Aprelin 15-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda "Qarabağ savaşı ədəbiyyatımızda" mövzusunda tədbir keçirildi.
Tədbiri AYB-nin katibi, yazıçı-dramaturq Elçin Hüseynbəyli açaraq dedi:
"Hörmətli tədbir iştirakçıları, bu gün "Qarabağ savaşı ədəbiyyatımızda" adlı konfrans və kitab sərgisinin düzənlənməsi təsadüfi deyil. Çünki istər, şərti desək, məğlub durumda olanda, yəni birinci Qarabağ savaşı, eyni zamanda ikinci, 44 günlük Qarabağ müharibəsi zamanında, hətta onlara qədərki dövrlərdə də Azərbaycan yazıçı və şairləri, sənət adamları bu hadisələrə, bu münaqişələrə biganə qalmayıblar. Çünki bu hadisələrin içindəydilər. O hadisələrin ağrı-acılarını özləri birbaşa hiss edirdilər. Bir milyona qədər Azərbaycan insanının düçar olduğu məcburi köçkünlük həyatı, əzab-əziyyətləri, didərginlik həyatı, eyni zamanda xalqın dirənişi, itkilər verməsinə baxmayaraq inamla, ümidlə yaşamaları, qəhrəmanlıq göstərmələri bədii ədəbiyyatımızın başlıca mövzusu olub. Bütün bunlar həm nəsrimizdə, həm poeziyamızda, həm də dramaturgiyamızda öz əksini tapıb. Bizim yazıçılarımız, söz adamlarımız yorulmadan, durmadan bu sahədə qələm çalıblar. O əsrlər televiziya verilişlərinin, dərsliklərin, müzakirələrin istinad nöqtəsi olub. Biz həmişə vurğulayırdıq ki, zorla cəlb edildiyimiz müharibə, təcavüz sonacan davam edə bilməz. Qələbə bizimlə olacaq. Haqq öz yerini tutacaq. Qarabağ torpaqları öz sahiblərinə qayıdacaq. Doğrudan da belə oldu. Ali Baş Komandan, Azərbaycan Prezidenti başda olmaqla, ordumuz böyük hünər göstərdi. Biz böyük zəfər çaldıq.
Bu hadisələr boyunca Azərbaycan yazıçıları həmişə düçar olduğumuz haqsız bəlaların əsl üzünü öz əsərlərində dünyaya çatdırmaq çabası göstəriblər. Həmişə xalqın, ordunun ayaqda, tətikdə qalmasına dəstək veriblər, inamın ölməzliyinə hesablanmış əsərlər yazıblar. Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi, şəxsən Anar müəllim belə əsərlərin nəşrinə və təbliğinə dəstək verib. Bu mövzuda yazılmış əsərləri toplu halında nəşr etdirmişik. Bugünkü tədbirimiz də həmin layihələrin davamıdı".
Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev deyilənlərə münasibət bildirdi: "Elçin Hüseynbəylinin təşəbbüsü ilə vacib və gözəl bir tədbir keçirilir... Təəssüf ki, bu gün nəşr edilən kitablar az tirajla çıxır. Az yayılır. Oxucular da bu səbəbdən yazılan əsərlərdən xəbərsiz olur.
Təbii, biz müharibə haqqında Zori Balayan kimi canavarcasına, xalqlar arasında ədavət, nifrət toxumu səpən əsərlər yaza bilmərik. Allaha şükür ki, Zori Balayan uzun müddət yaşadı, ölməmişdən qabaq Ermənistanın məğlubiyyətini gördü, Qarabağı işğaldan azad etməyimizin şahidi oldu. O işğalın ağrıları Azərbaycan, türk insanının qəlbində uzun illər qövr etdi, təbii ki, ədəbiyyatımıza da yansıdı. Bu mövzuda kifayət qədər əsərlər yazıldı. Azərbaycan yazıçıları həmin əsərlərini, demək olar ki, öz ciblərinin puluyla çap etdirdilər. Mən bunu yaxşı bilirəm. Dəfələrlə millət vəkillərindən, dövlət nümayəndələrindən xahiş etmişəm ki, bu məsələlərdə yazıçılara kömək etsinlər. Təşəbbüs göstərmişəm. İş adamlarına ağız açmışam. İmkanlı adamlar çox vaxt kimə kömək etdiklərini bilmirlər... Amma bilməlidirlər...
