Əfsanəvi tabor - "Babək-44" - Bəxtiyar ƏLİYEV

 

Hər bir dövlətin mövcudluğu mübarizələrdən keçir. Bütün mübarizələrin də önündə xalqın qəhrəman, vətənpərvər, igid oğul və qızları dayanır. Azərbaycan xalqı 1990-cı ilin əvvəlində tarixin sınağından üzüağ çıxdı; Sovetlər Birliyindən ayrılaraq əbədi müstəqilliyə qədəm qoydu. Bu elə bir dövr idi ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı erməni təcavüzü baş qaldırmışdı. Qarabağın dağlıq hissəsində və Ermənistanla sərhədboyu ərazilərdə vəziyyət müharibəyə doğru gedirdi. Aydın hiss olunurdu ki, ermənilər xaricdən güclü dəstək alırlar. Bu dəstək olmasaydı, onlar ömürboyu özlərində cəsarət tapıb üzərimizə gələ bilməzdilər. O zaman Azərbaycan Ordusu da yaranmamışdı. Ordunun ilkin rüşeymləri baş qaldırırdı. Ölkənin müdafiəsi pərakəndə könüllü batalyonların ümidində idi. Xalqda öz ölkəsini, dövlətçiliyini qurmaq və qorumaq üçün böyük ruh vardı, gələcəyə ümid vardı. Xalqın içindən çıxan saf, vətəni canından artıq sevən qəhrəman oğullar silaha sarıldılar. Onlar düşmənə mərdliklə sinə gərdilər. Lakin könüllülər pərakəndə döyüşməklə azad etdikləri əraziləri sonacan saxlamaqda çətinlik çəkirdilər. Bunun da başlıca səbəbi vahid komandanlığın olmaması idi.

O zaman Azərbaycan ordusu yeni yaranırdı. Sovet ordusunu buraxıb vətənə dönən peşəkar zabitlər, gizirlər, müddətdən artıq xidmət edən hərbi qulluqçular doğma ordusunun yaranmasına töhfə vermək istəyirdilər. Təcrübəli hərbçilər ordu sıralarına daxil olduqca əlahiddə tabor və briqadalarda uyğun vəzifələrə təyin olunurdular. 1992-ci il mart ayının ortalarında yaradılmış ilk gənc əsgərlərdən ibarət tabor Biləcəri qəsəbəsində yerləşən sovet hərbi hissəsinin yerində yığılırdı. Tabora gələn əsgərlər artdıqca kazarmaları boş olan hərbi hissələrə göndərilirdi. Əvvəlcə "Yaşıl şəhərcik"də olan, daha sonra isə Sitalçaya köçən taborun şəxsi heyəti, demək olar ki, Azərbaycanın bütün bölgələrini əhatə edirdi. Tabor təlim keçib döyüşlərə gedəcəkdi. Artıq bir qrup Ağcakənd rayonu istiqamətində gedən döyüşlərə qatılmışdı. Taborun ilk komandiri Elxan Qəniyev döyüşqabağı təlim keçən əsgərləri hərbi bilikləri mənimsəməyə sövq edirdi. O zaman taborda xidmət edən bütün hərbi qulluqçuların məqsədi, məramı Qarabağda gedən döyüşlərdə iştirak etmək, yağıları doğma torpaqlardan təmizləmək idi...

Tabor iyun ayının ortalarında Gəncə şəhərinə dislokasiya edildi. Goranboy əməliyyatı uğurla başa çatmışdı. Ağdərə əməliyyatı yeni başlamışdı. Ağır döyüşlər gedirdi. Tərtər şəhərinə olan təhlükə artıq sovuşmuşdu. Şəhərə bitişik Şəhriyar qəsəbəsi ermənilərin ən güclü, strateji məntəqələrindən idi. Düşmən  güclü müqavimət göstərirdi. İtkilərimiz çox idi. Əməliyyatı uğurla başa çatdırmaq üçün ehtiyat qüvvələrinin döyüşlərə cəlb edilməsinə böyük ehtiyac vardı.

 

...Şam yeməyindən sonra tabora "Həyəcan!" verildi. Qısa müddətə əsgərlər silah-sursat, əşya çantalarını götürüb kazarmaların qarşısında dayanmış avtobuslara doluşdular. Gecə Tərtərə çatdıq. Şəhər zülmət qaranlıq içində idi. Avtobuslar hündür çinar ağaclarının altında dayandı. Yanımızdan közərən işıqlarda tanklar, PDM-lər ötüb keçirdi. Düşmən artilleriyası susmaq bilmirdi, şəhərin hər yerini mərmi yağışına tuturdu. Çox keçmədi, məlum oldu ki, bura bizi gətirən avtobusların son dayanacağıdır. Səhəri diri gözlə açdıq. Şəhərin mərkəzi küçəsi ilə üzü Ağdərəyə yön aldıq. Həyət evlərinin darvazalarından asılan qıfıllar, qarşısında göyərən alaq otları burada bir müddətdir ki, adamların yaşamadığından xəbər verirdi. Yan-yörəyə diqqət çəkirik. Yolların ortasında top, qrad mərmilərinin açdığı çuxurlar var. Evlərdə damları yarı uçmuş və bütöv yanmış binaları görürük. Hələ də şəhər düşmənin artilleriya atəşi altındadır. Bu mərmi yağışının altında insanlar yaşaya bilməzdilər.

