Görkəmli şəxslər Əli Vəliyev haqqında - (Əli Vəliyev-125)

 

"Əli Vəliyevin yaradıcılıq yolu Azərbaycanın tarixi ilə qırılmaz surətdə bağlıdır. O, ədəbiyyata 1924-cü ildə yazdığı kiçik bir povestlə gəlmişdir. Həmin povest və yazıçının bütün sonrakı əsərləri respublikamızın coşqun sosial-iqtisadi inkişafını parlaq surətdə əks etdirir...

...Bir sözlə, Əli Vəliyevin yaradıcılıq yolundan danışarkən biz bir daha qeyd edirik ki, o, böyük yazıçı və əsl vətənpərvərdir, 1924-cü ildə sıralarına qoşulduğu kommunistlər ordusunun sədaqətli əsgəridir.

Əli Vəliyev uzun illər məsul vəzifələrdə işləmiş, "Kommunist" respublika qəzetinin redaktoru, Azərbaycan Yazızılar İttifaqının katibi olmuş, bir sıra jurnalların yaradıcı kollektivlərinə rəhbərlik etmişdir. Bütün vəzifələrdə o özünü işinin vurğunu olan, doğma xalqına sədaqət bəsləyən vicdanlı kommunist kimi göstərmişdir. Bütün bu gözəl keyfiyyətlər onun yaradıcılığında da özünün əksini tapmış, yazıçının əsərlərinin yüksək ideya- bədii pafosunu müəyyən etmişdir".

 

Heydər ƏLİYEV

Ümumilli lider

15 may 1982-ci il

 

Əli Vəliyevin qələmindən çıxan sanballı romanları, yığcam povestləri, müdrik hekayələri, uzun illərdən bəri mətbuat səhifələrində diqqəti cəlb edən oçerkləri, məqalələri saymaqla qurtarası deyil. Bütün bunlar qocaman ədibimiz Əli Vəliyevin gecə-gündüz yorulmaq bilməyən yaradıcı zəhmətinin bir-birindən gözəl barı-bəhrəsidir. Onun "Qəhrəman", "Ürək dostları", "Çiçəkli", "Turaclıya gedən yol" kimi dəyərli romanlarının hərəsinin özünə görə gözəl keyfiyyəti, oxucuları mənəvi ruhda tərbiyə edən məziyyətləri vardır. Ədibimizin son illərdə yazdığı "Bir cüt tərlan" və "Zəngəzur qartalları" sənədli əsərlərdir. Yazıçı qələmi ilə, sənətkarlıqla işlənən, təqdirəlayiq əsərlərdir! Bütün bunlarla birlikdə, məncə, Əli Vəliyevin iki cildli "Budağın xatirələri" ədibin yaradıcılığı ilə gözəl parlaq bir güzgünü, həyat güzgüsünü, Budağın həyat-mübarizə güzgüsünü göstərir. Bu "həyat güzgüsü" Budağın, əslində, Əli Qara oğlu Vəliyevin həyatını, parlaq bir güzgüdə olan kimi apaydın göstərir.

 

Süleyman RƏHİMOV

 

Azərbaycan kəndlisinin oyanması, zülm və əsarət yükünü çiynindən atması, yoxsulluqdan, cəhalətdən xilas olub yeni həyat qurmağa başlaması, kəndin tərəqqisi, kəndlilərin mənəvi cəhətdən dəyişilməsi, kollektivizm ruhunda tərbiyələnməsi - bütün bunlar Əli Vəliyevin yaradıcılığının əsas mövzusunu təşkil edir. İlk hekayələrində ("Gülarə", "Nənəmin cəhrəsi", "Həmayilin qızı", "Aprelin dədəsi" və s.) yoxsul kəndlilərin, muzdurların, kənd müəllimlərinin, gənc qadın və qızların ağır həyatını, kəndlilərin mütilikdən fəallığa, azadlıq uğrunda mübarizəyə qoşulmaq əzmini qələmə alan ədib, öz mövzusuna sadiq qalaraq ardıcıl surətdə inkişaf yollarını təsvir etmişdir.

