Şair dostum Qafar Qəribin 50 illiyinə dost təbriki
2026-cı il başlayandan bəri düşüncəmi məşğul edən bir fikir var: Dostlar əsri yarılayır. Yol gedirəm ağlımdadır, öz-özümə fikirləşirəm dilimin ucundadır, avtomobilin pəncərəsindən ətrafı seyr edirəm, mənzərədə böyük hərflərlər yazılıdır sanki: Dostlar əsri yarılayır...
Səbəbi çox sadədir. Ən yaxın dostum, şair həmkarım Qafar Qərib 2026-cı ilin mart ayının 1-də 50 yaşını tamamlayacaq. Xəyallar məni 2026-dan götürüb 2000-ci ilə aparır. İlk dəfə həmin ilin payızında tanımışdım Qafar Qəribi. O, universiteti yenicə bitirmişdi, mən isə Naxçıvan Dövlət Universitetinin 3-cü kursunda oxuyurdum. Qafar həm də Naxçıvan Dövlət Teteviziyasında ədəbi-bədii verilişlər redaksiyasında işləyirdi. Növbəti verilişinə məni və mərhum şair qardaşım, dostum İlqar Qulusoyu (o vaxt İlqar Qulubəyi təxəllüsü ilə şeirlər yazırdı) qonaq dəvət eləmişdi. Çəkiliş yerini də xatırlayıram. İndiki Xan Sarayının həyətində, hovuzun kənarında salxım söyüdlərin önündə o vaxtkı operator Mamed əminin (hamı ona Mamedka deyirdi) dizayn etdiyi masa və 3 stulun arxasında oturub açıq havada ədəbiyyat söhbətləri edir, şeirlərimizi oxuyurduq. Bu, İlqarla mənim Naxçıvan tamaşaçıları ilə ilk görüşümüz olacaqdı. Ona görə "olacaqdı" deyirəm ki, nədənsə o veriliş efirə getmədi. Sonralar şair Asim Yadigar İlqarla məni "Misra işığı" adlı verilişinə çağırdı və hərəmiz 5 şeirimizi oxuduq ki, həmin veriliş ilk ekran-efir xatirəmiz kimi yadda qaldı.
Elə o vaxtdan da sözün çəkisini yaxşı bilən, sözlərin nazıyla oynamağı yaxşı bacaran, sözə dəyər verən, yeni fikrin, poetik ifadənin, obrazlı deyimin nə olduğunu bilməklə yanaşı, özü də o cür şeirlərlə oxucu qəlbində yer tutan Qafar Qəriblə dostluğumuz başladı.
Həmin illərdə Qafar Naxçıvanda ədəbi gəncliyin öncüllərindən idi. "Gözlərsən məni" adlı ilk kitabı hələ universitet tələbəsi ikən nəşr olunmuşdu ki, bu da Naxçıvan təhsil və ədəbi mühitində bir ilk idi. Bir tələbənin şeir kitabı çıxmışdı. Həmin kitaba hamımızın hörmətlə və ehtiramla yad etdiyimiz müəllimi, mərhum professor Hüseyn Həşimli "Özünü axtaran sözünü axtarar" adlı ön söz də yazmış, gənc şairə, yaradıcı tələbəsinə bu sözlərlə uğurlar arzulamışdı: "Ümid edirəm ki, özünü, əsl ilhamını, qəlbindən qopub gələn, səmimi, həzin, dolğun misralarını, bir sözlə, şair "mən"ini axtaran, növbəti uğurlar ardınca sənət yoluna çıxan Qafar Qəribin oxuculara ilk ərmağanı maraqla qarşılanacaq, tələbə şairin şeirləri ürəklərə yol tapacaq...". Hüseyn Həşimli ədəbi-tənqidi baxışlarında yanıla bilməzi və yanılmadı da. Qafarın təkcə "Gözlərsən məni" kitabındakı şeirləri yox, ondan sonra bir-birinin ardınca oxuculara təqdim etdiyi "Gözümə döydüyüm şəkil", "Dünya üç bucaq imiş" "Vətən daşdan başlayırmış", "Bu gün, bu saat, bu an", "Qədim-yeni Naxçıvan", "Göydən üç alma düşdü", "İçimizdəki qəhrəman", "İki qapı arasında", rus dilində nəşr olunmuş "İlahi sevgi" şeir və nəsr kitablarının hər biri oxucuların sevərək mütaliə etdiyi bədii əsərlər oldu.
