Ömür çay kimi axır gedir. Yaşanan günlər geri dönmür. Xatirələr fəsildən asılı olmayaraq yarpaqlar kimi həyatımıza yağır və bizi düşündürür. Onların arasında itirdiyimiz həqiqətləri axtarırıq.
Biz həyatı olduğu kimi dərk edirikmi? Belə bir deyim var: "Bir var hər birimizin tanıdığı həqiqət. Bir də var əsl həqiqət". Onun sərt və ədalətli qanunları ilə yaşamaq asan deyil...
Həyatımız bir təcrübə məktəbidir. Yeri, dekorasiyaları, insanları dəyişən bir məkandır. Təkcə dəyişməyən həqiqət müxtəlif illərdə çap olunan kitablarımdır. Onlar ömrümü uzadır, oxucularla ünsiyyətdə isə kitablar sanki yenidən doğulur, yenidən dil açır danışır.
Məncə, yazıçı kimi düşüncələrimi 75 yaşımda oxucularımla, kitabsevərlərlə bölüşmək vaxtı yetişmişdir. Yazıçı təxəyyülü, xəyalları sərhədsizdir. Onun öz planeti, günəşi, ayı, buludları var. Fikirlərin yağışı, qarı onu islatmır, üşütmür. Yerdəki həyatdan fərqli olaraq yazıçının qəlbində məhəbbət dolu işıqlı bir dünya yaşayır. Görkəmli yazıçı Pasternak demişkən: "Dünya bir musiqidir ona uyğun olan sözlər tapmaq lazımdır".
Etiraf edim ki, "Yarıhəqiqətin cəhənnəmi" fikri uzun müddətdir mənə rahatlıq vermir. Biz vicdana söykənən həqiqəti necə qoruyuruq. Kainatı, dünyanı idarə edən, onu nizamlayan gözəgörünməz müqəddəs həqiqət var. Qitələr, ölkələr sərhədlərə bölünsə də vahid ilahi qanun çərçivəsində mövcuddur. Demək dünya xalqları bərabər hüquqa malikdirlər. Bütün həqiqətlərin ilk və son ünvanı var- o, mütləq həqiqətdir. Peyğəmbərlərin dövründən başlayaraq insanların bir çoxu düz yolu seçərək mütləq həqiqətə tapındı. Quranın "Şüara" surəsinin 181-184-cü ayələrində deyilir: "Ölçüdə düz olun, (onu) əskildənlərdən olmayın! Düz tərəzi ilə çəkin! İnsanların haqqını azaltmayın! Yer üzündə fitnə-fəsad törətməyin! Və sizi də, sizdən əvvəlki nəsilləri də Yaradandan qorxun". Bu ayələr dinindən asılı olmayaraq bütün insanlara çağırış deyilmi?! Qüdrətli, mərhəmətli Allah öz hökmündə nə tələsər, nə də gecikər...
Uzaq keçmişə nəzər salsaq, qədim filosof Sokrat ona qarşı qurulan məhkəmədə inandığı həqiqəti etiraf etməkdən çəkinməmişdi. O, bildirmişdi ki, obyektiv həqiqət var. Əgər o obyektivdir, dəyişilməzdir, əbədidirsə, o material dünyaya aid deyil. Əgər həqiqət dəyişməzdirsə, demək o, Tanrıdır. Tanrı təkdir. Senekanın da fikirləri Sokratla eyniləşir: "Nəyə isə əlavə etmək mümkündürsə o kamil deyil. Ondan nəyi isə götürmək lazım gələrsə o, əbədi deyil". Çox alllahlıga, Afinaya sitayiş edilən bir ölkədə Sokrat öz məsləkindən dönməmiş, tarix onun adını əbədiləşdirmişdir. Şərq dünyasının mütəfəkkiri Ruminin fikridir: "İlin adamı olmaqdansa həqiqətin adamı ol". Sokratın "Həqiqət həyatdan dəyərlidir" fikri ilə Ruminin fikri üst-üstə düşür. Ən maraqlısı odur ki, uzun əsrlərdən sonra bizim dövrdə yeni qurulmuş məhkəmədə Sokratın günahsız olduğu təsdiqlənmiş və ona bəraət verilmişdir. Sokratın inandığı həqiqət gec də olsa qələbə çalmışdır. Fransız diplomatı Şarl Moris Toleyran həqiqət haqqında fərqli fikir söyləyir: "Təcrübəli dövlət nümayəndəsi kimi onu deyə bilərəm ki, mən həqiqəti çox nadir hallarda söyləyirəm. Dil siyasətdə fikirləri gizlətmək üçün lazımdır. "Yalan"güclü və danılmaz," həqiqət" isə xəyaldır, təhlükəlidir". Bu, yarıhəqiqətin cəhənnəmi deyilmi?
