Şair və yazıçıların amalı yazdıqlarının ünvanına – oxucuya yetişməsi, onları hər kəsin – alimindən tutmuş, “dağda çoban”ına qədər anlaması, “bircə kəlmələri”nin də olsa, yaddaşlarda qalmasıdır. Onlar bu istək və bu missiya ilə ədəbiyyata gəlir, yazıb-yaradır, bundan ötrü ömürlərini xərcləyirlər. Lakin, müəllifinin zəhməti, istedadı və istəyindən asılı olmayaraq, ünvanına yetişməyən əsərlər də olur, həm də az yox. Təkcə yarımçıq qalmış əsərlər deyil, bəzən tamamlanmış əsərlər belə dərc edilmir. Ustad şair Səməd Vurğunun da əsərlərinin böyük bir qismi sağlığında çap edilməmiş, bir neçə şeiri isə (siyasi məzmunlu və konkret ünvanlı), belə demək mümkünsə, hələ də işıq üzünə həsrətdir.
Araşdırmalar nəticəsində S.Vurğunun, təxminən, 410 şeir qələmə aldığını müəyyənləşdirmişik. Qəribəsi odur ki, bu şeirlərin, təxminən, 175-i – yazdıqlarının böyük bir hissəsi şairin sağlığında çap olunmamışdır. Onun, təkcə şeirləri deyil, xeyli ədəbi-tənqidi və publisistik məqalələri də sağlığında işıq üzü görməmişdir. Bu əsərlərin çap olunmamasının səbəbləri sırasında əsərlərin bir qisminin tamamlanmaması, bəzilərinin bədii keyfiyyət baxımından şairin özünü də razı salmaması, “oxucu mühakiməsinə veriləsi səviyyədə” işlənməməsi ilə yanaşı, siyasi rejim təhdidi və avtosenzura da geniş yer alır. Sonuncu səbəb şairin yaradıcılığı və şəxsiyyətinə birmənalı olmayan indiki yanaşmalara aydınlıq gətirilməsində yaxından köməklik göstərir.
Məlumdur ki, avtosenzuranı “aktuallaşdıran” şair və yazıçıları “sözəbaxımlığa” təhrik edən sovet siyasi rejimi olmuşdur. Ədəbiyyat və ədəbi proses haqqında təsəvvürü mətbuat vasitəsilə tənqid yaratsa da, onu da idarə edən mövcud rejim idi. Siyasi rejim ədəbiyyatın qarşısında qoyduğu vəzifələrin yerinə yetirilməsinə nəzarəti ədəbi tənqid vasitəsilə həyata keçirsə də, qorxu və xofun qaynağı, təqib və təzyiqin təşkilatçısı siyasi sistem idi. S.Vurğunda da daxili senzoru formalaşdıran çap olunmuş əsərləri haqqında rejimin tənqidin dili ilə söylədiyi fikirlər və şairə qarşı təşkil etdiyi hücumlar idi.
Sovet dövrü Azərbaycan ədəbiyyatında işğalçılıq siyasətinin (milli-mənəvi dəyərlərin aşınması və aşağılanması, rus dilinin bütün sahələrdə tətbiqi) sovetlər zamanında da davam etməsinin açıq şəkildə göstərilməsi qorxulu olduğundan, hadisələrin çar Rusiyası dövrünə keçirilməsi, yaxud onları dövrün siyasi rəhbərlərinin (Leninin, Stalinin və b.) şüarları fonunda təqdimi, eləcə də başqa dövlətlərə keçirilməsi bir “ədəbi priyom”a çevrilmişdi. Bu üsul ilə qələmə alınmış əsərlər S.Vurğunun da yaradıcılığında yer tutur. Məcburiyyət qarşısında qaldığından məlum üsuldan istifadə edərək, sovet dövründə də davam edən işğalçı siyasətin tarixini, bəzən çar Rusiyası dövrünə keçirsə də, onun qaldırdığı problemlərin sovet dövründə də yaşandığını rejim, o sıradan, senzura və eləcə də bir çox insanlar anlayırdı. Bu səbəbdən də şair bu mövzuda yazdığı əsərlərin bir qismini, ya çap etdirə bilmir, ya da onlar ixtisarlarla çap olunurdu (görkəmli şair, səriştəli vurğunşünas, Bəxtiyar Vahabzadə nəfəsini “əcdad nəfəsi”nə bərabər tutduğu S.Vurğunun onun millətçi adlandırılan “Ana dili” şeirinin bu “üsul” ilə çap olunmasına kömək etdiyini də xatırladır)...
Şairin bu üsul ilə qələmə aldığı şeirlərdən biri çap etdirə bilmədiyi “Böyük revolyusiya” şeiridir:
Üç yüz il acımadan, titrəmədən, duymadan,
Hey diddi köksümüzü çarlığın zülüm quşu.
Üç yüz il acımadan, yorulmadan, doymadan,
Hey sordu qanımızı, hey içdi qanımızı.
Üç yüz il, hey üç yüz il ac-yalavac dolandıq,
Zəncir, buxov taxıldı haqqın dodaqlarına.
