Bəzən tarixi qərarların arxasında sadə inzibati seçimlər deyil, zamanın özü dayanır. I Ümumittifaq Türkoloji Qurultayın burada keçirilməsi təsadüfi deyildi - zaman Bakını seçmişdi. Bakı yolların, dillər və talelərin kəsişdiyi bir körpü kimi təkcə xəritə üzərində bir coğrafi məkan deyil, ideyalar süzgəcində də Şərq və Qərbə açılan qapı idi - yalnız neftin və ticarətin yox, düşüncənin, sözün, elmin və yazının açdığı bir qapı. Bakı təkcə bir şəhər deyil, ümumtürk düşüncəsinin mərkəzinə çevrilmişdi. Bu şəhərdə elm təkcə akademik tribunalarda deyil, cəmiyyətdə mübahisələrə səbəb olan və paylaşılan bir düşüncə formasına çevrilmişdi. XX əsrin əvvəllərində Bakı iqtisadi baxımdan sovet imperiyasının nəhəng bir elm və mədəniyyət simvoluna çevrilmişdi, sənaye şəhəri kimi formalaşsa da, onun küçələrində müxtəlif dillərdə danışılır, qəzetlər çap olunur, ideyalar müzakirə edilirdi. Ən vacib məqam isə ziyalı mövqeyi idi. Bakıda Bəkir Çobanzadə, Xalid Səid Xocayev, İsmayıl Hikmət, Əhməd Cövdət, Səmədağa Ağamalıoğlu kimi milli düşüncə varislərinin varlığı şəhəri sadəcə inzibati mərkəzə deyil, intellektual məkana çevirmişdi. Onlar latın əlifbasına keçidi yalnız qrafik dəyişiklik deyil, düşüncə tərzinin yenilənməsi kimi görürdülər. Bu ideya hələ Nəriman Nərimanovun dövründə səslənmiş, sonralar Səmədağa Ağamalıoğlunun təşəbbüsü ilə konkret istiqamət almışdı.
1922-ci ildən etibarən Bakıda başlanan əlifba ilə bağlı müzakirələr, əslində gələcəyin ideya cizgiləri idi. Bu müzakirələrin arxasında daha böyük bir niyyət vardı. Latın əlifbası vasitəsilə yalnız daxili islahat aparılmırdı, eyni zamanda Türkiyə ilə iqtisadi, siyasi və ədəbi-mədəni əlaqələrin yenidən qurulması hədəflənmişdi. Yazı sistemi bu baxımdan, diplomatik bir vasitəyə çevrilirdi - səssiz, lakin təsirli. Qurultay tarixi bir hadisə olmaqla yanaşı, davamlı bir prosesin başlanğıcı idi. Onun təsiri yalnız qəbul edilən qərarlarda deyil, həm də cavabsız qoyduğu suallarda yaşayır. Türkoloji düşüncə bu suallarla birlikdə inkişaf edərək, öz keçmişi ilə üzləşməməyi və gələcəyini yenidən qurmağı öyrəndi.
Qurultaydan sonra keçən zaman təkcə illərin ardıcıllığı deyil, həm də türkologiyanın dərk edilməsi baxımından uzun bir yolçuluqdur. Bu dövr ərzində türkoloji araşdırmalar sahəsində yeni konsepsiyalar formalaşmış, Azərbaycan tədricən bu elmi istiqamətin nüfuzlu mərkəzlərindən biri kimi tanınmağa başlamışdır. Lakin bu inkişaf sadəcə uğur kimi deyil, türk xalqlarının mədəni və mənəvi birliyini anlamaq cəhdlərinin ifadəsidir. Qurultayla başlanan proses parçalanmış və yadlaşdırılmış hafizələrin yenidən bir araya gətirilməsi cəhdi idi. Bu yolun qaranlıq tərəfi əldə edilən elmi nailiyyətlər, eyni zamanda ağır bir tarixi itkini çiynində daşımasındadır. Tez-tez səsləndirilən "Türkologiya güllələnmiş alimlərin elmidir" ifadəsi, ilk baxışda metaforik görünsə də, əslində XX əsrin faciəvi tarixi gerçəkliyinin qısa və sərt xülasəsidir. Bu fikir təsadüfi şəkildə formalaşmamışdır, 1926-cı ildə keçirilmiş qurultayın iştirakçı və nümayəndələrinin sonrakı acı talelərində öz təsdiqini tapmışdır.