Qafarın bir sərbəst şeiri var ki, ordakı son misraları tez-tez xatırlayıram. "Qorx ki, bir gün özümüz dünya adlı muzeydə eksponat sayılaq". Ömür su kimi axıb gedir və dünənin gənc şair dostları indi oturuşmuş həyatın axarına düşüb qayğıların əhatəsində var-gəl edir. "Dostlar əsri yarılayır" deyəndə də gənclikdən uzaqlaşmağın hiss etdirdiklərini, dərin nəfəs verib, köks ötürüb keçmişə boylanıb dumanlı xatirələri görməyin hüznünü nəzərdə tuturam.
Bir də ki, bu dumanlı xatirlərin içində minlərlə insan arasında özünü tək görməyin şair ovqatı var. Nə qədər də yan-yörəmizdə doğmalar, dostlar, tanışlar olsa da, şairsənsə, həmişə təksən. İçində vulkan lavaları kimi oda çevrilən duyğular partlama həddinə çatanda kağıza-qələmə sarılmaq, əslində təkliyini öz əlindən xilas etmək istəyidir. Şeiri yazıb o vulkanı dindirirsən, o odu qismən səngidirsən, amma nə edirsənsə et, təkliyini öz əlindən alıb yenidən öz içinə çəkib gizlədirsən. Təklik şairlərin bumeranq çubuğudur. Ha uzağa tulla, yenə də gəlib səndə dayanacaq. Təkliyindən qopa biləndə artıq hamı kimi biri olursan. O da şairlərin bacara bilməyəcəyi bir keyfiyyətdir. Qafar da təkdir. Bu gün nə qədər də valideynləri, bacı-qardaşları, ailəsi, övladları, hətta nəvəsi, dostları, iş yoldaşları, ideya silahdaşları olsa da, Qafar, Qənbərovdan daha çox Qəribdir - Qafar Qərib. Ona görə də təklikdən yaxa qurtarmağı çətindir:
Gözlərim viranə boş bir yurd yeri,
Didərgin düşübdür yuxu gözümdən.
Gözgüdə gözümün içinə baxdım,
Özümü tək görüb qorxdum özümdən.
Buyurun, bu da sizə qərib şairin öz etirafı. Həm də 24 yaşındakı etirafı. Bəs son şeirlər kitabında 45 yaşına ithafən yazdığı "Mən" şeirində nə deyir dostum:
Biz daim üç olmuşuq:
Mən, içimdəki mən,
Bir də mənim əksim.
Və həmin şeirin bir yerində güzgüdəki əksi haqqında Qafar Qərib yazır:
Nə etsəm eyni anda
Məni təkrar eləyir.
Bəlkə özü də bilmir,
Qırx beş ildi neyləyir.
Görürsüz, Qafar 45 yaşında belə ancaq özüylə söhbətdədir, özüdür, təkdir, tənhadır. Bu yaxınlarda 50 yaşını qeyd edəcək Qafar Qərib də eləcə təkdir. Heç dəyişməyib. Tanıdığım son 26 ildə onu dəyişən görmədim. Qafarın "Tək" adlı bir şeiri də var:
Dünyanın ən sıx yerində,
Şəhərlərin birində
Qalmışam tək, - deyir.
Həəəə, dostum, sən də təklikdən çox yazırsan, mən də. Amma riyaziyyatda iki təkin cəminin cüt olma nəticəsi də var. Bəlkə də yollarımız da təkdir, amma bu yolları biz tanışlığımızdan bəri cüt yerimişik axı. Bu illərə çox doğma xatirələr sığdırdıq. Kompyuterimin şəkillər papqasında səninlə bağlı minə yaxın - bəli, mübaliğəsiz, zadsız, düz minə yaxın şəkil var. Biz təkcə söz yoldaşlığı etməmişik axı, şeirlərlə başlayan yolçuluq qəzetçiliklə davam edib, oxucu görüşlərində birlikdə olmuşuq, çay süfrələrində birgə dərdləşmişik, yemək süfrələrində birgə doymuşuq, dövlətin qiymətləndirməsində də eyni gündə "Tərəqqi" medalına layiq görülmüşük, eyni zamanda çoxlu yol yoldaşlığı etmişik. Onlardan birini xatırlayıram. Azərbaycan Yazıçılar Birliyinin 2014-cü ildə Bakı şəhərində keçirilən Qurultayında bir otaqda qalmışıq. Müzakirələr aparmışıq, dərdləşmişik, şeirlərimiz haqqında fikirlərimizi cəsarətlə və çəkinmədən bir-birimizə deyə bilmişik.
