Mir Cəlal müəllim poemanın ümumi məzmunundan çıxış edərək belə bir sual qoyur: "İnsanların tarixi faciələri" nədən ibarətdir?
Qoyduğu sualı cavab olaraq müəllif dörd məsələ üzrərində dayanır:
1. Bu faciə ondan ibarətdir ki, insan məxluqatın əşrəfi, bütün yaranmışların tacı, əfzəlidir. Eyni zamanda insan məxluqatın ən alçağı, ən qəddar canisidir. Çünki insanın iradəsi və əli ilə törənən dəhşət və fəlakətləri dünyada heç bir şər qüvvə törədə bilməz.
2. Bu faciə bir də ondan ibarətdir ki, insan yer üzündə hər bir məxluqdan güclüdür. O, bütün vəhşi yırtıcıları özünə ram etmiş, çayların məcrasını dəyişmiş, dağları dəlmiş, göyləri belə fəth etmiş, təbiətin ağılagəlməz sirlərini kəşf etmişdir. Lakin "bu qüdrət və qüvvət sahibi olan insan, insan oğlu öz səyini, bacarığını kainatın mənimsənməsinə, təbii sərvətlərə tamamilə yiyələnməyə, torpağın, suyun, günəşin şüasının, havanın mümkün faydalarının təşkil edilməsinə sərf etmək əvəzinə, ictimai mücadilələrlə məşğuldur" (orada, s.78). Şairin fikrincə, məhz buna görə "bəşəriyyət bu mücadilələr içində çaşıb qalmış, tarix boyu insanlar qanlı qırğınlardan xilas ola bilməmişlər" (orada, s.78).
3. Bu faciə ondan ibarətdir ki, insanlar nə qədər gözəl hisslər, müqəddəs fikirlər deyir, yazır-yazsınlar, bu həqiqət olmur. Həqiqət olanlar isə şəqavətlər, məlalətlər, ədavətlər, vəhşətlər, əsarətlər, fəlakətlər, əziyyətlər, şikayətlər, səfalətlər, möhnətlərdir.
4. Bu faciə, nəhayət, ondan ibarətdir ki, dünyanın, mədəniyyətin, bəşər zehni və əməyi məhsulunun feyzi bir ovuc qəddarlar tərəfindən qəsb olunmuşdur. Onlar həyatın bütün nemətlərindən eninə-uzununa, geninə-boluna istifadə edir, xoşbəxt və firavan yaşayırlar; camaatın, xalqın çox hissəsi - əsas kütləsi, özü də bu maddi nemətləri istehsal edən, yaradan hissəsi həmişəlik olaraq bu nemətlərdən məhrum edilmişdir (orada, s.78-79).
Məqalədə M.Hadinin yaradıcılığı haqqında fikirlərini ümumiləşdirən Mir Cəlal müəllim belə bir qənətə gəlir ki, "şairi düşündürən balaca və ötəri məsələlər deyildi. O, öz zəmanəsində xalqımızın və bütün zəhmət adamlarının ağır vəziyyətini görürdü və bunu qeyri-qanuni, qeyri-təbii, qeyri-məntiqi və ağlasığmaz bir dəhşət kimi açıb göstərirdi. Bu etibarla belə, fəlsəfi əsərlərində də şairin vətən və millət hissi ilə çırpınan qəlbini, ağlayan gözünün tükənməz yaşını görmək mümkündür" (orada, s.79).
Mir Cəlal müəllimin zəmanəsi üçün çox cəsarətli və M.Hadi irsinin əsas cəhətlərini özündə ehtiva edən qiymətli tədqiqatı aşağıdakı cümlələrlə tamamlanır: "Biz onun əziz xatirəsini yad edərkən şairin azad Azərbaycanı görmədiyi, şeirin-sənətin çiçəkləndiyi günləri yaşamadığı üçün təəssüf edirik. Onun öz tapşırığı ilə şairin məzarı başında durub deyirik:
Dur, ey ağuşi-nisyanda yatan, azad olub aləm,
Sürurabadi-hürriyyət gəlib, dilşad olub aləm!
(orada, s.79).
