Xaqani-900: Mədəni suverenliyin sərhədlərində bir klassikin taleyi - Sayman ARUZ

 

İllərdir Xaqani haqqında araşdırma aparıram, əsərlərini tərcümə edib, şərh edirəm. Mən onu Azərbaycan ədəbiyyatının ən qərib şairi adlandırmışam. Çünki Xaqani mənim üçün sadəcə bir şair deyil, həm də bir xanəgah kimi insanlıq məskəni, şəxsiyyət yaratma məktəbidir. Ona görə də 2026-cı il Azərbaycan üçün sadəcə yubiley ili deyil.

Bu il dövlət səviyyəsində böyük Azərbaycan mütəfəkkiri Xaqani Şirvaninin 900 illiyi qeyd olunur. Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2026-cı il tarixli Sərəncamı bu möhtəşəm hadisəni mərasim çərçivəsindən çıxararaq ideoloji məna müstəvisinə qaldırdı. Bu, ədəbi tədbir deyil - mədəni mövqe bəyanıdır.

Bu mötəbər sərəncam dahi Xaqanini yad etməklə yanaşı, həm də Xaqaninin kimliyini yenidən təqdim etmək baxımından qiymətləndirilməlidir. Xaqani, əsasən, fars dilində yazıb. Bu fakt uzun illər onun milli kimliyini kölgədə qoymaq üçün istifadə olunub. Halbuki XII əsrdə fars dili regionun ədəbi lingua-frankası idi. Orta əsr Avropasında latın dili milli kimliyi müəyyən etmədiyi kimi, Şərqdə də yazı dili etnik mənsubiyyətin meyarı - ölçüsü deyildi.

Xaqani Şirvan torpağında doğulub, Şirvanşahlar dövlətinin siyasi-mədəni mühitində formalaşıb, Azərbaycan intellektual mühitinin məhsulu olub.

O, bu torpağın övladıdır. Onun dünyagörüşü Şirvanın sosial-mədəni, ictimai-siyasi və dini reallıqları içində biçimlənib. Bu reallığı görməzdən gəlib, onu yalnız dil üzərindən başqa mədəniyyətə aid etmək - tarixə və ictimai şüura qeyri-adekvat yanaşmadır.

Prezidentimizin Xaqani Şirvani ilə bağlı Sərəncamı həm də müasir qlobal informasiya mühitində milli-mədəni irsin təhrif olunmasının qarşısını almağa yönəlmiş strateji siyasətin tərkib hissəsidir.

Xaqani Şirvani irsi Azərbaycan klassik ədəbiyyatının böyük bir mərhələsi olmaqla yanaşı, eyni zamanda ədəbiyyatımızın ideoloji, mənəvi, mədəni və sarsılmaz sütunlarından biridir. Onun yaradıcılığı insanın daxili aləminə işıq tutan, milli kimliyi möhkəmləndirən və tarixi yaddaşı yaşadan bir xəzinədir.

Tarix göstərir ki, Xaqani kimi dühalara sahib çıxmaq istəyənlər az deyil. Onun irsini mənimsəmək və mənəvi dünyasını öz xalqı adına təhrif etmək istəyən rəqib və qonşu xalqlar həmişə olmuşdur. Mədəni mənimsəmə bir gecədə baş vermir. O, üç mərhələdə gerçəkləşir: - elmi diskurs zəifləyir, tədqiqat aparılmır, mətnlər nəşr edilmir.

- Beynəlxalq təqdimat aparılmır, dünya elmi məkanında həmin müəllifin boşluqu yaranır.

- Alternativ narrativ qurulmur, başqa mərkəzlər həmin irsi öz sistemlərinə daxil edir.

Xaqani kimi klassiklər məhz bu boşluqlarda "yer dəyişir". Əgər sən öz klassikini dünya miqyasında təqdim etmirsənsə, onun kimliyini başqası öz xeyirinə təhrif və "müəyyən" edir. Bu, emosional məsələ deyil, mədəni güc balansıdır.

Tarix boyu bir çox Azərbaycan mənşəli şairlərin farsdilli yaradıcılığı bəhanə edilərək onların milli kimliyinin təhrif olunmasına çalışılmışdır. Xaqani Şirvani də bu kontekstdə tez-tez "fars şairi" kimi təqdim olunmuşdur. Halbuki, o, Şamaxı kimi qədim Azərbaycan şəhərində doğulmuş, həyatının mühüm hissəsini Azərbaycan coğrafiyasında keçirmiş və Azərbaycan milli-mədəni mühitinin yetirməsi olmuşdur.

Eyni tendensiya Nəsimi və Nizami Gəncəvi kimi dahilərə münasibətdə də müşahidə edilmişdir. Bu səbəbdən onların irsinin yenidən araşdırılması, müasir Azərbaycan dilinə tərcüməsi və müxtəlif beynəlxalq konfranslarda milli kontekstdə təqdim olunması mühüm əhəmiyyət daşıyır. Xaqani, Azərbaycan ədəbiyyatında yalnız klassik şair kimi deyil, irfan, təfəkkür və hikmət məktəbinin banilərindən biri kimi çıxış edir. Onun əsərləri insanın daxili kamilləşmə yolunu göstərən bir mənəvi dəyərdir. Xüsusilə, məşhur "Şiniyyə" qəsidəsində şair insanın daxili azadlığı, mənəvi dirənişi və özünüdərk yolunda keçdiyi sınaqları böyük ustalıqla ifadə edir. Xaqani poeziyası oxucuya estetik zövq verir, ona mənəvi inkişafın "kodlarını" təqdim edir.

