Müasirləri onu "Füzulinin qızı" adlandırırdı. Bu adı ona namizədlik dissertasiyasını müdafiə edərkən, klassik ədəbiyyatımızın dərin bilicisi, tanınmış əruzşünas, professor Əkrəm Cəfər vermişdi (çünki müasirləri sırasında bir neçə "Lalə" adlı ədəbiyyatşünas var idi). Amma ondan soruşanda ki, sən hansı Laləsən? Dahi Füzulinin məşhur misrası ilə: "Qəm baharında açan bir laləyəm", - deyərdi. Bəli, o da ömrünü əsərlərinin tədqiqinə həsr etdiyi Füzuli kimi qəmdən özgə bir həmdəm istəmirdi. Hamı da onu belə bilir, belə tanıyır, belə qəbul edirdi.
Harada Məhəmməd Füzulinin adı çəkilirdisə, orada Füzulinin vəfalı övladı Lalə Əlizadəni görmək olardı. Ölkədə Füzuliyə həsr olunmuş elə bir konfrans, simpozium, elmi seminar, yaxud kitab təqdimatı olmazdı ki, Lalə xanım orada olmasın. Mütləq Füzulidən danışar, onun əsərlərindən bir neçəsini əzbər söyləyər, şairin beytlərini şərh edər, bir sözlə, onu gücü yetdiyi qədər təbliğ edərdi. O, Füzulinin qəzəllərini elə açıqlayırdı ki, ən mürəkkəb mətləb də sadə dərk olunardı. Onun amalı bu idi ki, Füzulini böyükdən-kiçiyə hər kəsə sevdirə bilsin. Füzulinin dili qəlizdir, onu başa düşmək olmur, - deyəndə Lalə xanım həmin adamlara Cəlil Məmmədquluzadənin sözləri ilə üsulluca cavab verərdi: "Hansı şeirə baxsanız, görəcəksiniz ki, onda Füzulidən bir duz vardır..."
Hamımız onu Füzulinin təmənnasız qayğıkeşi kimi tanıyır və sevirdik. O, Füzulini bir mənəvi valideyni hesab edirdi. Hər cümə axşamı (hələ sovet dövründən) o, Füzuli üçün "Yasin" oxudar, hər il Ramazan ayında evində onun ruhuna Quran xətm etdirərdi.
Lalə xanım Füzuli məclisləri təşkil edirdi. Bu məclislərdə füzulişünaslarla yanaşı, onun "Leyli və Məcnun" əsəri əsasında dahi Üzeyir bəyin bəstələdiyi operada baş rolun ifaçıları olmuş xalq artistləri, Füzuliyə nəzirə yazan şairlər, onun haqqında ədəbi-bədii veriliş çəkən, film ərsəyə gətirən rejissorlar, yaradıcı heyət, onun qəzəllərini ifa edən bədii qiraət ustaları, xanəndələr, musiqiçilər, Füzulidən məqalə, esse yazan istedadlı jurnalistlər, onun obrazını daşlara, kətana köçürən rəssamlar toplaşardı.
Bu məclislər böyük salonlarda da, onun sadə ikiotaqlı mənzilində də təşkil olunurdu. Belə məclislərdə saatlarla Füzuli söhbəti gedərdi. Onun qonaq otağı bir muzey ekspozisiyası kimi idi. Burada hər şey Füzulini xatırladırdı, ondan, onun ölməz əsərlərindən xəbər verirdi. Divarda Füzulinin qəmli portreti həkk olunmuş xalça, masa üzərində şairin siması ilə süslənmiş güldan, kitab rəflərində Füzulinin əsərlərinin müxtəlif nəşrləri və Füzuliyə həsr olunmuş tədqiqatlar, Leyli və Məcnun heykəlcikləri, ney, qələm, badə və gül təsvirləri, bir sözlə, hara baxırdınsa, Füzulini görürdün.
