Seyran Səxavət dünyası - Seyran Səxavət-80

 

Bəxtiyar Vahabzadə Seyran Səxavəti "Heç kəsi təkrar etməyən yumor" yiyəsi, İsmayıl Şıxlı - "Cəsarətli əsərlər" müəllifi, Xəlil Rza Ulutürk isə "Böyük ədəbiyyat işi" görən ədib kimi dəyərləndiriblər. Nə az, nə çox, 26 şöhrətli imza onun "Seçilməmiş əsərlər"inin I cildində (Bakı, "Renessans-A" Nəşriyyat evi, 2015, 272 s.) yaradıcılığına münasibət bildirib, üstəlik tanınmış yazar Xəyalə Zərrabqızı bu cildə "Ön söz" yazıb. Təbii ki, bu siyahı tam deyil...

 

***

Seyran Səxavət elə ilk gəncliyindən ədəbi yaradıcılığa şeirlə başlayıb. Gənc adam oyanan torpaq kimidir. Elə ki, üzünə ilk dəfə ömrünün yaz gecə-gündüz bərabərliyi anında Novruz mehi dəyir, onda insanın qəlbi, istək və arzuları çiçəkləyir. "Qızıl Araz" qəzetində 1962-ci ildə ilk dəfə işıq üzü görmüş iki bəndlik "İki arzu" şeiri onun oyanmış ürəyinin əks-sədasına və özünüdərkin ifadəsinə çevrilir:

 

Sual verdi sevgilim

bir gün üz tutub mənə:

- Nədir arzun həyatda,

cavan oğlan, desənə?

 

***

Dedim: - Həyatda yalnız

iki arzum var, ay qız.

Biri sənət dağının

zirvəsinə ucalmaq.

Biri də ki, səninlə

ömür sürüb qocalmaq.

 

Seyran Səxavətin beşcildliyinin birinci cildinin ilk rubrikası "Sevirəm" adlanır. Burada "sevdiyi qızın "başı üstündəki səmanı", "ayağı altındakı torpağı", "bağçalarından qızgilin bağçasına axıb gedən arxdakı suların şırıltını", "gizlənpaç oynayarkən o qız gizlənən təndiri" utancaq bir sevgi ilə vəsf edən, "dağ çayı olub dağ yuxarı axa bilmədiyindən şikayətlənən" Seyran Səxavətin sevgi şeirlərində təbiətindən və gəncliyindən irəli gələn çılğınlıq necə də cazibəlidir. 1964-cü ildə qələmə aldığı "Sallandığın qollar" şeirində isə hirsin və qəzəbin, qəzəbin və əzabın ifadəsi özünü göstərir:

 

İnsan-uzaq mənzil. Böyükdür adı.

İnsanlar ən uzaq mənzilə yetdi.

Səninsə mənzilin uzaq olmadı...

Bu qoldan başlayıb, o qolda bitdi.

 

Seyran Səxavət 1968-ci ildə qələmə aldığı "İlk məhəbbət-son məhəbbət" şerində yaşantılarını belə yekunlaşdırır:

 

Sən bir soyuq ulduz, mən gözləri nəm...

Eybi yox, mənimçün həmişə varsan.

Sıxma ürəyimi, ürək cəhənnəm!

Axı, sən ordasan, sən sıxılarsan!

 

Şəxsiyyəti və yaradıcılığı daha ciddi bir yanaşma tələb edən 80 yaşlı Seyran Səxavət müasir nəsrimiz və poeziyamızda yeni bir qat və yeni mərhələdir. Onu öz ədəbi yüksəkliyi və öz bədii öngörücülüyü ilə öyrənmək ədəbiyyatşünaslığımızı daha da zəngin və daha da möhtəşəm edəcəkdir.

Sonda Seyran Səxavəti dostu və oxucusu kimi bağrıma basır və deyirəm: "Əziz Seyran Səxavət, 80 yaşınız mübarək! Gələcək illərə qənşər gedişiniz uğurlu olsun! Doğmalarının və dostlarının əhatəsində məğrur və xoşbəxt görünürsünüz"

 

Vaqif ASLAN

***

 

Müasir Azərbaycan ədəbiyyatında Seyran Səxavət fenomeni

 

Məlum olduğu kimi, hər bir böyük sənətkar (yazıçı, rəssam, bəstəkar, heykəltaraş, memar) bir fenomendir. Fenomenallıq nümunəvilikdir, orijinallıqdır, özünəməxsusluqdur. Bu yanaşmaya görə Seyran Səxavətin şəxsiyyəti də, bədii yaradıcılığı da, sözün tam mənasında, fenomenal ədəbiyyat hadisəsidir. XX əsrin ikinci yarısı (70-ci illər) - XXI əsrin əvvəllərinin görkəmli nümayəndəsi, istedadlı yazıçı Seyran Səxavət özünəməxsus, orijinal yazı manerası, yaradıcılıq prinsipləri olan bir sənətkardır, o, yeni nəslin əvəzolunmaz nümayəndələrindən biridir. Bildiyimiz kimi, Seyran Səxavətin də mənsub olduğu XX əsrin 70-ci illərində bütün dünya ədəbiyyatında, keçmiş sovet məkanının ədəbi prosesində yeni mərhələ başlamışdır. Bu dövrdə keçmiş sovet məkanında nəzərəçarpacaq ideoloji yumşalma müşahidə olunmağa başladı. Bu ideoloji yumşalma, bütün dünya mədəniyyətində, siyasətində gedən demokratikləşmə prosesinin təsiri altında baş verdi. Dünyanın ən möhtəşəm imperiyalarından biri olan sovet imperiyasında da artıq çürümə, iqtisadi, siyasi, mədəni böhran, aşılanma prosesi getməyə başlamışdı. Kommunist ideologiyasının qəddar senzurası nisbətən zəifləməyə başlamışdı. 70-ci illər Azərbaycan ədəbiyyatında bu dövrdə əsl intibah havası formalaşırdı. Milli ədəbiyyatımıza yeni nəfəs, yeni ruh gəlirdi. Bu dövrdə yazıçılarımız, üstüörtülü olsa da, yavaş-yavaş bədii yaradıcılığın hakimi mütləqi olan sosializm realizmi metodundan yaxa qurtarmağa başlamışdı. Bu dövrdə Azərbaycanda artıq yeni ədəbiyyatın ilk nümunələri (qaranquşları) yaranmağa, yeni nəslin, yeni ədəbiyyatın ilk nümayəndələri yetişməyə başladı. Bu nümayəndələrdən biri də, heç şübhəsiz ki, Seyran Səxavətdir.

