"Tanrılogiya" yazısı silsiləsindən
- Sən kimsən!
- İnsan!
- Gümüşlandiyaya insan gəlib?
Ağsaçlı qoca diksinərək arxaya çəkildi. Sonra qusmağa başladı. Dəhşət və ikrah hissi ilə onu izləməyə başladım.
Ağzını və saqqalını çəhrayı rəngli qusuntudan təmizlədikdən sonra diqqətlə mənə baxaraq:
- Rədd ol burdan, murdar Adəmin törəməsi - dedi...
- Sən kimsən, hansı haqla bunu deyirsən - bağıraraq üzərinə yeridim.
Əsasının iti ucunu sinəmə dayadıqda, arxaya çəkilməyinin zəiflikdən deyil, ikrah hissindən qaynaqlandığını, gec də olsa, qavradım.
- Samuel mən! Ey məsumiyyəti, gözəlliyi qana, qəddarlığa bulaşdıran rəzil insan- dedi.
Bu gün bütün olanlar sənə görədir. Ulu baban Adəm bütün gözəllikləri məhv etdi. Öncə cənnəti aldı əlimizdən...Sonra isə Liliti məhv etdi...
- Lilitin ucbatından itirildi cənnət...
- Liliti?
- Sizə, ey insan, hər şey səhv danışılır... Adəm Liliti hər zaman alçaltdı, hər şeyin kökündə bu durur. Beləliklə, intiqam yarandı. İntiqamı siz yaratdınız...
Adəm özünə göy üzü, Lilitə yer üzü kimi baxırdı. Hər daim Lilitdən itaət gözləyirdi. Bunu öncə işarələrlə, sonra isə cinsi təzyiqlə etdi. İtaət etmək istəməyən Liliti itaətə məcbur etdi. Hanı azadlıq?
- Lilit Adəmi məhv etdi, başına bəla oldu, Tanrıya qarşı çıxdı yer üzünə qaçdı.
- Onu bu həddə Adəm gətirdi. Tanrı növbəti səhvini Həvvanı yaradaraq düzəltmək istədi, bunun üçün Adəmin qabırğasından istifadə etdi, çünki başqa bir üsyan istəmirdi.
- Həvva daha yaxşı idi. O boyun əydi hər şeyə... Lilit Həvva kimi ola bilmədi... Sevə bilmədi Adəmi...Həvvanın sevgisi daha gerçək idi....
- Nə üçün? Tabe və təslimiyyət sevginin gerçəklik ölçüsümü? Üsyankar ruhun daşıyıcılar həqiqi eşqi daşıya bilməzlərmi?
- Lilit ağıllı deyildi...
- Eşqdə ağıl axtarmaq sənin ağlının miqdarına dəlalət etmirmi?
- Həvva!
- Çünki Tanrı da Liliti məhv etməyə başladı. Çünki o əslində bilərək Lilitin torpağına alov qatmışdı. Həvvanı isə belə yaratmadı, itaət etsin deyə kodladı....Necə ki, sizlər süni- intellektləri kodlayırsınız.... Tanrı bilmirdimi, ay zavallı insan, alov Lilitə üsyan gücü qatacaq? O Adəmə qarşı gələcək. Tanrı ağılsız idimi? Bilmirdimi, bu üsyankar ruh bir gün qaçıb gedəcək?! Tanrı Liliti yaratmaq üçün Adəmə söz vermişdi. Liliti yoğurmağa başladıqca Tanrı öz təkliyi ilə üzləşdi və bu onu dərindən sarsıtdı. Adəmi qısqandı... Onun təklik hegemoniyasından geriyə dönüş yox idi... O, Adəmə verdiyi sözdən dönə bilmədiyi üçün Liliti ona verdi. Ancaq Liliti Tanrı da arzulayırdı. Lilitsiz gecələr ona ağır gəlirdi. Lilitin Adəmin qollarında inildəməsi Tanrını dəli edirdi. Lilit Yer üzünün işarəsi idi, Tanrı bütün küləklərini göndərib Yer üzünü kəsib biçirdi. Dağlarda vulkanlar fışqırtdı. Çaylarda daşqınlar yaratdı. Darıxdığından Yer üzündə Lilitin alov qırmızısı rəngindəki saçlarına xitabən qırmızı güllər açdırdı. Sonra o gülləri didib parçaladı... küləklə sovurduqca sovurdu. Məsum bülbülləri tikanlara qurban edərək Lilitin ruhunu qana susatdı. Bu, ritual idi... Aqressiyanın, intiqamın ritualı... Güllərin iti tikanları Lilitin əsarəngiz, dəlisov, üsyankarlığına işarə idi. Tanrı darıxırdı. Lilitin ası ruhuna nəhayət ki, bu ritualları ilə tabe olmamağı xatırlatdı. Lilit getdikcə onu alçaldan Adəmdən uzaqlaşmağa başladı. Adəm öncə Lilitlə danışmağa çalışdı. Lilit dediyini deyirdi. Adəm Lilitə zor tətbiq etməyə başladıqda Lilit bir neçə saniyənin içində onu tərk etməli olduğunu dərk etdi. Lilitin Adəmi tərk etməyi nəyisə dəyişmədi. Lilit bu dəfə yalnızca Adəmə yox, Tanrıya da nifrət etməyə başladı. Bu nifrət onu mənimlə yaxınlaşdırdı... - dedi Samuel gözlərini uzaqlara dikərək... Gözlərindən qan damcılayırdı... Xof məni basırdı. Arada ətimi didirdim dırnağımla. Yuxuydusa, ayılmaq istəyirdim, astralda idimsə, qayıtmaq...