Qarabağda böyük zəfər çaldıq. Amma itkilərimiz, sağalmaz yaralarımız oldu. Bu barədə həmişə yazmışıq, olayları bədii müstəvidə tarixləşdirmişik. Böyük zəfər təbliğatı aparmışıq. Qarabağ savaşlarında 11 yazıçımız öz övladlarını itirib. Bir çox AYB üzvləri həlak olub. Bu mövzuda həmişə yazılıb və təbii ki, yazılacaq da".
Sonra AYB-nin katibi, yazıçı-dramaturq İlqar Fəhmi Qarabağ mövzusunda yazılan nəsr və dram əsərlərinin təsnifatını incələyən məruzə ilə çıxış etdi. Bildirdi ki, müstəqillik dönəmində 44 günlük müharibəyə qədər Qarabağ mövzusunda yazılan nəsr və dram əsərlərini analiz etdikdə, onları bir neçə kateqoriyaya bölmək olar. Birinci qrupa 1994-cü il Atəşkəs dövrünə qədər yazılan əsərlər daxildi... Bu əsərlərdə mübarizə əzmi, qəhrəmanlıq və fədakarlıq tərənnüm olunur. Suallar qoyulur ki, bu ədalətsizlik nə vaxtacan davam edəcək, haqq öz yerini nə vaxt tapacaq?.. İkinci qrupa aid əsərlər isə Atəşkəsdən sonrakı on beş ildə yazılan əsərlərdir. Bu əsrələr daha çox ölkədəki ictimai vəziyyəti əks etdirirdi... Yaxın illər dönəminin ədəbiyyatı isə böyük zəfərimizin, qələbə sevincimizin müjdəçisi kimi önə çıxıb..."
"Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan Qarabağ mövzusunda yazılan publisistika təsərrüfatımızın ümumi mənzərəsini incələdi. Konkret faktlar əsasında qələm adamlarının bu mövzuya həssas münasibətini önə çəkdi.
AYB-nin Poeziya seksiyasının rəhbəri, şair İbrahim İlyaslı da öz növbəsində diqqəti Qarabağ mövzusunda yazılmış şeir və poemalar üzərinə çəkdi. Bu əsərlərin bədii gücü, ədəbi dəyərləri barədə əhatəli məruzə ilə çıxış etdi.
Xalq yazıçısı Elmira Axundova məruzələr ətrafındakı çıxışında qeyd etdi ki, bu mövzu onu həmişə düşündürüb, eyni zamanda narahat edib: "Qırx dörd günlük müharibə başlayanda mən Ukraynada səfir işləyirdim. Qərara gəldim ki, Qarabağ mövzusunda yazılmış əsərləri toplu halında çap etdirim. Sağ olsun, Səlim Babullaoğlu bu işdə mənə yaxından kömək etdi. Qısa vaxtda həmin əsərləri Ukrayna dilinə çevirtdirib nəşr elədik. Ukrayna xalqı Qarabağ həqiqətlərilə yaxından tanış oldular. Təqdimat zamanı ziyalılar topluya daxil edilən əsərlərin bədii məziyyətlərini yüksək qiymətləndirdilər və nümunə olduğunu dilə gətirdilər. Deyim ki, Azərbaycan yazıçıları öz qələmləri ilə həmişə ordumuzun yanında olublar, vacib təbliğat işi aparıblar".
Millət vəkilləri Hikmət Babayev və Elnarə Akimova da edilən məruzələrin peşəkar səviyyədə hazırlandığını qeyd etdilər. Elnarə xanım vurğuladı ki, bu mövzuda yazılan əsərlərin araşdırılmasına və belə bir tədbirin keçirilməsinə böyük ehtiyac var... "Mövzuyla bağlı ötən dövr ərzində olduqca dolğun, layiqli əsərlər yaranıb. Həmin yaşantılar, ilk növbədə, insan ağrılarıdı, Azərbaycan insanının istək və arzularını ehtiva edir, iç yaşantılarını ortaya qoyur. Mən, xüsusilə, şəhid qəhrəmanlarımız barədə əsərlərin yazılmasını təqdir edirəm. O şəhid qəhrəmanlarımızın əziz adlarının ümumi statistikanın içində əriyib getməsinə yol verməməliyik..."
Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid çıxış edərək dedi: "Belə bir tədbirin keçirilməsinə təşəbbüs göstərdiyinə görə Elçin Hüseynbəyliyə təşəkkür edirəm. Çox vacib bir iş görüb. Böyük zəhmət çəkib. Çox xoş oldu ki, maraqlı məruzələr dinlədik. Qarabağ zəfərimizin qazanılmasında dövlət başçımızın, xalq- ordu birliyimizin cəsarətli, fədakar fəaliyyətilə yanaşı ədəbiyyatımızın da rolu çox böyükdür. Bunu yaxın günlərdə Kəngərliyə səfəri zamanı cənab İlham Əliyev də xüsusi olaraq vurğuladı ki, Qarabağ savaşında dövlətimizin, cəmiyyətimizin və ədəbiyyatımızın böyük rolu olub".
