Ənvər Əlibəyli poeziyasının "Dəniz" melodiyası - Şəfəq ƏLİBƏYLİ

 

Ənvər Əlibəyli poeziyasında dənizə sığmayan bir dəniz sevgisi vardır. O, Xəzəri, "onun ağ qanadlı, göy gözlü, pıçıldaşan ləpələrini, xırçın-xırçın sularını, yalçın qayalı sahilləri"ni sonsuz şair məhəbbəti ilə sevirdi. Dənizə şeir yazan şairlərimizin arasında Ənvər Əlibəylinin özünəməxsus yeri var. Dəniz vurğunu olan şairin "Ürəyimdəsən" adlı kitabının bir fəsli "Ləpələr" adlanır. Şair heyrətlənərək, qağayıya bənzəyən, bir-birini izləyən ağ köpüklü ləpələrə sualla müraciət edərək deyir:

 

Qanadlı quşmusunuz,

Hayandan uçmusunuz?

Ləpələr, ay ləpələr.

Nə qədər kövrəksiniz,

Döyünən ürəksiniz,

Ləpələr, ay ləpələr.

 

Əbəs deyil ki, Xəzərin sahilində böyüyən şair canından artıq sevdiyi Xəzərə deyir:

 

Suların göylərə bənzər,         

Səni ulduzlar bəzər.   

Səni mən çox sevirəm, bil,    

Öz canımdan da, Xəzər!

 

Bu sevgi nəğmələrə çevrilən lirik, həzin bir melodiyadır. Şairin poeziyasında, mahnı yaradıcılığında dəniz mövzusu xüsusi yer tutur.

Ə.Əlibəylinin sözlərinə yazılmış nəğmələr toplusu qarşımdadır. Kitabdakı mahnı mətnlərinin çoxunda dəniz motivi izlənilir. Həmin şeirlərdə gah dənizin mavi rəngini görürsən, gah insanın ruhunu oxşayan səsini, pıçıltısını eşidirsən, gah gözləri oxşayan gözəlliyinə heyran olursan, gah sahilə tələsən mavi dalğaların ətrini duyursan, gah da gecə ulduzları əks etdirən sükutuna qərq olursan.

Dəniz sədalı bu mahnıların musiqisini görkəmli bəstəkarlarımız bəstələmiş və Rəşid Behbudov, Müslüm Maqomayev, Şövkət Ələkbərova, Rübabə Muradova, Gülağa Məmmədov, Nərminə Məmmədova, Flora Kərimova, Mirzə Babayev kimi sevimli müğənnilər ifa etmişlər.

Şair bu gözəl mahnılarda dənizin seyrində gördüklərini şirin musiqi sədaları altında müxatibinə çatdırmaq istəyir, oxucusunu bu gözəllikdən zövq almağa çağırır, Xəzərin gözəlliyini, rəngini, səsini, ətrini, təlatümünü, sükutunu bizimlə bölüşmək istəyir.

 

Ə.Əlibəylinin yaxın dostu məşhur cərrah və gözəl bəstəkar İbrahim Topçubaşovun şairin sözlərinə bəstələdiyi "Xəzərim" adlı mahnıda sadalanan həmin məqamları izləmək olar:

 

Xəzərim, öz Xəzərimsən,

Mənim göygöz Xəzərimsən.

Hər dalğan bir nəğmə deyir,

Nə gözəlsən, Xəzərim!

 

Onun dəniz şeirlərini oxuduqca dənizlə şairin özü arasında bir bənzərlik duyursan. Dənizi alqışlayan aşağıdakı misralardan bu bənzərliyi sezə bilərik:

 

Vurulmaqçın dənizə

Kifayətdir bir baxış,

Bütün gözəlliyini

Xəsislik eləmədən

Bizim üçün xərcləyən

Dənizə alqış!

 

Ənvər Əlibəyli də Tanrının, zamanın, bəy nəslinin ona bəxş etdiyi ağayanalığı, nuru, səmimiyyəti, vurğunluğu, sadəliyi, istedadı dəniz kimi, xəsislik etmədən xalqı üçün xərcləməyi bacardı. Onun haqqında olan yazılardan biri "Təlatümlü şair ömrü" adlanırdı. Belə bir ömür yaşayan şair təlatümlü könlü ilə coşan dəniz arasında bir oxşarlıq görürdü:

 

Hüsnünə baxdıqca görürəm ki, mən,

Səninlə könlümdə bir oxşarlıq var.

Coşur, qanadlanır ara vermədən

Səndə mavi sular, məndə duyğular.

 

Könül dəniz, ürək isə şair üçün dayanmadan axan bir çay kimidir. Aşağıdakı misralarda bir ürək döyüntüsü eşidilir.