Azərbaycan ədəbi mühitində sanki XX əsrin əvvəlləri dövrü - Ə.Haqverdiyev, M.Ə.Rəsulzadə, C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Müşfiq, H.Cavid, Y.V.Çəmənzəminli dövrü geri qayıtmışdı. Tarix təkrar olunurdu, su gələn arxa bir də gələr. 70 illik basqılı, təzyiqli siyasi, mədəni repressiya illəri milli mədəniyyətimizin, ədəbiyyatımızın iradəsini sındıra bilmədi, ədəbiyyatımız yenidən dirçəldi, özünə gəldi, ayağa qalxdı və əsl dünyəvi, azad ruhlu ədəbiyyat yaranmağa başladı. Bu dövr ədəbiyyatımızda İsa Muğanna, S.Əhmədov, Ə.Əylisli, Y.Səmədoğlu, Anar, Elçin, İ.Məlikzadə, M.Süleymanlı kimi nasirlər, F.Qoca, Ə.Salahzadə, İ.İsmayılzadə, R.Rövşən, V.Bayatlı, N.Kəsəmənli kimi yenilikçi şairlər yarandı. Həm gözəl şair, həm də çox istedadlı nasir və dramaturq olan S.Səxavət bu nəslin ən parlaq nümayəndələrindən biridir. 

Mən Seyranla 1964-cü ildən Azərbaycan Dövlət Universitetinə (bugünkü Bakı Dövlət Universiteti) qəbul olmaq üçün sənəd verdiyim vaxt (mən o zaman filologiya, Seyran isə Şərq fakültəsinə sənəd verirdik) tanış olmuşam. O dövr Bakı Dövlət Universiteti, sözün həqiqi mənasında, əsl ədəbi yaradıcılıq mərkəzi idi. M.Süleymanlı, O.Şamil, S.Rüstəmxanlı, S.Sərxanlı, R.Rövşən, S.Səxavət, N.Kəsəmənli, M.Oruc kimi bu gün ədəbiyyatımızda xüsusi yeri olan yazıçılar bu universitetdə təhsil alırdı (həmin dövrdə Ç.Əlioğlu Neft və Kimya İnstitutunun, V.Bayatlı və Dilsuz Texniki Universitetin tələbələri idi).

Bu il Ramizin (Rövşən) və Seyranın (Səxavət) 80 yaşı tamam olur. Ramiz də, Seyran da müasir (yeni) milli ədəbiyyatımızın ən görkəmli nümayəndələrindəndir.  Adama elə gəlir ki, 80 yaş çox böyük yaşdır. Ramizə və Seyrana baxanda bunu demək olmur. Çünki onlrın hər ikisi 40-50 il bundan əvvəl necə gənc, enerjili idilərsə, elə indi də elədirlər. Onlar yenə də gənclik əzmi ilə yazıb-yaradırlar və inşallah, hələ bundan sonra da bir-birindən dəyərli əsərlər yazacaqlar.

Seyran o nadir yazıçılardandır ki, həm poeziya, həm nəsr, həm dramaturgiya, həm publisistika, həm də bədii tərcümə sahələrində yüksək səviyyəli əsərlər yaradır. Seyran, sözün tam mənasında, mübariz insan, prinsipial sənətkardır. Onun həyatı və yaradıcılığı başdan-başa mübarizələr içərisində keçib. Seyran özünün sözü uğrunda mübarizə aparır. Yaradıcılığa başladığı ilk günlərdən o, özünün yaradıcılıq istiqamətini müəyyən edib, öz yaradıcılıq üslubunu formalaşdırmağa başlayıb: bu yol, Seyranın sənət yoludur, bu, insanımızın milli-mənəvi aləminin təsviri yoludur, bu, sadə insanların (kəndlinin, şəhərlinin) problemlərini əks etmək yoludur, bu, bədii yaradıcılıqda realizm (maqiq realizm) yoludur. Seyranın yaradıcılığının başlıca spesifikası dərin yumora meyillilikdir. Bədii ədəbiyyatın qızıl qanunlarından biri də yumor səciyyəli olmasıdır. Demək olar ki, dünyanın nəhəng sənətkarlarının böyük əksəriyyətinin yaradıcılığında yumor istiqaməti aparıcı yer tutur. Bu yumor metaforik yumordur. Bu, Ezop yumorudur, bu, C.Rumi, C.Bokkaçço, M.Servantes, R.Erazm, F.Rable, U.Şekspir, J.B.Molyer, M.F.Axundzadə, C.Məmmədquluzadə, M.Ə.Sabir yumorudur.

