi açırdı.

Ağamusa müəllim yol boyu gördü ki, bir dəfə də «naruşeniya» eləmədim. Özü də köhnə şofer idi, hər şeyi məndən də yaxşı bilirdi. Ancaq soruşanda ki, Ağamusa müəllim, vəziyyət necədir, dedi: «Əşşi, indi çatacağıq Gəncəyə, konfransdan sonra Mübariz bizə qonaqlıq verəcək, məcburuq ki, bir az içək, qayıdanda necə olacaq, içib maşın sürəcəksən?..» Cavabında «Ağamusa müəllim, mən bu gün Tofiq müəllimlə sizin şoferinizəm - dedim, - işim ancaq sizi sağ-salamat Gəncəyə aparıb gətirməkdən ibarətdir, içki içməyəcəm»… Və başladıq ordan-burdan  danışmağa. Tofiq müəllim o qədər yox, ancaq Ağamusa müəllim, adətinin əksinə olaraq,  nə isə söhbətə meyilli idi. Vətəni Şirvanı tərifləyirdi. Özü də ədəbi dildə yox, Şirvan dialektində gözəl bir intonasiya ilə  danışırdı… Tələbələri, həmkarları yaxşı bilir ki, Ağamusa Axundovun ümumiyyətlə,  gözəl (fövqəladə!) nitqi vardı, hər sözü, cümləsilə bir əsər yaradırdı.

Və birdən keçdi Rəsul Rzaya. Heç gözləmədiyimiz halda böyük şairin sərbəst vəzndə yazdığı, əzbərlənməsi mümkün olmayan uzun bir şerini bircə dəfə də çaşmadan əzbərdən dedi. Məəttəl qaldıq.

Gəncəyə çatdıq. Bizi mehribançılıqla qarşıladılar. Mübariz müəllim, elmi işlər üzrə prorektor Telman Quliyev, digər prorektorlar… Onsuz da yol boyu zəng edib harda olduğumuzla maraqlanırdılar… Böyük akt zalında səviyyəli bir konfrans oldu. Ağamusa müəllim də, Tofiq müəllim də, mən də məruzə elədik.

Konfransdan sonra gəncəlilər bizə səviyyəli  bir qonaqlıq verdilər… Ağamusa müəllim mənim içmədiyimi görüb dedi ki, bir-iki rumka olar. Mən sözümün  üstündə durmağa çalışıb etiraz elədim, ancaq təkid o qədər ürəkdən, səmimi oldu ki, müəllimlərimin sözündən çıxa  bilmədim… Elə bu zaman məclisə bir  aşıq da gəldi. Məni görüb tanıdı. Və məclis boyu məndən soruşurdu ki, indi kimdən deyim?.. Mən də yaxşı bilirdim ki, böyük müəllimlərimdən heç biri aşıq poeziyasına dərindən bələd deyil. Ona görə də əlimə fürsət keçmişdi, bütün istedadımı qoymuşdum ortaya. Aşıq deyirdi, mən deyirdim… Ağamusa müəllim bu mənzərəyə ləzzətlə tamaşa edə-edə Tofiq müəllimə «əşşi, Nizami, nə qədər aşıq şeri bilirmiş» - dedi. Tofiq müəllim təbəssümlə cavab verdi: «Ağamusa, sən öz vətənində Rəsul Rzadan deyirdin, o da burda - öz vətənində Ələsgərdən deyir, burda təəccüblü nə var ki?»

Məclisi yekunlaşdırıb Bakıya qayıtmaq istəyəndə gəncəlilər etiraz elədilər, «sabah da bazar günüdür, qalın, sabah gedərsiz» - dedilər. Razılaşmadıq… Nə qədər qəribə olsa da, Ağamusa müəllim daha çox təkid elədi. Dedi ki, Nizami professional şoferdir, heç nigaran olmayın, rahat gedəcəyik. Sonra da əlavə elədi ki, axırda gətirdiyiniz o Gəncə şərabından da bir şüşə qoyun, maşında Tofiqlə içə-içə gedək. Tofiq müəllim də təbəssümlə onun sözünə qüvvət verdi… Maşına oturanda Telman qulağıma pıçıldadı ki, Mübariz müəllim baqaja üç Gəncə səbəti qoydurub…

«Ya Allah!» deyib düzəldik yola. Mən maşın sürürdüm, Ağamusa müəllimlə Tofiq müəllim isə arxada yaxşı bir məclis qurmuşdular. Sağlıq deyib Gəncə şərabından xırda-xırda vurur, keçən günləri - tələbə, aspirant, elmlər namizədi, elmlər doktoru olduqları illəri xatırlayırdılar. Mən də maraqlı söhbətə qulaq asa-asa maşını bir  az sürətlə sürürdüm ki, Bakıya tez çataq. Sürəti nə qədər artırıb «naruşeniya» eləsəm də, hərdən maşını saxlamaq işarəsi verən yol polislərinə  məhəl qoymasam da, nə Tofiq müəllim, nə də  Ağamusa müəllim mənə irad tutmurdular.