Şair 1936-cı ildə qələmə aldığı və çap etdirə bilmədiyi “Lənkəran şeirləri”ndə də Sara adasında ucalan qoca çinara müraciətlə rus işğalını – çar ordusunun Azərbaycana hücumunu, xalqa zülm etdiyini, lakin qəsbkar orduya rəhbərlik etmiş generalın yerli qəhrəmanlar tərəfindən öldürüldüyünü, onun məzar daşının xalq tərəfindən nifrətlə qarşılandığını xatırladır. Xalqımızın həm başına gətirilən faciələrin, həm də fatehlik, qəhrəmanlıq tarixinin unutdurulduğunu, elmi tarixinin yazılmadığını, gənclərə çatdırılmadığını diqqətə çatdırır və bu laqeydlikdə alimləri, xüsusilə də tarixçiləri qınayır:
Arif gərək məni qansın,
Tarixçilər qoy utansın!
Yazılmamış tariximiz,
Tarixsizmi yarandıq biz?!
Xatırladaq ki, Akademiyamızın təsisçilərindən olan və daha sonra vitse-prezident seçilən S.Vurğun üçcildlik Azərbaycan tarixinin, eləcə də üçcildlik Azərbaycan ədəbiyyatı tarixinin hazırlanmasına yaxından köməklik göstərmişdir.
Haqqında danışdığımız “üsulun izləri” diqqətlə nəzər yetirdikdə, “Vaqif” dramında da görünür. Əsər haqqında deyilən “Təsvir olunan XVIII əsr hadisələrində 1937-ci ilin “podteksti”ni tanımaq çətin deyil” fikri inkaredilməz həqiqətdir. Bizə görə isə əsərin digər “podtekstində” S.Vurğun (“Gərək fars dilində yazsın sənətkar”) fars işğalından çox, rus işğalını nəzərdə tutmuş və bu işğalın sovet dövründə davam edən acı nəticələrinə işarə etmişdir. Bu səbəbdən də: “Gərək fars dilində yazsın sənətkar” misrasının “Gərək rus dilində yazsın sənətkar” kimi oxunması daha inandırıcıdır. Çünki, əsərin yazıldığı dövr üçün ruslaşdırma siyasəti daha çox aktuallıq kəsb edirdi. “Türk” sözü leksikondan, eləcə də S.Vurğunun əsərlərindən şairin elə “Vaqif” dramı üzərində çalışdığı vaxtlarda çıxarılmış (Dedin ki, türk dili, türk şeiri gərək – Dedin ki, el dili, el şeiri gərək; Çadrasız, boyasız türk qızlarından – Çadrasız boyasız el qızlarından; Çevirdim ilk dəfə türkün dilinə – Mən çevirdim Azərbaycan dilinə – Çevirdim Vaqifin şirin dilinə və s.), sonrakı illərdə də aparılan ruslaşdırma siyasətinə qarşı S.Vurğun etirazını bildirmişdir.
Şairin rus işğalına həsr edilmiş xeyli əsərinə senzorlar müdaxilə etmiş və onlar ixtisarla dərc olunmuşdur. “Aslan qayası” poemasından 60 misralıq böyük bir parçanın ixtisar edilməsinin səbəbi də həmin problemlə bağlı idi. Təqdim etdiyimiz bir neçə bənddən də parçanın ixtisar edilməsinin səbəbi aydın görünür:
O gündən titrədi yurdun üstündə
Cütbaşlı qartalın qanlı bayrağı.
Tarixin doğduğu o qara gündə
Böyük bir ölkənin söndü çırağı.
...Yüz il biz ayrıldıq ana dilindən,
Məktəbin adına dedik – “şkola”.
Oxucum! Bir daha nəzər yetir sən
Keçdiyin o qanlı, o qorxunc yola.
Yüz il Füzuliyə həsrət qalaraq,
Doğma anamıza – söylədik “mama”.
Yüz illik yuxuya birdən dalaraq,
Yatdıq, gözümüzdən yaş dama-dama...
Eyni xarakterli ixtisarlar və əvəzləmələr şairin bir çox əsərində, hətta “Azərbaycan” şeirində belə aparılmışdır: avtoqrafında 1-ci bəndin 3-cü misrasındakı: Terekləri, arazları – misrasının ikinci çapından: Sakit axan arazları – şəklində dəyişdirilməsinin səbəbi, məhz “Terek” adının heç də uzaq olmayan keçmişdə Azərbaycanın şimal sərhədlərinin Dəmir qapı Dərbəndə qədər uzanmasına və torpaqlarımızın ruslar tərəfindən işğalına işarə etməsi olmuşdur.
Müşahidələr S.Vurğunun sovet imperiyasının müstəmləkəçilik siyasətinə qarşı cəsarətlə çıxdığından, bədii əsərləri ilə yanaşı, publisistik məqalələrində, məruzə və çıxışlarında da problemə kəskin reaksiya verdiyindən xəbər verir.