 

Ax, ey çay, durmadan, ax dayanmadan,

Döyünən ürəyə oxşarlığın var.

Ürək dursa əgər, məhv olar insan,

Sular dayansalar, çay da quruyar?

 

Xəzərə üz tutan şairin aşağıdakı misralarından da dənizə bənzəyən ürək çırpıntısının səsi gəlir.

 

Həmdəmin var külək kimi,

Ətirlisən çiçək kimi,

Bir an sakit durmayırsan,

Çırpınırsan ürək kimi.

 

Ə.Əlibəyli təkcə özündə deyil, şair dostlarında da dənizlə bir oxşarlıq görür. Xalq şairi Rəsul Rzaya ünvanladığı "Şair dostuma" adlı şeirindən olan misralara nəzər salsaq, bir dəniz görərik:

 

İnsanların səsidir

Sənin yazdığın şeir.

Sahilsiz dəniz kimi

Bəzən sakit görünür,

Bəzən coşur, qaynayır,

Köpüklərə bürünür.

 

Əziz oxucu, Ə.Əlibəyli poeziyasının "Dəniz" melodiyasının həzin ahəngini səninlə birgə dinləmək, dənizlə bağlı motivlərə səninlə birgə üz tutmaq istərdim.

Gözəllik: Şairin dənizin gözəlliyinə özünəməxsus bir yanaşması var. Ə.Əlibəyli poeziyasının "Dəniz" melodiyasının əsas leytmotivi Xəzərimizdir. Şair, "Nə gözəlsən, Xəzərim" xitabı ilə, aydın suları olan dənizin gözəlliyindən bəhs edir, onu ulduzlu göylərə, sahildəki qumlarını isə mirvariyə bənzətməklə Xəzəri vəsf edən lirik bir lövhə yaradır:

 

Xəzərim, şən Xəzərim,          

Sahili gülşən Xəzərim,          

Suların aynatək aydın,          

Nə gözəlsən, Xəzərim!

 

Şair üçün Xəzər onun doğma şəhərinin möhtəşəm bir bəzəyidir. Xəzərin mavi ləpələri gündüz gümüşü, axşamlar qızılı don geyərək, füsunkar bir mənzərə yaradır. Ramiz Mustafayevin şairin "Bakı axşamları" adlı şeirinə yazdığı mahnıda səslənən bir bəndini yada salaq. Şair əziz şəhərinə üz tutaraq deyir:

 

Axşamlar Xəzərə Ay nur səpələr,

Sinən üstə sənin yanar ulduzlar.

Qızıldan don geyər gümüş ləpələr,

Sənin axşamların olar füsunkar.

 

Rəng: Gecə Ay işığından nur alaraq, rəngdən-rəngə düşən dənizin gah gümüşü, gah da qızılı ləpələri onu valeh edir. Xəzərin rənglər palitrasında dalğalar mavi, ləpələr səmavidir. Gündüz "Mənim göygöz Xəzərimsən", deyən şair Günəş altında bərq vuran dənizin ləpələrini vəsf edərək deyir:

 

Gözləriniz mavidir,

Rənginiz səmavidir,

Ləpələr, ay ləpələr!

 

Bu rəngləri seyr etmək üçün o, sübhdən durar. Bəlkə də Günəşdən erkən dənizin rəngi daha füsunkardır?! Bunu görə bilən onun şair təbiəti, dəniz sevgisidir:

 

Səhər Günəşdən erkən

Dururam yuxudan mən.

Səni hamıdan qabaq

Görmək üçün, ay dəniz.

Ah, nə qədər gözəldir

Rəngin bu gün, ay dəniz!

 

Uşaqlığını dəniz kənarında keçirən şair poetik bir etirafla dənizin yalnız mavi deyil, hərdən şəfəq rəngli olmasını da söyləyir:

 

Çox baxmışam dənizdən Günəşin doğmasına,

Sularda ilk şəfəqin qan rəngini görmüşəm.

 

Gecə dənizinin, sularının gümüşü rənginin təsvirində də özünəməxsus poetik bir təravət duyulmaqdadır. Şair üçün gecə dalğalanan dəniz ərimiş gümüşə çevrilir, ulduzlar kimsəsiz sularda çimir. Dəfələrlə buna tamaşa edən şair deyir:

 

Aydınlıq gecələrdə ulduzların kimsəsiz

Sularda çimməsinə çox etmişəm tamaşa.

Bax, belə gecələrdə dalğalandıqca dəniz

Ərimiş gümüş kimi görünür başdan-başa.

