"- Sən harada idin? - deyə Rita soruşdu. - Ya Rəbb! Mən nə qədər həyəcan keçirmişdim! Harda itib-batmışdın? Yaxşı ki, zəng etmişdin, yoxsa lap ağlımı itirərdim...
- Mən sənə çörək gətirmişəm, - Denis İvanoviç səhər lap erkəndən alınmış çörəyi və iki kökəni çantadan çıxara-çıxara gülümsündü..."
Heç inanmaq olmur ki, bu səmimi, xüsusi bir doğmalıqla edilən söhbət dünən səhər saat 9-a qədər birgə yaşadıqları uzun illər boyunca bir-biriylə olduqca narazı şəkildə ömür-gün keçirən, artıq heç də gənc olmayan ər-arvad arasında baş verir. Sanki uzun illər boyu yatıblarmış. Hansısa bir təbiət hadisəsi nəticəsində beqəfil yuxudan oyanıblar. Ya qəfldən illərin qaranlığı çəkilib, bir-birinə qapalı gözləri qəfildən açılıb. Və onlar bir-birini ilk dəfə görən, elə o ilk görüşdəncə sevgi atəşinə tutulan iki yeniyetmə kimi üz-üzə dayanıb.
Necə də səmimi, duyğulu, nəvazişkardılar...
Amma vur-tut bircə gün əvvəl belə deyildi axı.
Durub-dayanmadan öcəşirdilər. Biri o birinin sözünü sinirə bilmirdi. Günləri qalmaqalla, acı göz yaşı, təəssüf hissiylə keçirdi. Kasıblıq güc gəldikcə deyincən qarıya dönürdülər.
Bir gün əvvələ qədər durumları beləydi...
Nə baş vermişdi bu bircə günün içində?
Baxışlar dəyişmişdi... Deyingən dodaqlardan bal süzülürdü, buz kəsmiş yanaqlarda bahar hərarəti vardı. Dünya bir nəğmə idi:
- Sən üzünü və saçını qırxdırmısan? - Rita onu diqqətlə süzdü. - Bu gün çox yaxşı görkəmdəsən.
- Sən də! - o, mətbəxə keçə-keçə dilləndi.
- Mən ət almışam, - Rita onun arxasınca keçdi. - Fikirləşirdim ki, sən çoxdan ət yeməmisən...
- Rita, - Denis onun sözünü yarımçıq kəsdi, - mən səni sevirəm... Rita, - o, hər iki əlilə arvadının boynunu qucaqlayaraq onu özünə doğru çəkib gözlənilmədən soruşdu: - Səbəb nədi ki, bizim uşağımız yoxdur?
- Nə?! - qadın heyrətdən içini çəkdi.
- Nə səbəbə bizim uşağımız yoxdur? - Denis İvanoviç sualını təkrarladı.
- Bilmirəm! - qadın alnını turşutdu. - Bunu nədən soruşursan?
- Axı bizim uşağımız ola bilər. Sən dünyaya uşaq gətirə bilərsən... Gəl yenidən başlayaq. - Denis təklif etdi.
- Elə indi?
- Uzatmağın nə mənası var?..
...- Nə baş verib? Nolub? Bu gün səni tanımaq olmur. Elə bil, səni bir günün içində dəyişiblər...
...- Sabah hər şeyi sənə danışaram, Rita! Bundan sonra sən məni heç yerə buraxma. Rita, sənin yanında sakit oluram!
Xalq yazıçısı Çingiz Abdullayev "Aşkar metamorfoza" povestinə bu möhtəşəm sonluqla nöqtə qoyub. İllər uzunu bir-birinə asi olan, birinin sözü o birinin boğazından keçməyən, hətta adi geyimləri belə bir-birinə əsəb gətirən, ancaq bir dam altında yaşamağa məhkum olan bədbəxt ər-arvadın həyatlarının dönüş nöqtəsi belə nəql olunur.