Kommunist rejimi, məlum olduğu kimi, “böyük qardaşın dili”nə – rus dilinə keçmək siyasətini çökənə qədər (1991), o sıradan, 1930-1940-cı illərdə də davam etdirmişdir. Sovet dövründə, bütün müəssisələrdə, eləcə də musiqi məktəblərində işlər rus dilində aparılmış, hətta Bakıdakı musiqi məktəblərində Azərbaycan şöbələri olmamışdur. Şair 1942-ci ilin sentyabrında Bakıda “Muğamat və xalq mahnılarının ifası” ilə bağlı keçirilən müşavirədəki çıxışında Azərbaycan gənclərinin Avropa musiqisinə (bizə görə o, “Avropa musiqisi” adı altında ilk növbədə rus musiqisini nəzərdə tutmuşdur) aludə olub, milli musiqimizə barmaqarası baxmalarını “xalq qarşısında xəyanət” adlandırmış, öz yaradıcılığını “ölənə qədər Füzulinin, Vaqifin üzərində aparacağ”ını bəyan etdikdən sonra doğma dilimizin sıxışdırılıb aradan çıxarılmasına, başqa sözlə, rejimin ruslaşdırma siyasətinə qarşı çıxmış, demişdir ki,“Biz musiqi məktəblərində, nəinki Azərbaycan şöbəsi açmalıyıq, hətta musiqi məktəblərinin bütün işlərinin 90 faizini Azərbaycan dilində aparmalıyıq. Onun adı Azərbaycan Musiqi məktəbidirsə, orada Azərbaycan dili də hakim olmalıdır. Bu işlə İncəsənət İşləri İdarəsi, birinci növbədə, Üzeyir bəy məşğul olmalıdır. Yaxşı bir sənətkar kimi inkişaf etmək istəyirsənsə, ayağını qoyduğun torpağa möhkəm basmalısan”.
Bu fikirlər sovet dövründə, əlbəttə ki, millətçilik kimi qəbul edilir və bu əqidənin sahibləri ciddi cəzalandırılırdı. Xatırladaq ki, S.Vurğun bu çıxışı edəndə və bu təklifləri irəli sürəndə Azərbaycan Yİ-nın sədri idi, statusu və ümumiyyətlə mühit ondan tamam başqa ruhda çıxış etməyi tələb edirdi. Milli ruh və milli dəyərlərə sadiqlik borcu isə, göründüyü kimi, şairi qətiyyətli və eyni zamanda qorxulu addımlar atmaqdan çəkindirmir.
Rusiyalı həmkarları, o sıradan, Azərbaycan poeziyası antologiyasının tərcüməsi üzərində birlikdə işlədikləri (1937-1938) şair, tərcüməçi, dramaturq Pavel Antokolski də S.Vurğunu milli-mənəvi dəyərlərə, xalq dastanlarına, klassik ədəbi ənənələrə – “Azərbaycan şeirinin böyük ağsaqqalları olan Füzuli və Vaqifdən irs qalan ənənələrə sadiq” qalan bir şair kimi dəyərləndirir və maraqlı bir hadisəni – azərbaycanlı gənc bir bəstəkarın ilk simfoniyasının Moskvada uğur qazanmasının bir məclisdə müzakirə edildiyini xatırladır. Musiqişünaslardan biri gənc bəstəkarın uğurunun səbəbini onun dünya şöhrətli alman bəstəkarı Baxdan rus bəstəkarı Musorqskiyə qədər, bütün qüdrətli bəstəkarlardan öyrənməsi, faydalanması ilə əlaqələndirir. Məclisdə iştirak edən Səməd Vurğun ayağa qalxıb, natiqin sözünü kəsir və gənc bəstəkarın uğurunun səbəbini aşıqlarımızdan, Üzeyir bəydən öyrənməsi ilə əlaqələndirir (xatirələrdə şairin M.C.Bağırov tərəfindən “rus dilinə nifrət etməkdə ittiham edilməsi” və şairin ona sərt cavabı da (“İstəmirəm ki, övladlarım mənim əsərlərimi rus dilində oxusun!”) yer alıb...).
S.Vurğun “rus əlifbası”na keçirilməsinə də xalqımızın milli-mənəvi dəyərlərindən uzaqlaşdırılması kimi yanaşmış və müzakirə adı ilə keçirilən “açıq yığıncaqlar”da ona qarşı çıxmışdır. Belə “müzakirələr”dən birində şair əlifbamıza “я”, “ю”, “щ”, “ц” kimi hərflər daxil edilməsinə etiraz etmiş, yığıncağa rəhbərlik edən dövlət nümayəndəsi Teymur Yaqubova sərt cavablar vermişdir. Çıxışlarında dilimizi “xalqın namusu, vicdanı, tarixi” adlandıran şair bir sıra tərcüməçilərin də işlərinə vicdansızcasına yanaşdığını cəsarətlə tənqid edirdi.
S.Vurğun azərbaycanlıların milli-mənəvi dəyərlərini inkar edən bəzi rus-sovet alimləri ilə də mübarizə aparmış, onlara kəskin etirazını bildirmişdir. Məsələn, M.İbrahimovun məruzələrindən birində Nizami dövrünü Azərbaycan mədəniyyətinin qızıl dövrü adlandırması ilə rus alimi Skosırev razılaşmır. Mülahizəsinin təsdiqi üçün o, N.Gəncəvinin əsərlərini fars dilində yazmasını nümunə gətirir və Şirvanşahlar dövlətini “yadelli işğalçılar” adlandırır. S.Vurğun bu məsələni sovet yazıçılarının XI plenumunda qaldırır və soruşur: “Əgər belə isə, bəs Nizami hansı bir zəmin üzərində öz böyük əsərlərini yaratmışdır? Skosırevin iddiasına görə başdan-başa savadsız və dilənçi bir xalq necə oldu ki, Nizamini yaratdı? XII əsr Azərbaycan mədəniyyətindən danışarkən Skosırevə bu qara boyalar nə üçün lazım olmuşdur? Budurmu keçmişə tənqidi münasibət? Məncə, bu, tarixi həqiqəti təhrifdən başqa bir şey deyildir”. Daha sonra şair bir peşəkar tarixçi kimi Şirvanşahlar və Eldəgizlər dövlətinin Azərbaycanın milli dövlətləri olduğuna və onların vaxtında ölkənin mədəni yüksəlişə nail olmasının səbəblərinə aydınlıq gətirir...
