Əmircan Bakının ərazicə böyük və qədim kəndlərindən biridir. Əski adı Xilə adlanan bu yaşayış məskəni Abşeron yarımadasının cənub-qərb hissəsində, Bakıdan təqribən, 15 kilometrlik məsafədə yerləşir. Nə yaxşı ki, kəndin qədimliyinə aşkar dəlalət edən çoxlu möhtəşəm mədəniyyət abidələri indiyəcən təəssübkeşliklə qorunub-saxlanır, yurdumuzun kiçik bir parçasının gerçək tarixi olduğu kimi gələcək nəsillərə ötürülür. İsti hava şəraitinə uyğun inşa edilmiş keçmiş zamanların memarlıq örnəkləri olan yaşayış evləri Əmircana təkrarsız kolorit və heyrətamiz rövnəq verir. Əmircanı dillər əzbəri edən, məşhurlaşdırıb tanıdan onun görkəmli adamlarıdır. Bu yaşayış məskəninin adını şan-şərafət mərtəbəsinə ucaldan bir neçə, qədərincə şöhrətli Azərbaycan kişilərinin adını dilə gətirmək yerinə düşərdi: mükəmməl tarixçi, maarifpərvər yazıçı, lirik şair, zəmanəsinin görkəmli ziyalısı Abbasqulu ağa Qüdsi Bakıxanov (1794-1847), neft maqnatları, milli inkişaf yolunda önəmli xeyriyyəçilik edən Ağa Şəmsi Əsədullayev (1840-1913) və Murtuza Muxtarov (1857-1920), adı rəngkarlıq sənətimizə əbədi daxil olmuş bənzərsiz fırça ustası, Azərbaycanın xalq rəssamı (1963) unudulmaz Səttar Bəhlulzadə (1909-1974), lirik, müdrik şeirləri dillər əzbəri olan müqtədir şairimiz Tofiq Bayram (1934-1991), müasir Azərbaycanın poetik iftixarlarından biri, xalq şairi Ramiz Rövşən (1946), təkrarolunmaz ecazkar və nadir səs sahibi, Azərbaycanın xalq artisti (1998), muğam ustası, xanəndə Ağaxan Abdullayev (1950-2016)... Nəhayət, haqqında ətraflı söz açacağım uzunömürlü, təəssübkeş, koloritli, qeyrət damarı həmişə şax insan - Azərbaycanımızın qocaman moskvalı ədiblərindən biri Əbdül Hüseynov (1925-2017).
Tarix elmləri namizədi, şərqşünas, publisist, sənətşünas, kinossenarist, kulturoloq, Azərbaycanın keçmiş zamanlarının müxtəlif dövrlərini işıqlandıran tarixi romanlar janrının məhsuldar zəhmətkeşi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1999) Əbdül Hüseynov 25 oktyabr 1925-ci ildə Bakı yaxınlığındakı Əmircan qəsəbəsində məşhur neftçi, buruq ustası Ənbiyə kişinin ailəsində dünyaya göz açmışdır. Əbdül orta təhsilini 1942-ci ildə kənd təsərrüfatı texnikumunda rus dilində başa vurmuş, birillik Qroznı piyada hərbi məktəbini bitirəndən sonra 1943-cü ildə cəbhəyə yollanmışdır. Böyük Vətən müharibəsinin sonunadək döyüşən ordunun 2-ci Ukrayna cəbhəsinin tərkibində vuruşmuş, rota komandiri olmuş, ağır yaralanandan sonra polkun maliyyə hissəsi rəisinin köməkçisi kimi xidmət göstərmiş, iki dəfə döyüşlərdə yaralanmışdır.
Müharibədən sonra II qrup Böyük Vətən müharibəsi əlili Əbdül Hüseynov uzun müddət - 1945-ci ildən 1958-ci ilədək Türkmənistanda müxtəlif vəzifələrdə çalışmışdır: Krasnovodsk şəhərində kinoteatr müdiri, "Krasnovodsk fəhləsi" qəzetinin baş redaktor müavini, Krasnovodsk Vilayət kinolaşdırma idarəsinin rəisi, Marı şəhər Vilayət mədəniyyət idarəsinin kino üzrə rəis müavini.
Əbdül Hüseynov 1956-cı ildə Türkmənistan Dövlət Universitetinin tarix-hüquq fakültəsinin qiyabi şöbəsini bitirdikdən sonra Türkmənistan SSR mədəniyyət nazirinin kino üzrə müavini vəzifəsinə təyin olunmuşdur.

