Hər bir cəmiyyətdə demokratik sivilizasiyanın əsas göstəricisi qadının bu cəmiyyətdəki mövqeyi ilə ölçülür. Qadın, adətən zərif cins kimi qəbul edilir. Lakin öz enerjisindən istifadə etməyi bacaran qadınlar həmişə böyük gücə sahib olublar. Odur ki, tarixdə qadınların rolu danılmazdır. Azərbaycan tarixində də dərin iz qoyan qadınların sayı kifayət qədər çoxdur. Elə günümüzdə də belə qadınlarla rastlaşırıq. Belə tükənməz enerjili Azərbaycan qadınlarından biri də Azərbaycan Dövlət Universitetinin (indiki BDU) məzunu, vətənpərvər, gözəl ailə başçısı, böyük ictimaiyyətçi, filoloq, tərcüməçi, nəhayət, sevimli pedaqoq Əsmətxanım Bəyəhməd qızı Məmmədovadır. Məqalədə alimin həyat yoluna nəzər salınır, elmi fəaliyyətindən bəhs olunur. Əsmətxanım Məmmədovanın bu günə qədər fars dilinin fonetika, orfoqrafiya, morfologiya, sintaksis, leksikası kimi qrammatik, eləcə də farsdilli ədəbiyyatın müxtəlif bölmələrinə aid olmaqla, 200-dən artıq məqalə və tezisi ölkə daxilində və respublikadan kənarda çap olunmuşdur. Alimin elmi axtarış və düşüncələrini özündə ehtiva edən bu tədqiqat işləri fars dilinin tədrisində xüsusi yer tutur və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.
Fars dilinin yorulmaz tədqiqatçısı Əsmətxanım Məmmədova gözəl və yenilikçi, tələbələrinin sevimlisi olan bir pedaqoqdur. Təsadüfi deyildir ki, o, 67 illik əmək fəaliyyətinin 60 ilini şərəfli müəllim ömrü yaşamışdır. Əlli ildən artıqdır ki, uzun müddət Azərbaycan ədəbiyyatının ifadə edildiyi, şeir dili olan fars dilinin tədrisi ilə məşğuldur. O, ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda azərbaycançılıq ideyalarına sadiq qalaraq hər bir sahədə çalışan tələbələrini ən qiymətli sərvəti hesab edir. Əsmətxanım Məmmədova fars dilini sadəcə tədris etməklə kifayətlənən bir pedaqoq deyil, öyrəndiyi və öyrətdiyi uzun müddət ərzində bu dilin incəliklərinə, farsların özlərinin belə, bir o qədər də əhəmiyyət vermədiyi qatlarına varan, yorulmaz tədqiqatçısıdır.

Ə.Məmmədovanın 2007-ci ildə nəşr etdirdiyi "Fars dilində vurğu" ünvanlı eksperimental tədqiqat işi həmin ildə Milli Elmlər Akademiyasının nailiyyətləri olan kitablar siyahısına salınmışdır. Tədqiqat işinin məqsədi farsdilli mənbələrdə vurğu ilə bağlı bir-birinə uyğun olmayan, bəzi hallarda isə, tamamilə zidd olan fikir və qeydləri müəyyənləşdirərək, bu sahədə dəqiq, əhatəli və eksperimental bir iş ortaya qoymaq olan tədqiqatda "Vurğu, təbiətinə, yerinə görə növləri", "Təcrübə materialları, proqramların tərtibi və tədqiqi üsulları", "Söz vurğusunun yeri və funksiyaları" və "Söz vurğusunun təbiəti" kimi mövzular ilk dəfə olaraq araşdırılır. Azərbaycan, rus, fars və avropa dillərində olan 240 ədəbiyyatdan istifadə etmiş tədqiqatçı ədəbi nümunələrlə yanaşı, bir çox ossiloqrof, spektoqraf, "görünən nitq nümunələri" və müxtəlif sözlərin uzunluğunu, intensivliyini, tonunu əks etdirən qrafiklər də hazırlayaraq təqdim etmişdir. Belə ki, gözəl tədqiqatçılıq qabiliyyətinə, yaxşı nəzəri hazırlığa, tükənməz əməksevərliyə, rəhbərin göstərişini düzgün başa düşmək, qarşıda duran məsələnin dərinliyini hiss etmək qabiliyyətinə malik olan Əsmətxanım Məmmədova yalnız fars dilçiliyi üçün deyil, həm də ümumi dilçilik üçün faydalı elmi ümumiləşdirmələr, təcrübi nəticələrlə zəngin sanballı bir elmi əsər meydana qoymuşdur. Bütün bunlar alimin tədqiq etdiyi sahənin səriştəli mütəxəssisi olduğunu bir daha sübut edir.