Hər bir Azərbaycan yazıçısının özünəməxsus, spesifik yaradıcılıq yolu, bədii üslubu, ədəbi kredosu var. Seyran Səxavətin yaradıcılığı bu baxımdan xüsusilə diqqətəlayiqdir. Onun əsərləri tam mənada realist ədəbiyyatın prinsipləri ilə səsləşir. Bəli, o, realistdir. Bu realizm daha çox tənqidi realizmə uyğun gəlsə də, yuxarıda dediyim kimi, maqiq realizm nümunəsidir (Azərbaycan ədəbiyyatında bu üslub, əsasən, M.Süleymanlının, M.Orucun yaradıcılığında müşahidə edilir. Hər bir istedadlı yazıçı öz əsərləri ilə özlərinin avtoportretini yaradır. Seyranın avtoportreti bu baxımdan xüsusilə səciyyəlidir. O, həm son dərəcə millidir, ekzotikdir, həm də dünyəvidir, ümumbəşəridir. Xüsusilə, onun nəsr əsərləri ("Dar köynək" povesti, "Daş evlər", "Nekroloq", "Yəhudi əlifbası" və "Qaçhaqaç" romanları) bu baxımdan diqqətəlayiqdir. Seyran bütün əsərlərində (həm şeirlərində, həm hekayə, povest və romanlarında, həm dram, həm də publisistik əsərlərində) özünün portretini yaradıb. Seyranın bədii yaradıcılığının məntiqi, məntiqsizliyə bənzəyir, daha dəqiq desək, bu, qeyri-səlis məntiqdir, "uydurma məntiq"dir.

Seyranın yaradıcılıq xasiyyətnaməsi ilə şəxsiyyət xasiyyətnaməsi bir-birini tamamlayır. O, özünün yaradıcılıq prinsiplərinə xəyanət etmədiyi kimi, həyat prinsiplərinə də sədaqətlidir.

Bu günlərdə Seyran Səxavətin 80 yaşı tamam  oldu. Mənim bu böyük sənətkarla tanışlığımın, dostluğumun tarixi 65 ilə yaxındır. Bunu ona görə deyirəm ki, biz bir-birimizə baxa-baxa yaşamışıq, yaşlanmışıq, böyümüşük. Elə ona görə də biz bu illərin necə keçdiyini hiss etməmişik. Seyran mənim gözümdə 65 il bundan əvvəlki, ilk dəfə tanış olduğum illərdəki Seyrandır. O, yenə də gəncdir, enerjilidir, bu gun də keçmişdə olduğu kimi yazır-yaradır. Mən, dostum, gözəl şair, nasir, dramaturq, esseist, publisist, tərcüməçi Seyran Səxavətə uzun, sağlıqlı, bol məhsuldar yaradıcılıqlı ömur arzulayıram.

 

Cəlil (Qəriboğlu) Nağıyev

 

***

 

Seyran Səxavətin tale kitabı

 

Mən onunla tanış olanda, haradasa, 50 yaşı olardı.

...Rəşid Behbudov adına Mahnı Teatrı.

Teatrın direktoru Niyazi Aslanovun dəvəti ilə teatrın səhnəsində keçiriləcək yubiley gecəsinin ssenarisi, quruluşu və tərtibatı üzərində işləyirik.

Direktorun otağı... və birdən... bir az xırıltılı, xoş, qulağayatımlı səsə başımı kağızdan qaldırıram - "salam, mamoğlu!" Dostları ilə görüşən Niyazinin gülüşünün bütün sifət cizgilərində şırım açan siması heç vaxt yadımdan çıxmır.

...Masadan dik qalxır, gələn adama tərəf qollarını geniş açaraq onu qucaqlayır və mənə çevrilib: "Rafiq, böyük yazıçımız Seyran Səxavət!" - deyir. Mənə işarə ilə Seyran müəllimə - "bu cavan oğlanı, yəqin televizorda görmüsən..." - deyərək təqdim edir.

Bir azdan daha bir möhtəşəm, bir dəfə dinləyənin heç vaxt yaddaşından silinməyəcək səs eşidilir: - kepkasını çıxarıb, gülümsəyərək heca-heca uzada-uzada: - "sa-laam əleey-küm" kəlməsiylə öz məhrəm məkanına daxil olurmuş kimi, asta addımlarla içəri girən Fuad Poladov... Bir gündə iki şəxsi tanışlıq (əlbəttə, mən bu iki böyük sənətkarı tanıyırdım).

Bir neçə il televiziyada çalışan cavan bir adam üçün xoşbəxtlik deyilmi? Mənim az qala, atam yaşında olan insanlar.

Bir az ordan-burdan söhbət, zarafatlar və bütün bunların bir neçə dəqiqədən sonra yaxınlıqdakı "Bakı" restoranında davamı...

Atamın "hər şeyin öz yeri var" üsuli-tərbiyəsi aramızdakı yaş fərqini sanki hiss etdirmirdi.

Beləcə, Niyazinin "ocağında" alışan bu münasibət illərlə gəlib öz adi halına yetişdi.

Dostluq - Yaradanın insana verdiyi ən gözəl nemətlərdən biridir. Bircə dənə də resepti var: Təmənnasızlıq, Allah xatirinə dostluq, Allahın yaratdığını səmimi qəlblə sevmək!

...Qədimdə "simposi" adlanan bu mərasimlər "ayda bir yol-həftədə bir yol" nəğməsi kimi həyatımızda səslənirdi. Bəzən bu kvartet böyüyürdü - Faiq müəllim, Gülağa, Hətəm müəllim və daha kimlər, kimlər... Mən də bu insanlıq, sənət məktəbi ünsiyyətindən xeyli həyati materialla tanış olurdum, öyrənirdim.