Gələk bu ani dəyişmənin mənəvi-psixoloji nədənliyi üzərinə. Ömrə bərabər bir günün anlatdıqlarını dönə-dönə incələyək. Bu təsvirlər bütövlükdə olduqca maraqlı, cəlbedici, təəssüratları uzun müddət unudulmayacaq film kadrları kimidi. Gözlənilməz, az qala novellavari hadisələr bir-birini sürəkli şəkildə izləməkdədi. Hadisələrin inkişafı oxucunu xüsusi bir maraq və heyranlıqla özünə çəkməkdədi.
Yuxarıda da qeyd etdiyimiz kimi, Denis İvanoviç həyat yoldaşı Ritanın deyingənliyindən cana gəlib. Ritanın səsi, sürəkli deyingənliyi ona qart bayquş ulartısını belə xatırladır. Ömrünün gənclik çağlarında rəssam kimi böyük ümid doğuran, tabloları diqqət çəkən Denis artıq keçmiş şöhrətinin kölgəsində yaşayır. Yaprıxıb. Üzülüb. Xəstəhaldı. Durumu can üzür. Eynilə əynindəki nimdaş gödəkçə kimidi. Görkəmi ürək bulandırır.
Ritanın Denisə olan hirsi-hikkəsi də bu səbəbdəndi. Getdikcə xəyal qırıqlığına uğradığını daha çox hiss edir. Bu hiss onda acı xatirələr doğurur. İntiqam dərəcəsinə çatmış acığı iti neştərə dönür. Bir sözlə, cütlük, az qala, hər an partlamağa hazır bomba halına gəlib...
Bax elə həmin günlərin birində Denis İvanoviç səhərin gözü açılmamış çörək və kartof almaq üçün evdən çıxır. Az keçməmiş sənətkar kimi bəxti gətirməmiş, amma işbaz kimi olduqca bacarıqlı rəssam dostu Vyaçeslav Orexova rast gəlir. Olduqca zəngin təəssüratı doğuran Orexovla bu arzuolunmaz görüş səfil durumlu Denis İvanoviçin ruhunu sıxır. Təntidir. Amma köhnə tanışı daha da irəli gedir. Üzgün rəssamı tərif dolu sözlərlə rəfiqəsinə - üzü-üzlər görmüş Nadyaya təqdim edir. Nadya yetik qadın fəhmiylə Denis İvanoviçin artıq tükəndiyini, səfil həyat keçirdiyini anında dərk edib, üzünü çevirir. Orexov dostunu yaxın gənlərdə baş tutacaq sərgisinə dəvət edib, xudahafizləşir. Bu sağollaşma miskin görkəmdə olan bəxtsiz rəssamın çiynindən ağır yük götürür. Ayaqlarını zorla sürüyə-sürüyə yoluna davam edir. Vaxtsız dən düşmüş saqqalı belə ona ağırlıq edir.
Və hadisələrin qəfil dönüşü də bu yerdən başlayır... Peşəkar uyuşdurucu alverçisinin polisdən can qurtarmaq üçün lift taxtasına atıb qaçdığı, içərisində güllü miqdarda pul olan çanta təsadüfən Denis İvanoviçin diqqətini çəkir. Bu təsadüf onun həyatını dəyişir. Həmin gün bəxti gətirmiş rəssam taksiyə oturub ən lüks otelə gedir. Dost ölkə prezidentlərinin ağırlandığı odanı sifariş edir. Mehmanxana xidmətçisi Kril Qriqoryeviç bu səfil görkəmli insanın onu ələ saldığını belə düşünür və ömründə ilk dəfə səhv edir. Az sonra Denis İvanoviçin havaya sovurduğu yüzlük dollarları görüncə şaşırır. İtayətkar köpəyə dönür.
