Martın 14-ü AYB Lənkəran Bölməsinin "Söz" Ədəbi Məclisində AMEA Lənkəran Regional Elm Mərkəzi ilə birgə görkəmli ədəbiyyatşünas alim, şair, tədqiqatçı Mirhaşım Talışlının anadan olmasının 100 illik yubileyi münasibətilə "Dedim ki, sözüm qala" adlı yubiley tədbiri keçirildi.
Tədbirdə bölgə yazarları, Lənkəran Dövlət Universitetinin professor və müəllimləri, Mərkəzin əməkdaşları, ziyalılar, yubilyarın tələbələri, qələm dostları, mədəniyyət xadimləri və Bakıdan gələn qonaqlar iştirak etdilər.
AYB Lənkəran bölməsinin sədri, yazıçı dramaturq Qafar Cəfərli tədbiri giriş sözü ilə açaraq, M.Talışlının ədəbiyyatşünas alim, şair və tədqiqatçı kimi xidmətləri barədə məlumat verdi. O bildirdi ki, M.Talışlı nəinki cənub bölgəsində, ümumən respublika ədəbi mühitinin görkəmli simalarından, dəyərli ziyalılarından biri kimi tanınmışdır. Ulu öndər Heydər Əliyev 5 oktyabr 1998-ci ildə Lənkəranda olarkən, şəxsən tanıdığı Mirhaşım Talışlı barədə dediyi bu sözlər onun şəxsiyyətini tam xarakterizə etmiş olur: "Bizim dostumuz, Lənkəranın ən böyük ziyalılarından biri Mirhaşım Talışlının burada oxuduğu şeir məni heyran etdi. Ona xüsusi təşəkkür edirəm. Lənkəranın həmişə böyük, yüksək insanları olubdur. Mən bir dəfə televiziyaya baxırdım. Mirhaşım Talışlı Lənkəranın tarixi keçmişi haqqında danışır, söhbət aparırdı. Mən o verilişə başdan-ayağa diqqətlə baxdım. Nə qədər zəkalı bir insandır. Nə qədər Azərbaycana sədaqətli bir insandır."
Q.Cəfərli, həmçinin bildirdi ki, Mirhaşım Talışlının ədəbiyyatımız qarşısında ən böyük xidməti mütəfəkkir şair Mirzə İsmayıl Qasirin XIX əsrin ortalarında yaratdığı və XX əsrin əvvəllərinə kimi fəaliyyət göstərən, ölkənin ən böyük və tanınmış Ədəbi məclislərindən olan "Fövcül Füsəha" məclisini 92 il sonra - 1992-ci ildə Lənkəranda yenidən bərpa etməsi olmuşdur. Bu məclisin ən böyük üstünlüyü burada əruz vəzninin mükəmməl təlim olunması idi. Əruzun mahir bilicisi olaraq M.Talışlı özü əruz vəznində sonet yazaraq ədəbiyyat tarixində bir ilkə imza atmışdı. Bu məclisin yetirmələri illərlədir ki, əruz vəznində yazdıqları əsərləri ilə ədəbiyyat xəzinəmizi daha da zənginləşdirirlər.
LDU-nun professoru, əməkdar müəllim Yədulla Ağazadə yubilyarın həyat və yaradıcılığı barədə geniş məruzə etdi. O bildirdi ki, xan nəslindən, peyğəmbər şəcərəsindən olan Mirhaşım Talışlı həm Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini, həm də ADU-nun filologiya fakültəsini bitirmiş, bütün həyatı boyu pedaqoji sahədə çalışmış, əməkdar müəllim fəxri adına, Prezidentin fərdi təqaüdünə və medallara layiq görülmüşdür. Cəmi 92 il ömür sürən Mirhaşım müəllim poeziyanın, demək olar ki, bütün janrlarında, xüsusən, əruzda çox qiymətli əsərlər külliyyatı qoyub getmişdir.
Professor Yədulla Ağazadə məruzəsində Mirhaşım müəllimin yaradıcılığını onun ayrı-ayrı əsərlərindən nümunələr əsasında təhlil etməklə tədbir iştirakçılarına təqdim etdi.
LDU-nun professoru, filologiya elmləri doktoru Kamran Kazımov Universitetdə müəllimi olmuş Mirhaşım Talışlı ilə bağlı xatirələrini söylədi, onun gözəl bir ziyalı olduğunu qeyd edərək, gənc nəslə ibrət olan həyatından bəzi anları barədə tədbir iştirakçılarına məlumat verdi.
Tədbirdə çıxış edən LDU-nun dosenti, Lənkəran Tarix və Diyarşünaslıq Muzeyinin direktoru Leyla Məcidova müəllimi olmuş M.Talışlının nəinki regionun, eləcə də respublikanın ictimai-siyasi həyatında fəal iştirak edən, yüzlərlə tələbə və şagirdin ömür yoluna işıq salan, qələmə aldığı bədii və elmi əsərləri ilə yaddaşlarda iz qoyan vətənpərvər bir insan olduğunu söylədi.
Tədbirdə Regional Elm Mərkəzinin elmi işlər üzrə direktor müavini Samir Kərimov, pedaqogika elmləri namizədi Tükəzban Cahangirova, yubilyarın yaxın dostu, əksər kitablarının redaktoru, tanınmış jurnalist, tədqiqatçı, yazıçı Hacı Etibar Əhədov, yubilyarın "Lənkəran" adlı monumental kitabının həmmüəllifi Böyukağa Hüseynbala oğlu, Bakıdan qonaq gəlmiş qızı Sevinc Məmmədova və qardaşı Mahmud Həsənov, ağsaqqal ziyalı Fəxrəddin Canıyev, yubilyarın dostu, etnoqraf-tədqiqatçı Cavanşir Həsənzadə, tarixçi-tədqiqatçı İldırım Şükürzadə, yubilyarın tələbəsi, pedaqoq-jurnalist Mehman Əliyev, şair və yazıçılardan Ağamir Cavad, Xatirə Xatun, Səyavuş Süleymanlı, Allahverdi Bayrami, Hacı Allahverən Nəzərov, Ziyafət Yəhya, Xudaverdi Cavad, Əhməd Haqsevər, Sərraf Talıb çıxıs edərək, yubilyarla bağlı xatirələrini; alim, şair və tədqiqatçı kimi onun yaradıcılığı və şəxsiyyəti ilə bağlı düşüncələrini bölüşdülər.
Cəfər Cabbarlı adına Lənkəran Uşaq Musiqi məktəbinin muğam üçlüyü: tarzən Əlirza Yuniszadənin və kaman ustası Təranə Şərifovanın müşayiəti ilə ustad xanəndə İmanverdi Ağayevin Mirhaşım Talışlının qəzəllərini muğam üstündə ifası tədbirə xüsusi gözəllik qatdı.
Tədbir Qafar Cəfərlinin yekun sözündən sonra xatirə şəkilləri çəkilməklə sona yetdi.
AYB Lənkəran bölməsi

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