Niyazi hər dəfə məclisin sonunda özündən başqa heç kimə xas olmayan ədası ilə, yaraşıqlı boy-buxunu, altmışıncılar nəslinin parlaq, pafosdan kənar intonasiyası ilə: "Bizim dostumuz Rafiqin bir çatışmayan cəhəti var - çox cavandır... Amma bu, tezliklə keçəcək", - deyib ürəkdən elə gülürdü ki...

İndi dünyada belə işıqlı gülüş tapmaq çətindir.

...Seyran müəllim "uşaqlıq əminliyini və intuitiv sədaqət hissini qoruyub saxlayan" insanlardandır. Ən çətin məsələlərdən biri, bəlkə də elə birincisi, bu deyilmi?!

Mən durub bu yazıda Seyran müəllimin əsərlərinin ədəbi-bədii məziyyətlərindən danışsam, mənə elə gəlir ki, bu barədə ədəbiyyatşünasların fikirləri daha inandırıcı və sanballı olar.

Mən yalnız əsl ədəbiyyatı hiss edən, sevən oxucu kimi bəzi təəssüratlarımı bölüşmək istərdim.

Seyran müəllimi oxuyanda elə bilirəm ki, söhbət açılan mətləb mənə danışılır. Və danışanın səmimi olduğuna görə, inanıram ona.

Seyran müəllimin mətnlərində yumor hissi, düşünürəm ki, ayrı bir araşdırma mövzusu ola bilər.

Seyran müəllim yazıçı sözünü tale kitabı kimi bütün məsuliyyəti ilə həyatın dolanbaclarıyla çiyinlərində daşımaqdan yorulmayan, güclü bir şəxsiyyətdir.

Seyran müəllim Azərbaycan insanının mənəvi-bioloji-fiziki anatomiyasını yaxşı bilən və onu sevərək həmişə gözəl görmək istəyən bir qələm sahibidir.

Əziz Seyran müəllim, sizə uzun, sağlam ömür arzulayıram. Və Allahdan diləyirəm ki, son nəfəsinizə kimi qələm əlinizdən düşməsin. Yaşayın, yazın, yaradın. Çünki sözün devalvasiyaya uğradığı çağdaş dövrdə əsl yazıçı sözünə çox ehtiyac var.

Hörmətlə...

 

Rafiq HƏşimov

09.03.2026, saat 15:30. AzTV

 

***

 

Payız ömrümüzün yamyaşıl möcüzəsi: Seyran Səxavət

 

Bu gün biz müasir Azərbaycan ədəbiyyatının görkəmlı nümayəndəsi, sözün məsuliyyətini və ağırlığını anlayan və anladan söz sərrafı Seyran Səxavətin 80 illik yubileyini hörmət və ehtiramla qeyd edirik.

Seyran Səxavət, böyük mənada, Sözün özüdu, söz səltənətinin təntənəsidir. Seyran Səxavət Azərbaycan nəsrinə yeni nəfəs, yeni düşüncə tərzi gətirmiş sənətkarlardandır. Onun əsərlərində insan taleyi, zamanın sərt sınaqları və cəmiyyətlə fərdin mürəkkəb münasibətləri yüksək bədii ustalıqla əks olunur. Seyran Səxavətin dili sadə və düşündürücüdür. O, adi hadisələrin içində böyük mənalar axtarır və oxucunu mənəvi hesabata vadar edir.

"Daş evlər", "Yəhudi əlifbası" kimi əsərlərində Seyran Səxavət yalnız cərəyan edən hadisələri təsvir etmir, o, insanın daxilinə enir, onun susqunluğunu danışdırır, görünməyən ağrılarını sözə çevirir. Bunların arxasında dərin fəlsəfi qat dayanır. Seyran Səxavətin qələmi həqiqəti bəzəmir, onu olduğu kimi göstərir. Elə buna görə də onun əsərləri oxucunu rahat buraxmır, düşündürür, sorğu-suala çəkir, özü ilə üz-üzə qoyur.

Seyran Səxavət müasir Azərbaycan ədəbiyyatında özünəməxsus üslubu, psixoloji dərinliyi və həyat həqiqətlərini səmimi ifadə etməsilə seçilən nadir istedad sahiblərindən birincisidir. Onun yaradıcılığında insan taleyi, vətən sevgisi, mənəvi axtarışlar, zamanın ağrıları əsas mövzulardandır.

Bu gün biz təkcə böyük yazıçının yox, həm də böyük ürək sahibi Seyran Səxavətin 80 illik yubileyini qeyd edirik.

Seyran müəllim - 80 il. Bu rəqəmin içində neçə bahar, neçə payız, neçə sevinc, neçə nisgil var. Mənim ana dilimdə "nisgil" sözünün çox anlamı var. Böyük Turan, Böyük Azərbaycan bu nisgildən keçir. Amma bir həqiqət var ki, Sizin sözə sədaqətiniz, insana sevginiz dəyişməz qalıb. Siz əsərlərinizlə ürəklərə yol tapdınız. Sizin qəhrəmanlarınız bəzən susdu, bəzən ağrıdı, sonucda ümidlə ayağa qalxdı. Dediyiniz kimi, insan bəzən öz içində itir, tapdığı yol da onu özünə qaytarmır. Amma yenə ümidlə sabaha baxır. Çünki yaşamaq inamdan başlayır. Bax, siz oxucuya bu inamı aşıladınız.

80 illik ömür! Bu, təkcə zaman göstəricisi deyil. Bu, ədəbiyyata, sözə, millətin mənəvi yaddaşına xidmətlə keçən şərəfli bir yolun göstəricisidir. Bu illərin arxasında böyük təcrübə, xatirələr, neçə-neçə yaxşılıqlar dayanır. Bu yubiley şəxsi yubiley deyil, həm də Azərbaycan ədəbiyyatının yubileyidir.

