Fərqli janrlarda vətəndaşlıq mövqeyi - Adil CƏMİL

 

Ömrünün səksəninci pilləsinə qədəm qoymağa hazırlaşan yazıçı-publisist və şair Fərəc Fərəcov yaradıcı insan və ictimai-siyasi xadim kimi hər zaman nüfuz və hörmət sahibi olmuşdur. Naxçıvan Muxtar Respublikasında dünyaya gələn və bu qədim diyarda əmək fəaliyyətinə başlayan yazıçı öz enerjisini bölgədə mənəvi mədəniyyətin inkişafına verməkdən zövq almışdır. O, ədəbiyyat müəllimliyindən redaksiyada ədəbi işçi vəzifəsinə qədər yüksəlmiş, "Şərq qapısı" qəzetinin əməkdaşı, Culfa rayon qəzetinin redaktoru olmuşdur. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Naxçıvan MR-in Əməkdar jurnalisti F.Fərəcov Naxçıvan Mətbuat Şurasının ilk sədri olmuş (2005-2012), II, III, IV, V, VI çağırışlar Naxçıvan MR Ali Məclisinin deputatı seçilmişdir.

Bu faktları diqqətə yetirməkdə məqsədimiz bir yaradıcı insanın arxada buraxdığı ömürnaməsinə güzgü tutmaqdır. Fərəc müəllimin istər publisistik yazılarında, istər nəsr əsərlərində, istərsə də şeirlərində real həyatın özündən gələn həqiqətlər var. Həyat həqiqətlərini bədii həqiqətə çevirmək bacarığı isə məhz onun kimi istedadlı qələm adamlarına məxsusdur.

Onun hekayə qəhrəmanları öz elinin, obasının tipik cizgilərə malik övladlarıdır. Cavanlı, qocalı, bu şəxslər Fərəc müəllimin dərin müşahidə süzgəcindən keçib obrazlaşan yurddaşlarıdır, bəli, yaxşı tanıdığı yurddaşları.

2021-ci ildə Ukraynada rus dilində böyük tirajla nəşr edilən hekayələr kitabı da F.Fərəcova nüfuz gətirdi. Rusdilli oxucular bu hekayələrdə maraqlı əhvalatlar və bənzərsiz obrazlarla qarşılaşdılar. Əslində bu kitab bir bölgənin - Naxçıvanın məxsusi koloritini təqdim etmək baxımından da xüsusi maraq kəsb edirdi.

Müxtəlif vaxtlarda F.Fərəcovun yaradıcılığı barədə müəyyən məqalələr yazılıb, qələm məhsulları ədəbiyyat biliciləri tərəfindən təhlilə cəlb olunub, lazmınca dəyərləndirilib. Filologiya elmləri doktoru Salidə Şərifovanın "Fərəc Fərəcov yaradıcılığının problematikası, janr müxtəlifliyi və bədii xüsusiyyətləri" adlı monoqrafiyası isə yazıçının elmi müstəvidə, geniş planda ən uğurlu təqdimidir. Akademik İsa Həbibbəylinin monoqrafiyaya yazdığı geniş həcmli "ön söz" də yazıçının əməyinə verilən yüksək qiymətin ifadəsidir.

 

İyirmiyə yaxın müxtəlif janrlı kitabların müəllifi F.Fərəcovun bu yaxınlarda "Elm və Təhsil" nəşriyyatı tərəfindən nəşr edilən "Qələbə misraları, yurd-tərənnümü" adlı şeirlər kitabı da müəllifin oxuculara yeni töhfəsidir. Kitabda toplanan şeirlərin leytmotivini vətənpərvərlik, yurddaşlıq və ümumən insanlıq duyğuları təşkil edir. 44 günlük Vətən müharibəsindən sonra əldə etdiyimiz qələbənin möhürünü müəllif belə vurur:

 

Vətən müharibəsi -

qələbənin müjdəsi.

Vətən müharibəsi -

İşgala üsyanın püskürən

vulkanı.

30 illik torpaq həsrətinin

son anı.

 

Torpaqlarımız işğal altında olanda beynəlxalq münasibətlər, siyasi situasiyalar Azərbaycanın mənafeyi naminə müsbət bir şey vəd etmirdi. ATƏT kimi xaçpərəst qurumlar əslində bu işğalın ömrünü uzatmaq üçün yalançı monitorinqlərlə baş qatırdı. Belə şəraitdə ölkəmiz nə barışda, nə də savaşda öz mövqeyini ortaya qoya bilmirdi. Lakin, səbr kasası daşan Azərbaycanın doğma torpaqlarının xilası uğrunda qanlı savaşa, haqlı müharibəyə başlaması ölkənin hər bir vətəndaşının ürəyindən oldu. Bu məqamlarda müharibənin başlaması münasibətilə insanlarımızın biri-birinə gözaydınlığı verməyinin də şahidi olduq. Çünki illərlə bizim müharibə əzmimizi də qırmışdılar. Şair yuxarıda misal gətirdiyim şeirinin sonluğunu haqlı olaraq belə bitirir:

 

Qaçılmazdı qələbə!

Sevinc kükrədi, daşdı,

Çağladı min arzu, min dilək,

Vətən,

Müharibən mübarək!

 

Kitabda toplanan şeirlər mövzular üzrə müxtəlif bölmələrə ayrılsa da hamısının ideya-məzmun və mündəricəsindən sözün böyük mənasında vətəndaşlıq keçir. Müəllifin "Oyan dünya", "Qonşumuz", "Dünyaya xitab", "Haydı irəli" kimi şeirlərində bu vətəndaşlığın və yurddaşlığın ruhunu aydın görürük.

Onu da deyim ki, F.Fərəcov Azərbaycan şeirinin bütün vəznlərindən ustalıqla istifadə etməyi, fərqli biçimdə öz fikirlərini ifadə etməyi bacaran qələm dostumuzdur. Yeni kitabında onu da gördük.

Ömrünü sözə, söz sənətinə həsr edən Fərəc müəllimə yeni-yeni uğurlar diləyirik. Davamı gəlsin!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!