Bir sözlə, həqiqətlər və yarıhəqiqətlər öz cənnətini və cəhənnəmini yaşayır və yaşamaqdadır. Görən gözlərin "korluğu", eşidən qulaqların "karlığı" həqiqətdən çox uzaqdır. Mark Tvenin bir fikrini xatırlamamaq mümkün deyil: "Xeyirxahlıq odur ki, onu kor da görə bilsin, kar da eşidə bilsin". Bu, ali insanlığın, humanizmin ifadəsi deyilmi? Konfutsidən soruşurlar ki, dünyada elə bir söz varmı onu ömrün boyu özünə rəhbər tutasan? O, deyir ki, bu söz -mərhəmətdir. Belə bir aforizm var: "Qarışqadan onun vəziyyətini soruşmağı unudan Süleyman peyğəmbər ola bilməz". (O, heyvanların, quşların, qarışqanın dilini bilirdi).
Bir rəvayəti xatırladım. Nəmrud padşah səcdə etdiyi bütləri sındıran İbrahim peyğəmbərin tonqalda yandırılmasına fərman verir. Bir qarışqa ağzında su tonqala yaxınlaşır. Ətrafındakılar onun peyğəmbəri çox sevdiyini öyrənir, lakin ağzındakı su ilə balaca qarışqanın tonqalı necə söndürəcəyinə təəccüblənirlər. Qarışqa isə cavabında deyir ki, mən bir damla su ilə İbrahim peyğəmbərlə həmrəyliyimi göstərirəm. Əlbəttə, Allah öz qüdrəti ilə odu güllərə çevirir və İbrahim peyğəmbər xilas olur. Kaş ki, bir çoxları ən çətin anlarda bu qarışqa qədər qorxmadan özündə mərdlik, cəsarət tapa bilsəydi...
Kitablarımın səhifələrində insanların müxtəlif, həm də bəzən oxşar taleləri yaşayır. "Dünya barışmışam səninlə" kitabının annotasiyasında qeyd olunub: "Kitabda müəllifin fəlsəfi düşüncələri, mənsur şeirləri, xatirələrində yaşayan görkəmli sənətkarlar haqqında yazılar, rəylər toplanmışdır. Müəllif insanın cəmiyyət qarşısında vəzifələrini, şəxsiyyət kimi yetişməsi üçün sağlam mühitin vacibliyi haqqında dərin, bəşəri fikirlərini bədii şəkildə oxucularla bölüşür. Zöhrə Əsgərovanın yaradıcılıq axtarışları davam edir. Yeni kitabın əsas məziyyəti ondan ibarətdir ki, onun qəhrəmanları həqiqət axtarışında, əqidəsi uğrunda mübarizə əzmindədirlər".