Sizi tanıyanlar bilir ki, siz təkcə istedadlı qələm sahibi yox, həm də səmimi dost, ürəyi kövrək insansınız.

Bu böyük söz sərrafı, söz zərgəriylə eyni dövrdə yaşamaq, sözünü eşitmək, ünsiyyətdə olmaq, inanın ki, bir tale naxışıdır. Siz bizə öyrətdiniz ki, ədəbiyyat təkcə yazmaq deyil, yaşamaqdır, hiss etməkdir, insan dərdinə biganə qalmamaqdır. Qələminiz həqiqətin tərəfində oldu. Bu, ən böyük sənətkarlıqdır.

80 yaş, doğrudan da, bir zirvədir. Amma bu sözümüz hələ də yol gedir. Nə yaxşı ki, Seyran Səxavət adlı sözümüz var. Qürurumuz, mərhəmət, səxavət, sərvət adlı sonsuz üfüqlərə qədər ucalan zirvəmiz. Yolunuz hər zaman sübh şəfəqləriylə naxışlansın, ömrünüzün müdriklik zirvəsi mübarək olsun, əziz Seyran Səxavət!

Sizi gözləyən illər sağlamlıq, rahatlıq, sevinc dolu gəlsin. Söz səltənətinin zirvəsi - Seyran Səxavət! Dəyərli sözünüz əsrlərin sınağından keçərək gələcək nəsillərə örnək olacaq. Dağlardan gəlib çəni unutmayan Seyran Səxavət, qələminiz iti, sözünüz ötkəm olsun!

Dostluğa sədaqəti, torpağa bağlılığı və insanlara olan sonsuz sevgisilə oxucu rəğbəti qazanan Seyran Səxavətə...

 

 Zöhrə Əliyeva

 

***

 

İşıqlı və "iynəli" şeirlər haqqında düşüncələr

 

70-ci illərdə poeziyaya gələnlər sonralar Azərbaycan ədəbiyyatının xüsusi inkişaf mərhələsini təşkil etdilər. Bu dövr Azərbaycan ədəbiyyatında yeni inkişaf mərhələsinin - cəsarət və novatorluq ənənələrinin ön planda görünməsi poeziya və nəsrdə fərqli hadisələr dövrü idi. M.İsmayıl, S.Rüstəmxanlı, Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli imzaları sırasında Seyran Səxavət imzası həm də fərqli yaradıcılıq xüsusiyyəti ilə elə ilk gündən seçilməyə başladı. VIII sinifdən imzası tanınan, tələbə ikən ilk şeir kitabı çıxan, istedadı ilə qürur duyulası şair kimi tanındı. Onun yaradıcılığının qısa müddətdə sevilməsi, şeirlərinin dillər əzbərinə çevrilməsi, sözlərinin musiqi janrına yol alıb könülləri riqqətə gətirməsi mövzuya, sözə səmimi münasibəti və təkrarsız ifadə üslubuna malik olması səbəbindən idi. Daxili duyğu və hisslərin təkrarsız təsvir üslubu, ruh halının azad və sadə ifadə tərzi şeirlərində elə əsrarəngiz gözəlliyə büründü ki, heyranlıq bütün oxucularının yaddaşlarında uğursuz olan "ilk məhəbbətin" yara qaysağını qopardı. Vüsalın həsrəti ürəklərdən elə boy verdi ki, hər kəs:

 

Sən bir soyuq ulduz, mən gözləri nəm,

Eybi yox, mənimçün həmişə varsan,

Sıxma ürəyimi, ürək cəhənnəm,

Axı sən ordasan, sən sıxılarsan

 

- deyə ilk məhəbbətin ülviliyinə unudulmazlığına bir daha inandı.

Deyirlər, yumorlu adamlar ən ağıllı adamlardır. Seyran müəllim xarakter və danışıq üslubunda yumorlu, səmimi olduğu qədər də cəsarətlidir. Ona görə də bu xarakterik xüsusiyyətləri poeziyasında elə ustalıqla uzlaşdırır ki, ömrün müəyyən məqamlarında məhəbbət dünyasının "partizanı"na çevriləndə belə, oxucu onun bu halına təəccüblənmir; axı bu, Seyran Səxavətdir, "qırmızı yanaqlara" "həsrət güllələri" ilə atəş açan aşiqdir.

S.Səxavətin poeziya yaradıcılığı müəllifin daxili dünyasına xas olan əhvalı, mənəvi yaşantıları, könül çırpıntıları kimi görünsə də, zamanla hamımızın iç dünyasında baş verənlərin təzahürü kimi dilimizdə əzbərə çevrilir. Yəni bu yaradıcılıq nümunələri oxucunun düşüncəsinə elə doğmalaşır ki, hərə bu şeirlərdən öz taleyini oxuyur. Onun qəlbinin mövzularla qurduğu poetik dialoq üslubu da çox fərqlidir. Sevdiyinə, yar-yoldaşa, dosta, dünyanın gülünə, çiçəyinə, hətta mənəvi, bioloji yaşam səbəbimiz olan ürək haqqında düşüncələrini kövrəlmədən oxumaq olmur. "Ürək" şeiri şairin ağrıyan ürəyi ilə səmimi əhvallaşması, könül dərdləşməsidir:

 

Sonsuz arzuların sonuna yetsəm,

Harayla dağları qoparacaqsan.

Təkliyi sevmirsən, bilirəm, getsən,

Məni də özünlə aparacaqsan...

