Against you I will fling myself,
unvanquished and unyielding, O Death!
Sənə qarşı mən özümü atacağam,
məğlubedilməz və əyilməz, O Ölüm!
İngilis yazıçısı, Virciniya Vulf 1882-ci ildə Londonda ədəbi tənqidçi ser Lesli Stiven və Culi Dakuortların ailəsində göz açmışdır. Modernizm cərəyanının yaradıcılarından biri kimi tanınan Virciniya Vulf ingilis ədəbiyyatında öz novatorluğu ilə seçilirdi. O öz əsərlərində modernizm ədəbi priyomlarından sayılan "şüur axını"ndan geniş istifadə edirdi. Onun adı Ceyms Coys, Frans Kafka, Marsel Prust, Uilyam Folkner kimi yazarlarla bir sırada çəkilir. Onun qısa, lakin çox maraqlı əsərlərindən biri də "Sehrli ev"dir. Təxminən, 700 sözdən ibarət bu əsər V.Vulfun modernist üslubunun təzahürüdür. Yazıçının digər əsərlərindən fərqli olaraq, bu əsər onun sonsuz fantaziyasının məhsuludur. "Sehrli ev"(A Haunted House") iki ruhun bir evdə gizlədilmiş xəzinə axtarışından bəhs edir. Sevginin gücü, sehrli mövzusu hekayənin ana xəttini təşkil edir. Bu hekayə müəllifin 1921-ci ildə nəşr olunmuş altı hekayələr toplusu sırasındadır.
Virciniya Vulfun yaradıcılığı modernist və feminist ədəbiyyatın mühüm bir hissəsidir. O, şüur axını texnikasını istifadə edərək, daxili dünya və düşüncələr, həmçinin cəmiyyətdə qadınların mövqeyi ilə bağlı əsərlər yazıb. Onun əsas əsərlərinə "Missiz Dallovey" ("Mrs. Dalloway"), "Mayaka doğru" ("To the Lighthouse"), "Orlando" ("Orlando") və "Birisinin öz otağı" (A Room of One's Own) "Dalğalar" ("The Waves") daxildir.
Anasını itirməsi ilə başlayan başağrıları, qarabasmalar, qəribə səslər heç vaxt Virciniyanı tərk etmirdi. O bu ağrılardan xilas olmaq üçün bir neçə dəfə intihara cəhd etsə də, uğursuz alınmışdı.
Bundan sonra böyük ailənin yükünü çəkmək ögey bacısı Stellanın üzərinə düşdü. Lakin tezliklə yenicə ailə həyatı qurmuş Stella bal ayından qayıdarkən vəfat etdi. Bu Virciniya üçün ikinci böyük zərbə oldu. Stivenlər ailəsi hər iki qadının ölümündə ata Leslini günahlandırırdılar. Ona qadın istismarçısı, eqoist biri kimi baxır, ailədə arzuolunmaz adam hesab edirdilər.
Lesli Stiven XIX əsr Böyük Britaniyasında hörmətlə anılan insanlardan idi. O, yazıçı, tənqidçi, filosof idi. Lesli cəmiyyət içində nə qədər alicənab olsa da, ailədə tipik viktorian kişisi idi. Onun böyük ailəsi də patriarxal qanunlarla idarə olunurdu.
İkinci evliliyi də onun qayğısına qalan birinin olması üçün vacib idi. Leslinin yaradıcılıqla məşğul olması üçün biri ona həyatını həsr etməli idi. Üstəlik, arvadının ölümündən sonra Leslinin qayğısı daha da artmışdı. Onun uşağı vardı.
Culia uşaqlardan çox əri ilə maraqlanır, onun qayğısına qalırdı. Virciniya gündəliyində yazırdı: "Onunla (anamla) hər dəfə bir neçə dəqiqədən artıq bir yerdə olduğumuzu xatırlaya bilərəmmi?"
Lesli övladlarına da viktorian tərbiyəsi verir, oğlanlarını qızlarından üstün tuturdu. Bu fərq illik büdcə ayırmalarında belə, özünü büruzə verirdi. Buna görə də Virciniyanın ögey qardaşlarının təcavüzünə uğradığını bilsə də, susmağa üstünlük vermişdi.
