Moskvada yaşamış azərbaycanlı yazıçıların yaratdıqları nəsr əsərlərini inkişaf istiqamətləri baxımından üç mühüm qrupa bölmək olar. Birinci istiqamət müxtəlif variasiyalardakı - tənqidi, "sosialist", lirik, mistik və sair realizm ənənələri ilə bağlıdır. Tanınmış moskvalı nasirlərimiz Hüseyn Nəcəfov (1921-1989), Həmzə Fəthi Xoşginabi (1922-1989), Əbdül Hüseynov (1925-2017), Alla Axundova (1939) və Rüstəm İbrahimbəyovun (1939-2022) nəsr əsərləri tamam-kamal realizm nümunələridir.
İkinci istiqamət assosiativ-obrazlı ədəbi üslubdur ki, bu da Latın Amerikası milli koloritini aydın şəkildə ifadə edən "magik realizm" ədəbi cərəyanı ilə sıx bağlıdır. Bu üslub isə bizə Xorxe Luis Borxes (1899-1986), Xulio Kortasar (1914-1984), Qabriel Qarsia Markes (1927-2014) kimi dünya şöhrətli latın amerikalı müəlliflərin romanlarından bəllidir. Məhz üslub baxımından Çingiz Hüseynovun əksər nəsr əsərlərini cəsarətlə "magik realizm"ə aid etmək olar.
Nəhayət, üçüncü istiqamət sürətlə inkişaf edən, qloballaşan müasir cəmiyyətin gerçəkliklərilə bağlıdır. Bu təzə yaranmış istiqamət ilk baxışda fantastik uydurma (fentezi) kimi görünən real həyati vəziyyət və durumların yanaşma və bədii işlənməsinin yeniliyilə xarakterizə olunur, "kütləvi ədəbiyyat" adlandırılır. Samid Ağayevin (1957) tarixi-macəravi, müasir fəlsəfi-didaktik povest və romanları, Eduard Bağırovun (1975-2023) real-müasir "detektiv-kontrmədəni" romanları özlüyündə "kombinə olunmuş" yeni istiqamətləri təcəssüm etdirən populyar "kütləvi ədəbiyyat" janrına aid edilə bilərlər.
Sovet dövrünün tanınmış moskvalı Azərbaycan yazıçısı, sosializm-realizm yaradıcılıq metodunun parlaq nümayəndəsi Hüseyn Dadaş oğlu Nəcəfov 1921-ci il mart ayının 21-də Naxçıvanda anadan olmuşdur. Bir ildən sonra onun ailəsi Bakıya köçmüşdür. Balaca Hüseyn beynəlxalq Bakı məhəlləsində böyümüş, valideynlərinin və özünün istəyilə birinci sinifdə müxtəlif millətlərdən olan dostlarıyla birlikdə rus məktəbinə getmişdir. 1939-cu ildə Bakıda S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Böyük Vətən müharibəsinin (22.06.1941-09.05.1945) ilk günlərindən cəbhəyə yollanmış, əsasən, azərbaycanlı döyüşçülərdən ibarət olan 416-cı atıcı Taqanroq diviziyasının tərkibində vuruşmuşdur. Qvardiya mayoru Hüseyn Nəcəfov 1945-ci ilin əvvəlində Berlinə daxil olarkən ağır yaralanmış, sağ əlini itirmiş və bu səbəbdən də Qələbə gününü doğma Bakıda hərbi qospitalda qarşılamalı olmuşdur. Müharibə veteranı 1948-ci ildə universitetdə təhsilini başa vurub və bir neçə il Bakının müxtəlif rusdilli mətbu orqanlarında ədəbi əməkdaş, xüsusi müxbir kimi işləmişdir. Gənc jurnalist paralel olaraq Moskvanın gənclər üçün nəşr olunan qəzet və jurnalları ilə də əməkdaşlıq etmişdir. Onu 1950-ci illərin əvvəllərində V.İ.Lenin adına Ümumittifaq Pioner Təşkilatının Mərkəzi Şurası və Ümumittifaq Lenin Komsomolu Gənclər İttifaqı Mərkəzi Komitəsinın (ÜİLKGİ MK) orqanı olan "Pionerskaya pravda" qəzetinin redaksiyasına daimi işə dəvət ediblər. Hüseyn Nəcəfov burada düz 20 il - 1970-ci illərin əvvəllərinədək işləmişdir.