 

Əməlim səninki, eşqim səninki,

Məndə həsrət yaşar, o qoy ölməsin.

Demirəm ağrıma, elə ağrı ki,

Anam dözümsüzdür, ana bilməsin.

 

Analar oğullarının ağrıdığını biləndə oğullar gücsüzləşirmiş. Bu şeirdən bir daha anladım ki, analar xəstələnəndə qızlarına əzizləndikləri kimi, elə o ölçüdə də oğullarına "sən işində ol, heç yerim ağrımır, sap-sağlamam", - deyə onların gücsüzləşməyinə qıymırlar.

Həm yazı üslubu, ifadə vasitələrinin seçilməsinə, həm dil zənginliyimizdən yaradıcılığına fərqli gözəlliklər gətirmək bacarığında belə Seyran Səxavət orijinallığı ortaya çıxaraq oxucunu heyran edir.

Xalq şairi S.Rüstəmxanlı yazırdı: "Seyran Səxavətin Azərbaycan ədəbiyyatında özünəməxsus dil və üslubu var. Qarabağ, danışıq dilini bütün koloriti, codluğu, şirəsi, saflığı və rəngləri ilə Azərbaycan nəsrinə ilk dəfə Seyran Səxavət gətirib." Əlbəttə ki, bu fikirlər həm də onun poeziyasına da aiddir.

Seyran Səxavətin şeirlərində dərd fərdi, şəxsi dərd deyil, qlobal kədərdən doğan dərdlər şairin ümumbəşəri, eləcə də milli, ümumxalq təəssübkeşliyindən yaranan düşüncələrdir:

"İynə" şeirində deyir:

 

Bir əlimdə qələm,

birində iynə,

Biriylə kitab yazıram,

biriylə gor...

Hərdən də tərsinə olur,

tərsinə...

Saman təpəndə

adamın dərisinə

qələmlə gor qazıram,

iynəylə kitab yazıram.

 

Bəli, bu bir həqiqətdir, "iynəli" ədəbiyyat düşündürücü, tərbiyəedici ədəbiyyatdır!

Klassik ədəbiyyatımızdan öncə, hətta şifahi xalq ədəbiyyatından "iynəli" qələm nümunələri həmişə düşüncələrimizin sərrast çatdırılmasında öz əhəmiyyətini təsdiq etmişdi. Bu qəbildən olan "iynəli" şeirlərini oxuduqca anlayıram ki, məni Seyran müəllimlə tanış edən Kefli İskəndər bizim ortaq düşüncə əzizimiz kimi, dərdlərin çəkilməsini də hansı qələm sahibinə həvalə edəcəyini bilirmiş...

"Xoruz və Azərbaycan dili", "Aşıq Ələsgərə xəbərçilik", "Salatın", "Evimdəki televizora" kimi şeirlərinin üstünü, içini iynəylə dolu gördüm.

Seyran Səxavətin poeziyasını yaşdaşı olan şairlərin yaradıcılığından fərqləndirən də yaradıcılığındakı "iynəli işıq"dır.

Sevgi şeirlərindən süzülən məhəbbət işığı nə qədər füsunkar kədəri ilə könülləri riqqətə gətirirsə, "iynəli" şeirləri mənəvi dünyamızı təmizlənmək üçün işıqlı iynələrlə könlümüzə bahar küləkləri əsdirir.

Seyran Səxavətin yaradıcılığında ürəkləri riqqətə gətirən, dillər əzbəri olan sevgi şeirləri, vicdan və mənəviyyat təmizliyinə, ictimai ədalətə çağırış mövzulu şeirləri bir şairin qəlb harayı kimi görünsə də, əslində, bütün insanlığın düşüncələrinin cəmidir.

Sevilmək, yaddaşlarda unudulmazlıq taxtı qurmaq hər yazara məxsus olmur. Şair üçün, yazar üçün ən böyük xoşbəxtliklərdən biri xalq sevgisi, oxucu məhəbbətidir.

Daim Tanrı sevgisiylə mükafatlandırılmaq diləklərimlə dəyərli Seyran Səxavətə cansağlığı, könül rahatlığı, 100 illik yaradıcı ömür arzulayıram.

 

Sona Vəliyeva

 

***

 

"Paralel dünyalarda" xoşbəxtliyə "məhkum"

 

Seyran Səxavətin 80 illik yubileyinə dost təbriki

 

Albert Eynşteyn: "reallıq - illüziyadır" desə də, hər halda real dünya var. Biz bu real dünyada yaşayırıq. İosif Brodskinin dediyi kimi, bütün gözəllikləri ilə yanaşı, çətinlikləri ilə də sevilməyə layiqdir bu dünya.  Və... biz onu sevməyə məhkumuq.

Bəlkə buna "xoşbəxt məhkumluq" da deyə bilərik. Əslində bütün sevgilərin anlamı elə budur - xoşbəxtliyə məhkumluq. Sən sevdiyin qədər xoşbəxt edirsən, sevildiyin qədər xoşbəxt olursan və əksinə.

Bax, bu cəhətdən Seyran Səxavətin bəxti gətirib; oxucu sevgisini öz dövründə (üstəlik, cavanlığından) görə-görə gəlib.  Tərifi də öz dövründə eşidib, tənqidi də. Yazıçıya daha nə lazımdır ki?!

Bilmirəm, Seyran Səxavət hansı əsərinə görə daha çox təriflənib, hansına görə yox ("Nekroloq" romanı "Yusif Səmədoğlu" mükafatını alıb - bu, dəqiqdir). Amma özü tərifdən də, tənqiddən də həmişə uzaq gəzib. Niyə?