"Dünya barımışam səninlə" kitabımın yazılarından fraqmentləri sizə təqdim edirəm. Onu "Duyğuların mozaikası" adlandırıram: "Təəssüf ki, telefon ilə keçmişə zəng vurmaq olmaz. Əlimə fürsət düşsəydi anama zəng vurardım. Keçmişdə ona tez-tez zəng edə bilmədiyim günlərin, ayrılıqların əvəzini çıxardım. Anaya layiq olduğu dəyəri vermək üçün nə qədər vaxt ötməliydi. Mənəvi ağrılarımın üstündə qurduğum xoşbəxtliyimin hələ də bir gözü gülür, bir gözü ağlayır". "Qələmim sətir-sətir "görüşünə" tələsir. Bəzən qəlbimin həsrət odundan qələmim yarımçıq yazılıb ölmək istəyir. Hər bir xoşbəxt cümlənin sonu qara nöqtədir. Sən demə, həyat ölüm üçün tələdir. Bağışla, səni sevsəm də əlimdən nə gəlir?" "Şeirləri qəlbinizin gözüylə, səsiylə oxuyun. Sadəlik aşiqidir dahi şairlər. Nizami demişkən: "Şah xələti geyinən mömin varmı dünyada?" Şairin heykəli yerdə, baqi dünyada ruhu səfərdədir. Niyə çoxunun sağlığında dəyəri, qədri bilinmir. Şairə ölüm yaraşmır. Bir gün yolunu həmişəlik dəyişir. Kitablarını vəsiyyət edib yeni şeir dalınca əbədi səfərə çıxır". "Güllə gül ola bilsəydi, insanlar daha xoşbəxt olardı. Güllərin ətrində barıt qoxusu məhv olardı, insanlara qucaq dolu ətirli zərif gözəllik bəxş olunardı. Güllə, çiçəklə gülləni susdurmaq mümkün olsaydı... Həqiqətin ürəyini nişan alan güllələr can almağa tələsir. Müharibədə söz silahlara verilir. Silah ölüm saçan dildə danışır tarixin qanlı meydanında...Ən qorxulu silah insanın içindədir. Pislik ümidsiz xəstəlik kimidir. Güllə kimi sözlərə güllələr səs verir". "Gözlərimi sən gələn yollardan daha çəkmişəm. Nə vaxtsa səsini havam, suyum bilmişəm...Sən gedəni pəncərəmdə gün batıb. Arzularım pərdə çəkib buludlardan özünə. Qapımı açmıram daha sənin üzünə. Necə dözürəm həsrətin acı tüstüsünə? Ruhu qərib Şəhriyar demişkən: "...görüş qalsın qiyamətə". Darıxma, səbrlə yolumu gözlə". "Ayrı bir dünyadır ayrılıq. Kimləri ayırıb, ümidlərindən ayrı salıb...Eh, ayrılıq, tənhalıq səninlə kim dostluq edər. Ayrılığın əli yox əllərindən tutasan, gözləri yox gözlərinə baxasan, qapısı yox qapısını açasan. Nə yerişini görən olub, nə səsini eşidən olub...Sən heç vaxt bizim gözlərimizdə özünü görmürsən. Ayrılıq çarəsiz xəstəlikdir, nə edək ki, zaman da bizə dərman ola bilmir. Sevincimizi, sevgimizi ayrılığın küləkləri hara aparır, ümidsiz yollarda axtarıram itirdiklərimi. Ayrılıq sanki səni səndən ayırıb gedir. Hara niyə gedir. Ayrılığın da alnına belə yazılıb yaşananları pozmaq. Yazmaq istəsə bir söz yazacaq "ayrılıq"." "Keçmişdə cansız oyuncaqlar bizə canlı görünürdü, onlar uşaqlığımızın baş qəhrəmanları idi. Gəlinciklər, at, dovşan, pişik, ayı, pələng və nə qədər unutduğumuz oyuncaqlarla dostluq etmişik...Yeniyetməlik dövründə məktəbdə oyuncaqları sinif yoldaşları əvəz etdi. Onların da arasında atı, dovşanı, pişiyi, ayısı, pələngi sanki dil açıb danışırdı...Gənclik qapımızı döyəndə məhəbbət dünyasında xoşbəxtliyimizi axtarırdıq. Kimlər xoşbəxtlik payından əli boş ayrılıb, kimlərsə sevincinə qovuşub. Saxta məhəbbətin oyuncaqlarına çevrilənlər də az olmayıb...Həyatda "pələng dərisi geyinən dovşanları, ayı ilə dolstluq edən yazıq atları" görəndə anladım ki, dünyada nə qədər yerində olmayan insanlar var...Bir də ümidsizlik, yoxsulluq içində yaşayan insan nəyə desən çevrilə bilər, bədbin arzuların "canlı" oyuncaqlarına".