Müharibə veteranı, müharibə əlili, Qızıl Ulduz ordenli qvardiya podpolkovniki Hüseyn Nəcəfov mərkəzi gənclər qəzetinin xüsusi müxbiri kimi dəfələrlə cəbhənin keçdiyi yollara və az bir müddət öncə sovet döyüşçülərinin doğma torpaqlar uğrunda amansız döyüşlərə atıldığı keçmiş döyüş bölgələrinə ezamiyyətlərə getmişdir. Ukraynaya növbəti səfərlərinin birində o, şahidlərdən Şepetovski rayonunun Xmelyovka kəndindən olan pioner Valentin Kotikin (11.02.1930-17.02.1944) rəşadəti haqqında maraqlı hekayətlər eşitmişdir. Yazıçının çoxsaylı ezamiyyətləri və zəhmət tələb edən axtarışları nəticəsində 1956-cı ildə Moskvanın "DOSAAF" ("OADKYC" - Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyəti) nəşriyyatında gənc partizan Valya Kotik və onun döyüş yoldaşları haqqında "Cəsurlar ölmürlər" (Quseyn Nadjafov. "Smelıe ne umiraöt". Moskva, "DOSAAF", 1956. 94 s. Povtornoe dorabotannoe izdanie 1968. 141 s.) adlı sənədli-bədii povest nəşr olunmış və o illərdə müharibə nəsrinin ən layiqli nümunələrindən biri kimi məşhurlaşmışdır. Cəbhəçi yazıçı Hüseyn Nəcəfovun təşəbbüsü ilə qəzetin redaksiyası pioner qəhrəmanın mükafatlandırılması haqqında vəsatət qaldırmış və SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən Valentin Aleksandroviç Kotik ölümündən sonra - 27 iyun 1958-ci ildə I dərəcəli Vətən müharibəsi ordeni ilə təltif olunmuş, ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
Sonralar Hüseyn Nəcəfov dəfələrlə bu mövzuya qayıtmış, yeni epizod və təfərrüatlar əlavə edərək, povesti əsaslı şəkildə yenidən işləmiş, 1968-ci ildə paytaxtın "Molodaya qvardiya" ("Gənc qvardiya") nəşriyyatında təkrar nəşr etdirmişdir. Müəllif 1980-ci ildə isə "Malış" ("Körpə") nəşriyyatında yalnız baş qəhrəmanın həyat və qəhrəmanlığından bəhs edən 20 səhifəlik yığcam hekayədən ibarət "Valya Kotik" (Quseyn Nadjafov. "Valə Kotik". Moskva, "Malış", 1980. 20 s.) adlı tamamilə yeni bir kitab ərsəyə çıxarmışdır. Bu kitabca bütün Sovet İttifaqı üzrə orta məktəb proqramında məcburi oxu üçün nəzərdə tutulan "Qəhrəman pionerlər" seriyasında nəşr olunmuşdur. Qeyd etmək lazımdır ki, bu mövzu cəbhəçi müəllifə çox yaxın və əziz idi, yazıçının bioqrafiyasını rövnəqləndirərək, ona layiqli yaradıcılıq uğuru gətirmişdir.
"Muğanın səhəri" (Quseyn Nadjafov. "Utro Muqani". Baku, "Əzıçı", 1980. 204 s.) və "Qayıqlar fırtınalı dənizə çıxırlar" (Quseyn Nadjafov. "Lodki uxodət v ştorm". Baku, "Əzıçı", 1985. 254 s.) sənədli-bədii dilogiya roman-xronikaları 1919-cu ilin yayında Lənkəran qəzasında meydana çıxmış Muğan Sovet Respublikası adlanan üzdəniraq qurumda baş verən hadisələrə həsr olunmuşdur. Əslində bu, Şimali Azərbaycanın cənubunda qanuni Azərbaycan Demokratik Respublikası (28.05.1918-20.04.1920) əleyhinə, daha doğrusu, öz xalqı əleyhinə yaradılmış xalis separatizm yuvası idi. Lakin yazıçı sovet dönəminin dönməz ideya daşıyıcısı olduğuna görə başqa cür fikirləşir, öz bədii əsərilə qəhrəmanların - o günlərin və hadisələrin iştirakçılarının, yuxarıda adı çəkilən bədnam Muğan Sovet Respublikasını "quranların" xatirəsini əbədiləşdirməyi arzulayırdı: "Uşaq yaşlarımdan on doqquzuncu ilin Lənkəran hadisələrinə maraq yarandı və inkişaf etdi. Bu maraq o illərin hadisələrinin hər bir yeni iştirakçısı və şahidi ilə tanışlıqdan sonra daha da artdı və möhkəmləndi. Bu insanlar vasitəsilə mən sanki əfsanəyə çevrilmiş qəhrəmanlarla təmasda oldum. Tez-tez Lənkərana getdim, Muğanı gəzdim, yaşlı adamlarla görüşdüm, arxivləri axtardım, o dövrə aid nə tapa bildimsə, hamısını oxudum. Oxucuya nağıl etmək istədiyim Muğanda Sovet hakimiyyəti uğrunda qəhrəmanlıq mübarizəsinin epik mənzərəsi getdikcə qarşımda daha geniş şəkildə açıldı" (Quseyn Nadjafov. "Utro Muqani". Baku, "Əzıçı", 1980. S. 4. 