Tanınmış rus ədəbiyyatşünasları ilə S.Vurğunun milli-mənəvi dəyərlərin qorunması sahəsindəki mübahisələri 1950-ci illərin əvvəllərində də, xüsusilə də, onun “Böyük sənət məsələləri” və “Şairin hüquqları” məqalələri ilə bağlı yaranmışdı. Rejim İttifaqa daxil olan “bütün xalqların sovet vətəndaşı olduğunu və bir amal – kommunizm uğrunda mübarizə” apardığını əsas gətirib, millətlər arasındakı fərqi, yalnız milli dillərdə görür, digər milli özgürlükləri aradan qaldırmağa çalışırdı. Bu siyasət bədii ədəbiyyata da şamil edilirdi. Əslində mübahisənin səbəbi, göründüyü kimi, köhnə – yenə sovet hökumətinin vahid “sovet milləti və sovet ədəbiyyatı” uğrunda uzun illərdən bəri apardığı məkrli siyasət idi. S.Vurğun bu siyasətə qarşı çıxır, xalqların milli xüsusiyyətlərini yalnız milli dillər arasındakı fərqlərdə görənlərə açıq etirazını bildirirdi: “Dünyada bir çox xalqlar vardır ki, eyni bir dildə danışırlar, lakin onların milli xarakterləri müxtəlifdir. Hər bir xalqın özünün xüsusiyyətləri: öz məişəti, öz ənənələri, adətləri və zövqü vardır ki, bütün bunlar da əsrlər boyunca yaranıb inkişaf etmişdir, hər bir xalqın öz təfəkkür tərzi və dünyanı dərk etmək üsulu vardır... İnsandakı milli xüsusiyyətləri düzgün və bütün rəngarəngliyi ilə təsvir etmək böyük və parlaq xarakterlər yaratmaq üçün zəruri şərtdir”.
Bir çoxları, o sıradan, tanınmış ədəbiyyatşünas E.Qorbunova məsələnin bu cür qoyuluşuna etirazını bildirir və S.Vurğunu iki ciddi səhvə yol verməkdə: 1) milli xarakterin mahiyyətini yanlış anlamaqda – problemə marksist yanaşmadan uzaqlaşmaqda; 2) “millət” və “milli xarakter” anlayışlarının dəyişkən olduğunu nəzərə almamaqda günahlandırır. Mülahizələrini Lenindən, Stalindən, Malenkovdan və b. partiya funksionerlərindən sitatlar gətirməklə əsaslandırmağa çalışır və nəhayətdə şairi “praktikadan kənar, yanlış nəticələrə səbəb ola biləcək abstrakt fikirlər irəli sürməkdə” ittiham edir. Əlbəttə, bunlar ciddi və təhlükəli ittihamlar idi. Lakin, S.Vurğun bu məsələlərə, xüsusilə də, milli xarakter məsələsinə, təxminən, iki ay sonra çap etdirdiyi “Şairin hüquqları” məqaləsində daha ətraflı və əsaslı şəkildə toxunur, bədii ədəbiyyatın başlıca vəzifəsini və gələcək yolunu “millətlərin, milli dillərin və milli mədəniyyətlərin çiçəklənməsində” görür. Şair bu çıxışlarına görə ciddi cəzalandırıldığını da xatırladır: “Mən bu məsələyə (milli xarakter məsələsinə – A.S.) “Şairin hüquqları” məqaləmdə də toxunmuşdum... Ancaq bu məqaləyə görə mən Azərbaycanda nəinki mənən, hətta fiziki cəhətdən də zərər çəkdim. Elə yüksək mənsəb sahibləri tapıldı ki, məni bir sinif kimi ləğv etmək üçün bütün əsərlərimin teatrların repertuarlarından çıxarılması barədə sərəncam verdilər”...