I Ümumittifaq Türkoloji Qurultay yalnız türkdilli xalqlar üçün əhəmiyyət daşıyan bir hadisə kimi qalmadı, akademik türkoloji müzakirələrin çərçivəsini aşaraq yaddaşlara elmi nəticələri ilə deyil, həm bəşəri, həm də daşıdığı mənəvi dəyərlər, yarımçıq qalan arzular və qırılmış talelərlə həkk olundu. Zahirən elmi müzakirələrin aparıldığı rəsmi platforma kimi təqdim olunsa da, zaman keçdikcə həmin elmi tribunanın iştirakçıları birbaşa qurultayda iştirakına görə suçlanmasalar da, siyasi şübhə və ideoloji təqib obyektinə çevrildilər. 1930-cu illərin totalitar sovet mühiti elmi fəaliyyəti ideoloji loyallıq baxımından dəyərləndirir, nailiyyətləri isə potensial təhlükə kimi qəbul edirdi. Məhz bu çərçivədə qurultayda fəal iştirak etmiş bir çox türkoloq alim və ictimai xadim burjua millətçiliyi, pantürkizm, panislamizm, ideoloji təxribat, antisovet fəaliyyət, xarici kəşfiyyat orqanları ilə əlaqə və digər sübutsuz, lakin siyasi cəhətdən kəskin ittihamlarla üzləşmişdilər. Repressiya mexanizmi üçün ittihamların məntiqi ardıcıllığı deyil, onların ideoloji faydalılığı əsas meyar idi. Nəticədə, elmi fikir məhkəmə protokollarında cinayətə, nəzəri mübahisə isə dövlətə qarşı təhdidə çevrilmişdi. Bu proses yalnız fərdi taleləri məhv etməklə kifayətlənməmiş, türkologiyanın inkişafını da kəskin şəkildə pozmuşdu. Elmi məktəblər dağıdılmış, ardıcıllıq qırılmış, bilik ötürülməsi səngimişdi, lakin bütün bunlara baxmayaraq, türkologiya tamamilə susdurula bilmədi - fiziki olaraq məhv edilən alimlərin ideyaları, metodları və qoyduqları suallar zamanla daha davamlı və təsirli oldu.
Elm totalitar zorakılığın fövqündə dayanaraq, gələcəyini qorumağı bacardı. Bu mənada, "Türkologiya güllələnmiş alimlərin elmidir" - ifadəsi təkcə itkilərin simvolu deyil, eyni zamanda elmin müqavimət potensialının göstəricisi oldu. Bu ifadə xatırladır ki, türkologiya bədəlini həyatları ilə qoruyan, yaşadan alimlərin mənəvi irsidir. Onun tarixi bu mənəvi irsin necə ağır sınaqlardan keçdiyini və buna baxmayaraq, yaşamaqda davam etdiyini göstərən yaddaşdır. Elmi və intellektual potensiala malik olan türkologiya, onun aparıcı nümayəndələri totalitar sovet rejiminin sistemli təzyiq və məhdudiyyətlərinə tab gətirərək, elmi ənənəni qoruyub saxlamağa və konseptual mövqelərini formalaşdırmağa nail oldular.
6 mart 1926-cı il - I Ümumittifaq Türkoloji Qurultay öz işini tamamladı. Qısa bir zamanda bu toplantının sədası dünyaya səs saldı: kimlər üçün bu səs qorxu idi, çünki o sərhədləri aşır, yaddaşları oyadırdı; kimlər üçün isə ümid idi, çünki nəhəng bir mədəniyyətin, elmin yenidən dirçələcəyini göstərirdi, bu, sabahın müjdəsi olacaqdı - ürəklərində yaşayan bir sabahın. O gün təkcə bir elmi toplantı sona çatmadı, tarixə əsrlərlə silinməyəcək bir möhür vuruldu. Bu, protokollarda qeyd olunan son maddələrin, bağlanış nitqinin və rəsmi təşəkkürlərin son sədası idi. ...Zal boşalır, kürsülər susurdu. Çıxışlar, məruzələr, təkliflər, yekun qərarlar, müzakirələr, kövrək sözlər və anlar yavaş-yavaş zamana qarışırdı. Vəd edilən kimi, 1928-ci ildə Səmərqənddə keçirilməsi nəzərdə tutulan ikinci qurultay baş tutmadı. Hamı o günü səbirsizliklə gözləmişdi. SSRİ-nin türk xalqlarına qarşı əvvəlcədən müəyyənləşdirdiyi plan gerçəkləşmişdi: əvvəl latın, sonra kiril əlifbasına keçid. II Türkoloji Qurultaya artıq ehtiyac qalmamışdı. O gündən 100 il ötür.
Tarix bu vədi səssizcə qarşıladı: insanları susdura bildi, amma ümidləri yox. Bakıda keçirilən I Ümumittifaq Türkoloji Qurultay da məhz bu mənada heç vaxt bitmədi. O, sənədlərdə deyil, zamanın içində yaşadı və yaşamaqda davam edir, yolun yaddaşına çevrilir. İndi isə bütün türk xalqları eyni sükutun içində, eyni səbirsizliklə gözləyir - 100 ilin susqunluğunu pozacaq o sabahı - II Beynəlxalq Türkoloji Qurultayı. Sabaha doğru!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