"Niyə"si bəllidir: insanın öz dünyası var. Bir də, dediyim kimi, öz qələmi və ürəyi ilə qurub-qoyduğu, düzüb-qoşduğu dünyalar...

 

Paralel reallıqlar

 

Bəlkə çoxumuza elə gəlir, bu "paralel reallıqlar" dünənin, uzaqbaşı, srağagünün söhbətidir. Yox! Əsla! Əksinə, bu təsəvvürlər uzaq qədimliklərin dərinliklərindən gəlir; "başqa" dünyalarda da insanların yaşadığına dair ilk hipotez hələ miladdan əvvəl - IV əsrdə Demokritdən gəlmişdi, daha sonra Epikür, Lukretsi Demokritin mülahizəsini irəli aparmışdı. Ta Aristotel fəlsəfəsi bu fikrin qarşısını kəsənə qədər...

"Paralel dünyalar" tarixin dolanbaclarında dolaşıb, "yorulanda" - Roma Papası bu fikrin daşıyıcılarına ölüm hökmü çıxaranda, Söz sənəti antik kosmoqoniyalara sahib çıxdı - Aristotel məntiqinin ortada buraxdığı bu qədim "fəlsəfi yetim" Əlahəzrət Ədəbiyyatın qanadları altına sığındı. "Paralel" dünyaların qapısına Kilsənin vurduğu qıfılın açarını Ədəbiyyat Cordano Brunonun yandırıldığı tonqalda "tapdı". Özü də qollarını çırmalayıb, paralel dünya "quruculuğu" naminə "yarışına" qoşuldu.

Mario Varqas Lyosa "Gənc romançıya məktub"unda yazıçının həmin o  "paralel dünya" quruculuğunu "reallıqla rəqabət" adlandırıb... Lyosa yazıçının uydurulmuş... gerçəklərinin əlçatmaz, ünyetməz  "ucqarlarında" dolaşır.

Bəlkə də bu perulu yazıçı Seyran Səxavəti ispanca, ya da ingiliscə oxuyub; axı bu talantlı azərbaycanlının əsərləri onlarla əcnəbi dilə tərcümə və çap edilib. Lyosa isə ötən ilin aprelinə kimi sağ-salamat idi; Seyran Səxavətin "Yəhudi əlifbası"nı oxuyubsa, "pəncərənin qabağındakı" sərv ağacı Lyosanın da diqqətini çəkmiş olardı. Təkcə elə o sərv ağacının budaqlarında qumruların eşq həyatı ayrıca bir dünyadır. Yaxud "Qaçhaqaç"dakı "balalayan ağac"da - qara bürünmüş, ağ duvaqlı ağcaqayın boyu aşağı-yuxarı, sağa-sola "qaynaşan" dələ " toplumu"...

Bu inanılmaz duyğulu, heyrət və heyranlıq dolu təsvirləri oxuduqca, bədii təxəyyülün sonsuzluğuna qibtə etməyə bilmirsən. Düşünürsən: özü paralel dünyalar yarada bilən adamın sərhədi harda başlayır, harda bitir, bəlkə heç özü də bilmir.

Əvvəllər də yazmışdım: elə şəxsiyyətlər var, öz "coğrafiyası"  öz ölkəsindən böyükdür. Braziliyanın torpaqları 10 ölkənin sərhədlərində bitir. Bəs Paulo Koelhonun "ədəbi coğrafiyası" harda qurtarır?! Heç harda!

Eləcə də bütün dünyada milyonlarla oxucu yazıçının Sözdən toxuduğu "paralel reallıqlar"da çoxdan və çox xoşbəxt "yaşayırsa", Lyosanın dediyi o "reallıqla rəqabət"in halal nemətlərini sevə-sevə dada bilirsə, Sənətin sərhədlərini kim, harda axtaracaq, necə tapacaq?!

"Paralel reallıqlar" demişkən, Seyran Səxavət yalnız uşaqların idarə elədiyi dünya "yaradıb". O "dünya"nın öz qanunları var və hər kəs o qanunlar qarşısında həmişə bərabərdr. Daha biz böyüklərin real - fiziki dünyasında olduğu kimi yox.

"Allah dünyanı uşaqlara etibar etmək istəyir... Dünyanı uşaqlar idarə edəcək. Dünya uşaqların üzünə bu vaxta qədər dağılmayıb".

Bu cümlələr həm ruhun harayıdır, həm də "tərəqqipərvər" adlandırdığımız, ancaq başı müharibələrdən ayılmayan bəşər övladına oxunmuş ittihamdır.

Bir də, "Qapıların o üzündə qalan dünya"dakı bir kənd uşağı əyalətin təmizliyini iri şəhərin mürəkkəb dərinliyinə daşımışdı... Hərçənd kənddən gələn yaşlı-başlı "Mərdan" o uşaq qədər də olmadı; "Sanatoriya"da şəhərə... uduzdu.

"Seçilmiş əsərlər" çox yazıçının planında yer alır, ya da ən azı xəyalında "fırlanır". Bilirsiniz, dövlətlərin seçilmiş əsgərləri olur. Deputatlar, dövlət başçıları həmin o seçilmiş siyasi döyüşçülərdir.

Ədəbiyyatın da seçilmiş "əsgərləri" var. Sözün seçilmiş əsgərlərindən olan Seyran Səxavət isə bir kitabını adını "Seçilməmiş əsərlər" qoymuşdu.

Bu, bilirsiniz, nə deməkdir?! Seyran Səxavət oxucusuna deyir: "Al, oxu, özün seç. Ya da al, seç, oxu. Sevərsən də özün bilərsən, küsərsən də". Seyran Səxavət oxucusunun seçim haqqını tanıyıb.