- Lilit üçün hər şeyi etməyə hazır idim - Samuel əsasını yasəmən ağacına soxub bağırdı... Yasəmənin sinəsindən dupduru yaş axmağa başladı. Bir anda içimdən Samuelin boğazını dişlərimlə didib parçalamaq keçdi... Gözlərim boğazını axtardı... Yox idi... Başı sanki havadan asılmışdı...
- Bir dediyini iki etmirdim. Bir gün Tanrı da, Adəm də Lilit üçün darıxmağa başladı... Axı insan da, Tanrı da mahiyyətcə eynidi... Tanrı necə fərqli bir varlıq yarada bilərdi ki?! Tanrı əslində insanın içinə özündən nəsə qoymuşdu. Qoymalı idi... Alov mən və Lilitin ruhunda mövcud olsa da, torpaq bunu söndürməyə qadir deyildimi... Bəs nə üçün bunu etmədilər? Çünki Tanrı da, Adəm də sakitliyi istəmirdi. Ruhlarında qarğaşaya, xaosa meyil var idi çünki...
Lilit onları bu xaosa sürükləyirdi. Darıxmaq yaşamaqdır axı. Var olmaqdı, nəfəs almaqdı, - deyib Gümüşlandiya mütəfəkkirləri, ancaq mən onsuz yaşaya bilməzdim. Lilitə hər şeyi başa salmalı idim... Onsuzluğun məni daha da şeytanlaşdırdığını, Tanrının da arzusunun bu olduğunu... Axı bu hekayədə ən məsum mən idim... Mən Samuel... Mən Liliti qarşılıqsız sevirdim, onunla ailə olmaq arzusunda idim...
- Bunun üçün nə etdin?
- Öncə Lilitə yalvardım ki, getməsin. Ancaq Lilit Adəmin düzələ biləcəyinə inanırdı. İnanırdı ki, Adəm peşmandı... Əslində mən hər şeyi görürdüm, bu çox ağır idi... Adəm heç onun vecinə də deyildi. Adəm asan loxma idi...
- Ağır olan nədi... Adəm və Lilit eşqimi?
- Hahhaah, Adəm və Lilit eşqi? Necə saf bir düşüncə... Necə dərin safsata...
Lilit kimi güclü qadın nə üçün Adəmi sevsin... Adəmi yox... Kaş ki, Adəm olardı.. onda hər şey asan olardı... Onlar məni aldatdılar... Olsun, bəs Lilit? O bunu necə etdi.... Axı Cənnətdən getmək qərarında onu ən çox mən dəstəkləmişdim. Əsəbdən alışıb yanan qan qırmızısı saçlarını sinəmdə soyutmuşdum...
Yasaq eşq idi, hər şeyin kökündə duran... Lilit də Tanrını sevirdi...
Onu itirə bilməzdim. Tanrıya bir gecə o yuxudaykən pıçıldadım və onu inandırdım ki, Lilit Adəmə görə deyil...
- Tanrı yatmır!
- Yatmır? Bunu görmüsənmi?
- Mənim didib parçalamaq arzusunda olduğun boynumu gördüyün kimimi?
Diksindim. Cəld arxamı yasəmən ağacına söykədim.
Boğunuq səslə güldü...
- Bilirsənmi? Adəmi oğlu kimi sevirdi Tanrı və əslində onun ağlına röyasındaykən soxduğum yeni qadın düzəltmək fikri onu da bu dəli peşmanlıqdan - qadağan eşqin iztirabından xilas edirdi. Həvva bir növü bağışlanılmaq üçün Tanrının son ümidi idi... Mən, mən buna nail oldum. Adəm Həvvanı görən kimi Liliti unutdu, ondan əl çəkdi. Adəm zəif xarakter idi.
- Yox, Lilit qayıtmadı deyə, Tanrı Həvvanı yaratdı...
- Dedim axı, qayıdacaqdı... Ta ki mən o üç mələyi aldadıb başqa yönə göndərənədək. Mələkləri şeytanlar aləmindən Lamaştu qarşıladı. Alov rəngindəki qırmızı saçları ilə o mələkləri Lilit olduğuna inandırdı... Adəmi alçaltdı. Mələkləri qovdu... Tanrı elə bildi ki, Lilit ona qarşı gəldi... Hər şeyi edən mən idim... Mən bədbəxt...
Milyonlarca ildir bu qovğa davam edir. Tanrı və Lilit bir-birini qıraraq sevişirlər. Qana susayıblar...
Bunu çox gec anladım. Bu ehtiras sönmür. Onlar sanki bu cür özlərini rahatladırlar, boşalırlar. Lilit mənimlə acığa sevişir. Doğulan hər uşağı, Tanrı məhv edir .... Bizi isə öldürmür o qəddar! Ölümsüzlük vermək onun ən böyük cəzası imiş, ən nəhəng intiqamı....
Samuel bunu deyərək getmək istəyirdi... Rahat nəfəs alacaqdım ki, qayıdaraq:
- Lilit isə heç vaxt gerçəkdə mənə aid olmadı. Hər daim mən onun üçün darıxdıqda sığına biləcəyi liman idim. Bu məni dəli edirdi. And içdim o gün ki, Adəm və adəmoğulları mənim ən qəddar düşmənlərimdir. Milyonlarca əsrdir ki, onları pis yola çəkirəm, insandan - səndən nifrət edirəm! İndiysə cəhənnəm ol Gümüşlandiyadan.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