 

Məmməd ARİF

 

Əli haqqında xatirə yazan adam onu mütləq və mütləq yaxından tanımalı, nə cür insan olduğunu, həyatda, yoldaşları və dostları ilə münasibətdə özünü necə apardığını, kimləri nə üçün xoşladığını və kimdən, nəyə görə xoşu gəlmədiyini bilməlidir.

Bunsuz Əli haqqında bəhsə girişməyin nə mənası var, nə də əhəmiyyəti!

Əli son dərəcə namuslu, son dərəcə saf, son dərəcə sədaqətli, son dərəcə təmiz, son dərəcə obyektiv, misilsiz dərəcədə xeyirxah bir insan idi.

Mənim bu üstünlük dərəcələrimdə zərrə qədər mübaliğə yoxdur - Əlini yaxından tanıyan dostları bunu həmişə təsdiq edə bilərlər!..

 

Hüseyn ŞƏRİF

 

Əli Vəliyev ədəbiyyata həyatdan gəlib - həyatın lap dərinliklərindən. Onun əsərləri ağrılarını daha çox, sevincini daha az duyduğu həyatın sadə, şirin koloritli ilnaməsidir. Bu əsərlərdə yazıçının ürək çırpıntıları, sevgisi aydın, dadlı-duzlu dillə verilmişdir. Əli doğma xalqı ilə qırılmaz tellərlə bağlıdır. Onun kövrək uşaq qəlbi həyatın isti-soyuğuna çox həssasdır.

 

Rəsul RZA

 

Onun keçdiyi ədəbi yaradıcılıq və mübarizə yollarına bütünlüklə nəzər saldıqda belə bir həqiqəti nəinki dostları və pərəstişkarları, hətta ona tənqidi yanaşanlar da etiraf edirdilər ki, ürəyi uşaq ürəyi kimi təmizdir, ədəbiyyatımız qarşısında xidmətləri böyükdür.

O, xeyirxah, qeyrətli bir vətəndaş, həyatla, xalqla canlı əlaqəsi olan bir yazıçı, vəfalı bir dost idi.

Onun sinəsində bütün həyatı boyu doğma xalqına, vətəninə, bədii ədəbiyyata, həqiqətə, düzlüyə məhəbbətlə dolu olan və rahatlıq bilməyən bir ürək döyünürdü. O, Azərbaycan sovet ədəbiyyatının ilk yaranışı illərindən beşiyi başında duranlardan idi.

 

Mirzə İBRAHİMOV

 

Kişi işi sözü dilimizdə ən yüksək bir məna daşıyır: mərdlik, cəsarət, doğruluq. Bu keyfiyyətlərə malik olduğu üçün Əli Vəliyevə də xalqımızın Kişi oğlu desək, düz yerinə düşər. Əli Vəliyevin bir üzü, bir siması var. O, həqiqət naminə danışmaq lazım gələn yerdə, ən çətin, ən mürəkkəb vaxtlarda dəfələrlə bu kişi ləyaqətini göstərmişdir.

O, həqiqəti pərdələyənlərə, xalqının ləyaqətini dərk etməyənlərə, onun ləyaqətinə nöqsan gətirənlərə, havayı həvəslərə qapılanlara qarşı həqiqət, ədalət naminə üzüboz Kişidir. Onun xarakterindəki bu xüsusiyyəti bilənlər, yuxarıda dediyim kimi, ən çətin, mürəkkəb vaxtlarda onunla hesablaşmağa məcbur olmuşlar.

Əli Vəliyevin sözünə - Ədalətin qılıncı desək, daha haqlı olarıq.

 

Mirvarid DİLBAZİ

 

Əli ilə yol yoldaş olmaq maraqlı bir aləm idi. O, yaşda bizdən böyük, artıq tanınmış bir yazıçı olmağına baxmayaraq özünü son dərəcə sadə, açıq və səmimi aparırdı. Bu onun təbiətində, xarakterində idi. Necə deyərlər, o, uşaqla uşaq, böyüklə böyük idi. Lazım gələndə gördüyünü, hiss elədiyini, qarşısındakının şəxsiyyətindən-filanından asılı olmayaraq deyən idi.