Virciniya başqa qardaş-bacılarından fərqli olaraq atasına olan münasibətinə aydınlıq gətirə bilmirdi. Bəli, onun üçün atası əzazil, yalnız özünü, yaradıcılığını düşünən valideyn idi. Bununla belə atasının xəyalı heç vaxt onu tərk etmədi. Virciniya onun yolu ilə gedərək tənqidçi oldu, atası kimi yazıçılıq etdi. "Mayakda" romanında atasının obrazını canlandıraraq birdəfəlik onun kabusundan xilas olmağa cəhd etsə də, atasının xəyalı heç zaman onu tərk etmədi. Lesli Stiven 1904-cü ildə vəfat etdi. Atasının ölümündən sonra ailə Blumsberi rayonuna köçdü.
Blumsberiyə köçəndən sonra Stivenlərin günləri xoş keçirdi. Onların evlərinə Britaniyanın gənc, müasir, proqressiv ədəbiyyat, incəsənət, elm adamları ayaq açmağa başladılar.
Beləcə, tarixə "Blumsberi qrupu" adıyla düşən Blumsberi qrupu yarandı. Vita Sekvil-Vest, M.Forster, Dora Karrinqton, Dunkan Qrant, Klayv Bell kimi məşhur rəssamlar, ədəbiyyat adamları üzvlər arasında idi.
1900-cü illərdə Virciniya atasının peşəsini davam etdirməyə, jurnallarda tənqidi məqalələr yazmağa başladı. "Tayms" jurnalının ədəbiyyat əlavəsinə tənqidi məqalələr, esselər yazırdı. Birinci romanı üzərində də işləyirdi.
İkinci Dünya müharibəsinin başlanması ilə Virciniyanın baş ağrıları və qorxuları yenidən artmağa başladı. Vanessanının (bacısının) oğlunun İspaniyadan ölüm xəbəri gəlir.
Virciniyanın daha taqəti qalmamışdı. Son zamanlar xəstəliyi şiddətlənmişdi. Tez-tez sayıqlayır, qarabasmalar onu rahat buraxmır, dəlilik əlamətləri hiss olunurdu. Bir yandan da almanların İngiltərəyə hücumu nəticəsində (bombardman) Virciniyanın evi dağıdılmışdı. Milliyyətcə yəhudi olan ərinin öldürüləcəyi qorxusu da onu rahat buraxmırdı. Virciniya daha bir ölümü qaldıra bilməzdi; çıxış yolu axtarırdı. Çıxış yolu yenə də ölüm oldu.
Virciniya Vulf 28 mart 1941-ci ildə ciblərinə çoxlu daş yığaraq özünü şəhər kənarındakı evlərinin yaxınlığından axan Ouz çayına atdı. Həmin məşum gün əri sobaüstü rəfdə Virciniyanın ona yazdığı vida məktubunda bu sözləri oxudu:
Əzizim,
Hiss edirəm, əminəm, mən yenidən dəli oluram. Bizim yenidən, bir daha o dəhşətli zamanların içindən keçə biləcəyimizi hiss etmirəm. Və mən bu dəfə sağalmayacağam. Səslər eşitməyə başlayıram, mən fikrimi cəmləyə bilmirəm.
Ona görə mən görülməli olan ən yaxşı işi görürəm.
Sən mənə mümkün olan ən böyük xoşbəxtliyi vermisən. Sən hər zaman yanımda olmağı bacardın. Bu dəhşətli xəstəlik gələnə kimi fikirləşməzdim ki, iki adam bizdən daha xoşbəxt ola bilər.
Mən daha mübarizə edə bilmirəm.
Bilirəm, sənin həyatını korlayıram, mənsiz sən işləyə bilərsən.Və sən edəcəksən, bilirəm. Görürsən, mən, hətta bunu doğru-düzgün yaza bilmirəm. Mən oxuya bilmirəm. Demək istədiyim odur ki, həyatımın bütün xoşbəxtliyi üçün sənə borcluyam. Sən mənimlə son dərəcə səbirli və ağlasığmaz dərəcədə yaxşı olmusan. Demək istəyirəm ki, hər kəs bunu bilir.
Əgər birisi məni xilas edə bilsəydi, o, sən olmuş olardın. Sənin yaxşılığına olan əminlikdən savayı, hər şey məndən getmişdir. Bundan sonra da sənin həyatını korlaya bilmərəm.
Fikirləşmirəm ki, iki adam biz olduğumuzdan daha xoşbəxt ola bilərdi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
