Klassik Azərbaycan ədəbiyyatının araşdırılmasında böyük xidmətləri olan Mirzəağa Yüzbaşı oğlu Quluzadə 1907-ci il oktyabrın 24-də Salyan şəhərində musiqiçi ailəsində anadan olmuşdur.
M.Quluzadə 1923-1927-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Texnikumunda, 1932-1936-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə Salyan şəhər orta məktəbində müəllim kimi başlamış (1927-1932), 1936-1937-ci illərdə Qazax pedaqoji məktəbində müəllim, daha sonra Azərbaycan SSR Xalq Maarif Komissarlığında metodkabinetin müdiri, eyni zamanda APİ-də müəllim işləmişdir. II Dünya müharibəsi illərində Zaqafqaziya cəbhəsi hərbi ştatının siyasi idarəsində xidmət etmişdir (1914-1947-ci illər). O, 1948-ci ildə "Nəsiminin yaradıcılığı" mövzusunda namizədlik, 1965-ci ildə "Füzuli lirikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda direktor müavini (1948-1952-ci illər), direktor (1952-1957), 1948-1956-cı illərdə Azərbaycan Dövlət Universitetində müəllim, 1958-1969-cu illərdə Nizami adına Ədəbiyyat İnstitutunda Orta əsrlər şöbəsinin müdiri, 1969-cu ildən ömrünün sonunadək yenidən İnstitutun direktoru vəzifəsində işləmişdir. M.Quluzadə, 1979-cu il dekabrın 12-də vəfat etmişdir.
Professor M.Quluzadənin klassik ədəbiyyatımızın Zülfüqar Şirvani, Arif Ərdəbili, Əssar Təbrizi, Fəzlullah Nəimi, Qazı Bürhanəddin və b. görkəmli nümayəndələrinin yaradıcılığının öyrənilməsində müstəsna xidmətləri olmuşdur. Dövrb mətbuatda çoxsaylı elmi məqalələrlə çıxış edən professor M.Quluzadə elmi araşdırmalarının miqyasını daha da genişləndirmiş, "Nizami Gəncəvi" (1953), "Füzulinin lirikası" (1965), "Böyük ideallar şairi" (1973) kimi genişhəcmli monoqrafıyalarını nəşr etdirərək özünü klassik ədəbi irsimizin ən layiqli araşdırıcılarından biri kimi tanıda bilmişdir.
Nizami Gəncəvinin 800 illik yubiley tədbirlərindəki ciddi elmi araşdırmaların, eləcə də professor H.Araslının tədqiqatından sonra M.Quluzadənin dahi sənətkarın yaradıcılığına bir daha müraciət etməsi ciddi elmi araşdırmaların nəticəsidir. Öz dövrü üçün xüsusi əhəmiyyət kəsb edən bu əsərdə, hər şeydən əvvəl, milli ruh və psixologiya hakim idi.
"Füzulinin lirikası" (1965) professor M.Quluzadənin monumental tədqiqat əsəridir. Müəllif Füzuli yaradıcılığı ilə əlaqədar elmi tədqiqatları araşdırıb obyektiv dəyərləndirir, öz nəticələrini təqdim edirdi. O yazırdı: "Füzulinin lirikası əsl məhəbbət və həyat poeziyasıdır" O, Füzuli poeziyasına sufizm mövqeyindən yanaşan Y.E.Bertels, M.F.Köprülüzadə, İ.Hikmət, A.Qaraxanın eşq sufı-mistik səciyyə daşıyan "Allah sevgisi", "Allaha qovuşmaq" kimi görüşlərinin ziddinə olaraq şairin tərənnümlərini, real insan qəlbinin sevgi duyğuları olduğunu, vəsf edilən gözəlin, təbiətdə olan bütün varlıqlardan üstün olduğunu təsdiqləyir...
Professor M.Quluzadə Füzuli lirikasında məhəbbət konsepsiyasının bədii həllini izləyərək yazır ki, Füzulidə tərənnüm edilən gözəl real cizgilərlə verilmiş romantik bir cismani varlıqdır. Əsərlərində şair həmçinin həyata, canlı gözələ ülvi hisslər ifadə edir, dünyəvi duyğulardan bəhs açırdı.
