Mir Cəlal Məhəmməd Hadinin ilk tədqiqatçılarından biri kimi (Əvvəli ötən sayımızda) - İslam QƏRİBLİ

           

"Eşqi-möhtəşəm" kitabçasının sonunda "Şükufəyi-hikmət" və "Eşqi-möhtəşəm" kitabçalarının Bakıda, Nikolayevski küçəsində, Mir Abbas Mirbağırovun kitab mağazasında satışda olması barədə elan verilmiş və axırda əlavə kimi "Eşqi-möhtəşəm"lə bağlı bu cümlələr yazılmışdır: "Həyati-mətbuat səhnəsinə çıxan bu məcmuəyi-əşara əvvəlcə "Ana qucağı" ismini vermiş idik. Eyni əsərin namını dəyişərək, "Eşqi-möhtəşəm" ismi ilə tövsim və nəşr etdiyimiz də əlavəyə ixtar olunur" (Məhəmməd Hadi Əbdülsəlimzadə Şirvani. Eşqi-möhtəşəm, yaxud Əflatun sevgisi. Bakı-2014."Kaspi" mətbəəsi, s.2).

M.Hadinin sağlığında çıxan dördüncü kitabı 1918-ci ildə Bakıdakı Elektrik "Turan" mətbəəsində üç kitabçada çap olunan "İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah"dır ki, buraya şairin üç cüzvdən, 50 bənddən ibarət eyniadlı poeması daxil edilmişdir (Əbdülsəlimzadə Məhəmməd Hadi Şirvani. İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah. Birinci, ikinci və üçüncü cüzvlər. 1918-1337, Bakı: Elektrik "Turan" mətbəəsi). 

Mir Cəlal müəllimin məqaləsində Məhəmməd Hadidən gətirdiyi sitatlar şairin "Firdovsi-ilhamat", "Şükufəyi-hikmət", "Eşqi-möhtəşəm" kitablarından, "İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah"ın birinci cüzvündən və "Füyuzat" jurnalındandır.

M.Hadini "vətənpərvər romantika ustası" adlandıran Mir Cəlal müəllim onun lirik şeirlərini özündən əvvəlki və müasiri olduğu şairlərin şeirləri ilə müqayisə edərək belə bir nəticəyə gəlir ki, "Hadi ədəbiyyatımızda, demək olar, birinci şairdir ki, lirikasının bütün qüvvəsini bilavasitə ictimai inkişaf, siyasət məsələlərinə həsr etmişdir. "Firdovsi-ilhamat" kitabında olan məktəbə çağırış şeirlərini müstəsna tutsaq, Hadinin cəmiyyət quruluşundan danışmayan bir dənə şeiri qalmayır"( Mir Cəlal. Şair-vətəndaş. SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının Xəbərləri. 1943, aprel, № 4. s.69). Müəllifə görə, Hadi saz şairi, incə və intim duyğular şairi yox, böyük ictimai ideallar şairi idi və bu xüsusiyyət bir tərəfdən, onun şeirə, ədəbiyyata baxışı ilə əlaqədar idisə, ikinci tərəfdən, onun ictimai idealları ilə bağlı idi.

Professor Mir Cəlal doğru olaraq bildirirdi ki, ədəbiyyatımız heç bir dövrdə XX əsrdə olduğu kimi siyasi hadisələr, kütləvi hərəkatla səsləşməmiş və şeir günün zəruri ictimai problemləri ilə heç vaxt bu şəkildə məşğul olmamışdır. Odur ki, Hadi kimi həssas şair xalqın da, vətənin də, sənətin də taleyinin dəniz kimi təlatümə gələn hərəkatla bağlı olduğunu dərk etdiyindən "eşq-məhəbbət, mey-məclis, gül-bülbül" kimi klassik poeziyamızda tərənnüm olunan motivlərdən uzaqlaşmış, qələmini ictimai mövzularda işlətməyə üstünlük vermişdir.

"M.Hadinin şeirlərində mübarizə ruhu, süngü itiliyinin səbəbini" vətəni bürüyən, onun hərəkətinə, inkişafına, tərəqqisinə mane olan cəhalət təcəssümlərinə hücum çəkərək xüsusi bir kin və qəzəblə" ifşa etməsində görən müəllif yazırdı: "Hadinin şeirlərindəki coşqun hiss hər şeydən əvvəl vətənpərvərlik hissidir. O, vətəni gördüyü vəziyyətdə görmək istəmir. Arzuladığı vəziyyətdə görmək istəyir. O, vətənini ən mədəni və ən qabaqcıl ölkələr sırasında görmək istəyir. O, donuq və sönük bir həyat keçirən ölkəni, "hərəkətgahi-cahanda" görünməyən xalqı ölü sanır, diri saymır" (orada, s.70).

