Ədəbiyyatşünaslıq elminin hər üç sahəsində (ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid) qələmini sınayıb fundamental əsərlər yazan, ensiklopedik təfəkkürlü, daha çox faktlarla işləməyə üstünlük verən, sadə, anlaşıqlı deyim tərzi və analitik təhlil üsulu ilə müasirləri arasında seçilən, yazıçılığında olduğu kimi, elm sahəsində də məktəb yaradan professor Mir Cəlalın XX əsr Azərbaycan romantizminin yaradıcılarından olan Məhəmməd Hadi haqqında yazdıqları onu ilk mötəbər hadişünas alimlərdən biri kimi səciyyələndirməyə əsas verir.
Mir Cəlal müəllimdə Məhəmməd Hadi irsinə maraq və məhəbbət elmi fəaliyyətinin ilk onilliklərində yaranmış və elmi yaradıcılığının, demək olar ki, axırlarına kimi davam etmişdir. O, M.Hadi irsini yalnız tədqiq etməklə kifayətlənməmiş, ali məktəb müəllimi kimi uzun illər sənətkarın təbliği və tədrisi ilə də məşğul olmuşdur.
Mir Cəlal müəllimin M.Hadi haqqında ilk yazısı SSRİ Elmər Akademiyası Azərbaycan filialının xəbərlərinin 1943-cü ilin aprel ayında nəşr olunan dördüncü nömrəsində çıxmışdır (Mir Cəlal. Şair-vətəndaş. SSRİ Elmlər Akademiyası Azərbaycan filialının xəbərləri. EAAzF nəşriyyatı, Bakı-1943, aprel, N 4. s.66-80). Onun bu məqaləsi elə bir vaxtda yazılaraq çap olunmuşdur ki, həmin illərə qədər M.Hadi irsi bir neçə yazı istisna olmaqla, demək olar ki, tədqiq olunmamış, yazıların bəzisində çox ciddi yanlışlıqlara yol verilmiş, müəllifin sözləri ilə desək, "o füyuzatçı, qəliz yazan, Qurandan sitat gətirən, bədbin və əyyaş adlandırılmışdır" (orda, s.66).

"Böyük şair və xırda adamlar", "Hadi siyasi lirika, vətənpərvər romantika ustasıdır" və "Hadi mütəfəkkir şairdir" adlı üç bölmədən ibarət olan məqalənin ilk səhifəsində Mir Cəlal müəllim M.Hadi haqqında Abdulla Şaiqin, Cəfər Xəndanın dərs kitablarında yazdığı bioqrafik təhlillərin və daha bir neçə başqa müəllifin adını çəkərək qeyd edir ki, "acı da olsa, bir həqiqətdir ki, şair haqqında bəlli-başlı bir təhlil yoxdur" (orada, s.66).
M.Hadini ittiham edənlərə cavab vermək üçün sənətkarın əsərlərini saf-çürük edib onların mahiyyətini doğru-düzgün dərk edərək dəyərləndirən alim yazır: "Füyuzatçı" sözü namüəyyən və isbat olunmamış bir ittihamdır. Əgər şairin həmin jurnalda şeir və məqalə çap etdirdiyini nəzərə alırsaq, bunu Sabir də etmişdir. Əgər Hadidə dil-stil cəhətincə osmanlı təsiri tapdığımız üçün bu ittihamı veririksə, bu da əbəsdir... Hadinin "Füyuzat" ilə orqanik bağlı olmadığını onun öz əsərlərindən, yaradıcılıq istiqamətindən tapa bilməyənlər, heç olmasa şairin təşkilat cəhətindən Əli bəyin dəstəsindən necə ayrıldığını, balıq sudan kənarda yaşamadığı kimi, Azərbaycandan kənarda bir il də yaşayıb-yaratmadığını xatırlasınlar. Bundan əlavə, dilində osmanlı təsiri var, - deyə Hadini füyuzatçılara - osmanlılara tərk etsək, fars təsiri ilə, hətta tamamilə farsca yazan şairlərimizi - Nizami, Xaqani... kimi şairlərimizi farslara, Qutqaşınlı İsmayıl bəyi fransızlara bağışlamalıyıq. Belə iddianı, əlbəttə ki, əqli başında olan adam etməz" (orada, s.66-67).