***
Mir Cəlal müəllim M.Hadinin həyatı və yaradıclıığı barədə düşüncələrinin müəyyən qismini "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi"nin ikinci cildindəki "Məhəmməd Hadi" oçerkində (Mir Cəlal. Məhəmməd Hadi. Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi. İkinci cild. SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı, Nizami adına Ədəbiyyat və Dil İnstitutu, EAAzF nəşriyyatı, Bakı -1944, s.232-239) vermişdir. Bu oçerklə müəllifin "Şair-vətəndaş" məqaləsi arasında müəyyən oxşarlıqlar, təkraralar olsa da, xeyli fərqli məqamlar da var və oçerki həmin məqalənin təkrarı adlandırmaq olmaz.
M.Hadinin anadan olma və ölüm tarixini 1879-1919-cu illər kimi göstərən müəllif onun "köhnə ticarət şəhəri olan Şamaxıda yetişdiyini, orta təhsilini və ilk ədəbi gənclik duyğularını şairlər beşiyi olan Şamaxıda aldığını" (orada, s.232) qeyd etmiş və belə bir fikir irəli sürmüşdür ki, "Hadi yaradıcılıq yolu və məsləki etibarılə Türkiyənin inqilabçı şairi və cəmiyyət xadimi Namiq Kamalın bilavasitə təsiri altında olmuşdur. Hətta onun məşhur qəsəidəsinin təsiri ilə (N.Kamalın "Qəsideyi-qərra" əsəri nəzərdə tutulur - İ.Q.) "Təraneyi-qəmpərvəranə" adlı məşhur fəlsəfi şeirini yazmışdır" (orada, s.232).
M.Hadinin ilk şeirlərini və onun "Firdövsi-ilhamat" (1908) kitabındakı əsərləri nəzərdən keşirib onu alovlu təbi, müstəsna istedad sahibi kimi xarakterizə edən müəllif bildirir ki, "XX əsər romantik ədəbiyyatımızda onun qədər şeirə müqtədir, onun qədər söz sənətinə qabil, onun qədər varlığını sənətə verən şair yoxdur" (orada, s.232).
Mir Cəlal müəllim doğru olaraq qeyd edirdi ki, 1905-ci il inqilabı zamanında, böyük ictimai mübarizələr dövründə yetişən M.Hadi Azərbaycanda başlanan ictimai oyanmanı sevinclə qarşılamış, xalqının halına ağlayıb "aləmi-istibdaddan" fəryad etməklə yanaşı, vətəndaşları işıqlı əməllər uğrunda mübarizəyə çağırmış, bəzən bu mübarizənin üsul və yollarını da göstərmişdir.
Şairi XX əsr şeirimizdə həyata, varlığın mənasına dərin, ümumiləşdirici bir münasibət bəsləyən, dayaz əsərlərdən qaçan, bir sıra ciddi fəlsəfi suallara cavab axtaran mütəfəkkir adlandıran alim onun bir sıra şeirlərini təhlil edərək qeyd edir ki, "şairin fikri-zikri vətəndir. O, həyatın, ömrün mənasını bu məfhumda axtarır. ...O, vətəndaşlarını ayıltmaq, onların ürəyində vətən eşqi çırağını yandırmaq, hamının diqqətini vətənin abadlığına, səadətinə cəlb etmək istəyir" (orada, s. 238). M.Hadinin tərcümələrindən danışarkən "o, tərcümə üçün ən çox tərbiyəvi, əxlaqi nümunələr seçmişdir" deməkdə Mir Cəlal müəllim tamamilə haqlıdır. Müşahidələr göstərir ki, şairin klassik Azərbaycan və fars ədəbiyyatından etdiyi tərcümələrin əksəriyyətində bu prinsip əsas götürülmüşdür.