Əsmətxanım Məmmədova öz üzərində daim işləyən, gənc nəslin geniş imkanları ilə ayaqlaşmağı bacaran pedaqoqdur. Onun bir-birinin ardınca elm aləminə təqdim etdiyi kitablar da bundan xəbər verir. Alimin ərsəyə gətirdiyi əsərlər elm aləmində sezilən boşluqları doldurur, ehtiyaclara cavab verir. Müəllifi olduğu "Fars dilinin orfoqrafiyası" ünvanlı dərs vəsaiti də bu qəbildəndir. Məhz zaman-zaman baş verən dəyişikliklər və inkişaf prosesinin dilin tərəqqisinə təsirinin onu sistemləşdirən, qaydaya salan vacib bir bölməsi kimi orfoqrafiyada da öz əksini tapmasının zəruriliyini nəzərə alaraq adıkeçən əsəri ərsəyə gətirmişdir.
Nizamini yazdığı dildə dindirən Əsmətxanım Məmmədova yorulmayan araşdırmaçıdır. Fars dilini gözəl bilən alim Nizamini yazdığı dildə dindirdiyindən onun bu sahədəki işləri orijinal və uğurlu alınmışdır. Nizami elə bir dühadır ki, onun fikirləri kimi şəxsiyyətinə, yaradıcılığına olan maraq da sərhəd bilməyir. Çünki o, şair kimi məşhurlaşsa da, əslində ona "alim-şair", bəlkə də "şair-alim" demək daha dürüst olardı. Nizami öz dövrünün bütün elmlərinə vaqif olmaqla, hər bir elmi mətləbi şeir dilində verir; eləcə də onun adi həyati məsələlər haqqında yazdığı şeirləri belə, elmlə doludur.
Ə.Məmmədova "Nizami məsnəvilərində sağlamlığa, tibbə aid tövsiyə və qadağalar" adlı məqaləsində Nizamini həkim, bir müdrik məsləhətçi kimi dindirir, cəmiyyətin yetkinliyi üçün tövsiyələrini oxucuya çatdırır. Nizami insanın idrak qabiliyyətini inkişaf etdirməyi həm dini, həm də dünyəvi biliklərə yiyələnməkdə görür. Dünyanın görünən və görünməyən üzünü elmlə bağlayan Şeyx: "Sən çalış, yaxşı öyrən dünyanı, bəşəri, bitkini, daşı, heyvanı", - söyləyir. Məsnəvilərində insan sağlamlığı üçün mühüm amil kimi, dinin buyurduğu qanunlara riayət etməyi, ruhu, nəfsin sağlamlığını qorumağı tövsiyə edir. Peyğəmbərimiz orta həddi tövsiyyə etdiyi kimi Nizami də hər şeydə olduğu kimi, yeməkdə də orta həddi gözləməyi mühüm sayır. Tədqiqatçı fikrini təsdiqləyərək, "Xosrov və Şirin"dən gətirdiyi bir nümunəni irəli sürür. Belə ki, "səfər zamanı susuz qalan iki şəxs bir bulaq başına çatırlar. Onlardan biri sudan çox az içir ki, mənə ziyan verər. O birisi həddən artıq çox içir ki, tezliklə susamasın. Orta həddi gözləmədiklərindən hər ikisi ölürlər". Reyhan, yağlı, şirin yeməkləri çox qəbul etməkdən çəkindirən həkim Nizami göz qaytarmaq, hicamə kimi xalq təbabəti ilə müalicə üsullarını da məqbul sayır.
Ə.Məmmədovanın monoqrafiyaya daxil etdiyi maraqlı məqalələrdən biri də ""Xəmsə"də fonoqrafik və fonetik hadisələr" adlanır. Artıq qeyd etdiyimiz kimi, tədqiqatçı hər şeydən əvvəl fars dilinin gözəl bilicisi olan dilçi mütəxəssisdir və bu dili yorulmadan tədris edir. O pedaqoji fəaliyyətində yalnız hazır materialları auditoriyaya çatdırmayır. Daim axtarışda, bu dilin dərin qatlarına varmaqdadır. Təqdim olunan məqalə də onun bu sahədəki araşdırmalarının nəticəsidir. Nizami Gəncəvi məsnəvilərinin üslubu Azərbaycan üslubiyyatını əks etdirdiyi kimi, o dövrün şeir dili olan fars dilində yazıldığından tədqiqatçı böyük zəhmət və enerji sərf edərək şairin yaradıcılığında bir çox qrammatik məqamları da üzə çıxarmışdır. Müəllif məqalədə Nizami məsnəvilərində tez-tez rast gəlinən assimilyasiya, dissimilyasiya, proteza, metateza, eliziya kimi fonetik hadisələrin elmi və detallarla olmaqla uzun-uzadı təhlilini verir. Nəticədə, fars dilinin əsas fonetik qanunu olan "Fonetik məhdudiyyət qanunu" və ondan törəyən fonetik hadisələrin nümunələrinin hər birini ilk dəfə olaraq Nizami "Xəmsə"sinin beytləri daxilində verir.
