"Məcmueyi-Vaqif və müasirini-digər"in əlyazma nüsxəsi - Əli MƏMMƏDBAĞIROĞLU

 

Azərbaycan klassik ədəbi irsi əlyazma divanlarından başqa, təzkirə, cüng, bəyaz və məcmuə kimi ədəbi toplularda dövrümüzə gəlib çatmışdır. Poetik əsərlərin bir yerə toplanıb yazıya köçürülməsində vaxtilə şeir-sənət sərrafı kimi tanınan təzkirəçilərin xüsusi rolu olmuşdur. Belə təzkirəçilərdən biri də Mirzə Yusif Qarabağidir (1798-1864) ki, o, 1828-ci ildə İrandan Qarabağa döndükdən sonra simsarlarının məsləhəti ilə Molla Pənah Vaqifin və Qarabağ şairlərinin şeirlərini ilk dəfə toplayaraq, "Kitabi-məcmueyi-divani-Vaqif və digər müasirin" adı ilə 1856-cı ildə Teymurxanşurada (Dağıstanın indiki Buynaksk şəhərində) çap etdirmişdir.

Kitab litoqrafiya üsulu ilə nəşr olunandan bir müddət sonra, görünür, bu cür əhəmiyyətli bir mənbəyə ədəbi mühitdə böyük ehtiyac olduğundan, çox çəkmir ki, müvazi olaraq, toplunun nəşrindən tərtibat və struktur etibarilə o qədər də fərqlənməyən, katiblər tərəfindən köçürülmüş əlyazma nüsxələri də meydana gəlmişdir. Əsərin belə əlyazma nüsxələrindən biri 1894-cü ildə Şuşa qalasında katib Molla Rüstəm tərəfindən köçürülmüşdür.

"Məcmueyi-Vaqif" ədəbi toplusunun ilk dəfə tərtib olunaraq, XIX yüzilliyin ortalarında çap nüsxəsi ərsəyə gəldiyi vaxtdan, əlyazmaşünas tədqiqatçı Əkrəm Bağırovun kiril əlifbasındakı son nəşrinədək ("Məcmueyi-Vaqif və müasirini-digər", 1999) keçən uzun müddətdə həm əlyazma, həm də əski çap variantında olmağından asılı olmayaraq, arxada qalmış illərdə ali məktəblər üçün yazılmış dərsliklərdə, auditoriyalarda tələbələrə oxunan mühazirələrdə, ensiklopedik, monoqrafik nəşrlərdə Vaqif və onun müasiri olan digər şairlərin yaradıcılığından bəhs edilmiş və belə bir mənbənin gərəkliliyi, əhəmiyyəti, ədəbiyyat tariximizdəki misilsiz rolu həmişə dəyərləndirilmişdir. Amma "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi" ilə bağlı Respublika Prezidentinin məlum sərəncamından (12 yanvar 2004-cü il) iyirmi ildən artıq vaxt keçsə də, təəssüf hissilə bildiririk ki, bu mənbə indiyədək latın qrafikalı əlifbada hələ də nəşr olunmamışdır.

Burada "Məcmueyi-Vaqif" ədəbi toplusunun həm nəşr, həm də əsərin çağdaş dövrümüzə gəlib çatmış hələ ki yeganə əlyazma nüsxəsinin yaranma tarixi, araya-ərsəyə gəlmə səbəbi, eyni zamanda onun bəzi tekstoloji, ədəbi-nəzəri və struktur xüsusiyyətlərindən yığcam da olsa, söz açacağıq.