 

İlyas ƏFƏNDİYEV

 

Xeyirxah işlərdən zövq alan adamlar xoşbəxtdir. Belə şəxslərdən biri də mərhum Əli Vəliyev idi. O, yanına məsləhət almağa və köməyə gələnləri fərəhlə qarşılardı. Onların məsələsi ilə məşğul olanda bəzən istirahət etməyi belə unudardı. İşi çətinliyə düşən və ya haqqını almayan adam zəiflik göstərib bədbinləşəndə onu məzəmmət edər, ədalət uğrunda mübarizəyə ruhlandırardı. Belə adamların "düyününü" açıb məqsədinə çatmayınca ürəyi sakit olmazdı. Kiməsə kömək əlini uzadıb dadına çatanda fərəhi yerə-göyə sığmazdı. Xeyirxah olmaq, yaxşılıq etmək! Nəciblik onun qanında, canında idi. O, qələm dostlarının daha çox karına gələrdi. Mənzil almaqda, evə telefon qoymaqda, çap olunmaqda... Xeyir-şərdə də ağsaqqallıq edərdi.

 

Süleyman VƏLİYEV

 

"Kəndimizin kövşənləri dəmyə olsa da, taxıl əskik olmazdı. Kəndin camaatı işlək, havası mülayim, suyu soyuq, çörəyi dadlı idi. Yaz səhərləri, yay axşamları, payız günləri, qış gecələri kəndimizin ən gözəl vaxtları idi. Burada ömür sürənlər yüz yaşına çatanda belə işdən qalmaz, nazik iynəni eynəksiz saplardılar... Ağsaqqal və ağbirçəklərdən çoxlu nağıl, bayatı, qaravəlli öyrənmişdim".

Bu, görkəmli nasir, Azərbaycan xalqının yaxşı tanıdığı, çox sevdiyi Xalq yazıçısı Əli Vəliyevin bax beləcə hər an məhəbbətlə, çox zaman həsrətlə, nisgillə xatırladığı, bulaqları güneydən üzü aşağı şütüyən səfalı məskən Sisyan mahalının səkkiz yüz evli Ağdu kəndi idi.

Əli Vəliyev 1901-ci ildə bu uzunömürlülər diyarında anadan olub, burada rus məktəbinə gedib, burada ərəb əlifbasını öyrənib. Lakin heyranlıqla sevdiyi doğma, bərəkətli yurdundan yeniyetmə dövründə - yatalaq xəstəliyindən valideynini, qohum-əqrəbasını itirəndən sonra - didərgin düşübdür. Həmin nisgildir ki, Əli Vəliyevin qəlbindən çıxmır və zaman-zaman qövr eləyir.

 

Bayram BAYRAMOV

 

Elə adamlar var ki, səksəni aşıb doxsanı haqlasalar da, lap yüzü keçsələr də, gənclik, hətta bəzən uşaqlıq xasiyyətlərini saxlayırlar. Daha dəqiq desək, uşaqlıqdakı kimi sadə və açıqqəlbli qalırlar.

Əli Vəliyev də belə idi. Onun qəlbindəkini dərhal üzündən oxumaq olurdu. Hirsini, qəzəbini, yaxud sevincini gizlədə bilmirdi. Nəyi varsa, dərhal deyir, ürəyini boşaldır, dərhal da sakitləşirdi. Ona görə də qəlbində kin-küdurət qalmırdı, bugünkü qəzəbini sabah unudurdu.