 

Onun Xəzərinin durna qatarı kimi düzülən mavi dalğaları ağ qanadlı, göy gözlüdür. "Sahil" adlı şeirdə ağ, mavi rənglər göz oxşayır:

 

Su bol, Günəş bol,

Ağ qanadlı, göy gözlü dalğalar bol.

Suda Günəşin milyon-milyon zərrəsi

Oxşayır ulduzlara...

 

Baharı kövrəkliklə sevən Ə.Əlibəyli bu gözəl fəsildə dənizin rəngini mavi qanadlı quşa bənzədərək, deyir:

 

Aşdı çaylar, yenə də coşdu dəniz,

Sanki mavi qanadlı quşdu dəniz.

 

Səs: Şair gah coşan, gah aramlaşan dənizin səsini eşidir, bəlkə də heç kəsin eşidə bilməyəcəklərini dinləyə bilir. Xəzər də onu səbirlə dinləyə bilir, coşanda da, aramlaşanda da şairin ən səbirli müsahibinə çevrilir. Xəzərin səsi şair üçün nəğməyə çevrilən bir səsdir. Xəzərin hər dalğası şairə bir nəğmə deyir. Xəzər onun üçün bir bəstəkar, bir nəğməkardır. Dənizin səsi onun üçün ürək döyüntüsüdür, səslənən sarı simdir. Şair gah pıçıltılı, gah təlatümlü dəniz səsini eşidir. Heyranlıqla ləpələrin səsini dinləyən şair həyəcanla dolu suallarla ağ qağayı, mavi gözlü ləpələrdən soruşur:

 

Nə qədər gözəlsiniz,

Döyünən ürəksiniz,

Ləpələr, ay ləpələr.

Nə gözəl nəğməkarsız,

Yoxsa ki, bəstəkarsız?!

Ləpələr, ay ləpələr.

Hər dalğanız simmidir,

Nəğməniz eşqimmidir?

Ləpələr, ay ləpələr.

 

Bəli, bu misralar söyləyir ki, Ə.Əlibəylinin zamandan asılı olmayan, daim onu dinləyə bilən Xəzər kimi lirik bir müsahibi var.

Uşaqlıq: Bu motiv də şairin dəniz melodiyasında əsas məqamlardandır.

Ə.Əlibəylinin uşaqlıq xatirələrinin yer aldığı "Xatirələr" adlı şeiri bütövlükdə dənizlə bağlıdır. Şeirdə kövrək və həzin poetik bir düşüncənin şahidi olursan:

 

Uşaqlıq günlərimi xatırlayıram hərdən,

Yadıma coşqun sular, bir də ki, dəniz düşür.

Xəyalımda quş kimi qanadlanıb ötüşən

Qayalı sahildəki kiçik kəndimiz düşür.

 

İncə poetik ifadələrlə dolu olan bu şeirin hər bəndindən uşaqlığın dəniz ətri gəlir. Dənizin hüsnünə tamaşa edərək gördüyü hər şey: yalçın qayalar, ağ yelkənli balıqçı qayıqları, gümüş pullu balıqlar, sularda qərq olan solğun axşam Günəşi - oxucuya kövrək bir dəniz ovqatı bəxş edir:

 

Biz qanadlı quş kimi uçardıq daşdan-daşa,

Yüyürərdik sahilə, hiss etmədən qaya, dik.

Gah dənizin hüsnünə eyləyərdik tamaşa,

Gah da balıqçılarla sulardan tor çəkirdik.

 

Sevgi: Dəniz şairin poetik duyğularının zərif, kövrək və səmimi ifadəsidir. Şair sevgisini, eşqini Xəzərin genişliyi ilə müqayisə edərək deyir:

 

Genişliyin qəlbimdəki

Eşqə müsavidir, Xəzər!

 

Ə.Əlibəylinin musiqisi Ramiz Mustafayevin olan "Polad" radio-operasında "şikəstə iniltili, bayatı qüssəli" bir mahnısı səslənir. Şairin "soyumuş bir külək" və "dalğalı bir dəniz" təzadının yer aldığı misralarından lirik bir sual eşidirik:

 

Mən səni çox sevirəm,

həm də möhkəm sevirəm,

Amma istəyirəm ki,

səndən mən üz çevirəm.

Gəl qınama məni sən,

Sən mənə tay deyilsən,

Mən soyumuş bir külək,

Sən dalğalı bir dəniz,

Necə tay olaq ki, biz?!

 

Xəzər onun sirdaşıdır, qəlbini ona aça bilir. Ə.Əlibəylinin dəniz mövzulu şeirlərində Xəzərin dalğalarının həm şaqraq səsini, həm də ləpələrinin həzin pıçıltısını eşitmək olur. "Ləpələr pıçıldaşır" adlı şeirdə sevgisini bəyan etməyə cəsarət etməyən şair eşqini astadan Xəzərə söyləyir və dənizin ləpələri pıçıldaşır.

