Şeirlərindən kövşən iyi gələn Qoca Xalid dünyasını dəyişdi - Ağaverdi ZƏNGƏZURLU

 

17.02.2026-cı il. Dostum Məhəmməd Mustafayevlə birlikdə Şəkinin Kiçik Dəhnə kəndinə gedirdik. Məhəmmədə Qoca Xalidin qızı atasının vəziyyətinin yaxşı olmadığını bildirmişdi.

...Namizədin (Qoca Xalidin) ilk daxil olduğu məktəb Politexnik İnstitutunun meliorasiya fakültəsi olub. İnstitutun yataqxanasında Məhəmmədlə bir otaqda qalırmışlar. Namizəd gənc yaşlarından özünə hədəf seçib və o hədəfə doğru gedib. İkinci kursda oxuyanda tələbə dostlarına deyib ki, bura mənlik deyil. İnstitutdan çıxıb, hərbi xidmətə yollanıb. Məhəmməd danışır ki, Bakının dəmiryol vağzalında naxçıvanlı tələbə dostu Orucla birlikdə onu ikisi yola salıb. Namizəd hərbi xidmətini başa vurduqdan bir qədər sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Orada özünə çoxlu dostlar tapır. Bu dostlarla sıx əlaqələr onun gələcəkdə rus poeziyasının tərcüməçisi kimi tanınmasına səbəb olur.

Onun "Rus poeziyası" adlı sonuncu tərcümə kitabı 376 səhifədən ibarətdir. Kitabda Rusiyanın məşhur şairləri Fyodor Tütçev, Afanasi Fet, Nikolay Nekrasov və Sergey Yesenin kimi klassik, Vladimir Sokolov, Anatoli Jiqulin, Anatoli Peredreyev, Vladimir Kostrov, Vasili Kazantsev, Nikolay Rubtsov, Yuri Kuznetsov və Vladimir Vısotski kimi son yüzilliyin müasirləri olan şairlərin 118-dən çox şeirləri dərc edilib. Kitabda həm də Xalq şairi Ramiz Rövşənin Qoca Xalidin yaradıcılığı haqqında ixtisarla verilmiş yeddi səhifəlik "Həm gözəl, həm də sədaqətli..." başlıqlı yazısı və Xalq şairi Məmməd Arazın Qoca Xalid haqqında fikirləri yer alıb. Kitaba İlham Abbasov tərəfindən 12 səhifəlik ön söz yazılıb: "Böyük şairlərin "rəqibi".

Vaxtilə Xalq şairi Məmməd Araz Qoca Xalid haqqında yazırdı ki, "25 May 1954-cü ildə Şəkinin Kiçik Dəhnə kəndində anadan olub. Orta təhsilini kənd məktəbində, ali təhsilini A.M.Qorki adına Ədəbiyyat İnstitutunda alıb. O, Rusiyanın Elm və İncəsənət Akademiyasının müxbir üzvü, Rusiya xalqlarının VII Artiadasının və Beynəlxalq N.Rubtusov mükafatlarının laureatıdır. Moskvada keçirilən müxtəlif konfransların (2023-cü ildə isə Nijni Novqorod şəhərində keçirilən M.Qorki adına VII Beynəlxalq festivalın) iştirakçısıdır.

Qoca Xalidin şeir və tərcümələri dünyanın müxtəlif ölkələrinin aparıcı ədəbi orqanlarında - "Qardaş qələmlər" (Ankara), "Yunost", "Literaturnaya uçyoba" (Moskva), "Visqorod" (Tallin) jurnallarında, qəzet və almanaxlarında dərc olunmuşdur.

Qoca Xalid şəhərə gəlmək, kənd xatirəsi yazmaq fikrində deyil. O, kənddən dünyanı çox gözəl görür, həm yaxından, həm uzaqdan.

Şəkiyə yaxınlaşdıqca narahatlığımız artırdı. Məhəmmədin zənglərinə kimsə cavab vermirdi. Biz şairin evinə çatdıqda dəfn maşını ilə qarşılaşdıq. Biz də maşın karvanına qoşulduq.

Allah rəhmət eləsin. Ruhu şad, məkanı cənnət olsun.

35-40 yaşında üzü qalın tüklü və başında ağ rənğdə araqçın olmasından din adamı olduğunu zənn etdiyimiz bir nəfər də taksiyə oturmuşdu. Məlum oldu ki, 11-ci sinifdə Qoca Xalid onun müəllimi olub. Qəbiristanlığa gedib-qayıtdığımız müddətdə yalnız müəllimindən danışdı. Onun həyatı dərk etməsində müəlliminin xüsusi yeri olduğunu tez-tez xatırlayır və qeyd edirdi ki, onunla hər göruşəndə elə hesab edirdim ki, adi yox, yeni və böyük bir insanla qarşılaşıram.

Kiçik Dəhnə kəndində kiminlə ünsiyyətdə olduqsa, Qoca Xalid haqqında xoş sözlər deyir və sevgi ilə yad edirdilər. Ən təsirlisi isə usaqlıq dostu, filoloq-publisist Yəhya Abbasovun sözləri oldu:

"Mən onsuz yaşaya bilməyəcəyəm".

Yəhya müəllim hər birimizə müəllifi olduğu "Dəhnə bəzəmələri" kitabını hədiyyə etdi. Biz Yəhya müəllimdən və Kiçik Dəhnədən ayrılıb, Bakıya doğru yol aldıq.

Əlvida, Qoca Xalid, əlvida...

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!