204 s.). Müəllifdən bu səpkidə daha bir iqtibas gətirək; o, "Qayıqlar fırtınalı dənizə çıxırlar" tarixi romanının əvvəlində "Müəllifdən" adlanan girişdə yazır: "Müsavatçıların, ingilis işğalçılarının və Denikin qoşunlarının arxasında Sovet respublikasının meydana gəlməsinin böyük siyasi əhəmiyyəti vardır. Qafqaz vilayət komitəsi buraya təcrübəli partiya və hərbi işçiləri, o cümlədən, S.M. Kirovun Astraxandan yolladığı Baltik dənizçisi Timofey İvanoviç Ulyantsevi (Otradnyev) göndərmişdi. Ulyantsevi İnqilabi hərbi şuranın siyasi komissarı seçmişdilər. O, respublikanın möhkəmlənməsi üçün qızğın işə başlamışdı" (Quseyn Nadjafov. "Lodki uxodət v ştorm". Baku, "Əzıçı", 1985. S. 5. 254 s.).
Görünür, istedadlı yazıçı, cəsur cəbhəçi Hüseyn Nəcəfov qələmə aldığı hadisələrin əsl mahiyyətinə vara bilməmiş, tarixi baxımdan mürəkkəb olan həmin hadisələrə müxtəlif baxış bucaqlarından baxa bilməmiş, iliyinə qədər sovet ideologiyasının dönməz təmsilçisi və təbliğatçısı olduğundan, heç vaxt sovet dövrünün qəbul olunmuş klişelərindən üz döndərməyi ağlına da gətriməmişdir. Bu, təkcə onun bəlası deyildi, həmin illərdə böyük ölkənin bütün xalqlarının bir çox istedadlı yaradıcı insanları məhz belə siyasi görməməzlikdən və milli-mənəvi naqislikdən əziyyət çəkirdilər. Əlbəttə, bu sosialist sistemi və ideologiyasının iflası, faciəsi idi, odur ki, bu siyasi quruluş zamanın sınağına uzun müddət davam gətirə bilmədi...
Hüseyn Nəcəfovun "Sadiq qəlbin bütün atəşi" (Quseyn Nadjafov. "Vesğ plamenğ predannoqo serdüa". Moskva, "Politizdat", 1990. 237 s.) sənədli povesti görkəmli mühəndis, sənaye təşkilatçısı Aleksandr Pavloviç Serebrovskiyə (1884-1938), Azərbaycan neftini amansızcasına "sümürən" Rusiyanın quldurbaşı, onun macərəvi ömür yolu və faciəli taleyinə, Bakı fəhlələri ilə birlikdə neft yataqlarını və neftayırma zavodlarını necə dirçəldib Rusiyaya axıtdığına, Konstantinopolda Vrangelin burnunun altından onun minlərlə keçmiş əsgərini necə aradan çıxartmağına, Rokfellerdən necə ustalıqla böyük miqdarda kredit qoparmağına, ingilisləri Rusiya neftini almağa məcbur edərək, iqtisadi blokadanı necə bacarıqla dağıtmağına həsr olunmuşdur. Müəllif öz qəhrəmanını güclü, cəsur şəxsiyyət, bütün fəaliyyətilə bolşevik partiyasının maraqlarına sədaqətlə xidmət edən bir şəxsiyyət kimi göstərməyə çalışmışdır. Yeri gəlmişkən, qeyd edək ki, sonralar A.P. Serebrovski elə bu partiyanın öz sıralarını təmizləmək adıyla işə saldığı repressiya maşınının qurbanlarından olmuşdur...
Hüseyn Nəcəfovun yuxarıda adlarını çəkdiyimiz hər üç sənədli əsərinin aydın üslubla, mükəmməl rus dilində və kifayət qədər yüksək bədii sənətkarlıqla yazılmasına baxmayaraq, çox təəssüf ki, onlar bu gün mövzu baxımından, minimum miskin görünür, maksimum isə xəlqilik yönümündən mənəvi-əxlaqi həqiqətlərlə, milli-ideoloji dəyərlərimizlə dissonans təşkil edirlər. Neyləmək olar, bəzən Tanrının bəxş etdiyi istedad ehtiyatsızlıqdan və ya məlumatsızlıqdan faydasız işlərə də sərf olunur. İstedadlı ədibin özünün sənətkarlıq potensialından bədxərcliklə istifadə etməsi hər zaman dərin təəssüf hissləri doğurur...