Şeirlərin həcmi, bəzi söz və ifadələrin, M.P.Vaqif əsərlərinin istər əski və istərsə də, XX yüzillikdəki nəşr variantlarından fərqlənməyinə əsasən, belə güman etmək olar ki, Molla Rüstəmin 1894-cü ildə Şuşada köçürdüyü əlyazma 1856-cı il nəşr nüsxəsindən deyil, katibin əlinin altında olan başqa bir mənbədən (ola bilsin, əlyazmadan) köçürüldüyünü düşünürük. Bu barədə katib əlyazmada heç nə qeyd etməsə də, əsərin daha öncə nəşr olunması haqqında sonda "məxfi və puşidə qalmasın ki, bu məcmuə Teymurxanşura qalasında Mirzə Yusifin əlilə miladi 1856-cı ildə, hicri qəməri tarixlə 1273-cü ildə mətbu tapmışdır" məlumatını verməyi özünə borc bilmişdir. Katib əlyazmanın adını nəşr variantından fərqli olaraq cüzi dəyişiklik etməklə "Məcmueyi-divani-Vaqif və müasirini-digər" adlandırmışdır. Öncə qeyd edək ki, əslində bu ədəbi toplunu divan adlandırmaq heç də doğru olmazdı. Bildiyimiz kimi, Molla Pənah Vaqifin divanı bizə gəlib çatmamışdır (Azərbaycan ədəbiyyatı tarixi, 1960, s.557). Düzdür, M.P.Vaqifin ayrı-ayrı əlyazmalara köçürülmüş çoxlu sayda şeirləri bəllidir. Lakin bu şeirlər zamanında bir yerə cəm edilərək, heç vaxt ədəbi toplu şəklinə salınmamışdır.

Məlumdur ki, erkən orta əsrlərdən başlayaraq, şairlər divan tərtib etmək ənənəsinə riayət etməklə, onun struktur prinsiplərinə də həmişə ciddi əməl etmiş və qələmə aldıqları şeirləri janrlarına görə tərtibat ardıcıllığını gözləməklə ədəbi topluya daxil etmişlər. Amma həqiqət budur ki, Vaqifin əsərləri pərakəndə şəkildə müxtəlif məxəzlərdədir. Bundan başqa, divan toplusunun başlıca xüsusiyyətlərindən biri də, qəzəllərin ərəb əlifbasının hər bir hərfinə uyğun olaraq, ardıcıllıqla topluda sıralanmasıdır. Xatırladaq ki, Molla Rüstəmin əlyazmasına Vaqifin cəmi səkkiz qəzəli köçürülmüşdür. Ümumiyyətlə isə, şairin yaradıcılığından bizə bəlli olan budur ki, onun cəmi on doqquz qəzəli indiki dövrədək gəlib çatmış və Vaqifin buradakı qəzəlləri də sayca az olduğundan, haqqında bəhs olunan əlyazma toplusu divan hesab edilə bilməz.

Molla Rüstəmin köçürdüyü əlyazma toplusunu təzkirə də adlandırmaq olmaz. Çünki təzkirələr ona daxil edilən bütün müəlliflərin, yığcam da olsa, həm tərcüme-yi-halını, həm də zaman etibarilə daha geniş dövrü əhatə edən şeirlərdən ibarət bir ədəbi topludur. "Məcmueyi-Vaqif"də şairlərdən yalnız Vaqifin həyat və yaradıcılığı haqqında qısa məlumat verilmiş, müasirlərinin isə ancaq adı çəkilir və şeirlərindən bir neçə nümunə topluya daxil edilmişdir. Zaman etibarilə XVIII-XIX əsrin əvvəllərini əhatə edən bu məcmuə, məkanca da Azərbaycanın yalnız Qarabağ bölgəsinə aid olub və qismən də Şirvan şairlərinin şeirlərindən ibarətdir. Adətən, təzkirələrdəki müəlliflər haqqında olan yığcam məlumatlar faktiki materiallara əsaslanır, bioqrafik və biblioqrafik səciyyə daşıyır. Çox vaxt təzkirəçi yalnız bu və ya başqa şairin adını, təxəllüsünü, doğum və ölüm tarixlərini, bəzi əsərlərinin adlarını qeyd etməklə kifayətlənir. M.Y.Qarabaği isə burada M.P.Vaqif istisna olunarsa, Qarabağ və Şirvan şairlərinin əsərlərindən ibarət,  məcmuə adı altında bir ədəbi toplu tərtib etmişdir. Əslində, toplunun tərtibçisi, əlyazmada özünün də qeyd etdiyi kimi, elə bir böyük həcmli ədəbi mənbə yaratmağı qarşısına məqsəd qoymamışdır. O, toplunun dibaçəsində yazır ki, "əvvəlcə Vaqifin müəşşərat və müxəmməslərini, sonra isə onun və başqalarının mürəbbeat və qəzəliyyatını yazdım, kitabı "Məcmueyi-Vaqif" adlandırdım. Oxuyanlar və qulaq asanlar ondan feyz aparıb ləzzət alsınlar".