Beş il əvvəl 70 illiyimlə bağlı "Ədəbiyyat" qəzetində "Yazıçı üçün məbəd oxucunun qəlbidir" yazımda çap olunan kitablarımda mədəniyyət sahəsi ilə bağlı aktual mövzuların təhlillərinə geniş yer vermişdim. Dünya mədəniyyətində adları əbədiləşən rəssamlar, bəstəkarlar, alimlər və yazıçıların yaradıcılığı, mübahisəyə səbəb olan fikirlərinə öz münasibətimi bildirmişəm. Şadam ki, elmi populyar janrında yazılarım oxucuların marağına səbəb olmuşdu.
"Yarıhəqiqətin cəhənnəmi" fikrini davam edək. Donald Uolş "Allahla müsahibə" kitabında insanın şəxsi keyfiyyətlərindən başlayaraq onun geniş fəaliyyətinin sağlam istiqamətdə tənzimlənməsinə çağırır. Kitabda Allah insanlara müraciət edir: "Mən siz istəyənləri istəyirəm. Siz həqiqətən də o gün ki, istəyəcəksiniz aclıq olmasın, aclıq heç vaxt olmayacaq. Mən sizə bu işləri həyata keçirmək üçün bütün vacib olan hər bir imkanı vermişəm. Lakin siz bu vaxta qədər onu etməmisiniz. Ona görə yox ki, bunu bacarmırsınız. Dünyada aclığa yer kürəsi miqyasında son qoyula bilər, sabah isə bu seçim olmaya da bilər. Həmçinin, sabah siz beləcə bütün müharibələrə son qoya bilərsiniz. Sadəcə, asan". Dostoyevskinin fikrini bura əlavə etmək olar: "Məhəbbətsiz "həqiqət"-yalandır". Bu, yarıhəqiqətin cəhənnəmi deyilmi?l
Təəssüf ki, insan qanından doymayan müharibə kimi "vəhşi xəstəliyin" müalicəsi hələ də tapılmayıb...Bunu "antropofaqiya" adlandırmaq olar. Mahatma Qandinin fikridir: "Ədalətsiz rejimləri ədalətlə yıxın ki, alqışlar önünə qansız əllərlə çıxasınız". Deyirlər ki, müharibədə ilk qurban həqiqətdir. Onun üzə çıxarılması böyük zaman tələb edir. Təəssüf ki, həqiqət ölürsə, qurbanları daha çox olur. İnsanların yaşamaq, yaratmaq həvəsi müharibənin alovlarında məhv edilir. Hələ də səmada Allahın əmrinə müntəzir əbabil quşları uçuşur... (Məkkəyə hücüm edən fillərin gözlərini deşən əbabil quşları.)
Təəssüf ki, həqiqətin köksünü yaralayan cəhənnəm alovları, müharibələr meşə yanğınları kimi bir yerdə başlayıb ətrafa yayılmaqda davam edir. Bu "yanğını söndürmək" adı ilə isə yanğının üstünə necə deyərlər, neft tökülür. Keçən əsrin 90-cı illərindən başlayaraq dünyada gedən hərbi münaqişələrdə təxminən 40 milyondan çox insan həyatını itirib, hələ də itkilər bitib tükənmir. Müharibənin nəticələri təkcə rəqəmdən ibarət deyil, yaşamaqdan məhrum olan günahsız insanların qanıdır, yarımçıq qalan arzuları, həyatıdır.
