Ə.Ağaoğlunun yazılı irsinin mühüm bir qismini türk dünyasının böyük simaları barədə xatirələr təşkil edir. Bu baxımdan, onun "Ziya Göyalpa dair bəzi xatirələrim" adlı yazısı böyük millətpərvər, filosof, şair, ictimai xadim Ziya Göyalpın bədii-sənədli obrazını canlandırması ilə diqqəti cəlb edir.
Ə.Ağaoğlunun Ziya Göyalpın vəfatının ildönümü münasibəti ilə yazdığı və "Cümhuriyyət" qəzetində dərc edilmiş "Ziya Göyalpa dair bəzi xatirələrim" adlı əsəri həcmcə böyük olmasa da, məzmun etibarı ilə diqqətəlayiqdir. Yeri gəlmişkən, qeyd edək ki, Ə.Ağaoğlunun "Türk yurdu" dərgisində (cild 1, sayı 3, dekabr 1924, s.163-191) dərc etdirdiyi "Ziya Göyalp bəy" adlı irihəcmli bioqrafik məqaləsini prof.dr. Rəmzi Dəmir latın əlifbasına transfoneliterasiya etmiş, bəzi terminlərlə bağlı şərhlər vermiş, əsərin rahat oxunması üçün iç-başlıqlara bölmüş, "Ön söz" yazmış və "Ziya Göyalp, türk düşüncə tarixindəki yeri" adı ilə nəşr etdirmişdir. Rəmzi Dəmir "Ön söz"də kitabı yeni nəsil oxucularını türk düşüncə tarixi ilə maraqlandırmaq, tanış etmək məqsədilə hazırladığını vurğulayır. O, yazır: "Bu günə dəyin Ziya Göyalp (1876-1924) ilə ilgili bir çox bioqrafi qələmə alındı; ancaq bunlar arasında özəlliklə üç dənəsinin, yəni Əhməd Ağaoğlu, Emin Erişirgil və Hilmi Ziya Ülkənin bioqrafilərinin fərqli bir yeri vardır, çünki onlar ustadı çox daha yaxından tanıma fürsətinə nail olmuşlardır".
Ə.Ağaoğlunun xatirələri R.Dəmirin bu qənaətini təsdiq edir. Eyni zamanda, Malta sürgünündən övladlarına yazdığı məktublarından da Ziyanın Ə.Ağaoğlunun həyatında önəmli yer tutduğu, onun üçün əziz və dəyərli insan olduğu anlaşılır.
Xatirə müəllifi Z.Göyalpla Türkiyəyə mühacirətinin ilk ilində tanış olduğunu, dərhal aralarında dərin və qırılmaz əlaqə yarandığını, daima bir yerdə çalışdığını qeyd edir.
Ə.Ağaoğlu qəhrəmanının obrazını o qədər məhəbbətlə, məharətlə təsvir edir, elə müqayisələr aparır, elə kəlmələr seçir ki, oxucuda Z.Göyalp şəxsiyyəti ilə bağlı xoş təsəvvürlər formalaşır.
Xatirələrdə böyük mütəfəkkirin ictimai-siyasi, fəlsəfi görüşləri, xarakteri haqqında yazılanlar müəllifin onunla son dərəcə yaxın münasibətlərinin və şəxsiyyətinə verdiyi yüksək dəyərin ifadəsidir.
Ə.Ağaoğlunun haqqında bəhs edilən əsəri bir tərəfdən, Z.Göyalpın bədii-sənədli obrazını fərqli yönləri ilə gözlərimiz qarşısında canlandırırsa, digər tərəfdən, də xatirə müəllifinin dünyagörüşü, məsləkdaşları ilə münasibətləri haqqında təsəvvürlərimizi dolğunlaşdırır.
Bu il martın 23-də Ziya Göyalpın anadan olmasının 150 illiyi tamam olur. Bundan dolayı, Ə.Ağaoğlunun sözügedən əsərini "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim etməyi məqsədəuyğun sayırıq.
Mətn nəşrə hazırlanarkən, çağdaş Azərbaycan dilinin orfoqrafiya normaları əsas götürülmüş, müəllifin dili və üslubu saxlanılmış, bəzi sözlərin mötərizədə izahı verilmişdir.