Məcmuənin tərtibçi girişdə fars dilində qələmə aldığı bir mənzumədə Vaqifin və digər şairlərin şeirlərinin köçürüldüyü bu toplunu obrazlı şəkildə belə təsvir və vəsf etmişdir: "Bu, məcmuə deyil, rəngarəng söz və mənalar toplusudur. Bu, bəyaz deyil, bəlkə də üzü ağ və gözləri qara gözəlin zülf və rüxsarının surətidir və bu surəti məlaikələr gözləri üstünə qoya bilər, bu bəyazı gözəllər ürəkləri üstündə gəzdirə bilərlər. Hər səhifəsi gözəllərin çöhrəsi kimi nur saçır, hər vərəqi vəfa əhlinin qəlbi kimi məhəbbətlə döyünür" (farscadan tərcümə Əkrəm Bağırovundur - Ə.M.).

Nəhayət, mənbənin adı ilə bağlı sonda deyə bilərik ki, M.P.Vaqif və onun müasirlərinin əsərlərindən ibarət olan bu antologiyanı indiyədək ədəbiyyatşünaslığa aid bəzi mənbələrdə qeyd olunduğu kimi, "Məcmueyi-Vaqif və müasirini-digər" adlandırılmasını məqbul hesab edirik.  

M.Y.Qarabaği kitabın meydanagəlmə səbəbi haqqında müqəddimədə belə yazmışdır: "Bu pərişan vərəqlərin müəllifi Mirzə Yusif Qarabaği şövkət və şan sahiblərinin icazəsi ilə ərz edirəm ki, 1828-ci ildə İran vilayətindən Qarabağa gəldim və o vaxt Mirzəcan bəy Mədətovla görüşdüm. Onun şeirə böyük meyli və özünün də şeir təbi olduğundan təklif etdi ki, Vaqif və müasirlərinin şeirlərindən ibarət bir məcmuə yazmaq fikrində olum və onların seçmə şeirlərini yazıya gətirim. Belə ki, bu şeirlər səpələnmiş halda müxtəlif yerlərdə olduğundan onları səy ilə toplayıb tərtib etdim".

Molla Rüstəmin əlyazma nüsxəsində ümumən müxtəlif janrlarda yazılmış 110 şeir və Vaqiflə Vidadinin deyişməsi köçürülmüşdür. Bunlardan 68-i M.P.Vaqifə, qalan 42 şeir isə digər 20 müəllifə aiddir. Məcmuədəki şeirlərin, demək olar ki, üçdə ikisi Vaqifin, qalan hissəsi isə Molla Vəli Vidadi, Aşıq Əli, Sabit Şəqaqi, Mehdi, Nişat, Mirzəcan Mədətov, Cəfərqulu xan, Aşıq Pəri, Məhəmməd bəy, Mirzə Həsən, Əsəd bəy, Ağa Məsih Şirvani, Nabi Əfəndi, Ağa Bağır, Lütfi Şirvani, Sərşar, Mirzə Sadiq, Vaqifin oğlu Əliağa, Həsən xan və Qasım bəy Zakirin şeirlərindən ibarətdir.