Hər bir xalqın mədəniyyəti başqa mədəniyyətdən öz genotipinə, inkişaf mərhələsinə, tarixinə, coğrafi ərazisinə görə seçilir. Lakin dünyada gedən proseslərə nəzər salsaq keçən əsrdə Birinci Dünya müharibəsindən sonra ədəbiyyatda, rəssamlıqda yeni cərəyanlar yarandı. Xüsusilə, futurizm, dadaizm, suprematizm janrında yaranan əsərlər klassik ədəbiyyata, rəssamlığa qarşı qoyulurdu. İkinci Dünya müharibəsindən sonra Postmodernizm cərəyanı mədəniyyət sahəsində sürətlə yayılmağa başladı. Müharibələr təkcə döyüş meydanı demək deyil, mədəniyyət, elm, təhsil bu dövrdə böhran yaşayır. Dünyanın əşrəfi sayılan insan çox vaxt gözlənilməz çətin suallar qarşısında qalır. XX əsrdə əslində Rerix paktına əsasən müharibə dövründə mənəvi xəzinələrin təcavüzə məruz qalmaması üçün mədəniyyət ocaqlarının binalarından ağ bayraqlar asılmalı idi. Mədəniyyət xalqların harmoniya içində yaşamasına, ruhun qidasına xidmət edir. "Təcavüzün mədəniyyət sandıqları" essesində bu problemlərə yetərincə toxunmuşam.
Ən böyük mənəvi güc həqiqətə doğru yol göstərən kitablarla sıx ünsiyyət- mütaliədir. Əbu Turxanın fikridir: "Dünyanın həqiqətləri elm dilində, insanın həqiqəti isə fəlsəfə dilində yazılmışdır". Həqiqət qar kimi əriyir, suya dönüb axır gedir...Yarıhəqiqətin cəhənnəm alovu necə söndürüləcək. Müdrik insandan soruşurlar: "Ədalət nədir?" O, deyir ki, ağacları sulamaq. "Bəs zülm nədir?" "Tikanlara su vermək". Sağlam cəmiyyət təhlükədədir. Bəşəriyyətə qənim kəsilənlər zərərli vasitələrlə gəncləri zəhərləyir və onların düşüncələrinə neqativ təsir göstərirlər. Təəssüf ki, insanların çoxu pis nümunələrı öz həyat tərzinə çevirir, müqəddəs meyarları itirdikcə "Qızıl buzova" səcdə edir, Lut peyğəmbərin əhalisi kimi əxlaqdan axsayır, Yusif peyğəmbəri quyuya salan namərd qardaşlara bənzəyir, Foma kimi heç nəyə inanmır, Brut kimi öz ustadına xəyanət edib onu öldürür, Babilistan dövründən isə bu günə kimi pul iyirmi faizlə borc verilir və s. Onlar "tikanlara" su verən zalımlardır...Bernard Şou demişkən: "Göydə quş kimi uçmaq və suda balıq kimi üzmək öyrəndik, qalıb yerdə insan kimi yaşamağı öyrənmək". Bu fikirlər əlbəttə, bizi sarsıdır. Yazıçı bəşəriyyətin gələcəyi haqda daha çox düşünür, həyəcanlanır. Yazıçı öz qəlbinin gözü ilə həyatı tanıyır, sevir, bəzən də mənəvi böhran yaşayır. Yazmadığı zamanlarda da hadisələr kitab kimi gözləri önündə səhifələnir. O, həmişə insanları düşünür, kitabları oxucular arasında mənəvi körpüyə çevrilrir.
Bu yaxınlarda italyan rejissoru Paolo Sorrentinonun "Möhtəşəm gözəllik" filminin baş qəhrəmanı yazıçı Cep Qambardella diqqətimi özünə çəkdi. 2013-cü ildə xarici dildə çəkilən film kimi "Oskar" mükafatına layiq görülüb. Filmin operatoru hadisələri əbədi şəhər olan Romanın qədim memarlıq abidələrinin, fontanlarının fonunda məharətlə verə bilmişdir. Ən maraqlısı isə odur ki, Cepin geniş, qədim eyvanı Kolizeylə üzbəüzdür. Əslində bu, simvolik bir məna daşıyır.