Biz hamımız ona sadəcə "Əli müəllim" deyərdik. Bir dərdimiz, məsləhətimiz olanda yanına gedər, heç vaxt da məyus qayıtmazdıq. Bircə qəlbinə dəyib küsdürəndə gözünə görünməzdik. Yaman küsəyən idi. Elə ki görürdük iclasda, ya məclisdə yanpörtü oturub, əlini çənəsinə söykəyib stola dirsəklənib, başa düşürdük ki, küsüb, qəzəblidir, belə anda yaxınlaşıb ona söz demək mənasızdır. Amma dönəlgəsi çox yaxın idi. Bulud kimi tez tutular, tez də boşalıb-açılardı. Onu da deyim ki, zarafatından da qalmazdı. Həm də bu zarafatlarda, bu qəzəblərdə, küsüb-barışmalarda böyük bir qayğı vardı.

 

İsmayıl ŞIXLI

 

Əli Vəliyev təkrarolunmaz şəxsiyyət, elə buna görə də təkrarolunmaz yazıçı idi. Onu yaxından tanıyanların hamısı onun barəsində bu fikirdədir.

Biz, orta nəslə məxsus yazıçılar, istisnasız olaraq Əli müəllimin bir el ağsaqqalı kimi hər birimizə qarşı ciddi tələbkarlığında və qayğıkeşliyində bunu daha çox hiss eləmişik. O, "Kommunist" qəzetini redaktə edəndə də, "Azərbaycan" jurnalını çıxaranda da, Yazıçılar İttifaqında rəhbər vəzifə daşıyanda da nə zəhmli baxışlarını üzümüzdən çəkmiş, nə də kövrək qəlbinin qapılarını üzümüzə bağlamışdır. Onun bizi səhv addımlarımıza, nöqsanlarımıza görə rəsmiyyətə - ictimai məsuliyyətə çəkdiyinə, dar ayaqda isə qolumuzdan yapışdığına, bəzən, hətta doğma atanın övladından incidiyi kimi bizdən küsdüyünə dair də çoxlu fakt gətirə bilərəm.

Bütün bu xüsusiyyətlər onun öz doğma xalqının parlaq xarakterini şəxsiyyətində cəmləşdirdiyi ilə izah oluna bilər. Yazıçı şəxsiyyəti! Yaradıcılığın, sənətkarlığın sirləri araşdırılarkən bu məsələyə indiyədək az diqqət vermişik. Lakin son vaxtlar nəzəriyyəçi ədəbiyyatşünas alimlər, haqlı olaraq, yaradıcının şəxsiyyətini başlıca amil hesab edirlər.

Əli Vəliyevin yaradıcılığı ilə parlaq şəxsiyyəti arasında ahəngdarlıq bu mülahizəni tamamilə doğruldur.

 

Qasım QASIMZADƏ

 

O, çox gözəl insan idi. Respublikamızın mədəni həyatı, xalq təsərrüfatının müxtəlif sahələri ilə yaxından tanış olur, yeri gəldikcə öz sözünü, arzu və istəklərini mətbuat, radio və televiziya vasitəsilə deməkdən də qalmırdı. Mən, təbiətən xalqa bağlı olan, Azərbaycan torpağını, demək olar ki, qarış-qarış gəzən, kənd əməkçiləri ilə tez-tez görüşən gözəl ədibimiz, sevimli Xalq yazıçımız Əli Vəliyevlə 40 ilə yaxın bir müddətdə ünsiyyətdə olmuşam, onunla müxtəlif sənət inciləri, müxtəlif janrlar haqqında tez-tez söhbət etmişəm.

Əli Vəliyev doğma Azərbaycanın gözəlliyini, onun könül açan yerlərini seyr etməkdən doymazdı.

O, Şuşaya da vurğun idi. Tez-tez Şuşaya gələrdi, hər dəfə də qonağım olardı. Cıdır düzündən, Turşsudan, şairi, bəstəkarı, müğənnini ilhama gətirən mənzərələrdən heyrətlənərdi. Deyirlər ki, Şuşa Azərbaycanın çox füsunkar dilbər guşəsidir. Əgər dünyanın gözəlliklər yurdları arasında yarış keçirilsə, çox güman ki, birinci yeri bizim Şuşa tutar. Sevimli yazıçımız Göygölə, Kəlbəcərə, İstisuya da tez-tez baş çəkərdi. O, həmin gözəllik yurdlarını seyr etməklə qalmır, oçerkləri, publisistik yazıları ilə respublika mətbuatında, xüsusilə uzun illər çalışdığı "Kommunist" qəzetinin səhifələrində, radioda, televiziyada tez-tez çıxış edirdi. Bu yerlərin daha da abadlaşdırılmasına, sözün həqiqi mənasında, istirahət, sağlamlıq zonalarına çevrilməsinə çalışardı.