...İnsana seçmək şansını vermək ona bütün  dünyanı vermək kimi bir şeydir.

Yazıçı ara vermədən, yorulub-bezmədən, umub-küsmədən əsərlərinin seçki kampaniyasını keçirir. Bu, heç bitməyən bir yaradıcılıq yarışıdır - mətn müsabiqəsidir. Seyran Səxavətin elan etdiyi ədəbi (əminəm ki, Əbədi!) seçkinin hər turunda sevgi qalib gəlir. Bu qədər böyük və saf sevgi "materialından" Seyran Səxavət özünə dünya qurub - nə qapısı var, nə bacası. Bircə dənə girişi var. Hələ o dünyadan incinib çıxan birini görməmişəm...

Sevgiyə o qədər ürəkdən inanıb, sevgini o qədər könüldən sevib ki, Fyodor Dostoyevskinin özü ilə mübahisəyə girişib və... qalib gəlib. Sən demə, dünyanı Dostoyevski deyən o gözəllik yox, Seyran Səxavətin dediyi kimi, sevgi xilas edəcəkmiş!

Məncə də. Təkcə gözəlliyin gücü çatmazdı axı.

Seyran Səxavətin qələmi o sevgidən güc alır; odur ki, Seyran qələminin Səxavətini biz səksənə qədər necə görmüşüksə, səksəndən sonra da yenə çox görəcəyik. Yazıçının "bioloji saat"ının əqrəbi səksənin üstünə çatsa da, özü ömrünün sübh zamanında - səhər vaxtındadır.

Çağa vaxtında ana südü ilə, uşaq çağında isə ana dili ilə mayalananlar həm cismən, həm ruhən sağlam böyüyür, sağlam yaşayır, sağlam yaşlanır. Seyran Səxavət də bu iki halal nemətdən mayalanıb: ana südündən və ana dilindən.

Mən də səksən yaşlı bu cavan oğlandan "şübhələnmişəm": deyəsən, axı bu talantlı yazıçının ömür "sayğac"ı tərsinə işləyir - təqvim bir rəqəm göstərir, özü isə bunun yarısını. Bəlkə sayğaca "müdaxilə" var?!

...Aradım-axtardım,  düşündüm-daşındım, öz  sualıma özüm cavab tapdım: sən demə, Seyran Səxavətin başı yazı-pozuya, gəzib-görməyə, sevib-sevilməyə... bir də tost deməyə o qədər bərk qarışıb ki, illər gəlib onun yanından keçib gedib, heç özünün də xəbəri olmayıb...

 

Bahəddin Həzi

 

***

 

Sevimli yazıçım Seyran Səxavətin 80 yaşı münasibətilə...

 

Azərbaycan ədəbiyyatında elə qələm adamları var ki, onların yaşı bir epoxanın, bir mənəvi yükün və bir taleyin ölçüsüdür. Bu gün 80 yaşını tamamlayan Seyran Səxavət məhz belə yazarlardandır. Onun ömrü təkcə yaşanan illərin deyil, yazılan ağrıların, danışılan həqiqətlərin və susa bilmədiyi həqiqətlərin və etirazların tarixidir.

Seyran Səxavət həm də o yazarlardandır ki, Azərbaycan nəsrində sadə dili dərin fəlsəfəyə çevirə bilib.

Mən bu təbrik xarakterli yazıda onun əsərlərinin adını çəkmək fikrindən uzağam. Sadəcə, onu daha qabarıq qeyd etməyi borc bilirəm ki, o, oxucunu hər zaman heyrətləndirməyə deyil, oyatmağa çalışıb. Onun mətni hay-küydən, pafosdan uzaqdır, amma hər cümləsində daxili sarsıntı, vicdan titrəyişi var. Mən, demək olar ki, Seyran Səxavətin yazdıqlarının əksəriyyətini yaşamışam. Və məncə də, tək məndə yox, bütün oxucularında Seyran Səxavət bu yaşantıları gerçəkləşdirə bilib.

O, insanı ictimai şüarların içində deyil, daxili uçurumlarında axtarır. Seyran Səxavətin qəhrəmanları bəzən danışmır, bəzən səhv edir, bəzən də susaraq daha çox həqiqəti deyir. Bu onun ədəbiyyatdakı əsas cəsarətidir.

Seyran Səxavət sovet dövrünün sərt ideoloji çərçivələrindən tutmuş, müstəqillik illərinin mənəvi qarışıqlığına qədər, zamanla barışmayan, amma onu diqqətlə müşahidə edən yazıçı olub, dövrü insan taleyinin içindən oxumağı bacarıb.

Onun nəsrində kənd də var, şəhər də; müharibənin sükutu da var, məğlubiyyətin iç səsi də. Amma bütün bunların mərkəzində əsas olan insandır - bəzən tək, kövrək, səhv edən, amma yenə də ümid axtaran insan.

Seyran Səxavətin yaradıcılığı Azərbaycan ədəbiyyatında mənəvi arxiv rolunu oynayır. Oxucu onun əsərlərində təkcə hekayə və təsvirləri deyil, öz yaddaşını tapır.

Bu il Seyran Səxavətin 80 yaşı tamam olur. Bu, bir yazıçının sadəcə yubileyi deyil, bir ədəbi məktəbin, bir düşüncə tərzinin bayramıdır. Onun qələmi hələ də susmayıbsa, bu, yaşla deyil, vicdanla yazmağın mümkün olduğunu sübut edir.

80 il az ömür deyil, xüsusilə, bu coğrafiyada, bu siyasi və mənəvi burulğanda.

Yubileyin mübarək, ustad!

 

Ayaz Arabaçı

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!