Ailə vəziyyətilə əlaqədar olaraq 1958-ci ildə Əbdül Hüseynov Türkmənistandan Moskvaya köçmüşdür. Təcrübəli kino işçisi kimi onu Moskva vilayəti üzrə kinoprokat idarəsinin direktoru təyin ediblər, üç ildən sonra isə SSRİ Mədəniyyət Nazirliyinin kinolaşdırma və kinoprokat üzrə baş mütəxəssisi vəzifəsinə keçiriblər. Sovet İttifaqı 1960-cı illərin əvvəllərində Monqolustan Xalq Respublikasının möhkəmlənməsinə və inkişafına fəal köməklik göstərirdi. Əbdül Hüseynov 1961-ci ildə nüfuzlu mütəxəssislər qrupunun tərkibində Monqolustana Mədəniyyət Nazirliyinin baş mütəxəssisi və nazir müşaviri vəzifəsinə göndərilmişdir. Beş illik ezamiyyətin sonunda, 1966-cı ildə ona "Monqolustanın Əməkdar mədəniyyət işçisi" adı verilmişdir.
Yüksək peşəkar səviyyəli kinoşünas Əbdül Hüseynov 1969-cu ildən 1982-ci ilədək sovet filmlərinin bütün dünyaya ixracı ilə məşğul olan "Sovetixracfilm" ("Sovgksportfilğm") Ümumittifaq Birliyinin baş redaktoru və sədr müavini vəzifələrində çalışmışdır. Dünya kino bazarına çıxarmaq üçün sovet kinostudiyalarının istehsal etdikləri kinolentlərin seçimində, demək olar ki, bütün məsuliyyət təkcə vəzifə baxımından deyil, eyni zamanda kino sahəsində səriştəli və nüfuzlu mütəxəssis kimi Əbdül Hüseynovun üzərinə düşürdü.
Əbdül Hüseynov 1971-ci ildə SSRİ EA Şərqşünaslıq İnstitutunun aspiranturasını qiyabi bitirərək, dissertasiya işini uğurla müdafiə etmiş və tarix elmləri namizədi elmi dərəcəsi almışdır. O, humanitar elmlərin müxtəlif sahələrində çalışmışdır: onun elmi araşdırmalarının əsas istiqamətləri kinoşünaslıq, Qədim Şərq incəsənəti, XVII-XIX əsrlər Rusiya tarixi olmuşdur.
O, müxtəlif illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MQİMO) müasir Türkiyənin kino sənətindən mühazirələr oxuyub (1975-1981). Əbdül Hüseynov SSRİ-nin nüfuzlu kino mütəxəssisi kimi dəfələrlə İranda, Türkiyədə uzunmüddətli ezamiyyətlərdə olmuş, gəzib görmüş, maraqlı həyat təcrübəsi toplamış və zamanı gələndə gördüklərini, öyrəndiklərini, bildiklərini qələmə almış, üzə-ərsəyə çıxartmışdır. Onun zəngin məlumatları, xüsusən, müxtəlif səpkili elmi-kütləvi məqalələrində özünü aydın büruzə verir, müəllifin hərtərəfli və geniş diapozonlu biliyə malik olduğunu təsdiqləyir.
Əbdül Hüseynovun ilk qələm təcrübəsi 1952-ci ildə Türkmənistanda "Krasnovodski fəhləsi" ("Krasnovodskiy raboçiy") qəzetində "Bəstəkar Qlinka" filminə yazdığı resenziya olmuşdur. Uzun illər ərzində məhsuldar işləyən qocaman sənətkarımız zəngin və maraqlı elmi, elmi-kütləvi irs qoyub getmişdr. O, dörd yüzdən artıq elmi, elmi-kütləvi və publisistik yazının, o cümlədən, beş monoqrafiyanın - "Türkiyənin fəhlə və həmkarlar ittifaqı hərəkatının tarixi" (Moskva, "Nauka", 1975), "Türk kinosu: tarixi və müasir problemləri" (Moskva, "Nauka", 1978), "Türkiyənin ictimai-siyasi həyatında kütləvi informasiya vasitələri" (Moskva, "Nauka", 1981), "Yılmaz Güney. Həyat fədakarlıqdır" (Moskva, "Nauka", 1987), "Muhsin Ertoğrul teatr və kinoda" (Moskva, "Nauka", 1990) - eləcə də "Azərbaycanlılar Rusiya tarixində" (Moskva, "Overley", 2006) adlı ensiklopedik toplunun, dahi Nizami Gəncəvinin fəlsəfi-estetik görüşləri haqqında "Məhəbbət haqqında üç dastan" və "Müdrikin arzuları" adlı ikicildlik elmi-publisistik düşüncələrin (Moskva, "Overley", 2007), bir sıra sənədli və bədii filmlərin ssenarı müəllifidir.