Bizə görə S.Vurğun “Zəncinin arzuları” poemasını da xatırlatdığımız üsul – problemi başqa dövlətin ərazisinə keçirməklə qələmə almışdır. Poema, məlum səbəbdən, Azərbaycan sovet ədəbiyyatşünaslığının daim diqqətdə saxladığı və geniş təbliğ etdiyi əsərlərdən olmuşdur. O da şairin beynəlxalq mövzuda qələmə aldığı, məzmun və problematika baxımından səsləşdiyi “Ölüm kürsüsü” poeması və “Avropa xatirələri” silsiləsindən olan şeirləri kimi (“Ana heykəli”, “Alman bənnası və sovet zabiti”, “Eduard Maze”, “Rəssamın son əsəri”, “Ziyafət” və s.), əsasən siyasi mövqedən dəyərləndirilmiş və “Amerika zəncilərinin hüquqsuzluğu”nun, eləcə də “ziddiyyətlər içərisində boğulan imperializm dünyasının ifşasına həsr olunmuş əsər” kimi təbliğ edilmişdir. Poemanın müəllifi isə “imperializmin göbəyini nallayan” (?!) inqilabi poeziyanın, yalnız Sovet İttifaqında deyil, bütün dünya miqyasında ən görkəmli nümayəndələrindən biri” hesab edilmişdir. Doğrudur, bütün sovetlər dönəmində ədəbiyyat haqqında elmin qarşısında qoyulan əsas vəzifə bədii əsərə, ilk növbədə, partiyalı – siyasi qiymət vermək olmuş və bu yanaşma filoloji araşdırmalara, o sıradan, vurğunşünaslığa da təsirsiz ötüşməmişdir. Belə ki, şairin sovet quruluşunu tərənnüm edən əsərləri ardıcıl tədqiq və təbliğ edildiyi halda, onun Rusiyanın Azərbaycanı işğalına, eləcə də Azərbaycanın cahangirlik tarixinə, milli-mənəvi dəyərlərin aşınmasına, mövcud siyasi sistemə və diktatura rejiminə qarşı çıxmasına, özünün təqib və təzyiqlərə məruz qalmasına... həsr etdiyi əsərlərin bir qismi, ya nəşr zamanı senzura müdaxilələrinə məruz qalmış, ya birtərəfli araşdırılmış, ya da ümumiyyətlə tədqiqata cəlb edilməmişdir (S.Vurğunun “ağ günlər şairi, kommunizmin tərənnümçüsü” kimi qələmə verilməsinin səbəblərindən biri də budur). Şairin beynəlxalq mövzuda qələmə aldığı əsərlərə, o sıradan, “Zəncinin arzuları” poemasına isə daha çox siyasi maraqlar mövqeyindən yanaşılmışdır. Bu əsərin “siyasi məzmunlu ictimai manifest” adlandırılması da mülahizəmizi təsdiq edir. S.Vurğunun əsərin tarixçəsi haqqında verdiyi məlumatlar da poemanın üst qatında yer alan məzmunu ilə təmaslaşır. Şair deyir: “Amerikadan gəlmiş bir zənci rəssamın nitqi konqresdə iştirak edənlərə böyük təsir bağışladı. O, Amerika zəncilərinin hüquqsuzluğundan danışaraq dərin bir həyəcanla belə dedi: “Mən bir rəssamam, özüm də amerikalıyam. Ağdərili bir rəssam ilə bərabər səviyyədə yaşamaq istəyirəmsə, təbiət məni o zaman zənci deyil, dərisinin rəngi ağ olan bir adam yaratmalı idi. Mən öz qabiliyyətimdə ağdərili bir rəssamla bərabər olsam da, normal bir həyat keçirmək imkanlarından məhrumam, bunun səbəbi də dərimin qara olmasıdır. Lakin mən öz sifətimin qaralığı ilə fəxr edirəm, çünki hər bir həqiqi insan öz irsiyyəti ilə fəxr etməlidir”.
Toxunulan mövzular, yəni zəncilərin acınacaqlı həyatı, hüquqsuzluğu və imperializmin tənqidi, doğrudan da, poemada yer almışdır. Belə ki, dünyaya qaranlıq bir daxmada göz açmış qara zəncinin eşitdiyi ilk layla anasının çörək dərdidir, o, yarandığı gündən gülməyin nə demək olduğunu bilmir, böyüdükdən sonra isə istedadlı bir rəssam olsa da, dərisinin qaralığına görə evsiz-eşiksiz yaşamağa məcbur olur, ictimai yerlərə buraxılmır, addımbaşı təhqir və təzyiqlərə məruz qalır. Qara zənci hüquqlarının tapdanmasında imperialist qüvvələri ittiham edir, bununla da kifayətlənmir – müstəmləkə altında yaşayan xalqları zülmkarlara, kapital dünyasına qarşı mübarizəyə səsləyir və bu savaşın qələbə ilə bitəcəyinə onlarda inam yaradır. İmperialist qüvvələrə rəhbərlik edən Amerikaya müraciətlə deyir ki, “Amerika, hər qərarı, hökmü verən zaman olur; Bil ki, qullar dünyasının intiqamı yaman olur”. Bunlar əsərdə, daha çox da onun üst qatında yer alan və hər kəsin aşkar görüb hiss etdiyi mövzulardır. Əsərin “mətninin bətni”ndə isə “başqa informasiyalar” da yer alıb – “zəncikimilər”in – torpaqları işğal olunan, əsarət altında yaşayan məzlum Şərq xalqlarının, o sıradan, azərbaycanlıların da hüquqsuzluğu. Biz bu poemanı həm də şairin xeyli əvvəl qələmə aldığı “Aslan qayası” (ilk avtoqraf nüsxəsində “Aslan və Mahnigar”), “Dar ağacı”, “Acı xatirələr”, “26-lar” poemaları, eləcə də, “Üç yüz il”, “Böyük revolyusiya”, “20 bahar”, “Yandırılan kitablar” və b. şeirlərinin davamı hesab edirik. Biz şairin həm “Zəncinin arzuları” poemasında, həm də, təxminən, eyni günlərdə (28 oktyabr 1948) qələmə aldığı “Körpünün həsrəti” şeirində eyni hissləri yaşadığını görürük. Başqa sözlə, S.Vurğunun adıçəkilən əsərlərdə toxunduğu və təsvir etdiyi tarixi yaddaş konteksti “Zəncinin arzuları”nda müəllif yaddaşı motivləri kimi iştirak etmişdir.