Birdən Tofiq müəllim dedi ki, Ağamusa müəllim, gəl bu badələri də Nizaminin sağlığına içək… Belə deyəndə Ağamusa müəllim yanındakı boş stəkanı şərabla doldurub mənə uzatdı, «bayaqdan biz içirik, ona təklif eləmirik» - dedi, - qoy özü də içsin»…

Etiraz eləmədim. Təsəvvür edin, müəllimlərim məni tərifləyir, bir əlim sükanda, bir əlimdə badə, fikrim arxada, bircə gözlərim yola baxır… Kürdəmir postuna çatanda gördüm ki, şlaqbaum bağlıdır. Bildim ki, bu, polisə tabe olmamağımıza görədir. Maşını saxladım. Bir polis zabiti yaxınlaşıb gördü ki, burada əməlli-başlı məclis qurulub… Təbii ki, millət vəkilini tanıdı,  salam verdi, «düşün qonağımız olun» - dedi, mən əvvəl təşəkkür elədim, sonra üzr istəyib «bağışlayın» dedim, «bilirəm niyə saxlamısız, bir az sürət həddini keçdim ki, qaranlıq düşüb, şəhərə tez çataq». Polis zabiti ehtiramla gülümsünüb «sizə yaxşı yol» - dedi. Və polislərə işarə elədi ki, şlaqbaumu qaldırsınlar… Ağamusa müəllim sağlığını yarımçıq saxlamışdı, xata sovuşandan sonra bir az fasilə edib «Tofiq - dedi, - bu Nizami necə də mənim cavanlığıma oxşayır». Hələ də düşdüyümüz vəziyyətin təsiri altında olan Tofiq müəllim elə bil onu eşitmədi. «Ağamusa, dedi, - bayaqdan bu qədər rayonları sürətlə keçdik, bizi saxlayan olmadı, nooldu elə Kürdəmirdə saxladılar?..» Ağamusa müəllim təmkinlə: «Tofiq, kürdəmirlilərin mədəniyyətini gördüz də, bizə yaxşı yol arzuladılar» - dedi.

Bildim ki, mənim sağlığım uzanacaq, əlimdəki badəni də çox saxlamaq imkanı yoxdur, «mənim böyük müəllimlərimin, ustadlarımın sağlığına» deyib maşın  gedə-gedə başıma çəkdim… Yolumuza davam elədik.

Yağış, deyəsən, güclənirdi. Arxada sakitlik idi. Arada baxıb gördüm ki, müəllimlərim mürgüləyirlər. Birdən Ağamusa müəllim dedi ki, Nizami, sən maşını qarşıdan gələn maşınlara çox yaxın sürürsən, bir az sağnan get, sağda yer çoxdu… Dedim: «Siz narahat olmayın, dincəlin, hər şeyi nəzərə alıram»… Məsələ burasında idi ki, yola təzəlikcə asfalt salmışdılar, sağdan-soldan isə bir metrə qədər xırlıq idi. Arxada əyləşən bunu görmürdü… Bir az keçəndən sonra Ağamusa müəllim bir də dedi ki, sağ boşdu, maşını bir az sağa çək… Gördüm, Ağamusa  müəllim neçə ki, vəziyyətin nə yerdə olduğuna əmin deyil israr edəcək. Ona görə də «özünüzü bərk tutun» deyib maşını bir azca sağa çəkdim.  Az qalmışdı aşaq, birtəhər sükanı sola burub bayaqkı yolumuza çıxanda Tofiq müəllim Ağamusa müəllimə dedi ki, Ağamusa, sən Allah, qoy yolumuzla gedək.