AYB-nin katibi, şair-publisist Səlim Babullaoğlu edilən məruzələrin əhatəliliyini qeyd edərək vurğuladı ki, ötən 30 il müddətində Azərbaycan həyatı və gerçəklikləri ilə bağlı son dərəcə maraqlı əsərlər yazılıb. Sadəcə, Xalq şairi Qabilin "Ümid sənədir ancaq, Azərbaycan əsgəri" şeirini xatırlatmaq bəs edər ki, ədəbiyyatın səfərbəredici gücünün miqyasını göz önünə gətirəsən. Yaxud Anarın "Ağ qoç, Qara qoç", Elçinin "Bayraqdar" əsərləri... Bunlar çox dəyərli əsərlərdi. Sadəcə, yazılan əsərləri oxumaq və təbliğ etmək, oxucuya çatdırmaq lazımdı. Adlarını çəkdiyim və bu mövzuda yazılmış çoxsaylı əsərlərdə Azərbaycan həqiqətləri öz əksini tapıb. Belə əsərlər yenə yazılır. Deyim ki, Meyxoş Abdulla, Elçin Hüseynbəyli kimi yazıçılarımız Qarabağ mövzusunda daha həssasdılar. Tərcümə etmək, dünyaya çatdırmaq lazımdır belə əsərləri".
Görkəmli tənqidçi Vaqif Yusifli bildirdi ki, bu mövzu ədəbiyyatımızın bütün mərhələlərində öz əksini tapıb. Füzulidən başlamış çağdaş yazarlarımıza qədər bütün əli qələm tutanlarımız vətənçilik düşüncəsinin poetik nümunələrini xüsusi ustalıqla ədəbiyyatımıza gətiriblər.
Vaxtilə Qarabağ Təşkilat Komitəsi sədrinin birinci müavini olmuş, general, Əməkdar incəsənət xadimi, yazıçı-publisist Yasif Nəsirli diqqətə çatdırdı ki, "Qarabağ olaylarının ilk günlərindən hadisələrin şahidi olmuşam, nizamlama prosesində yaxından iştirak etmişəm. Burada edilən məruzələri dinlədikcə o illəri xatırladım. Cəbrayılda rəhmətlik Vəli Məmmədovla bir yerdə yol getdiyimiz maşına ermənilərə bomba atdılar. Xəstəxanaya düşdük. Xatırlayıram, erməni quldurları o vaxt yeddi azərbaycanlı əsirin sinəsini parçalayıb, ürəklərini çıxarıb ovuclarına qoymuşdular. Çox dəhşətli mənzərə idi... Həmin illərin ağrıları ədəbiyyatımızda yetərincə öz əksini tapıb. Burada edilən məruzələrdə Qarabağ mövzusunda yazılmış əsərlərə dolğun münasibət gördüm".
Tədbiri Xalq yazıçısı, AYB-nin sədri Anar yekunlaşdırdı. O, Qarabağ hadisələrinin ilk günlərindən SSRİ millət vəkili və Azərbaycan Yazıçılar Birliyinin sədri kimi xalqımızın haqq səsinin Sovet İttifaqının rəhbərliyinə və dünya ictimaiyyətinə çatdırılması üçün göstərdiyi çabalardan söz açdı. M.S.Qorbaçov və Yakovlevə Qarabağ həqiqətlərini anlatdığı anları yada saldı. Hadisələrin ilk günündə Qorbaçova ünvanladığı və bir çox görkəmli yazıçılarımızın da imzaladığı müraciəti xatırlatdı. "Qorbaçov bizim deputat qrupunun nümayəndələrini qəbul etdi. Bizə söz verdi ki, heç bir sərhəd dəyişikliyi olmayacaq. Ancaq sonrakı hadisələr göstərdi ki, o, üzdə bir söz deyir, arxada başqa iş görür... Erməni yazıçısı Zori Balayan o zaman xalqlararası münasibətlər üzərinə atəş püskürdü. Deyim ki, bu prosesdə erməni yazıçılarının, xüsusilə, Zori Balayanın erməni xalqına vurduğu ziyanı heç bir qüvvə vurmayıb. Azərbaycan yazıçısı isə heç vaxt xalqını başqa xalqa qarşı nifrət mövqeyində tərbiyə etmək fikrində olmayıb. Olmayacaq da..."
Sərvaz Hüseynoğlu


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