Qənaətimizə S.Vurğunun afrikalı zəncinin dilindən dediyi: “Həqiqi azadlıq irq, milliyyət və ölkə fərqindən asılı olmayaraq, hər yerə yayılmalıdır!” fikri də qüvvət verir və “hər yer”in içərisində biz, təkcə, Cənubi Azərbaycanı deyil, əsərlərindən birində şairin “ikiyə bölünmüş ürək” timsalında təsvir və təqdim etdiyi (Axma, Araz! Dayan, Araz!; İnsaf eylə bizə bir az; Bir ürəyi iki yerə; Cəllad kimi bölmək olmaz) güneyli-quzeyli Azərbaycanı görürük.
Məzmununun anlaşılmasına yardımçı olacağını nəzərə alıb, poemanın tarixçəsi haqqında qısaca məlumat verməyi də lazım bilirik: İkinci Dünya müharibəsindən sonra Sovet İttifaqı ilə Amerika arasında dünyanın tək qütbdən idarə edilməsi uğrunda mübarizə daha da kəskinləşmiş, Şərq ölkələrində gedən azadlıq hərəkatları daha geniş vüsət almış və onların müharibədən qalib çıxmış Sovet İttifaqına rəğbəti artmışdı. Mövcud situasiyadan yararlanaraq, geosiyasi məkanda yeni dünya nizamı qurmağa cəhd edən sovet rejimi müstəqillik yoluna qədəm qoymuş xalqların mübarizəsinə rəhbərlik etmək və onu daha da gücləndirmək məqsədilə məxsusi tədbirlər təşkil edirdi. Bu mübarizəyə, təbii ki, ədəbiyyat da qoşdurulmuşdu. Azərbaycan sovet ədəbiyyatının müharibədən sonra qarşısında dayanan iki mühüm vəzifədən biri “xalqın əmək cəbhəsindəki qəhrəmanlığının təsvir və tərənnümü” idisə, digəri də “...irqi ayrı-seçkiliyə qarşı çıxmaq, müstəmləkə zülmü altında inləyən, hər cür təhqirə məruz qalan xalqların, xüsusən, Cənubi azərbaycanlıların azadlıq səsinə səs vermək” idi.
Siyasi konyukturanı kənara qoysaq, o illərin ədəbiyyatında sadalanan mövzularda xeyli dəyərli əsərlər meydana çıxmışdır. S.Vurğun həm Cənubi Azərbaycan, həm də beynəlxalq mövzuda hələ 1930-cu illərin əvvəllərindən başlayaraq, bir neçə əsər yazmış (“Ölüm kürsüsü”, “Təbriz gözəlinə” və s.), həmin mövzuları 1940-cı illərdə daha da genişləndirmişdir (“Avropa xatirələri” silsiləsindən olan şeirlər, “Yandırılan kitablar”, “Körpünün həsrəti” və s.). Yəni, əsər gerçəkdə baş verən konkret hadisəyə həsr edilsə də, onun “reproduksiyası” deyil, yüksək sənətkarlıqla qələmə alınmış, tarixi yaddaş və müəllif təxəyyülü ilə zəngin olan polifonik poema-monoloqdur.
Yuxarıda “Zəncinin arzuları”ndan sovet təbliğat maşınının daha çox ideoloji vasitə kimi istifadə etdiyini vurğulamışıq. Əslində bunun səbəbi başadüşüləndir – imperialist dövlətlərə qarşı ideoloji mübarizə kommunist rejiminin başlıca vəzifəsi idi. Lakin, qara zənci və onun haqqındakı poemanın şairin milli mövzuda yazdığı əsərləri qədər populyar olması, Azərbaycan oxucusu tərəfindən bu qədər sevilməsi, bütöv parçaların çoxlarının dilinin əzbərinə çevrilməsi maraq doğurmaya bilmir və biz bunun təbliğatdankənar özəl səbəbləri olduğunu da düşünürük. Doğrudur, S.Vurğunun bir çox əsərlərini – həm dramlarından və poemalarından parçaları, həm də bir çox şeirini çox oxucular əzbər bilmiş və bilirlər (S.Vurğunun əsərlərinin itib-batmaq qorxusu yoxdur: onun əsərləri fiziki, yaxud texniki səbəbdən məhv olarsa, onları hafizələrdən toplayıb bərpa etmək mümkündür – bu və bunaoxşar fikirləri çoxları səsləndirmişdir). Amma etiraf edək ki, populyarlaşan və əzbərlənən əsərlərin çoxu azərbaycançılıq mövzusunda yazılan əsərlər olmuşdur. Məsələn, deyək ki, əksər Azərbaycan oxucusunun “Vaqif” dramında Vaqiflə Qacarın qarşılaşması səhnəsini əzbərləməsinin səbəbi Vətən sevgisi ilə əlaqəlidir. “Muğan” poemasındakı və şeirlərindəki təbiətlə bağlı parçaların əzbərlənməsi, yenə də doğma yurd sevgisi ilə bağlıdır. Başqa sözlə, şairin əsərlərinin xalq tərəfindən sevilməsinin başlıca səbəbləri – azərbaycançılıq məfkurəsi – Vətən sevgisi, milli ruh, saf və təmiz xalq dilidir. Əgər belədirsə, beynəlxalq mövzuda yazılmış bir