Denis İvanoviç bu xidmətçinin araçılığı ilə ən bahalı geyimlər sifariş edir. Ən peşəkar bərbər qadınları otel nömrəsində qarşılayır. Onu incidən, yöndəmsiz dişlərini qaydaya salmıq üçün şəhərin ən bacarıqlı diş həkimlərini otelə dəvət edir. Kril Qriqoryeviçin vasitəsilə əlaqədar banklarla sövdələşir. Bir-iki saat ərzində ən bahalı maşın sahibi olur. Ən möhtəşəm villanın nəqd pulunu ödəyir. Bağ evi alır. Daha nələr-nələr... Sonra da vaxt itirmədən köhnə tanışı Vyaçeslav Opexovun sərgisinə tələsir; təbii ki, ən bahalı avtomobili ilə, şıq geyinmiş, təraş olunmuş halda. Durumu, görkəmi şahanədi. Füsnkardı. Adamın ağlını çaşdıracaq dərəcədə...
Onun bu möhtəşəm gəlişi özü-özünün vurğunu, ədalı Nadyanı belə çaşdırır. Əvvəl tanıya bilmir. İnanmır ki, bu səhər erkən səfil vəziyyətdə olan insan saatlar içində belə dəyişə bilər.
Adamlar Denis İvanoviçi xüsusi ehtiramla qarşılayır. Ona heyrandılar. Artıq xatirəyə dönmüş keçmiş şöhrətinin məstliyini yaşamaqdadı Denis. Ehtişamı önündə ona yaxınlaşmağa ürək etməyən rəssam dostlarına yaxınlaşır, xüsusi ehtiramla onlara nəvaziş göstərir, ciblərinə xərclik qoyur. Bu olayı seyr edən Nadya rəfiqəsi Byaçevlav Orexovu belə unudur. Orexova nifrəti aşıb-daşır. Denis İvanoviçin zədagən durumu onun ağlını başından alıb: "Necə də təvazökardı, - Nadya şəfqətlə düşünürdü. - Gör nə gözəl yumor hissi var... Yəqin ki, o, kral ailəsi üçün işləyir. Ondan xahiş edəcəm ki, portretimi yaratsın. Bəlkə nə vaxtsa Tretyakov qaleriyasına düşəcək. Mən ona hətta çılpaq şəkildə rəsmimi çəkməsinə razılıq verərdim... Ondan uşağa qalmaq istərdim".
Elə həmin gün axşam Nadya Denis İvanoviçin bahalı otel otağında peyda olur. Hər vəchlə bu möhtəşəm rəssamı ələ almağa, yatağına soxulmağa cəhd edir.
Nadya tək deyil, Mehmanxana xidmətçisi Kril Qriqoryeviç də Nadyayla eyni halı yaşamaqdadı... Onunla alqı-satqı müqaviləsi bağlamış kömrük işçisi belə "Əsil kişidi, - deyə heyranlıqla bildirirdi: - Beləsini birinci dəfə görürəm..."
Həmin gün səhər-səhər dükandan çörək və kartof almaq üçün çıxan, səfil görkəmli rəssamın hal-vəziyyəti günün sonunda beləydi...
Amma sən saydığını say! Sayıq polis işçisi gözlənilmədən otelə daxil olur. Bütün olaylar birər-birər, yerbəyer etiraf olunur. Pərdə qalxır, qaranlıq çəkilir. Hər şey, hər kəs özünə, ilkininə qayıdır. Pərişanlıq, ürək sıxılmaları, nifrət dolu baxışlar...
Sevinən, ağır yük altından çıxmış kimi rahatlanan bircə nəfər var - Denis İvanoviç..." Zənginliyin abır yükünə tam gətirməyən rəssam... Sadə evinə dönəcək, illərlə yola getmədiyi xanımını bağrına basacaq, xoş ətrini duyacaq... Nəfəsi təntiyə-təntiyə "Rita, mən səni çox sevirəm" - deyəcək.
Xoşbəxt dəyişmə, arzu edilən çevrilmədi!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