Ləpələrinin pıçıltısı bu eşqin bir əks-sədasına çevrilir, bu eşqə əbədiyyət bəxş edir. Dəniz olduqca, ləpələr qanad çaldıqca şair eşqi qanadlanacaq, yaşayacaq:

 

Mən səni sevirdim,

Lakin deməyə

Cəsarət etmirdim,

Bilmirəm, nədən?

Bir gün sahilə gəldim,

Sular üstə əyildim,

Öz eşqimi yavaşdan

Xəzərə söylədim mən.

Qanad açdı ləpələr,

Pıçıldaşdı ləpələr.

O gündən bu vaxtadək

Şirin bir nəğmə kimi

Ləpələrin dilindən

Eşqim düşməyir bir an.

Mənim eşqimdən deyir

Aşıb-daşan ləpələr,

Pıçıldaşan ləpələr.

 

Ə.Əlibəyli lirikasının "Dəniz" melodiyasında sevgi ilə bağlı kövrək duyğular canlanır. Dənizin həsrətdən coşan dalğaları vüsal ümidi ilə bir-birini izləyir:

 

Dənizdəki iki dalğatəki,

Bir-birinə yaxınıq biz.

Mən sənin ardınca qanad çalıram,

Əsən küləklərdən sürət alıram.

Lakin yenə çata bilmirəm sənə,

Sən sahilə çatanda, mən də sənə çatıram.

Hayıflar ki, bu zaman

Nə mən dalğa oluram,

Nə sən dalğa olursan.

 

Əmək: "Dənizə alqış!" - deyən Ənvər Əlibəyli dənizdə çalışan qəhrəman neftçilərimizə də poetik bir tərzdə alqış deyirdi. Onun "Dalğalar arasında" poeması dəniz neftçilərinin şücaətindən bəhs edir. "Sual" adlı şeiri uzun müddət neftçilərin dilində əzbər olmuşdu:

 

Yerdən çıxan neftə çox vaxt

Qara qızıl - deyirik biz.

Eşitdikcə bu kəlməni

Fərəhlənir ürəyimiz.

Əgər qara neft qızılsa,

Onda, dostlar, deyin görək:

Onu yerin qatlarından

Çıxarana nə ad verək?

 

Ə.Əlibəyli poeziyasında dəniz yalnız lirik lövhələr yaradan poetik obraz deyil, həm də dəniz neftçilərinin şücaətinin təqdimində bədii-emosional təsir gücünü artıran bir poetizmdir. "Dalğalar arasında" poemasında gənc neftçilərin nəğməsi Ə.Əlibəyli poeziyasının "Dəniz" melodiyasının nikbin səsidir:

 

Ayrılmaz dostlarıq biz,

Tükənməzdir qüvvəmiz,

Qarşımızda baş əyir,

Mavi, dalğalı dəniz.

 

Bəli, şairin sevdiyi mavi, dalğalı dəniz yalnız sədaqətli dostluq, şücaətli əmək qarşısında baş əyir. Onun dənizdə çalışan qəhrəmanlarının içində də bir dəniz çağlayır. Xəzərin dərinliklərindən neft çıxarıb, Vətənə bəxş edən neftçilərimizlə şair fəxr edir:

 

Xəzərin qoynunda boranda, qarda,                  

Küləkdə, tufanda, qasırğalarda,                   

Coşanda dalğalar cilovsuz attək,

Gurlayanda göylər, çaxanda şimşək,                 

Dağ tək dalğalara döş gərə-gərə,                   

Dəniz buruğuna getdiyin zaman,

Soyuğa, şaxtaya zəfərlər çalan,

Bakı fəhləsinə sənsən güc verən,

Ey, gözəl Vətən!

 

Son: Dəniz Ə.Əlibəyli poeziyasının ən lirik obrazlarından biridir. Uzun illərdir oxucu qəlbinə yol tapan dənizli bu şeirlər, nəğmələr Xəzər kimi hələ də çağlayır, yaşayır...

 

Təpəni ötən kimi

Açılacaq önündə

Geniş süfrətək dəniz.

Əngin, mavi mehriban,

Göylər kimi tərtəmiz.

Suların üstü xırçın-xırçın,

Dəniz də ürək kimi

Çırpınır yaşamaqçın, yaşamaqçın...

 

P.S. Atama:

Mən Xəzərə baxdım sənin gözünlə,

Dənizi vəsf etdim sənin sözünlə.                         

Səsini dinlədim mavi suların,

Sanki söhbət etdim sənin özünlə. 

(Şəfəq Əlibəyli).

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!