"Hadi bütün şeirləri ilə xalqımızın o zamankı taleyinə ağlayır, vətəndaşlarını hərəkətə, fəaliyyətə, mədəniyyətə, mübarizəyə çağırır" (orada, s.70) - deyən müəllif şairin "Bariqeyi-inqilab", "Qarışıq xəyallar" şeirlərini təhlil edərək bildirir ki, "o, zalımların əl-qolu açıq, hər bir zülm və işgəncə "icrasına sərbəst" olduqlarını, ədalətin və ədalət sahiblərinin "mənfalarda" - sürgün və həbslərdə çürüməsini zehninə sığışdıra bilmir... Hadi özünün və xalqının halına ağlayır. O, özünü duyan, düşünən bir simanı bir sürü mənəvi ölülər içərisində görür" (orada, s.71).

Mir Cəlal müəllim çox doğru olaraq qeyd edir ki, ən böyük arzusu "millətinin imzasını" bəşəriyyətin inkişaf etmiş millətləri sırasında görmək olan M.Hadi nə qədər ağrı-acılar yaşasa da, gələcəyə inamını itirmir, bu arzusunun həqiqət olacağına inanır və "həmin bu inam ilə, tam bir yəqinlik ilə düşmənə üz tutaraq, kinini, nifrətini söyləyir:

Bir gün görərəm qanını səhbalar içində" (orada, s.71).

M.Hadinin mütləqiyyətə qarşı nifrət və etirazlarını "bu yerdə şairin təranələri bir xalq hökmü, bir ittiham aktı kimi səslənir" (orada, s.71) kimi səciyyələndirən alim şairin "Məkatib", "Fünun və maarif", "Lövheyi-təsviri-maarif", "Qələmə", "Tərəqqiyi-sənaye" və s. şeirlərini nəzərdən keçirərək yazır: "Hadi zalımın zülmündən dad etdiyi qədər camaatın avamlığından da fəryad edir. O, çox gözəl bilir ki, cəhalət və nadanlıq ilə səadət və azadlıq tutmaz. Xalq ayılmalıdır, öz hüququnu anlamalı, dost-düşmənini tanımalıdır. Bunun üçün savad, məktəb, maarif, elm şərtdir" (orada, s.71).

M.Hadi "vətənpərvərliyi türk şairlərindən, xüsusilə, Namiq Kamal və Tövfiq Fikrətdən təqlid etmişdir" söyləyənlərin əksinə olaraq Mir Cəlal müəllim tutarlı dəlil və müqayisələr aparmaqla bildirir ki, şeirlərinin başlıca motivi vətən olan "Hadi bütün ilham qüdrəti ilə müstəqil şairdir... Hadi qara qüvvələrlə mübarizəyə çıxmağa hazırdır. Onun odlu misraları - parlaq qılınclarıdır. Şair qalib olmaq, qurtuluş üçün yeganə yol - mübarizə, çarpışma yolunu tutur" (orada, s.72).

M.Hadinin vətən mövzulu "Şirvan xatiratı", "Yadi-vətən" şeirlərini nəzərdən keçirən, "Hadidə vətən məfhumu şairin bir çox müasirlərinə nisbətən daha konkret, daha doğru əks olunmuşdur" (orada, s.73) qənaətinə gələn Mir Cəlal müəllim daha sonra yazır ki, "Hadi yaradıcılığında vətənpərvər şeirlər başlıca yer tutur: "Nəğmeyi-əhraranə", "Amali-tərəqqi", "Vətən", "Faciəyi-həyatımızdan bir pərdə", "Vətənin nidası", "Tövsiyeyi-mürğ", "İranın hürriyyət qəhrəmanlarına" şeirləri belə əsərlərdəndir" (orada, s.74).

M.Hadinin "Müxatibim Şirvandır" qeydi ilə yazdığı "Təzə həyat" qəzetinin 15 iyul 1908-ci il tarixli 161-ci nömrəsində və "Firdovsi-ilhamat"ın 146-148-ci səhifələrində dərc olunan 10 bəndlik "Ah, kimsəsiz vətən" şeirini təhlil edən, bu əsəri "vətənpərvərlər dilindən deyilən bir növhə" adlandıran müəllif yazır: "Ancaq şair bu şeiri bir növhə kimi bitirmir. Hadi başqa şeirlərində olduğu kimi, xüsusilə, vətən haqqındakı şeirlərdə gələcəyə böyük ümid bəsləyir. O inanır ki, vətənin gələcəyi səadətə, inkişafa doğru gedir. O, Azərbaycan üzərində doğmalı olan azadlıq günəşini hiss edir, buna şübhə edənlərə gülür. Bu səadət sabahının açılmaqda olan dan yerini görür" (orada, s.74).