Aysel Əfəndiyeva
.jpeg)
Əhməd AĞAOĞLU
Ziya Göyalpa dair bəzi xatirələrim
Ziya Göyalpla Türkiyəyə mühacirətimin ilk sənəsində, yəni 1325-də (miladi 1909-1910 - A.Ə.) görüşdük və ilk dəfədən aramızda dərin və qırılmaz bir əlaqə quruldu. Deyə bilərəm ki, o gündən etibarən həmən daima bərabər çalışdıq. Gündüzləri Darülfünunda, "Türk Yurdu"nda və axşamları da, ya Türk Ocağında və ya evlərimizdə birləşiyorduq. Mütarəkədən sonra isə gərək Malta əsarəti zamanında və gərək Ankarada bir-birimizdən heç ayrılmazdıq. Bu sıx əlaqə bana Ziya Göyalpı, onun dış və iç üzünü hər kəsdən fazla görmək imkanını verdi.
Ziya, kafası, zəkası və təfəkkür tərzi etibarilə tam bir avropalı; yaşayış tərzi, mişvarı (görünüş - A.Ə.) etibarilə də bir şərqli idi.
Əhməd Rəfiq və Cövdət paşalar gibi, Midhəd Əfəndi, Şəmsəddin Sami, Əmrullah Əfəndilər gibi ensiklopedik məlumatı haiz və ingilislərin "self-made man" (kəndi-kəndini yapmış) dedikləri insanlar gibi, Ziya Göyalp da "kəndi kəndini" yapmışdı. Sırf kəndi məsaisinin məhsulu idi. Avropanı görməmişdi, fəqət görənlərdən nə qədər iyi anlamışdı! Fransızcanı müntəzəm bir tərzdə təhsil etməmişdi və ölüncəyə qədər də bu lisanda konuşamazdı. Fəqət aramızda onun qədər bu lisanı qavramış, incəliklərini sezmiş və ən müğləq (anlaşılmaz, çətin başa düşülən - A.Ə.) əsərləri qolay anlayan pək azdı! Mütaliə Ziyanın daimi məşğələsi idi. Onun doymaq bilməyən zəkası hər mövzu ilə əlaqədar olurdu və heç bir bilgi sahəsi yoxdu ki, ona yabancı olsun, onun marağını çəkməsin!
Mamafih (bununla belə - A.Ə.), ictimaiyyət Ziyanı ən ziyadə əlaqədar edən bir sahə idi və bu sahədə məşhur fransız ictimaiyyətçisi Dürkheymi kəndisi için örnək almışdı və onun məktəbini, hətta yanlış tərəfləri ilə bərabər mənimsəyərək Türkiyədə bu məktəbin yapılmasına pək çox hizmət etdi.
Fəqət yuxarıda isimlərini zikr etdiyim ilk Osmanlı ensiklopedistləri gibi Ziya yalnız təqlidçi, yalnız nəqlçi deyildi. O, eyni zamanda yaradıcı idi. Aldığı məktəbin düsturlarını mənsub olduğu mühitə tətbiq edərək, bu mühitin müxtəlif həyat qaynaqlarını tədqiq edir, bu qaynaqların mahiyyətini təyin və onlara istiqamət verməyə çalışıyordu. Ziyanı gah türk ictimaiyyəti ilə, gah türk lisanı ilə, gah türk şeiri ilə, gah türk hüququ, türk tarixi və türk dini ilə məşğul buluyoruz və bütün bu sahələr üzərində münaqişələr açaraq, türk münəvvərlərini düşünməyə, öyrənməyə, mütaliəyə sövq ediyor və formasiya halında bulunan türk müfəkkirəsi üzərinə təsirlər yapmaqdan hali qalmıyordu. Bu fəaliyyətdə ərəbcə və farscaya vüqufu və Şərq mədəniyyətinə aşinalığı, kəndisi için müvəffəqiyyətlər təmininə mədar oluyordu.
Ziya irəli sürdüyü tezlərdə daima haqlı deyildi. Məsəla, onun məşhur düsturu "Haqq yox, vəzifə var; fərd yox, cəmaət var", əlbəttə ki, münaqişə götürür bir tərkibdi. "Haqsız vəzifə" təsəvvür etmək, əlbəttə ki, gücdür.
Fəqət unutmamalıdır ki, Ziyada iki və hətta üç şəxsiyyət vardı. Birisi mütəfəkkir Ziya, ikincisi məmləkətin müqəddəratını əlinə almış, böyük siyasi bir təşəkkülün başında bulunan Ziya, üçüncüsü də mütəəssib (fanatik - A.Ə.) dərəcəsinə varan "türkçü" Ziya!
Mütəfəkkir Ziyanın bir çox xətaları şəxsiyyətin bu surətlə üçə bölünməsindən doğmuşdur!
"Haqq yox, vəzifə var" düsturundakı ifrat, mütəfəkkir Ziyanın deyil, siyasi Ziyanın xətasıdır.