Müəllif Füzulinin eşq haqqındakı fıkirlərini araşdıraraq bir daha əminliklə qeyd edir ki, eşq Füzulidə dövrün inanc və etiqadlarından irəli gələrək Allahdan gələn, hidayət yolunu işıqlandıran nurlu çıraqdır.
Sələfi Nizami kimi Füzuli də canlı gözəlin Allah tərəfındən hər şeydən gözəl, zərif yaradıldığını təsdiqləyir.
Prof. M.Quluzadə bütün bunlarla yanaşı, sufizmin Füzuli yaradıcılığından yan keçmədiyini də nəzərə çatdırır. O göstərir ki, Füzulinin "Yeddi cam", "Mətləül-etiqad" əsərində sufizm təsiri özünü göstərməkdədir.
Prof. M.Quluzadə kamil insan və onun eşq probleminin bədii həllini dahi sənətkarın yaradıcılığında izləyərək doğru nəticəyə gəlir ki, Nəsimi şeirində bəzi məqamlarda sufi-panteist anlamda olan eşq Füzuli yaradıcılığında cismani-romantik eşqlə tamamlanır.
Professor M.Quluzadənin "Böyük ideallar şairi Nəsimi" (1973) adlı monoqrafiyasında Nəsiminin üsyankar poeziyasında insan konsepsiyasını önə çəkir. Onun fikrincə, Nəsiminin etiraz və narazılıqlarını əks etdirən alovlu sənəti yaşadığı dövrdə, mühitdəki mühafizəkarlara, ədalətsizliklərə yönəlmişdi.
M.Quluzadə Nəsimi irsindəki fəlsəfi-bədii meybllərin başlanğıcını öz məfkurəsi yolunda qətlə yetirilən Həllac Mənsurdan aldığını, Cəlaləddin Rumi, Şeyx Mahmud Şəbüstəri, Şəms Təbrizi və b. mütəfəkkirlərdən qaynaqlandığını tutarlı dəlillərlə sübut edir, "vücudi mütləqdən" və "nuri-ilahidən" gəldiyinə nail olduğunu ifadə edir. Prof. M.Quluzadə klassik Şərq poetikasına dərindən bələd olan bir alim kimi sufızmi də ənənəvi modellərin, söz və ifadələrin işlənmə məqamına görə dini-fəlsəfi izahını çox böyük bir bacarıqla açıb verə bilmişdir. Alim Nəsiminin bir tuyuğunda deyildiyi kimi:
Kaf ilə nundan yaratdı aləmi
Ərbəin kündə yoğurmuş Adəmi
Dəm bu dəmdir, dəm bu dəm, bil bu dəmi,
Adəmə urdu bu dəmdən həq dəmi.
- gizli mənanı izah edərək yazır: "Buradakı "Əqli-küll", "Kaf"nun" istilahları yalnız sufi şeirinə məxsus deyil, bütün Şərq şairlərinin əsərlərinə daxil olmuş məfhumlardır". M.Quluzadə çox doğru yazır ki, Nəsiminin poeziyasını yalnız sufi şairi şeirləri kimi izah etmək doğru deyil. O, Fuad Köprülü və İ.Hikmətin Nəsimi qəzəllərinə verdiyi "ilahi eşq" mənasının bəzən yerli-yersiz işlədilməsinə etiraz edərək yazırdı ki, Nəsimidə real, romantik, cismani məhəbbət motivləri də çox güclüdür.
Prof. M.Quluzadə Nəsiminin poeziyasının nəinki özündən sonrakı Azərbaycan poeziyasına, ümumiyyətlə, Şərq şeirinə böyük təsir qüvvəsinə malik olduğunu sübut edir. O, qeyd edir ki, Əmir Xosrov Dəhləvi, Əlişir Nəvai, Füzuli, Cahanşah Həqiqi, Həbibi, Kişvəri, Şah Xətai və b. sənətkarlar Nəsimi şeirinin ecazkar qüvvəsindən ilham almış, ona nəzirələr yazmış, canlı xalq danışıq dilinin, sonsuz və zəngin bədii təsvir vasitələrinin şeirə gətirilməsində onun yolunu davam etmişlər. Nəsimi şeirinin dili, üslubu canlı xalq dilindən qidalanırdı.