"Məcmueyi-Vaqif" əsəri həcmcə kiçik olsa da, burada M.P.Vaqif, M.V.Vidadi, XIX əsrin əvvəllərində Qarabağda yaşamış bir çox şairlərin əsərlərinin ilk dəfə yazıya köçürülüb, nəşr olunması və sonrakı illərdə bir çox ədəbi topluların meydana gəlməsində böyük rol oynamışdır. Mirzə Yusif Qarabağidən sonra bu səpkidə Adolf Berjenin 1867-ci ildə Almaniyanın Leypsiq şəhərində nəşr etdirdiyi "Qafqaz və Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuə…", Məhəmmədağa Müctəhidzadənin 1910-cu ildə İstanbulda nəfis şəkildə nəşr  olunmuş "Riyazül-aşiqin", Mir Möhsün Nəvvabın 1913-cü ildə oğlu Mir İbrahimin tərtibatı ilə Bakıda çapdan çıxmış "Təzkireyi-Nəvvab" kitablarına ilk dəfə M.Y.Qarabağinin vaxtilə topladığı əsərlər də daxil edilmişdir.

Katib Molla Rüstəmin 1894-cü ildə köçürdüyü əlyazma kitabı ümumi olaraq, 226 səhifədən ibarətdir. M.Y.Qarabağinin məcmuəsi kitabın yalnız 121 səhifəsini əhatə edir. Qalan səhifələrə isə katibin çağdaşı olan şairlərin şeirləri köçürülmüşdür.

Əlyazmanın mətni qara mürəkkəblə, nəstəliq xəttilə orta əsr poetik məcmuələrinə xas, ənənəvi olaraq iki sütunda yazılmışdır. Bəzi başlıqlar, haşiyələrdəki interpolyasiyalar qırmızı mürəkkəblədir. Əlyazmanın kağızı adi, ağ saya olub, Rusiyanın "Demidov" fabrikində istehsal olunmuşdur.

Əlyazmanın haşiyələrdəki interpolyasiyalardan birində məcmuənin tərtibçisi M.Y.Qarabağinin soy-kökü, yəni onun erməni əsilli olmasını katibin qeyd etməsi də diqqəti cəlb edir. Həmin qeyddə oxuyuruq: "Bu Mirzə Yusif həmin şəxsdir ki, xanların əsrində Mirzə Fərrux ilə İrana düşürlər. 30 il İranda oxuyub və müsəlmanlıq edirlər. Ondan sonra Qarabağa gəlirlər" (səh.121). "Tarixi-safi" əsərində isə o özü haqqında yazır: "Mən, bu tarixin müəllifi, kiçik bəndə Mirzə Yusif Qarabaği uşaq-lıqdan Qarabağdan Qızılbaş vilayətinə gedərək orda sərdar Əmir xanın yanında 18 il qalıb, onların dilini mükəmməl surətdə öyrəndim. Bir müddət divanxanada yazı işləri ilə məşğul olub, öz vaxtımı tarix və qayda-qanunlar, səyahətlər haqqında kitab oxumağa sərf etdim. Hər tayfa və millət ilə əlaqəyə girib onların adət və ənənələri ilə tanış oldum" ("Qarabağnamələr", 1991, s.9). Mirzə Yusifin etnik kimliyi bəlli olsa da, unutmayaq ki, əvvəlcə islamı qəbul etmiş, sonra isə imtina edib öz həmdinlərinin təsirilə yenidən xristianlığa qayıdan, türk-müsəlman adını ömrünün sonunadək üzərində daşıyan Nersesov soyadlı bu zatın Qarabağda və digər bölgələrdə yaşayıb, yazıb-yaratmış şairlərimizin əsərlərini toplayıb nəşr etdirməsini onun Azərbaycan ədəbiyyatının, ümumiyyətlə mədəniyyətimizin zənginliyinə, qədim tarixə malik olmasına dərin hörmət bəsləməsinin ifadəsi və ehtiramının təzahürü kimi baxmaq olar.