poemaya nəyə görə Azərbaycan oxucusu milli ruhda yazılan əsərlər qədər rəğbət bəsləmiş, onu sevmiş, dilinin əzbərinə çevirmişdir? Üzünü görmədiyi zəncilərin hüquqsuzluğu, doğrudanmı, azərbaycanlıları və onun şairini bu qədər narahat edirdi? Poemanın mətninin “üzü”nə deyil, özünə nəzər yetirdikdə, konqresdəki qara zəncinin bir azərbaycanlı statusunda çıxış etməsi diqqət çəkməyə bilmir – o, şüuraltıda qara zənci deyil, “qara Səməd” kimi dərk olunur. Zəncinin arzuları poeziyada azərbaycançılıq məfkurəsinin poetik düsturunu vermiş Səməd Vurğunun arzuları kimi səslənir – müəllif yaratdığı obraza, sanki öz arzularını diktə edir – onun dilindən özü söyləyir (burada şairin ailə üzvlərinə göndərdiyi bəzi məktublarında “Qara Səməd” imzasından istifadə etdiyi də yada düşür). Digər tərəfdən, Amerikanın poetik təsvirində işlədilən bədii təsvir və ifadə vasitələrindən birbaşa Azərbaycan görünür. Başqa sözlə, poemada Amerika–Azərbaycan, zənci–azərbaycanlı biçimində, ruhunda təqdim və təsvir edilmişdir. Qara zəncinin öz hüquqsuzluğu ilə bağlı sadaladığı faktlar azərbaycanlılarınkı ilə oxşardır, bir çox hallarda təmaslaşır da. Qara zəncinin Azərbaycan oxucusuna doğmalaşmasının, poemanın populyarlaşmasının əsas səbəbləri də bizə görə bunlardır. Məhz bunlara görə, əsərdəki qara zənci, etnik mənsubiyyətindən asılı olmayaraq, həm illüstrativ, həm də parlaq milli poetik obraz kimi yaddaşlara həkk olunmuşdur. Həm qara zəncinin özü, həm onun qaldırdığı problemlər, həm də təbiət təsvirləri Azərbaycan oxucusuna o qədər yaxın və doğmadır ki, əgər məkanı dəyişib, poemadakı “Amerika” sözlərini “Azərbaycan”la əvəz etsək, söhbətin Azərbaycandan getdiyinə heç kəsdə şübhə yeri qalmaz:
Amerika! (oxu: “Azərbaycan”)... Mənim doğma vətənimdir,
...Dəniz mənim, hava mənim, torpaq mənim, göy mənimdir!
Yaxud:
Çox sevirəm ana yurdun axıb gedən çaylarını,
Onun qarlı qışlarını, bir də bahar aylarını.
Qızıl, gümüş mədənidir yarandığım qara torpaq,
Fəqət, mənim bu torpaqda yaşamağa haqqım varmı? –
kimi parçalarda Azərbaycandan söhbət getdiyi aşkar görünmürmü?
Yeri gəlmişkən: şair Amerikada da olmayıb ki, onun təbiətini – qışını, baharını, dağlarını, çaylarını bu reallıqla təsvir etsin. Həm tərənnüm, həm də acınacaqlı həyatın təsviri və hüquqsuzluğun tənqidi bizə görə, ilk növbədə, Azərbaycanın və azərbaycanlıların ünvanına söylənmişdir. Parçadakı: Qızıl, gümüş mədənidir yarandığım qara torpaq – misrası şüuraltıda: Qara qızıl mədənidir yarandığım qara torpaq – kimi oxunur. Bu və:
Fəqət, mənim bu torpaqda yaşamağa haqqım varmı? – misraları isə “Aslan qayası” poemasındakı:
Axdı Rusiyaya neft kəmərləri,
Daşıdı onları ilk dəmir yolu.
Tarixə hökm edən o gündən bəri,
Çalışdı yadlara Azəri oğlu
– misraları ilə, demək olar ki, eyni kontekstdədir.
Biz “Acı xatirələr” və “Zəncinin arzuları” poemaları arasında da bir səsləşmə, yaxınlıq görürük. Nəzərə alsaq ki, “Acı xatirələr” poeması bioqrafik əsərdir və burada şair öz uşaqlıq illərini də qələmə almışdır, onda balaca Səmədin qara zəncinin timsalında özünün acınacaqlı həyatını təsvir etməsi qənaəti bir qədər də qətiləşir. Müqayisələr nəticəsində üzə çıxardığımız ədəbi faktlar təsvir edilən yaşantıların mənbəyinin eyni olduğundan xəbər verir. Məsələn, Qurban bayramında qonşu uşağın başına buxara papaq qoyub, tərs-tərs baxaraq, yanından ötdüyü zaman balaca Səmədin keçirdiyi hisslər və hər iki əsərdəki anaların naləsi, narahatlığı və nəcibliyi eyni mənbədən qaynaqlanır. Balaca Səmədin anası “uşaq əziz gündə sınmasın deyə, cehizliyi yorğan üzündən ona köynək tikir”. Zəncinin anasının keçirdiyi hisslər də, demək olar ki, eynidir:
Elə bil ki, qara zənci bu dünyaya gələn zaman,
Bir daxmada matəm tutub ağlamışdır öz anası...