Tədqiqatçı Məhəmməd Hadinin şeir dilinin qəliz olduğunu qəbul edir və yazır: "Qəliz, çətin yazmaq Hadinin nöqsanından çox bədbəxtliyidir" (orada, s.67). Bunu şairin aldığı təhsili, mütaliəsi, çalışdığı mətbuat orqanları və zaman amilləri ilə bağlayan müəllif Hadi yaradıcılığının tarixi talesizliyini bilavasitə xalqla dilləşə bilməməsində görür və belə hesab edir ki, "şair ilə xalq arasında bir dilmanc rolunu görən tədqiqatçılar kənara çəkildimi, Hadi kütləvi Azərbaycan oxucusu üçün, hətta müasir ali məktəb tələbələri üçün qapalı bir sandıqdır. Elə buna görə də şairin sənətinə həqiqi, ya qeyri-həqiqi verilən qiymət və təhlillər geniş miqyasda müzakirə və müqayisə mövzusu ola bilmir. Bir də Hadinin "Füyuzat" jurnalında işləməsi və yazılarını burada çap etdirməsi şairi istər-istəməz həmin jurnalın dil, stil xəttinə boyun əyməyə məcbur etmişdir" (orada, s.67).
Mir Cəlal müəllimin fikrincə, yuxarıda deyilənlər və şairin köhnə məktəb təhsili nəzərə alınarsa, "dil məsələsi haqqında artıq danışmağa ehtiyac qalmaz" (orada, s.67).
Məhəmməd Hadini "Quran"dan, hər hansı dini kitabdan sitat gətirməkdə günahlandıranlara müəllifin cavabı istər zamanı, istərsə də bu günümüz üçün aktual və ibrətvericidir. Mir Cəlal müəllimin quruluşun dinə, "Quran"a qənim kəsildiyi bir dövrdə yazdıqlarını burada olduğu kimi veririk: "Şairin Qurandan, ya hər hansı dini kitabdan sitat gətirməsi onun mömin, mövhumatçı olmasından deyil, bəlkə, fanatiklərlə mübarizədə düşmənin öz silahından istifadə etmək məharətindəndir. Hadinin Qurandan gətirdiyi sitatlar oruc, namaz, xüms, zəkat, ya təharət haqqında deyildir. Elmin, maarifin, tərəqqinin zərurəti haqqındadır. Şair qarşısındakı hərif ilə onun səviyyəsinə, tərbiyəsinə, mədəniyyətinə görə danışmağı təsirli və faydalı sayır. Hadini dindar və bədbin tanımaq istəyənlərə məsləhət görərdik ki, şairin "Şükufeyi-hikmət"ə müqəddiməsini bir də oxusunlar. Şair burada bir kəlmə də iki mənalı söz demir" (orada, s.67-68). Şairin kitabçaya müqəddiməsini şərh edən müəllif onu bu xüsusda günahlandıranların əməlini ədəbiyyat və elm aləminə soxulmuş peşəkar bir mərdümazarın əməlinə oxşadaraq yazır: "Həyatında şairi biz belələrindən qoruya bilmədik. Bunun məsuliyyəti tarixin boynunadır. İndi heç olmasa şairin ölüsünü də olsa bu mərdümazardan qorumaq bizim hər birimizin vətən və mədəniyyət vəzifəmizdir" (orada, s.68).
.jpg)
Bədbinlik məsələsini şair haqqında adi bir böhtan hesab edən alim qeyd edir ki, mən bu böhtanı rədd eləmək üçün şairin əsərlərinə müraciət etmirəm. "Bu böhtanı rədd etməmək də olar. Çünki bədbinlik şairi kiçiltsə idi, Xəyyam gərək görünməz olaydı. Halbuki Hadidə Xəyyamda olduğu kimi mübarizədən əl üzmək, hər mənanı badədə axtarmaq kimi bir tərk-dünyalıq yoxdur. Bunu deyənlər şairin məşhur "İnsanların tarixi faciələri" adlı fəlsəfi-lirik poemasını, fəryadlarını nəzərə almırlar. Həmin şeirlərin heç birində bədbinlik yoxdursa, əksinə həssaslıq, həyatın künhünə varmaq meyli, fəlsəfi ənginlik vardır" (orada, s.68).