İstedadlı ədibimiz Əbdül Hüseynovun sırf bədii yaradıcılığı, daha doğrusu, bədii nəsri onun ömür yolunun ən başlıca, ən əsas məhsuludur, desək, yanılmarıq. Müəllifin qələmindən 30-dan artıq tarixi povest və roman çıxmışdır, onlardan bəzilərinin adlarını qeyd edək: "Əkinçi taxtda" (Moskva, "Nauka. Vostoçnaya literatura", 1983), "Səlahəddin. Taxt-taca gedən yol" (Moskva, "Nauka. Vostoçnaya literatura", 1993), "Səlahəddin. Yerusəlimin fəthi" (Moskva, "Nauka. Vostoçnaya literatura", 1994), "Şirvanlı zəvvar" (Moskva, "Gendalf", 1995), "Arzamaslı qız" (Moskva, "Star`Ko", 1997), "Cənuba yürüş" (Moskva, "Voyenizdat", 1999), "Abşerondan Ontarioya qədər" (Moskva, "Overley", 2001), "Mustafa xanın xəzinəsi" (Moskva, "Overley", 2003), "Müharibənin əks-sədası" (Tula, "Qrif i K", 2010), "Dövrlər və qəhrəmanlar" (Moskva, "Sodrujestva". 2012), "Ərəbistan səhrasında ölüm" (Tula, "Akvarius", 2014), "Üç ölkə ordusunun polkovniki" (Tula, "Akvarius", 2015), "İntiqam" (Tula, "Akvarius", 2016) və sairə.
Əbdül Hüseynovun tarixi romanlarının ən ümdə mənəvi dəyəri tarixi həqiqətlərin zərgər dəqiqliyilə araşdırılıb, olmuş olayları, baş vermiş hadisələri yaddaqalan, yüksək bədiiliklə müasir oxuculara çatdırılması və tarixdən ibrət dərsi almaq örnəyi aşılanması ilə şərtlənir. Müəllifin üz tutduğu, müraciət etdiyi müasir Azərbaycan gəncliyidir. Bu baxımdan onun Xocalı soyqırımından bəhs edən bədii-publisistik yönümlü "Xocalı faciəsi", "Çaqqalların zəmanəsi" sənədli povestləri diqqətəşayan nəsr nümunələridir və oxucuları, ələlxüsus da gəncləri, bu qətl-qarəti heç zaman unutmamağa, torpaq uğrunda hər zaman şirin candan keçməyə hazır olmağa çağırır. Vətəni quru sözlə deyil, Vətən naminə görülən əməllə sevərlər...
SSRİ Kinematoqrafçılar İttifaqının üzvü Əbdül Hüseynovun ssenarisi əsasında Sovet İttifaqının müxtəlif kinostudiyalarında yeddi bədii film çəkilmişdir. Onun ssenariləri əsasında çəkilmiş, tamaşaçıların rəğbətini qazanmış, uzun illər kinoteatrların kassasına gəlir gətirmiş "Rusiyanın ulduzları" (1976), "Manejdə əfsanəvi gözəllik" (1980) və "Rəqs bayramı" (1982) kinofilmləri şöhrətli "Mosfilm"in istehsalıdır.
Əbdül Hüseynovun bir sıra kitabları, həmçinin ərəb ölkələrində, Türkiyədə, Bolqarıstanda, Almaniyada, İranda, Monqolustanda, Türkmənistanda da nəşr edilmişdir. Qeyd etməliyik ki, həmyerlimiz bütün əsərlərini rus dilində yazıb yaratmışdır. Lakin onun əsərləri Azərbaycan dilinə çox az tərcümə edilib, Moskva və Bakıda nəşr olunmuşdur. Cəmi bir neçə elmi, eimi-kütləvi məqaləsi, "XX əsrin 100 görkəmli azərbaycanlısı" ensiklopedik məlumat kitabı və Moskvada yaşayan azərbaycanlı şairimiz Sultan Mərzilinin (1948) tərcüməsində Xaqani Şirvaninin həyat və yaradıcılığından bəhs edən "Şirvanlı zəvvar" romanı doğma dilimizdə oxuculara çatdırılıb. Bu dərdin əlacı ayrı bir mətləbin mövzusudur, qalsın sonraya...
Əbdül Hüseynovun tarixi nəsr əsərlərinin əksəriyyətində baş qəhrəmanların ətrafında cərəyan edən süjet xətti ilə yanaşı, bütövlükdə onların yaşayıb fəaliyyət göstərdikləri dövrün ruhu açılır. Onun bütün yaradıcılıq yolu, bir qayda olaraq, Azərbaycanla, onun tarixi və mədəniyyətilə sıx surətdə bağlıdır. Yazıçı həmişə tarixi povest və romanlarının qəhrəmanları, personajları olan tarixi şəxsiyyətlərin simasında məhz xalqının, vətəninin tarixi və mədəniyyəti haqqında özünün maarifçilik missiyasını yerinə yetirməyə çalışmışdır.
Yarım əsrdən artıq bir dövrdə Moskva mədəni-ədəbi mühitində Azərbaycan mədəniyyətini, ədəbiyyatını ləyaqətlə təmsil edən dərin zəkalı ziyalımız, istedadlı qələm sahibi, yaradıcılıq işində hər kəsə nümunə ola biləcək zəhmətkeşlik örnəyi göstərmiş əziz və unudulmaz Əbdül Ənbiyə oğlu Hüseynov 16 may 2017-ci ildə Haqqın dərgahına qovuşmuş və Moskva şəhərində dəfn edilmişdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