İrəlidə məqaləsini təhlil edərkən qeyd etmişdik ki, Mir Cəlal müəllim M.Hadinin dilinin qəlizliyini onun nöqsanı yox, bədbəxtliyi adlandırırdı. Bu öçerkdə o, M.Hadinin dili üzərində bir qədər ətraflı dayanır və yazır: "Hadinin şeir dili çətin, qəliz və olduqca mürəkkəbdir. O, əsasən əruz ilə, əruzun ən gurultulu bəhrləri ilə yazmışdır. Bir tərəfdən klassik ədəbiyyata üzvi surətdə bağlı olması və digər tərəfdən əruzun musiqisinə məftunluğu Hadini çox çətin və nadir sözlər, tərkiblər işlətməkdən çəkindirməmişdir. Onun çox misraları var ki, ancaq lüğət vasitəsi ilə anlaşıla bilər. Buna görə də Hadinin şeirləri fəlsəfi məzmun cəhətindən nə qədər zəngin və maraqlı olsa da, kütlənin diqqətini lazımınca cəlb edə bilməmişdir. Daha doğrusu, bu şeir geniş kütlələrə gedib çata bilməmişdir. Hadinin vəziyyəti Sabirin vəziyyətinin əksidir" (orada, s. 239).
M.Hadinin şeir dilinin qəlizliyininin səbəbini yaradıcılığının ilk dövründəki məsləkdaşlarının, xüsusilə Əli bəy Hüseynzadə və "Füyuzat" jurnalı ilə bağlı olduğunu söyləyən müəllif cəsarətlə bildirirdi ki, "ancaq heç vaxt şairin üslubundakı bu fərağəti (sərbəstliyi - İ.Q.) onun ana dilinə, xalq dilinə hörmət bəsləməməsi kimi qiymətləndirmək olmaz. Hadi şeirini danışıq dili səviyyəsinə endirmək istəmirdi və bunu bacarmazdı da. O, əksinə oxucularını savadlı, bilikli görmək istəyirdi. Şair oxucu üçün qədim ədəbiyyatın üslubuna bələdliyi zəruri sayırdı" (orada, s.239).
Professor Mir Cəlalın dörd bölümdən ibarət olan "XX əsr yazıçılarımız vətən uğrunda" məqaləsinin ikinci bölümü Məhəmməd Hadinin yaradıcılığının Birinci Dünya müharibəsi dövrünə həsr olunmuşdur (Mir Cəlal. XX əsr yazıçılarımız vətən uğrunda. S.M.Kirov adın Azərbaycan Dövlət Darülfünunu əsərləri. V cild. Azərb. DD nəşriyyatı, Bakı-1945, s.12-26).
"Müharibə illərində (Birinci Dünya müharibəsi nəzərdə tutulur - İ.Q.) yorulmadan çalışan, heç bir çətinliyə baxmayaraq yazıb-yaradan, həm də bu çətinliklərin özünü fəlsəfi cəhətdən mənalandırmağa çalışan şairlərimizdən biri də Məhəmməd Hadi olmuşdur" (orada, s.17) - yazan müəllif şairin "Eşqi-möhtəşəm" kitabındakı şeirləri, "İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah" poemasını, "dağınıq şəkildə bir sıra qəzet və məcmuələrdə çap etdirdiyi parçaları" nəzərdən keçirərək belə bir qənaətə gəlirdi ki, "birinci cahan müharibəsi dövründə şairin yazdığı əsərlər tamamilə istimai-fəlsəfi əsərlərdir. Mövzunun ictimailiyi etibarı ilə bu zaman Hadi romantiklər arasında birinci yeri tututdu" (orada, s.17).
M.Hadinin müharibə illərində yazdığı əsərləri tarixi məsuliyyətə çəkən, insanlığın şikayətnaməsi və imperialist müharibəsinə qarşı cavab adlandıran müəllif daha çox "İnsanların tarixi faciələri" əsəri üzərində dayanır. Məqalədə əsəri poema kimi yox, şeir kimi nəzərdən keçirən müəllif yazır: "İnsanların tarixi faciələri" şeiri hərəsi ən azı 8, çoxu 20-22 misradan ibarət qitədir. Bu qitələr müstəqil oxuna bilsə də, bir-birinə bağlıdırlar. Bunların sonunda:
Baxışılar gölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində,
- beyti həmişə təkrar olunur" (orada, s.18).
(Davamı olacaq)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