Bəli, xalqımızın fəxri, iftixarı, unudulmaz Əli müəllimin həyatı, geniş, çoxcəhətli fəaliyyəti, Vətənə, xalqa dərin məhəbbəti müxtəlif nəsillər, xüsusilə gənc nəsil üçün əsl nümunədir.

 

Süleyman ƏLƏSGƏROV

 

İstər sağlığında, istərsə də ölümündən sonra Xalq yazıçısı Əli Vəliyevdən harda söhbət düşsə, hamı bir ağızdan "çox xeyirxah adam idi" sözünü söyləyir. Mənə görə, sənətindən, yaşından asılı olmayaraq bir insan haqqında deyilən bu söz min cür başqa təriflərdən üstündür. Mən deyərdim ki, xeyirxahlığın özü də, bir növ istedaddır. Çünki xeyirxahlıq məhz böyük təbiətli insana xas olan keyfiyyətdir.

Xeyirxahlıq - öz haqqından əvvəl başqasının haqqını görə bilməkdir. Başqasının haqqını görmək isə ədalətin və həqiqətin müdafiəsidir. Ədalət və həqiqəti müdafiə edən adam özünü başqasının səadətində əridir. Belə adamlara cəmiyyət əsl vətəndaş deyir.

Ə.Vəliyev əsl vətəndaş idi. Mən Ə.Vəliyevi tanıdığım 30-35 il müddətində həmişə belə görmüşəm. Məqsədsiz yaxşılıq, ədalət və həqiqət Ə.Vəliyevin ünvanı idi. Bərkə düşən elə bir yazıçı tanımıram ki, bu ünvana müraciət etməmiş, onun qapısını döyməmiş olsun. O da əlindən gələn köməyi heç kəsdən əsirgəməmişdir.

Ə.Vəliyev sözünü adamın üzünə qənşər, pərdəsiz, boyasız, birbaşa deyərdi. Belə adamlara el arasında "qırmızı adam" deyərlər. Bu "qırmızı" sözünün mənfi çaları da var. Qoy, olsun! Məncə, izini gizlədib, riyakarcasına üzdə adamın başına tərif yağışı yağdırıb, arxasınca söyməkdən, sözü boz-boz üzə demək daha yaxşıdır. O, uşaq qədər sadəqəlbli olduğundan elə güman edirdi ki, hamı belədir və buna görə də sözü üzə deməkdən qətiyyən çəkinmirdi.

 

Bəxtiyar VAHABZADƏ

 

Bir qərinə ünsiyyətdə olandan, irili-xırdalı bütün əsərlərini oxuyandan, onunla uşaqlıq çağlarını, gənclik illərini və ahıl çağlarını birgə keçirmiş nə qədər adamdan onun haqqında az qala rəvayətlərə çevrilmiş hekayətləri eşidəndən sonra... Əli Vəliyevdə bu bütövlük içərisində - qəribə bir xüsusiyyət, şəxsi mənsubiyyət kəşf etdim: insana fövqəladə inam!

 

Cəmil ƏLİBƏYOV

 

Onun geniş qəlbində ürək genişliyi, geniş səxavət qərar tutmuşdu. Son dərəcə təvazökar şəxsiyyət olan Əli müəllim həm də hamıya can yandıran, qayğı göstərən bir insan idi. Sözünə bütöv, əməlinə sadiq. Lakin ərkyana küsməyi də vardı, mərdcəsinə barışmağı da. Hamısı təbii, hamısı səmimi, hamısı ürəkdən gələn.