Fəqət yenə ana qəlbi ayrılmamış övladından,
Gecə-gündüz çörək deyib, nalə çəkmiş hər laylası.
“Acı xatirələr” poemasının qəhrəmanının da dərdi çörək dərdidir:
Atam oturmuşdu qapımızda tək,
Ömrünün ixtiyar və düşkün çağı,
Zoğal müştüyünü tüsdülədərək,
Yenə tökülmüşdü qaşı-qabağı.
Nəydi düşündürən o yazıqları?
Evdə nə ocaq var, nə isti qazan...
Hamıya “gülməzdi” ömrün rüzgarı,
Deyin, yanılmasın tarixi yazan!
Zəncinin dilindən təqdim etdiyi bəzi digər məqamlar da S.Vurğunun özünün məruz qaldığı təqib və təzyiqləri xatırladır. Poemada zəncinin dilindən verilən: Azadlıq aşiqi oldusa adım,
Özüm bir gün belə azad olmadım – misraları şairin “Ah, paxıllar” şeirindəki:
Fəqət, durur gözlərimin qarşısında bu iblislər,
Ürəyimdə külək əsir, yarpaq düşür, çiçək solur...
Gecəm keçir xəyal ilə, sual verir mənə səhər,
Hansı şair, hansı qələm öz vaxtında xoşbəxt olur?!
– misralarını və eyni məzmunlu “Böhtan”, “A, “dostlar” və b. əsərlərini xatırladır.
“Bir çörək pulu üçün külfətini İranda atıb gələn” hambal da (“26-lar” poeması) zənci ilə oxşar tale yaşayır: “barmaqları qabar-qabar olmuş, ovcunda kəndir izləri görünən” hambalın da “ürəyi yoxsulluq içində döyünür”, onun da dərdi çörək dərdi – arzusu “bir çörək pulu” qazanmaqdır. O da, qara zənci kimi, evsiz-eşiksiz, yurdsuz-yuvasızdır. Lakin, hambaldan fərqli olaraq qara zənci haqlarını tələb edə bilir:
Vaxtınızı çox almayım! Deyin, mənim bu sənətlə,
Bu hünərlə yaşamağa yer üzündə haqqım varmı?
Heç evsiz də, eşiksiz də rəssam olan yaradarmı?
Hambalın “qəm dəftəri”nin yazıları qara zəncininkindən daha acınacaqlıdır: əgər, zənci tribunaya çıxıb haqqını tələb, azadlığı uğrunda mübarizə edə bilirsə, hambal “dünyadan yeganə qazancı olan başındakı kirli təsək”lə razılaşmalı olur. Əgər, zənci onun hüquqlarını əlindən almış ağalarını ittiham edə bilirsə, hambal yanından keçən və naqanını sınamaq istəyən bir qoçu gülləsinin qurbanı olur:
...Bu dəmdə, birdən,
Yazıq bir top kimi qalxıb yerindən,
Qıvrıla-qıvrıla dəyir daşlara,
Çaxnaşır aralıq, qarışır ara...
Nə olmuş, nə imiş hambalın suçu?
Burdan təsadüfən keçən bir qoçu
Sınamaq istəmiş öz naqanını,
Yurdsuz bir insanın tökmüş qanını...
Ömürlüyü çox mürəkkəb, ziddiyyətli və təhlükəli dövrə təsadüf etsə də, Səməd Vurğun varlığında zamanının yeni şair modelini yaratmış (şəxsiyyəti yaradıcılığını tamamlayan sənətkar), milli poeziyamızda azərbaycançılıq məfkurəsinin poetik düsturunu vermiş (Anam – doğma Vətənimsən!), orijinal və parlaq üslubunu formalaşdırmış (şeirləri imzasız belə, başqa şairlərin şeirlərindən fərqlənmiş), zəngin və çoxşaxəli yaradıcılığı ilə filologiyamızda məxsusi mərhələ (Azərbaycan ədəbiyyatının Vurğun dövrü), eləcə də Nizami Gəncəvi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir, Rəsul Rza kimi poetik məktəb yaratmış azsaylı, amma çox qüdrətli sənətkarlarımızdandır.
S.Vurğunla eyni dövrdə yaşayıb-yaradan və ondan sonra ədəbiyyata gələn bütün istedadlı şairlər (Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza, Hüseyn Arif, Nəbi Xəzri, Tofiq Bayram, Hüseyn Kürdoğlu, Məmməd Aslan, Nəriman Həsənzadə, Qabil, Oqtay Rza, Əliağa Kürçaylı və b.) onun poetik məktəbinin davamçıları olduqlarını, ondan öyrəndiklərini fəxarətlə dilə gətirmiş və bu ədəbi varislikdən qürur duymuşlar.
Belə bir mürəkkəb dövrdə yazıb-yaratmış S.Vurğunun yaradıcılığında incə məqamları üzə çıxarmağın, onu olduğu kimi dərk etməyin ən konstruktiv və optimal üsulu isə bütövlükdə irsinin mühit–müəllif–mətn kontekstində öyrənilməsidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
