Zemfira Məhərrəmlinin "Arabadakı adam" romanı haqqında qeydlər
Tanınmış yazıçı Zemfira Məhərrəmli təbiətin əsrarəngiz gözəlliyinin şəhər divarlarının kölgəsində qalan hər hansı kiçik təzahürünü də çıraqla axtarıb tapır, istedadlı rəssamtək tabloya köçürməyi, ağ işığı spektrə ayırıb, göy qurşağıtək bütün çalarları ilə təsvir etməyi, adi gözlə görünməyən detallara da zərrəbin tutmağı, gördüyü möcüzəni insan həyatının ekstremumları, emosional halları ilə uğurlu müqayisəyə gətirməyi bacarır:
"Mavi dəniz...
Kəhrəba qumlu sahil...
Qırçın ləpələr...
Sübh çağı...
Dan yeri qızarıb... Bapbalaca, nöqtə boyda Günəş aram-aram, nazlana-nazlana dənizdən çıxıb yavaş-yavaş böyüyür, dünyanı öz parlaq nuruna qərq eləyir..."
Yazıçı-publisist, Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Zemfira Məhərrəmlinin "Arabadakı adam" romanı bir gəncin - Seymurun dilindən yazılıb. İlk sətirlərdən oxucuya uğursuz, bəxti gətirməyən adam təsiri bağışlayan Seymur kənddən şəhərə məşğulluğunu təmin etməyə gəlib. O, namus üstündə qətl cinayəti törədən, on ildir məhbəs həyatı yaşayan bacısı Ləmana cəmiyyətin heç də birmənalı olmayan münasibətinə görə utandığından, yaşadığı yeri tərk edib. Lakin daimi iş yerinin olmaması, ev kirayəsini ödəyə bilməməsi Seymuru həyatdan bezdirib və o, günlərin bir günü qərarsız bir şəkildə sübh çağı dəniz kənarındakı şəhər bulvarına gedir. Burada əlil arabası ilə gəzintiyə çıxmış 44 günlük Vətən müharibəsi veteranı Kənanla rastlaşıb tanış olması, onunla optimist söhbəti həyatını dəyişir, bəlkə də Seymuru intihar fikrindən daşındırır. Kənanla birlikdə o da hər gün, sübh tezdən eyni şövqlə yenidən doğulan günəşin gözəlliyini görür, onun nikbinliyini bölüşür. Xoşbəxtlikdən Seymurun qarşısına çıxan sonrakı personajlar da - qonşuluqdakı mağazada satıcı işləyən qız da, qadın həbsxanasından reportaj hazırlayan gənc jurnalist xanım Ayşən də, kafe müdiri Arif bəy də, həbsxana rəisi Elnur müəllim də pozitiv, xeyirxah insanlardır. Yüksək mənəvi və iradi keyfiyyətlərə malik Kənanın təkidi, digər dostlarının da israrı ilə Seymur cəzaçəkmə müəssisəsinə gedərək, məhbəs həyatının son aylarını yaşayan bacısı Ləmanla görüşür. Doğmaların görüşü çox təsirli alınır və qardaş üçün bacı olan kəsin əsl mahiyyəti müəllifin dili ilə nəql edilir:
"Bacı insanın təkcə qan qohumu deyil, uşaqlıq dövrünün yarısıdır, yadigarıdır. Tale insanı həyatın müxtəlif səmtlərinə atsa belə, bacı həmişə qardaşını düşünür. Onun səsi can dərmanıdır, gülüşü uşaqlığımızın şirin xatirələridir. Ortaq xatirələrimiz. Hər şey necə olubsa, eləcə, səmimiyyət dolu. Bəzən dalaşdığın, göz yaşı içində küsdüyün, yarım saatdan sonra barışdığın, qəmini-sevincini bölüşdüyün varlıqdır bacı. O, doğmadır, əvəzedilməzdir, sənə yanandır, səndən ötrü əsən, səninlə bir dalğada olan, daim səndən nigaran qalandır. Bacı həmişə səninlədir. Fikrində, yaddaşında, ürəyində səninlədir".
Oxucunu çox intizarda qoymaq istəməyən yazıçı sonda Seymurla Ayşənin, Kənanla Ləmanın bir-birinə qovuşduğunu, onların xoşbəxt ailə sahibi olduğunu əks etdirir və əsərini pozitiv əhval-ruhiyyə ilə yekunlaşdırır. Ruhən təbiətə, kənd həyatına bağlı olan Seymur şəhərdən doğma yurduna dönür, bağçılıq üzrə böyük təsərrüfat yaradır. Bir vaxtlar izdihamlı şəhərdə sıxılıb dəniz sahilinə yürüyən Seymur indi ruhi sakitliyi öz peşəsində tapır. Aqronomluq sahəsində bilgilərini kənddə ana torpağa tətbiq etməkdə tapır. O, bacısının başına gələn hadisəyə görə özü üçün kompleksə çevirdiyi xəcalət yükündən də indi azaddır. Çünki tale namus rəmzi olan bacısı Ləmanı qeyrət mücəssəməsi kimi əsər boyu gözümüz önündə ucalan Kənan kimi bir oğulla qarşılaşdırır. Yazıçı bu həssas məsələyə münasibətini belə bir fikirlə dilə gətirir: "Bir qadının gözləri bir kişinin səhvindən dolayı yaş tökərsə, mələklər hər atdığı addımda o kişiyə lənət oxuyar. Xoşbəxt qadın yanımcıl, mərhəmətli bir kişinin şah əsəridir".