Və başladıq yolumuzla getməyə…

Hacıqabula çatanda Ağamusa müəllim yenidən dilləndi: «Tofiq, deyəsən, biz düz getmirik, bu yol mənə tanış gəlmir»… Tofiq müəllim laqeydcəsinə «Ağamusa - dedi, - neçə illərdi oturmuşuq Bakıda, yol-izdən xəbərimiz yoxdu, düz olar»… Ağamusa müəllim etiraz elədi: «Əşşi,  sən nə danışırsan, Kürdəmir-Bakı yolunu maşınla o qədər getmişəm ki»… Gördüm, məsələ yenə böyüyəcək. Dedim ki, Ağamusa müəllim, narahat olmayın, beş- altı dəqiqədən sonra sizə bir yer göstərəcəm, inanacaqsız ki, Hacıqabuldayıq». Və dəmir yolunun üstündən keçib sola - Bakı yoluna dönəndə Ağamusa müəllim gördü ki, yolu düz gedirik, ancaq özünü o yerə qoymadı… «Tofiq  dedi, - mən bu yolu çox gedib-gəlmişəm, heç inanmazdım ki,  qısa bir müddətdə Hacıqabul bu qədər inkişaf edə»…

Səhərisi gün günortadan xeyli keçmiş yuxudan oyandım. Heç belə yorulduğum olmamışdı… Evdə Gəncə səbətini açıb yaxşı nahar hazırlamışdılar. Yeyib özümə təzə gəlmişdim ki, Tofiq müəllim zəng elədi: «Ayə,  salamatsanmı?..» Ürəkdən güldüyümü eşidəndə rahatlıqla «ayə, deyəsən, salamatsan, ayə!..» dedi. Sonra özünəməxsus bir ürək genişliyi, səmimiyyətlə davam elədi: «Nizami,  dünən axşam Tamara xanım məni yaman dannadı… Mən doğrudan bilmirdim ki, Gəncə səbəti bu qədər ağır olurmuş. Neçə mərtəbəni qaldırıb qoymuşdun karidora… İstədik Tamara xanımnan kuxnuya aparaq, gücümüz çatmadı. Yarısını boşaldandan sonra birtəhər apardıq. Tamara xanım da dedi ki,  o uşağın ürəyini üzübsən, zəng elə gör vəziyyəti necədi… Sən də indiyə qədər telefona cavab vermirsən»…

Çox təsirləndim… Dedim ki, Tofiq müəllim, gecə mən də Gəncə səbətini evimizə karidora qədər gətirə bilmişəm. Kuxnuya apara bilmədim. Görünür, o mənim yox, dünənki məclisin gücü imiş…

O biri gün də Ağamusa müəllim zəng eləyib hal-əhval tutandan sonra «yaxşı səfər oldu - dedi, - gərək bir də gedək»…

***

Ağamusa müəllim Akademiyada Humanitar və ictimai elmlər bölməsinin sədri təyin  olunduqdan sonra məni harda mümkündürsə orda özünə müavin təyin edirdi. Və bu təyinat Ağamusa müəllimi də  təmin edirdi, məni də… Niyə?.. Birincisi ona görə ki, Ağamusa müəllim tələbəsinə öz münasibətini göstərməkdən məmnunluq  duyurdu, mən isə öz böyük müəllimimin müavini  olmaqdan ləzzət alırdım. İkincisi o idi ki, rəsmiyyətdən, vaxtaşırı iclas keçirməkdən xoşu gəlməyən Ağamusa müəllimə mənim kimi formal bir müavin lazım idi, mənə də heç bir məsuliyyəti olmayan bir müavinlik.

Ancaq bir-iki dəfə xırda gərginlik oldu…

Bir dəfə bölmə iclasında gördük ki, çıxış eləyən yoxdur. Adətən, akademiklərdən ya Cəmil Quliyev, ya Bəkir Nəbiyev, ya Teymur Bünyadov, ya da hər üçü danışardı. Gündəlikdəki məsələ də xeyli ciddi idi… Ağamusa müəllim mənə dedi ki, bəlkə sən bir-iki kəlmə deyəsən. Lap gendən başladım… İclas qurtarıb hamı dağılandan sonra Ağamusa müəllim mənə dedi ki, Nizami, adətən bölmədə  bu cür proqram- metodoloji çıxışları  Cəmil Quliyev edərdi, indi o yaşlaşıb, deyəsən, yerini yavaş-yavaş  sən tutursan… O gündən  bölmə iclasına bir daha getmədim.

Bir dəfə də səhər tezdən zəng elədi. Əvvəl soruşdu ki, Nizami, sən bilirsən ki, Dilçilik üzrə Kordinasiya Şurasında mənim müavinimsən?.. Cavab verdim ki, Ağamusa müəllim, eşitmişəm… Dedi,  «bu gün saat 11- ə Kordinasiya Şurasının iclasını təyin eləmişəm, ancaq özümü yaxşı hiss eləmirəm, gələ bilməyəcəm. Otuz-qırx dissertantın mövzusu təsdiq olunmalıdır. Ciddi yanaş, beş-onunu təsdiq elə… Qalanına sonra baxarıq». Getdim gördüm ki, İnstitut direktorunun qapısının ağzı gənc aspirantlarla, dissertantlarla doludur. Onun-bunun qapısında növbə gözlədiyim gəncliyim yadıma düşdü. Nəinki təsdiqə gələnlərin, gecikənlərin, imkanı olmadığına görə gələ bilməyənlərin  mövzularını da siyahı üzrə təsdiq elədim.