Adama elə gəlirdi ki, Lalə xanım özü də Füzuli "Divan"ındakı qəzəllərin qəhrəmanıdır. O nə qədər həyatsevər insan olsa da, surətində daim Füzuli qəmi, Füzuli təmkini var idi. Axı Lalə xanım Füzuli təkin əsrari-eşqə vaqif idi. Və məramı da həmin əsrari-həqiqəti paylaşmaq idi.
Onun rəsmi iş yeri Azərbaycan Memarlıq və İnşaat Universiteti olduğundan, bilavasitə, heç bir gənc füzulişünasın elmi rəhbəri və ya elmi məsləhətçisi olmamışdı. Amma onlarla gənc dissertant ona müraciət edəndə təmənnasız olaraq onların əsərlərini oxuyub redaktə etmiş, qiymətli tövsiyələrini vermişdi.
Onun orta məktəbdə müəllimi olduğu şagirdləri də, ali məktəbdə dərs dediyi tələbələri də, Azərbaycan Müəllimlər İnstitutunda mühazirələrini dinləyən təkmilləşmə kurslarının müdavimləri də Füzuli aşiqi olur, həyatı rindanə baxış bucağından süzməyi öyrənirdilər.
Lalə xanım elmlər doktoru idi, bir çox mükafatlara layiq görülmüşdü. Amma ən çox sevindiyi gün dahi Füzulinin adını daşıyan Əlyazmalar İnstitutunun Fəxri professoru adını aldığı tarix olmuşdu. Axı bu fəxri ad ona uzun illər füzulişünaslıq sahəsində təmənnasız və cəfakeş fəaliyyətinə görə təqdim edilmişdi!
2024-cü ildə Məhəmməd Füzulinin 530 illik yubileyi haqqında cənab Prezident İlham Əliyev xüsusi Sərəncam imzalayanda Lalə xanım uşaq kimi sevinmişdi. Füzulinin həyat və yaradıcılığına dair bir kitab nəşr etdirmiş, dəfələrlə ölkədə və xaricdə keçirilən konfranslarda məruzələr etmiş, Azərbaycanda, Türkiyədə, Özbəkistanda bir neçə məqaləsi dərc olunmuş, şairin "Həft cam" poeması əsasında qələmə aldığı musiqili tamaşa səhnəyə qoyulmuşdu.
Ötən il özünün 75 illik yubileyi tamam olanda bu əlamətdar tarixi Azərbaycan Yazıçılar İttifaqında qeyd etmək təklif olunduqda o, təvazökarlıqla imtina etmiş, "keçən il mənim atamın yubileyi idi, onun üçün təşkil olunan hər bir məclis elə mənim şərəfimə verilən bir ziyafət oldu", - demişdi.
Bu il Füzuli aşiqlərinin və Lalə xanımı sevənlərin təşəbbüsü ilə onun həyat və yaradıcılığını əks etdirən sənədli film çəkilmişdi. Novuz bayramı ərəfəsində həmin filmin təqdimat mərasimini keçirmək, 8 aprel tarixində isə Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda 75 illik yubileyini qeyd etmək planlaşdırılmışdı. Əfsus ki, qismət olmadı.
20 mart 2026-cı il tarixində gecə yarısı Lalə xanım gözlərini əbədi yumdu. Son nəfəsində: "Vəslin mənə Novruz gecəsi oldu müyəssər", - deyən Lalə Əlizadə Novruz bayramı axşamını onu sevənlər üçün anım gününə çevirdi.
Vəfatından bir neçə gün əvvəl, mənəvi atası Məhəmməd Füzuliyə ruhən qovuşacağı ürəyinə daman Lalə İkram qızı Əlizadə məzarının üstünə bu beyti yazmağı vəsiyyət etmişdi:
Ruzi-hicrandır, sevin, ey mürği-ruhim kim, bu gün
Bu qəfəsdən mən səni, əlbəttə, azad eylərəm.
Əbədi mənzilində rahat uyu, ey Füzulinin qızı, "azadələrin yeri ədəmdir". Füzulisevərlər səni heç zaman unutmayacaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