M.Hadini şəraba meyilli olmaqda günahlandırıb onu əyyaş hesab edənlərə Mir Cəlal müəllimin cavabı onun M.Hadiyə olan sevgisindən daha çox, şairi anlamağından, onun şəxsiyyətinə və yaradıcılığına dərindən bələd olmasından irəli gəlir. Məqalədə oxuyuruq: "Şairin xüsusən həyatının axırlarında laübalı keçinməsi, cibində şərab şüşəsi gəzdirməsi də Hadinin ictimai iztirabları ilə bağlıdır. Buna əyyaşlıq deyənlərə bu beyt yaxşı cavabdır:
Füzuli dərd əlindən dağa çıxdı,
Dedilər bəxtəvər yaylağa çıxdı.
Hadi də belə dağa çıxmağa məcbur olmuşdu. Özü də Şamaxı, Gəncə dağlarına yox, həbsxanalardan, Yunanıstan sürgünlərindən sonra Karpat dağlarına qədər gedib çıxmışdı. Lakin orada, qanlı müharibə meydanlarında da Hadi öz dərdi, xalqının, vətəninin dərdi ilə məşğul idi" (orada, s.68).
Mir Cəlal müəllim doğru olaraq qeyd edir ki, "Hadi təxminən 15 ilə yaxın aktiv yaradıcılıq dövrü keçirmiş, "Firdovsi-ilhamat" (1908), "Şükufeyi-hikmət" (1914), "Eşqi-möhtəşəm, yaxud ana qucağı" (1914), "Əlvahi-intibah, yaxud insanların tarixi faciələri" (1918) adlı şeir kitablarını, "Şeir inciləri"ni və tarixə, mədəniyyətə, ədəbi əsərlərə dair "Həyat" və "Füyuzat" səhifələrində bir sıra publisist yazılar yazmış, Nizamidən, Sədidən, Hafizdən, Rumidən müxtəlif məharətli tərcümələr etmişdir" (orada, s.69).
Bu qeyd təsdiq edir ki, Mir Cəlal müəllim həmin illərdə az öyrənilən, əsərləri tədqiq və təbliğ olunmayan M.Hadi yaradıcılığına dərindən bələd olmuş, onun sağlılğında çap olunmuş kitablarını, "Həyat" qəzetində və "Füyuzat" məcmuəsində çıxan bədii, publisistik, elmi əsərlərini və tərcümələrini mütaliə etmişdir.
Burada yeri gəldiyindən bir məsələni qeyd etmək istəyirik. "Yaradıcılığa başlayarakən özünə "Hadi" təxəllüsünü götürən (ərəbsə doğru yol göstərən, düz yola çağıran; izçi, bələdçi) və təxəllüsünün daşıdığı mənalara bütün yaradıcılığı boyu sadiq qalan böyük mütəfəkkirin" (İslam Qəribli. Məhəmməd Hadi: həyatı və yaradıcılığı. Bakı: "Elm və təhsil", 2020, s.10) ilk mətbu əsəri olan "Bəyani-həqiqət" adlı məqaləsi "Həyat" qəzetinin 23 iyul 1905-ci il tarixli 35-ci nömrəsində (Məhəmməd Hadi Əbdülsəlimzadə Şirvani. Bəyani-həqiqət, "Həyat" qəzeti, 23 iyul 1905-ci il , №35), son yazısı - "Qəmərə" şeiri isə "Bəsirət" qəzetinin 3 may 1919-cu ildə çıxan 227-ci nömrəsində dərc olunmuşdur (Məhəmməd Hadi. Qəmərə. "Bəsirət" qəzeti, 3 may 1919-cu il, №227). Məhəmməd Hadinin 1905-1919-cu illərdə Azərbaycanda və Türkiyədə çıxan iyirmiyə yaxın mətbuat orqanında 260-a qədər orijinal poetik əsəri, 27 poetik tərcüməsi, 126 elmi-publisitik məqaləsi, nəsr əsərləri dərc edilmişdir.
M.Hadinin sağlığında nəşr edilən ilk kitabı "Firdövsi-ilhamat" adlanır. Hacı Zeynalabdin Tağıyevin maddi yardımı ilə çıxan, 120 əsərin daxil olduğu bu kitab Bakıdakı "Kaspi" mətbəəsində çap olunmuşdur (Məhəmməd Hadi Əbdülsəlimzadə Şirvani. Firdovsi-ilhamat. Bakı: "Kaspi" mətbəəsi, 1908).
(Davamı olacaq)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