O, xalq şeiri ənənələrindən mahiranə ustalıqla istifadə edərək şeirdə daxili qafiyələr yaratmış onların oynaq, sadə, rəvan dillə ifadə olunması və yaddaşlarda həkk olunmasına nail olmuşdu:
Ey gülüm, ey süsənim, ey sünbülüm, ey ənbərim,
Ey mənim noğulum, meyim,
həbbi-nəbatü şəkərim,
Ey həbibim, ey təbibim, ey bütüm,
ey həmdəmim,
Ey rəfiqim, ey şəfiqim, ey ənisim, dilbərim,
Ey baharım, ey nigarım, ey şikarım, şahidim,
Ey hərifim, ey zərifim, ey şərifim, sərvətim...
Alim Nəsimi poeziyasındakı rəmz və məcazları məharətlə açıb göstərir, inandırıcı şəkildə təsdiq edir ki, Nəsimidəki "eşq" təkcə məcazi mənada yox, həm də real insanın sevgi hissləri "axirət eşqindən" üstün tutulur. Professor M.Quluzadənin fikrincə belə nümunələrdə Nəsiminin humanizmi, onun məhəbbət konsepsiyası real həyatdan qaynaqlanırdı. Nəsimidə ilahi məhəbbət dünyəvi məhəbbətlə birləşir, vəhdət təşkil edir. Burada panteizm real məhəbbətə qarşı deyil, onun mənbəyi, əsasıdır.
Prof. M.Quluzadənin böyük şairin yaradıcılığı haqqındakı monoqrafik tədqiqatı onun poeziyasının dünyalara sığmayan zənginlikləri haqqında müfəssəl məlumat verməklə gələcək tədqiqatçılara bu zəngin ədəbi irsi öyrənmək üçün düzgün istiqamət verirdi.
O, bir ədəbiyyatşünas alim kimi yaşadığı dövrün ictimai-siyasi və ədəbi proseslərinə biganə qalmamış, yeri gəldikcə onlara ədəbi-tənqidi məqalələr həsr etmişdir.
Görkəmli alim S.Vurğunun "Aygün", ("Kommunist 18 mart 1952-ci il) poeması M.İbrahimovun "Kəndçi qızı" ("Xalqın sevimli sənətkarı", "Ədəbiyyat və incəsənət", 21 dekabr 1963) və s. kimi əsərləri təhlil edib, tənqidi münasibətini, Dünya ədəbiyyatı nümunələrinin, xüsusən qardaş türk xalqları ədəbiyyatı incilərinin Azərbaycan dilinə tərcüməsinə böyük fikir vermiş məqalələrində tərcümə işlərinə öz münasibətini bildirirdi.
Professor M.Quluzadə həssas, qayğıkeş bir insan idi. O, gənc elmi kadrlara böyük etimad göstərir, onlara hər cür köməklik edərək deyirdi: "Bizi siz əvəz edəcəksiniz...." Professor M.Quluzadə instituta rəhbərlik etdiyi zaman onun elmi potensialını xeyli gücləndirilmiş, onlarla istedadlı gənc elmi araşdırmalara cəlb edilmişdi. Məhz onun rəhbərliyi zamanı İnstitut Elmi Şurasının qərarı əsasında Nizami adına Ədəbiyyat və Dil İnstitutu iki müstəqil mərkəzə - Nizami adma Ədəbiyyat İnstitutu və Nəsimi adına Dilçilik İnstitutuna çevrildi. Professor M.Quluzadənin ədəbi irsimizin öyrənilməsi, elmi kadrların hazırlanması sahəsindəki əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmiş, o, "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilmidir.
Professor M.Quluzadənin vəfatı münasibətilə "Əlvida, əziz dost" məqaləsində ("Ədəbiyyat və incəsənət", 14 dekabr 1979-cu il) akademik A.Zamanov yazırdı: "Mirzəağa Quluzadə Azərbaycan sovet ədəbiyyatşünaslığında öz dəsti-xəttini qoyub gedir... tariximizin dərinliklərində yaranmış ədəbiyyatımızın Nizami, Nəsimi, Füzuli kimi nəhənglərimizin yaradıcılığının öyrənilməsi və əsərlərinin nəşri professor M.Quluzadənin adı ilə bağlıdır".
Bu gün biz onu fəxrlə yad edir, ulu Tanrıdan ona rəhmət diləyərək, ruhun şad olsun böyük ustad, qəbrin nurla dolsun - deyirik.
Məmməd Əliyev
filologiya elmlər doktoru, professor
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!