Xatırladaq ki, "Məcmueyi-Vaqif və müasirini-digər" kimi əlyazma qaynaqları yazılı ədəbiyyatımıza aid nümunələrin tənqidi mətnini və yaxud belə demək caizdirsə, klassik mətnin müqayisələr aparılmaqla dürüstləşdirilmiş variantını ortaya çıxarmağa imkan verən çox mühüm və mötəbər mənbələrdir. Məhz bu istiqamətdə, günümüzə avtoqrafları gəlib çıxmayan müəlliflərin əsərləri üzərində tekstoloji işin aparılmasına həmişə böyük ehtiyac duyulur. Yuxarıda qeyd olunduğu kimi, M.P.Vaqifin də əsərləri ilkin, orijinal nüsxələrdə deyil, zəmanəmizə ayrı-ayrı ədəbi toplulara katiblər tərəfindən köçürülməklə gəlib çatmışdır. Bu gün Vaqif əsərləri ilə bağlı reallıq ondan ibarətdir ki, şairin vəfatından sonra, müxtəlif vaxtlarda nəşr olunan kitablardakı ədəbi nümunələrdə arabir söz və ifadələr təhrif olunmuşdur. Bəzən də şeirlərin strukturunda dəyişiklik baş vermiş, bəndləri ixtisara məruz qalıb, köçürücü tərəfindən əlavələr olunmuş və yaxud şeirlərin bəzi söz və ifadələri yeniləri ilə əvəzlənmişdir.

Bu məqsədlə fikrimizi daha ətraflı izah etmək üçün Vaqif yaradıcılığından çox məşhur olan bir şeirə müraciət edək. Şairin yaradıcılığında mühüm yer tutan "Sevdiyim, ləblərin yaquta bənzər" misrası ilə başlayan məşhur qoşmanın ayrı-ayrı nəşrlərdə fərqli variantları müşahidə olunmaqdadır. Burada mübahisəyə səbəb olan məsələ şeirin birinci bəndinin son misrası ilə əlaqəlidir. Qeyd edəcəyimiz mübahisəyə səbəb olan həmin ədəbi faktı şərh etməzdən öncə, şeirin yanlışlıqla müşahidə olunan bəndinə diqqət yetirək:

 

Sevdiyim, ləblərin yaquta bənzər,

Sərasər dişlərin dürdanədəndir.

Sədəf dəhanından çıxan sözlərin,

Hər biri bir qeyri-xəzanədəndir.

 

Xatırladaq ki, şeirin bu bəndindəki yanlışlığa bizdən öncə öz tənqidi münasibətini tanınmış şair Amil Avey vaxtilə dövri mətbuatda bildirmiş və vaqifsevər oxucuları məsələ ilə bağlı bir növ ədəbi polemikaya dəvət etmişdir. M.P.Vaqif yaradıcılığına yaxından diqqət yetirən şair bəndin son misrasının "Hər biri bir qeyri-xəzanədəndir" kimi getməsinə şübhə ilə yanaşır və o, qələmə aldığı yazısında bu misrada məzmun pozuqluğunun olduğunu qeyd edir ("Türküstan" qəzeti, 21-27 iyul 2013, №28). Yazı müəllifi fikrini davam etdirərək, son misradakı "xəzanə"ni "saralmış, çürümüş xəzan (payız) yarpağı" hesab etdiyindən, burada yanlış bir təsəvvür yarandığını qeyd etmişdir. O, eyni zamanda, digər tərəfdən, Vaqif kimi qüdrətli qələm sahibinin məzmunca belə bir zəif fikir ifadə edən şeiri yazmadığını, bunun, olsa-olsa, katiblər tərəfindən təhrif olunduğu qənaətinə gəlir. Sonra isə o, məsələyə bir daha aydınlıq gətirmək üçün "Vaqif "Hər biri bir qeyri-xəzanədəndir" yox, "Hər biri bir qeyri-xəzinədəndir" yaza bilərdi" mülahizəsini irəli sürür. Qeyd edək ki, şair A.Avey tərəfindən təklif olunan son fikir də o qədər inandırıcı görünmür. Çünki şeirin ilk bəndində qafiyə "xəzanədəndir" yox, "xəzinədəndir" olsaydı, onda şeirin digər bəndlərindəki "məstanədəndir", "pərvanədəndir", "divanədəndir", "şanədəndir", "əfsanədəndir" arasında uyğunsuzluq yaranardı. Burada qətiyyətlə deyə bilərik ki, şeirin misrasındakı yanlışlıq, əlbəttə, hansısa katibin, ya da kitab naşirinin səhvi ucbatından baş verə bilər.