Səhəri günü zəng elədilər ki, Ağamusa müəllim səni axtarır… Düz bir aya qədər onun gözünə görünmədim. Bir aydan sonra təsadüfən görüşəndə gülümsündü. Dedi ki, gərək on-on beş mövzunun təsdiqiylə kifayətlənəydin… Və bu ifadə  yadıma Ağamusa müəllimin çox  əvvəllər - keçən əsrin 80-ci illərinin sonlarında söylədiyi bir anekdotu saldı…  Nə isə bir toplantıydı. Milli hisslərin coşub-daşan vaxtı idi. O qədər də gənc olmayan bir jurnalist çıxış edirdi. Görünür, camaatın milli həssaslığından sui-istifadə edib xal  qazanmaq üçün dedi ki, bizim dilçilər  dilimizi dərindən araşdırmağa həmişə qorxub- çəkiniblər. Onlar  deyirlər ki, dilimizdəki sözlərin tən yarısı alınmadır, ancaq hamıya məlumdur ki, dilimizdə alınma sözlərin faizi on-on beş ola, ya olmaya… Toplantıdakılar əl çaldılar. Heç tanımadığım «millət təəssübkeşi» bundan ruhlanıb əlavə elədi: «Jurnalist həmkarlarımla oturub bu işin axırına çıxmaq istədik. Araşdırandan sonra məlum oldu ki, Azərbaycan dilində alınma sözlər heç beş faiz də deyil»… Alqışlar daha da sürəkləndi. Və «millət təəssübkeşi» natiq coşdu: «Ancaq sonra bununla da razılaşmayıb özüm qoydum lüğəti qarşıma. Araşdırıb gördüm ki, Azərbaycan dilində bir dənə də alınma söz yoxdur»… Alqış alqış üstündən gəlirdi.

Toplantıdan Ağamusa müəllimlə birlikdə çıxdıq, söhbət eləyə- eləyə gedirdik ki, bayaqkı natiq qaça-qaça arxadan gəlib Ağamusa müəllimlə görüşdü. Və məlum oldu ki, Ağamusa müəllim də onu tanıyırmış… Hələ də müvəffəqiyyətinin həyəcanını yaşayan natiq «Ağamusa müəllim, çıxışım xoşunuza gəldimi?»- deyə soruşanda Ağamusa müəllim  gülümsünüb belə bir anekdot  danışdı:

İngilislərin - böyük britaniyalıların amerikanlardan çox da xoşları gəlmir. Və həmişə çalışırlar ki, onlara öz aristokratlıqlarını yeri gəldi-gəlmədi nümayiş etdirsinlər.

Bir dəfə bir ingilis Nyu-Yorkda kifayət qədər səviyyəli bir məclisdə yaxşı vurandan sonra heç kimin gözləmədiyi halda ayağa qalxıb deyir ki, mən əsl ingilisəm,  bu məclisdə nə qədər adam varsa hamısının ağzını dağıdaram… Niyə belə dediyini başa düşmədiklərinə görə  dərinə getmirlər. Bir azdan ingilis yenə ayağa qalxıb deyir ki, Nyu-Yorkda nə qədər adam varsa hamısının ağzını dağıdaram… Bu dəfə də fikir vermirlər, görürlər ki, sərxoşdur. Məclisdəkilərin dinməməyindən qorxduqlaırnı zənn edən ingilis bir qədər də içəndən sonra lap cuşa gəlir. Səntirləyə-səntirləyə ayağa qalxıb «ümumiyyətlə, Amerikada nə qədər adam varsa…» deyəndə özünü toparlaya bilməyib  yerə sərilir. Və səhərisi gün ayılanda öz-özünə deyir ki, gərək Nyu- Yorkla kifayətlənəydim…

Bu anektodu danışandan sonra Ağamusa müəllim üzünü xoş söz eşitmək istəyən tanışına tutub «yaxşı danışdın - dedi, - ancaq gərək beş  faizlə kifayətlənəydin».

***

Əvvəl Ağamusa müəllim rəhmətə getdi, bir qədər sonra da Tofiq müəllim. Və indi hər ikisi haqq dünyasındadır.

Ancaq mən hələ də onların bu dünyada olmadıqlarına inana bilmirəm. Və inanmıram ki, nə zamansa inana billəm…

 

Nizami CƏFƏROV


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!