65 yaşını qeyd edən Cep yaşadığı cəmiyyətin sanki güzgüsüdür. İştirak etdiyi tədbirlər, əyləncəli, hay-küylü görüşlər, dəbdəbəli həyat artıq onun maraq dairəsində deyil. Mənəviyyatdan uzaq zənginlik, dostlar arasında riyakarlıq artıq ona yorucu gəlir. O, estetik həzzi, təbii gözəlliyi daha çox qiymətləndirməyə başlayır. Cep Qambardelladan soruşanda ki, niyə siz daha kitab yazmırsınız? O, cavab verir: "Mən möhtəşəm gözəlliyi axtardım, amma onu tapa bilmədim". Vaxtı ikən gənc yaşlarında yazdığı kitabı ilə Romada oxucular arasında məşhurlaşır, yüksək dairələrdə tanınır. İllər ötür yeni kitablar yaza bilmir. İçinə dolan boşluq ona daxilən əzab verir. Mənəvi dəyərlərin çöküşü ona həyata yeni prizmadan baxmağa məcbur edir və "möhtəşəm gözəlliyin" axtarışına çıxır...O, köhnə dostları ilə əlaqə saxlasa da onlarla sarkazımla danışır, səmimi söhbətlərə mənəvi ehtiyac duyur. Tanış olduğu qadından soruşur ki, sən harda işləyirsən? O, cavab verir: "Mən varlı qadınam". Cep başa düşür ki, onların söhbəti baş tutmayacaq. Çoxmənalı tərzdə "çox gözəl işdir", deyir.
O, illyuziyalar dünyasında özünü, əsl simasını itirməkdən qorxur. İstər-istəməz Qotfrid Bennin məşhur fikirləri yada düşür: "Biz olduğumuz kimi yaşamadıq, düşündüyümüz kimi yazmadıq, istədiyimiz kimi fikirləşmədik. Özümüzdən sonra isə istədiklərimizin əvəzinə başqa şeyləri miras qoyduq..." Cep də bu həyəcanları yaşayır.
Filmdə növbəti "şənlik" səhnələrini izləyirik. Əslində buna şənlik demək mümkünsə... Bu, zahirən insana bənzər məxluqların qulaqbatıran hay-küyü, ekstaz vəziyyətinə düşmüş halıdır. Yenə rəqs edənlər qatar kimi bir-birinə sarılıb. Amma bu "qatar" xoşbəxtliyin ünvanını çoxdan itirib... Cep öz yaxın tanışına deyir: "Siz bu adamlara baxın. Onlar vəhşi heyvanlardır. Bu isə mənim həyatımdır. Və o heç nədir. Flober "Heç nə" haqqında kitab yaza bilmədi. Bəlkə mən yaza bildim". Bu, yarıhəqiqətin cəhənnəmi deyilmi?! Yazıçı Cep Qambardella yeni kitab yaza biləcəkmi? Filmdən məlum olur ki, o, yazıçı kimi cəmiyyət içində artıq məsuliyyət daşıdığının fərqinə varır. Bu hiss vardan, dəbdəbəli həyat tərzindən qat-qat üstündür. Müqəddəslik və günah, şər və xeyir dünyanı idarə edir. Bu iki cəbhənin insanları əgər düzgün seçim edərsə, onlar məhəbbətə, əmin-amanlığa qovuşar və nəhayət, həqiqət qalib gələr. Başımız üstündə səmadakı ulduzlar daha parlaq sayrışar, günəş, ay daha işıqlı olar, qaranlıq fikirlərdən xilas olarıq! Sokrat nahaq deməyib ki, danış, səni görə bilim. Çünki həqiqət həyatdan dəyərlidir!
Nəhayət, yazının sonuna gəldik. Hər yeni kitabımda sizi düşünüb yazıram. Kitab dilində danışırıq, dərdləşirik, sevinməyi də bacarırıq. Oxucunun qəlbində yaşamaqdan gözəl nə ola bilər? 5 il əvvəl yazdığım fikrə bir daha qayıdıram: "Yazıçı üçün məbəd oxucunun qəlbidir".
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