Mir Cəlal müəllim M.Hadinin əsərlərini sərf-nəzər edərək belə bir qərara gəlir ki, "onun romantikası müasirlərinin çoxundan, məsələn, Səhhətdən, Şaiqdən, Səid Səlmasidən ayrılır. Hadi romantizmi bir məktəb kimi alıb onun tradisiyalarını izləməmişdir. Əksinə, xəyalını, ilhamının bütün gücünü ictimai arzuların tərənnümünə həsr etmişdir" (orada, s.75). O, fikirlərini əsaslandırmaq üçün şairin "Bərabərlik aləmindən məktublar" ("Aləmi-müsavatdan") poeması ilə Abbas Səhhətin "Şair ilə şeir pərisi", Abdulla Şaiqin "İdeal və insanlıq", Əli bəy Hüseynzadənin "Hali-vətən" əsərləri arasında paralellər aparır, məzmun və ideya baxımından bu əsəri cəmiyyət və zəmanəsi üçün daha faydalı hesab edərək yazırdı: "Hadi müasir cəmiyyətin faciəli həyatına, insanların səfalətinə, cəhalət, istibdad hökmranlığına qarşı xəyalən yaratdığı yeni və yüksək bir aləmi qoyur. Şair təsəvvürü ilə yeni xoşbəxtlər dünyası yaradır. Elə bir dünya yaradır ki, bütün insanlar həm hüquq, həm zəka, həm də həyat şəraitincə bərabərdirlər. ... Burada nə hakim və nə məhkum var. Nə ağa, nə nökər var. Bu şəhər vahid bir bədən - vətəndir" (orada, s.75).

Mir Cəlal müəllimin təqdimatında M.Hadi gələcəyə böyük ümidlərlə baxan, azadlıq günəşinin doğacağına inanan mütəfəkkir sənətkardır. Müəllif yazır: "Hadi inanırdı ki, Azərbaycanda kök salan cəhalət və zülmət uzun sürməyəcəkdir. Tez sönəcəkdir. İnanırdı ki, istiqbalımız parlaqdır. Buna görə də o öz həsrət və arzularını vətəndaşlarına söyləyərək, səmimi bir vəsiyyət edirdi. Açıq bir həqiqət kimi görürdü ki, bu gün, ya sabah istibdadın mənhus heykəli devriləcəkdir, insanlar azadlığa çıxacaqdır" (orada, s.76).

M.Hadinin Təbriz inqilabına, Səttar xanın qəhrəman mübarizəsinə sevinc və iftixarla yanaşdığını bildirən Mir Cəlal müəllim qeyd edirdi ki, Hadi zəmanəsinin bütün ictimai mübahisələrinə, mədəni-tarixi məsələlərinə mütərəqqi cəbhədən yanaşmış, qadın azadlığı problemi onun yaradıcılığında çox önəmli bir mövqeyə malik olmuşdur. Müəllifin haqlı qənaətinə görə, "qadın məhkumiyyəti, şairin fikrincə, Şərqin ən pis və zərərli ənənələrindən biridir. Ölkənin geridə qalmasına bir səbəb də budur" (orada, s.77).

Mir Cəlal müəllim M.Hadini mütəfəkkir şair adlandıraraq qeyd edir ki, "Hadinin yaradıcılığında fəlsəfə və fəlsəfi şeirlər hər şeydən artıq diqqəti çəkir" (orada, s.77). Müəllif bu tezisi irəli sürərkən, şairin "Kitabi-həyat", "Mənzairi-təbiət", "Dünya saheyi-qəmdir", "Təraneyi-qəmpərvəranə", "Bükayi-təbiət", "İnsanların tarixi faciələri", "Tövsiyeyi-mürğ" əsərlərinin adını çəkir və ən çox "İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah" poeması üzərində dayanır. O, yazır: "Adından da göründüyü kimi, bu əsər dərin bir fikir məhsuludur və olduqca orijinal bir əsərdir. Mən Avropa ədəbiyyatına bələd deyiləm. Rus ədəbiyyatında, Azərbaycan və ümumən Şərq ədəbiyyatında isə belə bir ümumiləşdirici, fəlsəfi lirik poema tanımıram" (orada, s.77-78).

Poemanı nəzərdən keçirib şairi bəşər tarixinin, həyatının faciəli mənzərəsini çəkən "incə ruhlu, iti gözlü, həssas bir şair", "böyük bir mütəfəkkir, insanpərvər alim kimi" səciyyələndirən müəllif Hadidə qüssə və kədər axtaranlara cavab olaraq bildirir ki, şairin kədəri şəxsi kədər yox, "mənalı, ictimai, böyük bəşəri kədərdir".

 

(Davamı olacaq)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!