Bu mənada, Xaqani yaradıcılığı sufizm və irfan ənənələri ilə sıx bağlıdır və insanı zahirdən batinə, maddidən mənəviyə doğru istiqamətləndirir. Onun əsərlərində Tanrıya sevgi, insanın öz nəfsi ilə mübarizəsi və kamillik axtarışı əsas xətti təşkil edir.

Azərbaycan ədəbiyyatının digər nəhəngi Nizami Gəncəvi tərəfindən Xaqaniyə edilən istinadlar onun necə böyük nüfuz sahibi olduğunu göstərir. Nizami Gəncəvinin Xaqanini bir növ ustad kimi qəbul etməsi, onun poetik məktəbinin gücünü və təsir dairəsini bir daha sübut edir. Bu fakt Xaqaninin təkcə öz dövrünün və ya yaşadığı məkanın deyil, bütövlükdə, Şərq ədəbiyyatının istiqamətverici simalarından biri olduğunu təsdiqləyir.

Ona görə də Prezidentin Xaqaninin 900 illiyi ilə bağlı Sərəncamı mədəniyyət siyasətində mühüm dönüş nöqtəsidir. Bu sənəd göstərir ki, Azərbaycan dövləti klassik irs məsələsini sadəcə ədəbi sahə kimi yox, milli təhlükəsizlik və mədəni suverenlik məsələsi kimi görür. Fikrimcə, bu sərəncamı üç əsas mədəni-siyasi istiqamət üzrə təhlil etmək mümkündır. Birinci bu ki, Klassik irs dövlət prioritetidir. İkinci bu ki, tarixi şəxsiyyətlərin milli mənsubiyyəti təsadüfi şərhlərə buraxıla bilməz. Üçüncü isə bu kı, Azərbaycan daim öz mədəni narrativini özü qurur.

Bu isə mədəni diplomatiyanın açıq bəyanıdır. Bəs, Xaqani irsinin öyrənilməsi və təbliği niyə bu qədər vacibdir? Xaqani sıradan şair deyildi. O, riyakarlığı tənqid edən, dönəmin hökmdarlarının ziddiyyətlərini açan, insan ləyaqətini müdafiə edən, fəlsəfi-intellektual poeziya yaradan mütəfəkkir idi.

Onun yaradıcılığı hər kəsə göstərir ki, XII əsrdə Azərbaycan mədəni mühiti yüksək intellektual səviyyəyə malik idi. Bu faktın özü belə, milli kimlik üçün strateji əhəmiyyət daşıyır. Çünki mədəni tarix yalnız keçmiş deyil - legitimlik və mədəni suverenlik mənbəyidir.

Bəs mədəni suverenlik nədir? - Mədəni suverenlik, öz tarixi şəxsiyyətlərinin kimliyini özü müəyyən edir, klassikini başqasının izahına buraxmır və xalqına məxsus olan mədəni xəritəni özü çəkir. Bu, 900 illik yubiley adı altında ədəbi-ictimai mühitimizin verəcəyi ciddi ideoloji sınaqdır.

Xaqani Şirvaninin 900 illiyi bizi iki seçim qarşısında qoyur: Xaqaninin klassik irsini emosional şüarla xatırlayırıq, onu elmi və institusional güclə möhkəmləndiririk. Əgər biz, bu mənada, Xaqanini Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi kimi sistemli şəkildə təqdim etməsək, başqaları onu öz mədəniyyət xəritəsinə daxil edəcək. Tarix bunu dəfələrlə göstərib.

Bir vacib məqam isə budur ki, Xaqani Şirvaninin həyat yolu özü-özlüyündə mühüm tarixi-coğrafi və siyasi mesajları ehtiva edir. Onun Şamaxıda doğulub, Təbrizdə vəfat etməsi, həmin dövrdə Azərbaycan mədəni-siyasi məkanının genişliyini və vahidliyini göstərir. Bu, yalnız fərdi bioqrafiya deyil, həm də bir dövrün geosiyasi və mədəni reallıqlarının göstəricisidir.

Xaqaninin müxtəlif bölgələrdə yaşaması, səyahət etməsi və yaradıcılığını geniş coğrafiyada yayması Azərbaycan mədəniyyətinin regionlararası təsir gücünü və inteqrativ xarakterini ortaya qoyur.

Müasir dövrdə Azərbaycan dövlətinin klassik ədəbi irsə xüsusi diqqət yetirməsi milli ideologiyanın formalaşmasında mühüm rol oynayır. Prezident İlham Əliyev tərəfindən Xaqani, Nizami və Nəsimi kimi dahilərin yubileylərinin yüksək səviyyədə qeyd olunması, onların irsinə sahib çıxılması cəmiyyətə açıq mesajdır: milli kimlik yalnız coğrafiya ilə deyil, həm də mədəni yaddaşla qorunur.

"Xaqani-900" - milli kimlik və tarixi yaddaşımız uğrunda apardığımız mübarizədir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!