İkimizin də həyatında maraqlı yerə sahib bir fəaliyyətimizi unutmadan vurğulamaq istəyirəm. Naxçıvanda doğulan görkəmli maarif fədaisi, yazıçı, pedaqoq, tərcüməçi və bir çox müsbət keyfiyyətləri ilə seçilən Eynəli bəy Sultanovun 2016-cı ildə 150 illik yubileyi idi. Həmin ərəfədə çəkilən "Onun həyat amalı" sənədli filmində Eynəli bəy Sultanov rolunu özüm canlandırmaq istədiyimi deyəndə rejissor tərəddüt etmişdi. Amma inandırmışdım. XIX əsrin sonlarında Naxçıvanda xalqı maarifləndirməyi qarşısına məqsəd qoyan Eynəli bəy Sultanov "hüşyar dostları" ilə bu işə girişmiş və çətinliklərə baxmayaraq böyük uğur qazanmışdılar. O dostlardan biri də Cəlil Məmmədquluzadə olmuşdu. Sənədli filmdə də Eynəli bəy Sultanov rolunu canlandırmağa razı saldığım rejissora Cəlil Məmmədquluzadə roluna da sənin çəkilməyini məsləhət görmüş, sənə də təklif edəndə razılığını almışdım. Nə sən, nə də mən aktyor deyilik, bu sənət sahəsində də hansısa təcrübəmiz olmayıb (bəlkə də orta məktəb illərində hansısa səhnəciklərdə oynamışıq, deyə bilmərəm). Buna baxmayaraq XIX əsrin sonlarındakı o dostluğu biz XXI əsrin əvvəllərində birgə yerinə yetirdik.
Bir xoş xatirə də qoy bu yazıda əbədi qalsın. Yeddi il əvvəl ilk nəvən dünyaya gəlməklə sənə baba statusu qazandırmışdı. Onda zaraftyana "Qafar baba" adlı şeir yazmışdım. O şeirin ilk və son bəndlərini yenidən birgə oxuyaq:
Gözün-başın aydın olsun,
Qafar baba, Qafar baba.
Dur əməlli bazarlıq et,
İlk nəvənə apar baba,
Qafar baba, Qafar baba.
Baba dostum, danış, noldu?
Sevincdənmi gözün doldu?
Artıq ən gənc baba oldu,
Bir vaxt ən gənc yazar baba,
Qafar baba, Qafar baba.
Xatirələrə necə qapılmışamsa oxuculara Qafarın kimliyindən bəhs etməmişəm. Axı Qafar Qərib Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı ixtisasını bitirib orta məktəbdə müəllim kimi çalışan pedaqoq həyatı da yaşayıb, Naxçıvan Dövlət Televiziyasında telejurnalist kimi də fəaliyyət göstərib, uzun illər Naxçıvan Şəhər İcra Hakimiyyətinin mətbu orqanı olan "Nuh yurdu" qəzetinin redaktoru da olub, AMEA Naxçıvan Bölməsində "Tusi" nəşriyyatının direktoru, indi isə redaktoru kimi əmək fəaliyyətinə davam edir. 2024-cü ilin sentyabrından etibarən seçicilərin etimadını qazanaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisində deputatdır, nəzakətli övladdır, sədaqətli həyat yoldaşıdır, qayğıkeş atadır, uşaqlaşmağı bacaran babadır.
Bunların hamısını niyə yazım boyunca xatırlamadım?! Axı Qafar Qərib mənim dostumdur. Və dostum əsri yarılayır. 50 yaşını qeyd edir. Bu təkcə dostumun qocalığa doğru gedişini düşünərək kövrəlmək deyil, həm də özümün də oralara yaxınlaşdığımın qorxulu həyəcanını hiss etməyin təlaşıdır.
Səni aramızdakı doğmalığa söykənərək 50 illik yubileyin münasibətilə ən səmimi duyğularla təbrik edirəm, Qafar!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