Əslində bir-birinin həyat tarixçəsini öyrənən Kənanla Ləman arasında qarşılıqlı rəğbət yaranacağı da müşahidəli oxucu üçün gözlənilən idi - istəmədikləri halda taleyin hökmü ilə hər ikisinin əli qana bulaşıb. Biri Vətən torpağına hücum edən düşmənə güllə atıb, o biri isə namusuna təcavüz edən yaramazı, binamusu bıçaqlayıb. Hərçənd, qeyrət mücəssəməsi olan Kənana müharibədə qələbəsi, namus rəmzi olan Ləmana isə qisası baha başa gəlib. Kişi ömürlük bir ayağından, qadın on il müddətinə azadlıqdan məhrum olub. Amma hər ikisi qalibdir. Nə qanı yerdə, nə də qisası qiyamətə qoymayıblar. Yazıçı romanın finalında əl-ələ verən bu gəncləri pyedestala çıxarır ki, bir-birini daha gözəl tamamlasınlar.
Qətl törədib, amma xislətcə qatil deyil. Cinayət törədib, amma təbiətcə cinayətkar deyil. Təqsiri var, günahı yoxdur. Səlimdən şikayət edib tutdurmaq Ləmanı qane etməyəcəkdi, onu yalnız öldürməklə ədalətə nail olduğu qənaətindədir. O, cinayəti elə bir şəraitdə törətmişdi ki, üstü uzun müddət və ya heç vaxt açılmaya bilərdi. Lakin Ləman həm istintaq dövründə təqsirsiz adamların gərəksiz yerə get-gələ salınmasına razı olmur, həm də həyata keçirdiyi ədalət mühakiməsinin təntənəsini cəmiyyətə göstərmək, qanun qarşısında cəza alıb ağır yükdən qurtulmaq üçün polisə təslim olur. Müəllif həmin vaxt psixoloji böhran keçirən Ləmanın ruhi vəziyyətini belə izah edir:
"Təmiz, saf adamlar heç vaxt çamurda qala bilməzlər, ya bu durumdan qurtulur, ya da batıb yox olurlar. Mən də belə bir vəziyyətdə idim, çirkabdan xilas olmalıydım, çıxmalıydım. Mənim üçün nə qədər çətin olsa belə, mütləq çıxmalıydım. Bütün sarsıntılara, çəkdiyim iztirablara tezliklə nöqtə qoymalıydım. Əks halda, mən dəlixanaya düşə bilərdim. Hər halda, haqq-nahaq, mən bu cinayəti törətmişdim və qanunla cəzamı almalıydım. Günahsız adamların mənə görə yaşadıqları əzab-əziyyəti heç vaxt özümə bağışlaya bilməzdim".
Varlı ailənin övladı olan Səlimi başqa qızla təyin olunmuş toyuna üç gün qalmış öldürməsi Ləmanın intiqamının "qiyamətə qalmayan" formasıdır. Nişanlısı Bəyimin onun ölümündən cəmi iki ay sonra başqa kişiyə ərə getməsi isə onu göstərir ki, Səlim kimi şərəfsizi yetişdirən valideynləri də, onların qohum olmaq istədikləri, özlərinə bab, mənəviyyatsız, var-dövlət aludəçisi, şan-şöhrət düşkünü olan çürük adamlardır.
Adətən, müharibədən qayıdan əsgərlərin yaşadığı psixoloji travmanı vurğulamaq üçün "Vyetnam sindromu" ifadəsi işlədilir. Kənan həm də bu sindromu yaşayan qazilərimizə örnək obrazdır. Bəllidir ki, insan qəbul etmədiyi fiziologiyaya görə etiraz edir. Müharibə iştirakçılarının, hərbçilərin savaş dövründə gördükləri dəhşətlər və aldıqları yaralar onlar üçün həqiqətən, ağır travmadır. Çünki müharibə dövründə ayağını, qolunu, gözlərini itirənlər az deyil. Eyni zamanda bədənlərindəki qəlpə yaraları fiziki ağrı verdiyi kimi, psixoloji travmalar da mənəvi ağrılar yaşadır. Bu gün qazilərimizdə daha çox müşahidə edilən problemlər arasında kontuziya, nitqin itməsi, obsessiv-kompulsiv pozuntular, fobiyalar, travmadan sonrakı streslər və travmatik stres sindromudur. Yazıçı hər səhər dan yeri söküləndə dəniz kənarına gəzintiyə çıxan Kənanın timsalında qazi qardaşlara xatırlatmağa çalışır ki, yaşamaq, nəfəs almaq, yeni günü qarşılamaq gözəldir. Səxavət, alicənablıq, darda qalana əl tutmaq gözəl insani keyfiyyətlərdir. Kədər bölüşdükcə azalır, sevinc paylaşdıqca çoxalır. Müəllif əksəriyyəti hələ də subay olan Vətən müharibəsi iştirakçılarına tövsiyə xarakterli mesaj verir ki, həyatlarını mənalandırsınlar, ömürlərinə rəng qatsınlar, onların qeyrətinə layiq namuslu qızlarımız çoxdur.
Zemfira Məhərrəmliyə yeni-yeni yaradıcılıq uğurları arzulayıram. İnanıram ki, o, hələ çox yazıb-yaradacaq və əsərlərində açıq qoyduğu "insan sevdiyinə güvənər, yoxsa güvəndiyini sevər?" sualına cavab tapmaqda oxucularına kömək edəcək. Hərçənd, sevdiyinə güvənmək, güvəndiyini sevmək məsələsində ən dolğun cavab, nümunə elə onun özüdür, həyat yoldaşı, əməkdar jurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmlidir, bu iki görkəmli ziyalının qurduğu ailədir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