Kişi ölər, kişilik qalar bu dünyada. İnsan ölər, insanlıq qalar bu dünyada. Qoy bu kiçik yazım Əli müəllimin kişiliyinə, insanlığına bir ehtiram olsun.

 

Teymur BÜNYADOV

 

Əli Vəliyev sözün həqiqi mənasında, böyük cəfakeş və zəhmətkeş idi. Uşaq kimi təmiz, məkrsiz, hiyləsiz idi. Mənə görə, bu insanın həyat və fəaliyyətində adamlara pislik etmək üçün heç nə yox idi. Mən onu tədricən öyrəndikcə bir daha inandım ki, Əli Vəliyev xarakter, xasiyyət, danışıq, yemək-içmək baxımından heç kimə bənzəmir. O, tamam orijinal bir şəxsiyyətdir.

 

Qulu XƏLİLOV

 

Əli Vəliyev çox qəribə, yalnız özünə bənzəyən bir yazıçı, bir insan idi. Çox tez küsməyi, çox tez inciməyi vardı. Xoşu gəlməyən adamın üzünə baxmazdı, salam verməzdi.

60-70-ci illərin ədəbi həyatında çox fəal iştirak edirdi. Ə.Vəliyev sözü qırmızı deyərdi üzə. İştirak elədiyi elə yığıncaq, elə müzakirə olmazdı ki, çıxış eləməsin, qətiyyətli və ötkəm danışmasın. Əgər daxilən inanırdısa məsələnin məğzi nədir, həqiqət deyilən zəncirdən yapışıb son halqaya qədər təkidindən əl çəkməzdi. O, doğruluğu, düzgünlüyü, söz bütövlüyünü, açıq danışığı, mərdlik, kişilik sifətlərini dəyişilməz normalar hesab edirdi. Onun üçün yalan və saxtakarlığın böyüyü-kiçiyi yoxdu.

Yalanı, saxtakarlığı yumaq, təmizləmək mümkün deyil, onları dəfn eləmək lazımdır. Söz gəzdirmək, ara vurmaq kimi sifətləri (əslində, sifətsizliyi) daha ağır, daha betər cinayət sayırdı.

 

Məmməd ARAZ

 

Əli Vəliyev canlı-cüssəli bir adam idi və nə qədər canlı-cüssəli idisə, bir o qədər də ürəyitəmiz və yumşaq, sadə və səmimi, rəhmdil və xeyirxah idi. Mən dəfələrlə bu xeyirxahlığın şahidi olmuşam və əvvəllər də bunu demişəm: Yazıçılar İttifaqında işlədiyim vaxtlar məndən ən çox xahişlər edən iki nəfər idi: Əli Vəliyev və rəhmətlik Abbas Zamanov, ancaq bu xahişlərin heç biri onların öz problemləri ilə bağlı olmayıb və bu xahişlər həmişə ədəbiyyata yeni gəlmiş adamların, imkansız və kimsəsiz qələm əhlinin problemləri ilə bağlı olub. Onu tez-tez xatırlayan İlyas Əfəndiyev deyirdi ki, vəzifə Əli Vəliyevin necə adam olduğunu o saat göstərirdi.

 

ELÇİN

 

Əli Vəliyevin həyatı və yaradıcılığı ötən yüz ilin bütün acılı-şirinli, sevincli və faciəli cəhətlərini özündə əks etdirir. Bütöv bir əsr onun taleyindən keçib getmişdir. O, çox şey görmüşdür. 1901-ci il fevralın 27-də Zəngəzur qəzasını Ağudi kəndində anadan olan Əli Qaraoğlu atasını tez itirdiyinə görə çarizm dövründə qapılarda gündəlik çörəyini qazanmış, muzdurluq eləmiş, həyatın bütün çətinliklərini görmüşdü. Amma yaradıcılıq və mübarizə eşqi onu tezliklə məktəbə və yeni həyat quruculuğuna gətirib çıxarmışdı.

 

Sabir RÜSTƏMXANLI

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!