Türk köçəbə qəbilələrini "mütəhərrik sitə" deyə tərif etmək də mütəəssib türkçü Ziyanın xətasıdır! "Sitə" ilə "mütəhərrik" məfhumları arasındakı təzad, lüğəvi və tarixi təzad o dərəcə barizdir ki, ancaq Ziyanın türklüyü yücəltmək, onu bir şərəf haləsi ilə zinətləndirmək eşq və həvəsi ilə izah edilə bilir!
Fəqət bu gibi xətaların yanıbaşında mütəfəkkir Ziya türklüyə nə qədər geniş üfüqlər açdı! Onun təsnif və sintez qüdrəti həqiqətən, heyrətverici idi. Türk ictimaiyyətində nəyə təmas edərsə, anidən təhəqqüqü (burada: gerçəkləşmə - A.Ə.) lazım gələn bir "məfkurə" (bu təbir onundur) çıxarır. Məsəla, türk ictimai bünyəsi, türk hüququ, türk ailəsi, əsasda Avropanınkının eynidir. Binaənəleyh (müvafiq olaraq, ona görə - A.Ə.) bütün bu sahələrdə o əsasa rücu etməlidir. Mütəfəkkir Ziyanın yaradıcı zəkası, iştə onun bütün qiymət və əhəmiyyəti, feilən Ziya qədər kəndi zamanı üzərinə təsir yapmış başqa bir türk mütəfəkkiri göstəriləməz! Onun təsiri bu gün belə şeirdə, ədəbiyyatda, lisanda, fikri cərəyanlarda barizdir!
Yuxarıda dedik ki, Ziya mişvarı və tərzi-həyat etibarilə şərqli idi. Mən onun qədər bir tərəfdən, məhviyyətli, utancaq və hər dürlü dünyəvi ehtiraslardan uzaq və digər tərəfdən də haşin (sərt - A.Ə.), mütəhəkkim (hakim olan - A.Ə.), etirazlara təhəmmülü az birisinə təsadüf etmədim. Ələladə münasibətdə bir çocuq intibası yapardı. Yabancı bir mühitdə şaşırır, nə yapacağını bilməzdi. Boynunu bükər, bir əlini digər əli üzərinə qoyar və gözlərini önünə dikərək atıl-atıl (tənbəl-tənbəl - A.Ə.) baxa qalırdı. Paraya, məqama əsla qiymət və əhəmiyyət verməzdi. Nazir sandalyesinə "Firavun sandalyesi" derdi. Ondakı yaşayış tərzi sadəliyin ötəki tərəfinə keçərək, pərişan deniləcək qədər intizamsızdı. Bütün əsərlərini yatağında yazmışdı. Maddi heç bir müzayiqə (burada: sıxıntı, çətinlik, ehtiyac - A.Ə.) onu yıldırmazdı. Ən ağır vəziyyətlərdə kəndisi və arkadaşları için bir təsəlli nöqtəsi bulurdu. Heç unutmam, ingilislər bizi Maltaya götürüyorlar. Ziya dərhal bir nəzəriyyə çıxardı və arkadaşlara xitabən: "İnsanda iki şəxsiyyət vardır: mələk və şeytan! İngilislər bizim şeytan şəxsiyyətimizi götürüyorlar, mələk şəxsiyyətimiz məmləkətdədir, orada çalışıyor, işləyir, ingilislər ona toxunamazlar!" Bir çoxları təbii kafa salladılar və "Allah ağıllar versin!" - dedilər.
Şimdi bu qədər "dünya ötəsi"ndə yaşayan bu Ziya irəlidə fikir və söz mücadiləsinə girişdimi, qarşına dərhal başqa bir insan çıxı veriyordu. Zatən, böyük olan gözləri daha büyüyor, rəngi dəyişiyor və sanki bütün vücudu ilə üzərinə atılacaq bir vəziyyət alıyordu. Hələ istehza və alaya heç təhəmmülü yoxdu. Hiddətdən kəndisini kayb ediyordu və kəndisindən heç bəklənilməyən təhqirlər və küfürlər savuruyordu. Hələ Maltada kəndisindən pək çox qüvvətli olan sabiq vali Midhəd bəyi sandalye ilə dövməyə qalxışdı. Zavallı Midhəd bəy bir çox sandalye darbələri yedi və hörmətindən əl qaldırmadı. Hər kəs də bu dəqiqələrdə Ziyaya elə müamilə edərdi. Zəkasına və əxlaqına qarşı hər kəsdə hörmət o qədər ziyadə idi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