Yazıçının "Balaxanı mayı" (Quseyn Nadjafov. Balaxanskiy may. Dokumentalğno-xudojestvennaə povestğ o Serqee Esenine. Baku, "Qəndjlik", 1986. 186 s.) sənədli-bədii povestində böyük rus şairi Sergey Aleksandroviç Yeseninin (1895-1925) Bakıya üçüncü - son gəlişindən ətraflı bəhs olunur. Mübaliğəyə varmadan, demək olar ki, müəllifin rus poeziyasını, həmçinin Yeseninin yaradıcılığını dərindən bilməsi və ürəkdən sevməsi povestin hər bir səhifəsində hiss olunur. Povestdə iki böyük şairin - Sergey Yesenin və Əliağa Vahidin (1895-1965) görüş səhnəsi, onların səmimi, xoş ünsiyyəti, bir-birlərinə qarşılıqlı ehtiramı xüsusi şövq və sevgi ilə təsvir olunmuşdur. Elə bütün bu hiss-həyəcanlı epizodlar yazıçının mövzu və bədiilik baxımından uğurlu əsərinin ən oxunaqlı, parlaq səhifələrini təşkil edir.
Ədalət naminə qeyd etmək lazımdır ki, Hüseyn Nəcəfov moskvalı azərbaycanlı yazıçılar arasında ən istedadlılardan və zəhmətkeş vətənpərvərlərdən biri olmuşdur. O, qırx ilə yaxın Moskvada yaşayıb yaratmışdır. Cəsur döyüşçü son günlərinədək namusla, vicdanla yaşamış və həmişə doğma Azərbaycan mədəniyyətinin Moskvada, həmçinin bütün böyük ölkənin rüsdilli mühitində hazırlıqlı, ciddi, inamlı, alovlu təbliğatçısı olmuşdur. O, həm də SSRİ Kinematoqrafçılar Birliyinin üzvü idi, onun ssenariləri əsasında Sovet İttifaqının müxtəlif kinostudiyalarında Azərbaycanın möcüzəli təbiəti, görkəmli şəxsləri, tanınmış mədəniyyət xadimləri, əməkçi insanlarının qəhrəmanlıqları, eləcə də doğma diyarın bir çox digər maraqlı məsələləri haqqında sənədli filmlər çəkilmişdir. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının 1964-cü ildə istehsal etdiyi "Ulduz" musiqili komediya kinofilmi çox tezliklə geniş tamaşaçı auditoriyasının əsl rəğbətini, sevgisini qazanmışdır. Tezliklə Azərbaycanın pərəstişlə baxılan filmlərindən birinə çevrilən "Ulduz"un ssenari müəllifi Hüseyn Nəcəfov idi.
Hüseyn Nəcəfov orijinalın dilini bilməyən tanınmış rus tərcüməçilərinin sonrakı bədii tərcümələri üçün Azərbaycan dilindən rus dilinə poeziya və nəsr nümunələrinin sətri tərcüməsinə xüsusi diqqət ayırırdı. O, sətri tərcümə ilə yalnız nəşriyyatların sifarişi ilə deyil, həm də, çox vaxt öz seçiminə görə məşğul olur, Azərbaycan ədəbiyyatının hər hansı bir layiqli əsərinin rus dilində bədii tərcümədə meydana çıxmasına yardım edirdi.
Sovet dövrünün moskvalı azərbaycanlı yazıçılarının ən parlaq nümayəndələrindən biri, mürəkkəb və ziddiyyətli yaradıcılıq taleyinə malik olan, sözün həqiqi mənasında, maraqlı yaradıcılıq yolu keçmiş, Böyük Vətən müharibəsinin I qrup əlili, yaxın dostların sevə-sevə "Aqusya" deyə müraciət etdikləri Hüseyn Dadaş oğlu Nəcəfov 1989-cu ildə lənətə gəlmiş xərçəng mərəzindən qısa müddətdə şam kimi yanıb əridi və dekabr ayının 12-də, yaradıcılığının çiçəklənən dövründə, 68 yaşında dünyasını dəyişdi, Moskvanın "tatar qəbiristanlığı" adlanan əbədi məkanında can rahatlığı tapdı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
