Məzahir, mən Bahadur Fərman deyiləm... - Qərib MEHDİ

Ustad Qərib Mehdinin son yazılarındandı. Oxudum. Gəncəli günlərin xatirələrinə susadım. Sabir Əliyevli, Xəlil Yusiflili, Mürşüd Məmmədlili, Xəzangüllü, Aləmzar Əlizadəli, Nizami Aydınlı, Sahib İbrahimli, Ələsgər Əlioğlulu, Firəngizli günlərin havasında yaşadım. Ustadın kövrək xatirəsində yaşadım... Ruhu şad olsun. Sərvaz

 

Şəmkirdə yaşayan şair dostum Məzahir Hüseynzadəyə zəng etdim:

- Məzahir, "Ədəbiyyat qəzeti"ndə çıxan şeirlərini oxudum. Gözəl şeirlərdir. Səni təbrik edirəm.

Cavabı məni çaşdırdı: "Sağ ol, Bahadur... Əsas sənsən, sənin fikrindi..."

Sən demə, Bahadurun münasibətini dördgözlə gözləyirmiş. Amma mən qabağa düşmüşəm. Elə bilib zəng edən Bahadurdu.

- Məzahir, mənəm ey, Qərib Mehdidi...

Üzrxahlıq etdi.

Növbəti zəngim Məzahirin yeni çıxmış kitabıyla bağlı oldu. Yenə də xoş təəssüratımı bildirmək istəyirdim. Həmən cavab verdi: "Sağ ol, Bahadur... Zəngini elə gözləyirdim ki..."

Yenə də özümü nişan verəsi oldum:

- Qəribəm ey, Qərib. Qərib Mehdi...

Sonra yenə də... Yenə də və hər dəfə eyni üzrxahlıq!

Günlərin birindəsə Bahadur Fərmanın müdhiş ölüm xəbərini aldım. Bu ağır itkini Məzahirə necə çatdıracaqdım? Deməsəm də olmazdı. Nə qədər ağır olsa da, telefon açdım: "Məzahir, sənə deməli sözüm var".

Məzahirin təntik səsi qarşıladı məni:

- Sənə qurban olum, Bahadur! Nə yaxşı, sən varsan!..

Donub qalmışdım. Nə deyəcəyimi bilmirdim. Yenidən kimliyimi dilə gətirmək, xatırlatmaq istədim. Amma bacarmadım. Qıymadım. Gücüm yetmədi. Xəttin o başındasa Məzahir öz aləmindəydi:

- Nə yaxşı bu dünyada sən varsan, Bahadur... Nə yaxşı... Yoxsa biz sənsiz neylərdik? Bahadur, Bahadur, səsin niyə gəlmir, niyə susdun, niyə danışmırsan? Bahadur...

Nə cavab verəcəyimi bilmədim. Bu üzgün məqamın ən mümkün cavabı susmaq idi. O, Bahaduru çağırır, mənsə sükuta qərq olmaqla Bahaduru "yaşadırdım"...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!