Şəhriyar qəsəbəsindən keçərək Ağdərəyə üz tuturuq. Sağımız-solumuz taxıl, üzüm sahələridir. Qarşıdan gələn atəş səsləri döyüşün çox da uzaqda olmadığından xəbər verir. Sağ tərəfdə Həsənqaya, Levonarx, solda Qırmızıkənd kəndləri var. Qarşımızda 3 nömrəli Sovxoz yerləşir. Bu yaşayış məntəqələrinin azad edilməsi uğrunda gərgin döyüşlər hələ də gedir. Biz isə 3 nömrəli Sovxoz istiqamətində irəliləyirik. Zabit Rövşən Hüseynov, baş çavuş (sonra leytenant oldu) Ələmdar Rzayev bizimlədir. Onların ara məsafələri 6-7 addım saxlamağı, ayaqüstü çox hərəkət etməməyi, daha çox sürünərək irəliləməyi barədə verdikləri komandalar hələ də qulağımdadır. Düşmənin daha güclü müqavimətini görəndə istehkam beli ilə səngər qazıb müdafiə olunuruq. Döyüşdə sağ qalmaq üçün bu kimi tələblərə riayət etmək lazımdır. Komandirlərin də başlıca məqsədi döyüşdə itki vermədən qarşıya qoyulan döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirməkdir...

"Babək-44" danışıq kodu altında döyüşən tabor Yuxarı Qarabağ kanalını keçdi. Bu taborun gəlişi ilə burada döyüşən taborların gücü daha da artdı. 3 nömrəli Sovxozu azad etdikdən sonra 4 iyula açılan səhər ən gözəl səhər idi. Səhərin ala-toranında Ağdərəyə daxil olduq. Şəhər düşməndən təmizlənirdi. Artıq İcra Hakimiyyətinin beşmərtəbəli binası üzərində bayrağımız dalğalanırdı. Tabor şəhəri qorumaq üçün cənub-şərq istiqamətində "Qlobus" adlanan yüksəklikdə müdafiə mövqeyi tutdu; düşmənin əks-həmləsinin qarşısını aldı. Daha sonra tabor Ortakənd, Kasapet, Heyvalı, Çıldıran, Sırxavəndə qədər ağır döyüş yolu keçdi.

Ölkədə siyasi gərginlik artdıqca bunun təsiri döyüşən orduya da sirayət etməyə bilməzdi. 1993-cü il fevral ayının əvvəli düşmən hücuma keçdi. "Babək-44" taborunun müdafiə olunduğu yüksəklikdə sağ-sol cinahlar bir neçə gün idi boşalmışdı.  Tabor düşmənə qarşı döyüşürdü. Güclü müqavimətlə qarşılaşan düşmən sağ cinahı boş görüb arxaya keçdi, bir neçə postu mühasirəyə aldı... On yeddi nəfər itki ilə tabor yenidən "Qlobus"da müdafiə mövqeyi tutdu.

"Babək-44" döyüşdən-döyüşə daha da mətinləşirdi. Səyyar rabitə vasitələrinə düşmənin müdaxiləsi tez-tez olurdu. Rabitəçilər bu səbəbdən də ehtiyat tezliyə keçid alırdılar. "Babək-44" döyüşəndə düşmən lərzəyə gəlirdi. Düşmən nə qədər güclü olsa da, tabor ona qarşı daha mətin döyüşürdü. Bunu düşmən özü etiraf etmişdi. Ağdərədə döyüşən taborlar çox idi. Lakin onlar bir neçə döyüşdən sonra başqa taborların tərkibinə verilirdi. "Babək-44" də döyüşlərdə itkilər verirdi. Bu itkilərin yerini əlavə gələn döyüşçülər doldururdu. Onların arasında müddətli əsgərlərlə yanaşı, səfərbərlikdən gələn döyüşçülər də olurdu. Taborun bu cür yenidən komplektləşməsi normal idi. "Babək-44"ün digər taborlar kimi dağılmamasının başlıca səbəbi yüksək intizam və döyüş bacarığı idi. Burada Azərbaycan ordusunun çağırışçı əsgərləri döyüşdə ilk gündən özlərini əsl cəngavər, vətənpərvər göstərmişdilər. Tabora sonradan gələn döyüşçülər də onlara baxıb ruhlanırdılar.

