S.Qaybalıyevanın "Azərbaycan-İraq Türkman ədəbi əlaqələri və Əbdüllətif Bəndəroğlu" (Bakı, 2025, 280 s.) kitabına ön söz
Düz otuz il bundan əvvəl AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəzdində "Folklor Elm Mərkəzi"ndə iki otaqda "İraq Türkman Ocağı" yaratmışdım. Müxtəlif eksponatlar, kitablar rəfləri bəzəyirdi. Kərkükdən gətirdiyim kitabların hamısı ərəb əlifbasında idi. Hələ bu az imiş kimi, kitabların bəzisi ərəb dilində çap olunmuşdu. Ərəb dilini bilən bir nəfər axtarırdım. Bir gün Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili bölümünü təzəcə bitirmiş Səkinə adlı bir qız iş axtardığını dedi. Məmnuniyyətlə onu işə götürdüm. Səkinə İraq türkman ləhcəsində və ərəb dilində olan kitabları həvəslə oxuyurdu. Onun elmə marağı açıqca görünürdü. Ona İraqda, Türkiyədə və Azərbaycanda yaxşı tanınan, Azərbaycan-İraq türkman ədəbi əlaqələrində xidmətlər göstərən görkəmli şair, tədqiqatçı və tərcüməçi Əbdüllətif Bəndəroğlunun yaradıcılığından dissertasiya yazmağı təklif etdim. "Əbdüllətif Bəndəroğlunun ədəbi-elmi fəaliyyəti" mövzusu üzərində dayandıq. Dövlət dili ərəb dili olan İraqda yazıb-yaradan Bəndəroğlunun öz doğma dili ilə bərabər, ərəb dilində də əsərləri çoxdur. Dissertant ərəb dilini mükəmməl bildiyindən Bəndəroğlunun yaradıcılığını hərtərəfli araşdırdı, onun əsərlərindən bol-bol bəhrələnərək ortaya sanballı, elmi cəhətdən kamil bir əsər qoydu. S.Qaybalıyevanın tədqiqatı yüksək qiymətləndirildi. Müvəffəqiyyətlə dissertasiya müdafiə etdi (18.01.2012).
Aradan keçən bu müddət ərzində tədqiqatçı seçdiyi elm sahəsindən bir an belə ayrılmadı, İraq türkman ədəbiyyatı və folklorundan sanballı məqalələr yazdı, beynəlxalq və respublika səviyyəli simpozium və konfranslarda elmi məruzələrlə çıxış etdi.
Təcrübəli alim Əbdüllətif Bəndəroğluna həsr etdiyi "Azərbaycan-İraq Türkman ədəbi əlaqələri və Əbdüllətif Bəndəroğlu" adlı monoqrafiya üzərində işləyərək sanballı əsər yazdı. İki fəsildən ibarət monoqrafiyanın "Çağdaş İraq Türkman ədəbiyyatında yeniləşmə prinsipi və Əbdüllətif Bəndəroğlu" adlanan I fəslin bir-birindən maraqlı, sanballı elmi yeniliklərlə zəngin olan bölmələrində İraq türkman ədəbiyyatının müasir durumu, Bəndəroğlunun yaradıcılığının ilk dövrü, yeni mövzu və üslub axtarışları, Bəndəroğlu poeziyasında Azərbaycan mövzusu, Bəndəroğlu poeziyasının sənətkarlıq xüsusiyyətləri tədqiqata cəlb olunub.
Monoqrafiyanın yüksək elmi axtarışlar tələb edən II fəsli mükəmməl işlənmişdir. Bu fəsildə Ə.Bəndəroğlunun ədəbiyyatşünaslıq və folklorşünaslıq fəaliyyəti, tərcüməçilik və naşirlik yaradıcılığı, Ə.Bəndəroğlu və Azərbaycan ədəbiyyatı, Ə.Bəndəroğlu və Azərbaycan-İraq türkman ədəbi əlaqələri kimi çox maraqlı mövzular tədqiqat süzgəcindən keçirilmişdir.
Səkinə Qaybalıyeva Əbdüllətif Bəndəroğlunun elmi fəaliyyətini yeni təfəkkür işığında araşdırmışdır. Tədqiqatçı haqlı olaraq qeyd edir ki, Ə.Bəndəroğlunun bədii yaradıcılığı İraq, Türkiyə və Azərbaycanda diqqət mərkəzində olsa da, haqqında kitablar, məqalələr yazılsa da, elmi yaradıcılığı diqqətdən kənarda qalmışdır. Əsl elm fədaisi olan Ə.Bəndəroğlunun elmi yaradıcılığını ilk dəfə olaraq Səkinə Qaybalıyeva tədqiq etmişdir.
Tədqiqatçı Bəndəroğlunun elmi yaradıcılığını bütün yönlərdən monoqrafik tədqiqata cəlb etmişdir. Bu, mövzunun aktuallığını təmin edən amildir.
Tədqiqatçının məqsədi Bəndəroğlunun bir şair, tədqiqatçı, tərcüməçi və ədəbi əlaqələr fədaisi kimi İraq türkman ədəbiyyatında tutduğu mövqeyini aydınlaşdırmaq olmuşdur. Monoqrafiyada diqqət çəkən odur ki, Bəndəroğlunun yaradıcılığı Azərbaycan ədəbiyyatı kontekstində tədqiqat süzgəcindən keçirilib.
