Siyəzəndə Cəfər Cabbarlı ehtişamı

 

Martın 18-i  Siyəzən Rayon Mərkəzi Kitabxanasının qarşısında Novruz bayramı münasibətilə möhtəşəm tədbir təşkil olunmuşdur. Eyni gündə dahi Azərbaycan dramaturqu Cəfər Cabbarlının ayaqüstü abidəsinin yeni məkanda təqdimatı da baş tutmuşdur.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Sadiq Qurbanov, Elnarə Akimova, Müşfiq Məmmədli, Hikmət Məmmədov, Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı, Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli, Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, Azərbaycan Milli Konservatoriyasının professoru Abbasqulu Nəcəfzadə, Cəfər Cabbarlının nəvəsi Vüqar Qaradağlı, fəlsəfə doktoru Rasim Qurbanov, Azərbaycan yazıçısı və dramaturqu, əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, rayon ictimaiyyəti, idarə və müəssisələrin kollektivləri iştirak etmişlər.

Tədbirdə çıxış edənlər Novruz bayramının xalqımız üçün önəmini vurğulayaraq, milli dəyərlərin qorunması və gənc nəsillərə ötürülməsinin vacibliyindən danışmış, həmçinin Cəfər Cabbarlının Azərbaycan dramaturgiyasına və ədəbiyyatına verdiyi töhfələrə diqqət çəkmişlər.

Siyəzən Rayon İcra hakimiyyətinin başçısı Novruz Novruzov C. Cabbarlı irsinin qorunmasında Ümummilli lider Heydər Əliyevin, daha sonra isə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rolundan danışmış, daha sonra bildirmişdir ki, Siyəzəndə ucaldılan bu abidə Cəfər Cabbarlının ölməz ruhunun, onun ideyalarının, azad və işıqlı düşüncəsinin simvolu kimi burada daim yaşayacaq! Buradan keçən hər bir insan bu böyük sənətkarın kim olduğunu xatırlayacaq, onun yaradıcılığına maraq göstərəcək və milli dəyərlərimizə daha sıx bağlanacaqdır.

Bu əlamətdar hadisənin gerçəkləşməsində əməyi olan hər kəsə - təşəbbüskar şəxslərə, heykəltəraşlara, dəstək göstərən qurumlara və zəhməti keçən bütün insanlara dərin təşəkkürünü bildirən Novruz Novruzov belə addımları dövlətin daim öz irsini  qoruması, tariximizə, ədəbiyyatımıza və mədəniyyətimizə sahib çıxması kimi dəyərləndirmişdir.

Abidənin açılışı zamanı dahi dramaturqun həyat və yaradıcılığı barədə xatirələr paylaşılmış, onun əsərlərinin Azərbaycan mədəniyyətində əhəmiyyətindən bəhs edilmişdir. Çıxış edənlər bildirdilər ki, "bu, yalnız bir abidənin açılışı deyil, həm də milli yaddaşımıza, ədəbiyyatımıza və mənəvi irsimizə göstərilən dərin ehtiramın ifadəsidir.

Cəfər Cabbarlı Azərbaycan ədəbiyyatında yeni bir mərhələnin əsasını qoymuş, cəmiyyətin sosial-mənəvi problemlərini böyük cəsarətlə qələmə almış, azad düşüncənin, yeniliyin və tərəqqinin carçısı olmuşdur. Onun yaratdığı obrazlar bu gün də aktuallığını qoruyur, əsərləri isə oxucunu düşündürməyə, cəmiyyətə daha dərindən baxmağa sövq edir.

Cabbarlının yaradıcılığı yalnız ədəbi dəyəri ilə deyil, həm də daşıdığı ideyalarla - milli oyanış, qadın azadlığı, maarifçilik və müasirlik çağırışları ilə seçilir. O, sözün həqiqi mənasında, zamanını qabaqlayan bir sənətkar idi. Onun "Sevil", "Almaz", "Oqtay Eloğlu" kimi əsərləri Azərbaycan teatrının və ədəbiyyatının qızıl fonduna daxil olmuş, milli düşüncənin formalaşmasında mühüm rol oynamışdır.

Bu gün Xızı torpağında belə bir şəxsiyyətin heykəlinin ucaldılması xüsusi rəmzi məna daşıyır. Bu abidə yalnız keçmişə ehtiram deyil, həm də gələcək nəsillərə bir çağırışdır - öz köklərimizi unutmamaq, böyük şəxsiyyətlərimizin irsini yaşatmaq və onları daim xatırlamaq çağırışı"!

Tədbir bayram əhval-ruhiyyəsi ilə müşayiət olunmuş, Novruzun rəmzləri olan ənənəvi musiqi və rəqslərlə zənginləşdirilmişdir. Rayon ictimaiyyəti belə bir əlamətdar gündə həm milli bayramımızı, həm də böyük ədibimizin irsini yad etmək imkanı qazanmışdır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!