Elxan Qəniyevdən sonra cəsarəti, şəxsi şücaəti, qətiyyətli idarəçiliyi ilə seçilən "Azərbaycan Bayrağı" ordenli Abakar Mirzəyev tabor komandiri təyin olundu. O zaman Tərtər-Ağdərə istiqamətində gedən döyüşləri "Babək-44" taboru olmadan təsəvvür etmək mümkün deyildi. Talış, Çaylı, Suqovuşan, Vaqauz, Akopkomari və başqa kəndlərin azad edilməsində, həmçinin müdafiəsində tabor fərqlənirdi. Döyüşən taborun sədası Tərtərə yayılmışdı...

Taborun yaranmasının bir ili mart ayında qeyd olunmalı idi. Döyüşlər aman vermədiyi üçün bir illiyin qeyd olunma günü qeyri-müəyyən vaxta təxirə salınmışdı. Yayda cəbhədə döyüşlər səngidi. Taborun yaranma gününü qeyd edəndə döyüşçü Mətləb Momayev çıxışında dedi ki, illər ötəcək,  Qarabağın azad edilməsi uğrunda gedən döyüşlərdə "Babək-44" taborunun keçdiyi döyüş yolu haqqında salnamələr yazılacaq, filmlər çəkiləcək...

İllər, on illər keçəndən sonra "Babək-44" taborunun keçdiyi döyüş yolu haqqında Nazim Quliyevin ideyası ilə sənədli film çəkildi. Bəxtiyar Əliyevin  "Ağdərə döyüşləri" kitabı da "Babək-44" taborunun döyüş yoluna mayak oldu.

Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının "Şuşa" zalında taborda döyüşüb şəhid olmuş Şıxəli Manafovun bacısı Səhər Şıxəli Manafın müəllif olduğu "Babək-44" kitabının təqdimat mərasimi keçirildi. Tədbir iştirakçıları kitabxananın girişində ulu öndər Heydər Əliyevin büstü önünə tər güllər düzdülər.  Mərasimdə şəhid anaları, ailələri, millət vəkilləri, taborun komandirləri və döyüşçüləri, ictimaiyyətin nümayəndələri iştirak edirdilər. Tənqidçi-ədəbiyyatşünas Əsəd Cahangirin aparıcılıq etdiyi tədbirdə Milli Məclisin üzvləri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əli Məsimli, filologiya üzrə fəlsəfə doktoru Tahir Rzayev, Azərbaycan Yazıçılar Birliyinin üzvü, xalq şairi Yusif Nəğməkar, şəhid anaları - Bahar Səfərova, Mahrux Əliyeva, Azərbaycanın Milli Qəhrəmanı Oqtay Güləliyevin anası Afət Güləliyeva, Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimovun həyat yoldaşı Lalə Rəhimova; tabor komandirləri Elxan Qəniyev, Abakar Mirzəyev, qazilərdən Nazim Quliyev, Nazim Abdullayev, Osman Şahverdiyev, hərbi ekspert Üzeyir Cəfərov,  kitabın ərsəyə gəlməsində xüsusi xidmətləri olan (tabor haqqında müəyyən məlumatları bu günə qədər özündə saxlamış) Quba rayonu Saleh Şahbalayev adına Hacıhüseynli kənd tam orta məktəbinin direktoru Cavid Şahbalayev və başqaları çıxış etdilər.

Suraxanı rayonunun Günəşli qəsəbəsində yerləşən Uşaq Bağçaya bu günlərdə taborun şəhidi İlham Paşayevin adının verildiyi bildirildi. Tədbirdə iştirak edən nümayəndəyə Uşaq Bağçaya hədiyyə olaraq  "Babək-44" taboru kitabı təqdim olundu.

Onlar qeyd etdilər ki, həm Birinci, həm də İkinci Qarabağ müharibələrində döyüşmüş hərbi hissələr, taborlar haqqında bu cür kitablar çox yazılmalıdır. Çünki bu bizim şanlı tariximizdir. Bu cür qəhrəmanlıqla dolu oğulların keçdiyi şərəfli döyüş yolu gələcək nəsillərə örnəkdir. İkinci Qarabağ müharibəsində Zəfərə gedən yolun da Birinci Qarabağ müharibəsindən keçdiyi qeyd olundu.

"Babək-44" taboru kitabında taborun yaranma tarixindən, keçdiyi döyüş yolundan bəhs olunub, həmçinin milli qəhrəmanların, şəhid və itkin düşən, yaralanıb sağlamlığını itirən döyüşçülərin və sağ qalan döyüşçülərin şəxsi məlumatları yer alıb.  Döyüşlərdə və döyüşlərdən sonra ayrı-ayrı vaxtlardakı tədbirlərdə çəkilən fotolar kitabı daha da canlandırıb.

Səhər Şıxəli Manaf sonda vaxt ayırıb tədbirə gələn hər kəsə, eləcə də Milli  Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının rəhbərliyinə təşəkkür etdi.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!