O, Azərbaycanı çox sevirdi. 1968-ci ildən ömrünün sonuna qədər (2008), demək olar ki, hər il ölkəmizə gələrdi. Azərbaycan sevgisini şairin aşağıdakı bayatısından da görmək olur:
Yaşar könlüm;
qəm içər, yaşar könlüm.
Bağdadda bir ah çəkər,
Bakıda yaşar könlüm.
Ə.Bəndəroğlu Bakı Dövlət Universitetinin fəxri doktoru (1992), İraq türkmanlarından Azərbaycan Yazıçılar Birliyinin ilk fəxri üzvü olub.
Səkinə Qaybalıyeva haqlı olaraq göstərir ki, ədəbi-mədəni, elmi əlaqələrimizdə misilsiz xidmətləri olan Əbdüllətif Bəndəroğlu Bağdadda Azərbaycanla bağlı "Ərəb ölkələrində Azərbaycan şeiri" (1971, ərəb dilinə çevirən: Sinan Səid), "Çağdaş Azərbaycan poeziyasından seçmələr" (1974), "Azərbaycan şairləri" (1987), Bəxtiyar Vahabzadə. "Seçilmiş əsərləri" (1989), Nəbi Xəzri. "Seçilmiş əsərləri" (1989), "Azərbaycan hekayələri" (1991), Kamil Vəli Nərimanoğlu. "Xalqın sözü" (1991), Qəzənfər Paşayev. "İraq Türkman folkloru" (1995), Elçin. "On ildən sonra. Hekayələr" (1996), Qəzənfər Paşayev. "Altı il Dəclə-Fərat sahillərində" (1996, ərəbcə. Ərəb dilinə çevirən: Ə.Bəndəroğlu), Q.Paşayevlə hazırladığı Rəsul Rza. "Ağlayan çox, gülən hanı?" (Kərkük, 2007), Elçin. "Mahmud və Məryəm" (Kərkük, 2007) və s. kitabları çap etdirmişdir. Sonuncu iki kitab Ə.Bəndəroğlunun maddi dəstəyi ilə işıq üzü görüb. Ə.Bəndəroğlu "İraq Türkman folkloru" (Bakı, 1992) kitabıma "Şah əsər" adlı maraqlı Ön söz yazmışdır.
Ə.Bəndəroğlu "Türkman şairi Füzuli Bayatlı" və "İmadəddin Nəsimi Əl-Bağdadi" kimi dəyərli tədqiqat əsərlərinin müəllifidir.
Bütün bunlara görədir ki, Əbdüllətif Bəndəroğlu Azərbaycan Sovet Ensiklopediyasına (IV cild, s.126) daxil edilmişdir.
Ə.Bəndəroğlu haqqında, eləcə də möhtəşəm "Azərbaycan yazıçıları XX-XXI yüzillikdə" Ensiklopedik məlumat kitabında (Bakı, "Nurlar", 2011, səh.217) oçerk vermişik.
Şairin Azərbaycanda xalq şairi Bəxtiyar Vahabzadənin Ön sözü ilə "Qərənfil" (1977), mənim ərəb əlifbasından kirilə çevirərək, "Yazıçı" nəşriyyatında çap etdirdiyim "Göylər unutmuşdu yağacağını" (1991), "Yolun sonunadək" (2001) şeir kitabları mənimlə birgə hazırladığı "Çağdaş İraq şeirindən seçmələr" (2001) və "Azərbaycan folkloru antologiyası" (İraq-Türkman cildi, Bakı, 1999, 2009) kitabları çap olunmuşdur. Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində Qəzənfər Paşayevin şəxsi arxivində Ə.Bəndəroğlunun 28 kitabı vardır.
Ə.Bəndəroğlu 2007-ci ilin sonlarında ölkəmizdə ürəyindən cərrahiyyə əməliyyatı keçirtməyə gəlmişdi. Dövlət müşaviri Hidayət Orucovun göstərişi ilə "Xəzər" xəstəxanasında əməliyyatı baş həkim Rüstəmovun rəhbərliyi ilə həkimlər aparacaqdılar. Yoxlanışdan sonra məlum oldu ki, Bəndəroğlunun bircə böyrəyi vardır. Narkoz vermək olmazdı. Baş həkim Rüstəmov dedi ki, sizə cərrahiyyə əməliyyatı qətiyyən olmaz.
Bəndəroğlu çox yaşamayacağını hiss edirdi.
O, 2008-ci ilin fevralında Ammanda cərrahiyyə əməliyyatı zamanı keçindi.
Ruhun şad olsun, Bəndəroğlu! Səndən sonra Səkinə Qaybalıyeva sənin ədəbi-elmi fəaliyyətindən dissertasiya müdafiə etdi.
Keçən il çapdan çıxan "Azərbaycan-İraq türkman ədəbi əlaqələri: ayrılığın sonu" kitabımda sənə xüsusi bölmə həsr etmişəm.
Ən əlamətdar hadisə isə filologiya üzrə fəlsəfə doktoru, dosent Səkinə Qaybalıyevanın sənin yaradıcılığına həsr etdiyi monoqrafiyasıdır. Səkinə Qaybalıyevanı bu çox gərəkli elmi uğuruna görə ürəkdən təbrik edir, İraq türkman ədəbiyyatına sevgisinin daimi olmasını arzu edirəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