Ə.Məmmədovanın yaradıcılığının daha bir qolunu tərcüməçilik fəaliyyəti təşkil edir. Alimin bu qəbildən müxtəlif həcmli və müxtəlif mövzulu olmaqla on üç kitabı işıq üzü görmüşdür. "Məhəmməd peyğəmbərin (s.ə.s.) həyatı" (1990); "Ühud müharibəsi" (1991); "Həzrəti Əli ibn Əbutalibin (ə.s.) həyatı" (1992); "İmam Həsənin (ə.s.) həyatı və yaşadığı dövr" (1993); "Xanımlar xanımı Fatimeyi-Zəhra (s.ə.)" (1993); "Həzrəti Əlinin (ə.s.) hökmləri" (1994); "Çillə gecəsinin nağılları" Məhəmməd Mirkiyani (tələbələrlə birlikdə) (2009); "Mövludu ağanın çantası" Şəhram Şəfii (2011), "Hekayələr toplusu", (Mustafa Xuraman), (2012), Vəcihə Əliəkbər Samaninin "Son dayanacaq" (2024), "Bənövşələr zərifliyində atəş" (2024), "Bal şirinliyində hekayə", Şükufə Qasimniya (2024), N.Eskuyi və B.Bamdadinin "Nizami və Azərbaycan üslubu" adlı genişhəcmli məqalələrini də tərcümə etmişdir. Onun müasir İran ədəbiyyatının görkəmli nümayəndəsi Mostafa Xoramanın yaradıcılığından etdiyi tərcümələr "Hekayələr toplusu (Müasir fars ədəbiyyatından seçmələr)" ünvanı altında 2012-ci ildə Bakıda, OKA Ofset nəşriyyatında işıq üzü görmüşdür. Tərcüməçinin Ön sözü ilə başlayan kitaba M.Xoramanın "Əzizxanıma məktub", ""Bi" Ağa", "Miz ilə şüur arasındakı rabitə", "Həsəni Ağaya qarşı terror", "Ən kiçik cəza" və s. kimi səkkiz kiçik hekayəsinin Ə. Məmmədova tərəfindən Azərbaycan dilinə olunmuş tərcüməsi daxil edilmişdir. Topluda müəllifin "yumoristik bir üslubda yazdığı dövrünün çatışmamazlıqlarını əks etdirdiyi, acgöz, tənbəl, öz yerində olmayan məmurları, rejimin sadə insanın başına gətirdiyi müsibətləri açıb göstərərək tənqid atəşinə tutduğu islah olunmalı ünsürlərin qamçılandığı" kiçik hekayələri yer almışdır.
Əsmətxanım Məmmədovanın tərtib etdiyi digər kitab Məhəmməd Mirkəyaninin "Çillə gecəsinin nağılları" adlı hekayələr toplusudur. Mirkəyaninin həyat və yaradıcılığı barədə qısa məlumat verən tərtibçi buraya onun özünün və həmkarlarının Azərbaycan dilinə tərcümə etdiyi 22 kiçik hekayəsini daxil etmişdir.
Tərcüməçilik sənətinə yüksək qiymət verən Ə.Məmmədovanın fikrincə, tərcümə dünyanın uzaq məsafələrində yaşayıb maddi və mənəvi dəyərlər yaradan, fərqli dillərə, dünyagörüşünə, psixoloji düşüncəyə sahib olan insanlar arasında qarşılıqlı əlaqə və mötəbər dostluq körpüsüdür. Elə buna görə də tərcümə işi nəinki köhnəlib sıradan çıxmır, əksinə, mühüm, vacib yaradıcılıq sahəsi kimi, getdikcə daha da təkmilləşərək inkişaf edir.
Bu gün də elmi və pedaqoji fəaliyyətini uğurla davam etdirən, filologiya üzrə fəlsəfə doktoru, dosent, bütövlükdə 20-dən artıq kitabın müəllifi və tərcüməçisi Ə.Məmmədova Azərbaycan Respublikası Milli Məclisinin həm I çağırış, həm də II çağırışında 17 saylı Sabunçu-Əzizbəyov seçki dairəsi üzrə iki dəfə deputat seçilib; müstəqil Azərbaycan Respublikasının inkişafının erkən vaxtlarında bir çox qanun layihələrinin hazırlanması, əlavə və dəyişikliklər edilməsi ilə bağlı müzakirələrdə fəal iştirak etmişdir. O, Beynəlxalq İslam qadınlar təşkilatında, Dünya Azərbaycan Qadınlar Birliyinin üzvlüyündə, Ziyalılar cəmiyyətində, BMT yanında "Koolosiya 1325"in idarə heyətinin üzvlüyündə, Qadın və İnkişaf Mərkəzinin üzvlüyündə həmişə əməli fəaliyyətlər göstərərək, Çində Qadınların IV Beynəlxalq forumunda, İraq, Ukrayna, Rusiya, İngiltərə, İran, Qırğızıstan, Türkiyə, Səudiyyə Ərəbistanı, Almaniya, Fransa kimi daha neçə ölkələrdə müxtəlif siyasi və elmi səfərlərdə Azərbaycanın haqq səsini yorulmadan dünya ictimaiyyətinə çatdırmışdır. Sonda köksü araşdırmaq, öyrətmək, tərbiyələndirmək amalı ilə çırpınan, həyat enerjili Əsmətxanım müəlliməyə sağlam ömründə sevdiyi işlərlə doya-doya məşğul olmaq imkanı arzulayırıq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