Bu yanlışlıq Vaqif əsərlərinin daxil edildiyi, ilk qaynaqlardan hesab edilən Adolf Berjenin 1867-ci ildə Almaniyanın Leypsiq şəhərində nəşr etdirdiyi "Qafqaz və Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuə..." kitabında da təkrarlanmışdır. Tək-tük də olsa, bu cür yanlışlıqlar təəssüf ki, aradan qaldırılmadan mənbələr əsasında son illərdə meydana çıxan nəşrlərdə də yer almışdır. A.Berje nəşrində olduğu kimi, bu şeirin səhv variantının, çox güman ki, peşəkar olmayan katiblər tərəfindən köçürülmüş ayrı-ayrı cünglərdə və digər əlyazma mənbələrində də olması mümkündür. İfadənin bu şəkildə ayrı-ayrı nüsxələrə köçürülməsi, əlbəttə, səhvdir! Çünki "sevgilinin sədəf dəhanından çıxan sözlərin hər birinin qeyri-xəzanədən və yaxud qeyri-xəzinədən (ayrı-ayrı məxəzlərdən, məkanlardan, hərəsinin bir tərəfdən - Ə.M.) olması" yersiz və məntiqsiz görünür. Nə də ki, Vaqif heç vaxt "sevgilinin dəhanından çıxan sözlərin saralmış, çürümüş xəzan (payız) yarpağı" olması fikrini ifadə edə bilməzdi. Qeyd edək ki, "xəzanə" elə "xəzinə" deməkdir! Bu sözün, yəni "xəzanə"nın "xəzan" (payız) ilə heç bir əlaqəsi yoxdur. Qaldı ki, ifadənin bir sıra ilkin mənbələrdə, o cümlədən, Molla Rüstəmin köçürdüyü əlyazmada "qeyri-xəzanədəndir" deyil, "qeybi-xəzanədəndir" şəklində getməsi düzgündür və bu, şeirin məzmununa daha yaxındır. Belə olan halda, bəs "qeybi-xəzanədəndir" ifadəsinin özü şeirdə hansı mənanı bildirir? "Qeybi-xəzanədəndir" ifadəsinə klassik fars şairlərindən "Sədi, Hafiz və digərlərinin yaradıcılığında tez-tez rast gəlinir. İfadə irfani mənadadır" (Dehxuda, Tehran, 2007, s.1126). Yəni sevgilinin dəhanından çıxan sözlərin hər biri hər kəsi heyrətə salan ecazkar məkandan olub, ilahidəndir, müqəddəsdir.

Nəhayət, belə fikirləşirik ki, katib Molla Rüstəmin 1894-cü ildə Şuşa qalasında  "Məcmueyi-divani-Vaqif və müasirini-digər" adı ilə əlyazmaya köçürdüyü ədəbi toplu Molla Pənah Vaqif kimi klassik şairimizin yaradıcılığını tekstoloji yöndən müqayisələr aparmaq və gələcəkdə yeni meydana gələcək nəşrlərin mətnlərini dürüstləşdirməyə imkan verəcək, olduqca lazımi bir mənbədir. Bundan başqa, sonda, bugünkü oxucuların da bu mənbəyə olan maraq və ehtiyacını nəzərə alıb, "Məcmueyi-Vaqif və müasirini-digər" ədəbi toplusunun yenidən tərtib edilərək latın qrafikalı Azərbaycan əlifbasında nəşr olunmasını olduqca gərəkli hesab edirik.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!