Gülxani Pənahın "Yaradılış, Həyat, İdrak fəlsəfəsi - Novruz - Yeni gün" əsərində Novruz fenomeni - Salatın ƏHMƏDLİ

 

Folklorşünas, ədəbiyyatşünas, filologiya elmləri doktoru Gülxani Pənahın "Yaradılış, Həyat, İdrak fəlsəfəsi - Novruz - Yeni gün" əsəri türk dilinə tərcümə olunaraq TÜRKSOY-un xətti ilə Ankarada çap olunmuşdur. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemi çoxqatlı tarixi-mədəni təcrübənin nəticəsi kimi formalaşmışdır. Bu sistemin ən mühüm komponentlərindən biri Novruz bayramıdır. Novruz yalnız mövsümi təqvim hadisəsi deyil, kosmik nizam, yaradılış ideyası, həyatın dövri yenilənməsi və insan idrakının təbiətə münasibətinin simvolik ifadəsidir. Gülxani Pənah "Yaradılış. Həyat. İdrak fəlsəfəsi - Novruz -Yeni gün" adlı əsərində Novruzu sırf folklor və ya etnoqrafik hadisə kimi deyil, ontoloji, kosmoloji və gnoseoloji kateqoriyalar sistemində təhlil edir.

Müəllif Novruzu yaradılışın metaforik modeli, həyatın dinamikası və idrakın struktur mexanizmi kimi təqdim edir. Kitabda Novruzun ritualları, inanclar sistemi, mərasim strukturu və simvolik semantikası türk milli mənəviyyatı kontekstində sistemli şəkildə araşdırılır. Əsər multidissiplinar yanaşma ilə - fəlsəfə, mifologiya, etnologiya, kulturologiya və simvolika sahələrinin kəsişməsində qurulmuşdur.

Əsərin əsas ideya xətti, metodoloji bazası, struktur xüsusiyyətləri və nəzəri yenilikləri elmi kontekstdən maraq doğurur.

Kitabın əsas tezislərindən biri budur ki, Novruz kosmik yaradılışın simvolik rekonstruksiyasıdır. Müəllifə görə, Novruz mərasimləri insan şüurunda kainatın ilkin harmoniyasının bərpasını ifadə edir. Bu baxımdan Novruza ontoloji prizmadan baxılır. Ontoloji prizma varlıq haqqında təlimdir, fəlsəfənin əsas sahələrindən biridir.

 

***

Əsərdə zaman xətti deyil, dövri proses kimi təqdim olunur: "Novruz ilin başlanğıcı olmaqla yanaşı, "ilk zaman"ın təkrarıdır. Novruz elə bir müqəddəs bayramdır ki, o özündə bütün dünyanın xalqlarını birləşdirmiş olur. Tarixin müəyyən dönəmlərində xristian, buddizm, müsəlman... dinlərini də qəbul etməli olan İnsan üçün bu bayram - Novruz onun genetik kodudur".

Bu yanaşma mifoloji zaman konsepsiyasına əsaslanır: hər il təbiətin oyanışı ilkin yaradılış aktının simvolik təkrarıdır.

Müəllif göstərir ki, Novruz mərasimlərində od, su, torpaq və hava ünsürləri ilkin kosmik elementlər kimi çıxış edir. Bu dörd ünsür həm maddi, həm də metafizik səviyyədə kainatın strukturunu ifadə edir.

 

***

Novruz bayramında dünyanın, həyatın varlığında əsas olan dörd ünsür (su, od, yel, torpaq) əsas götürüldüyü bildirilir.

Novruzdan əvvəlki çərşənbələr xaosun tədricən nizamlanması kimi izah olunur. Gülxani Pənah Novruz çərşənbələrinin sayının dörd (su, od, yel, torpaq) deyil, yeddi olduğu ilə bağlı folklorşünasların araşdırmalarına diqqət çəkir: "Onların, sadəcə, dörd sonuncuların (su, od, yel, torpaq) əsas çərşənbələr sayıldığını, bu çərşənbələrə qədərki üç çərşənbənin "el arasında "oğru çərşənbələr" ("oğru üsgülər") adlandığı söylənir. İnama görə, oğru çərşənbələrdə yazın nəfəsi oğrunca suya, torpağa, ağaclara toxunub geri qayıdar, bu minvalla yaxın zamanlarda gəlib çıxacağının xəbərini vermiş olar. Oğru çərşənbələrdən sonra başlayan əsas çərşənbələr "doğru çərşənbələr" ("doğru üsgülər", "doğru buğlar") adıyla tanınır. El sınağına görə doğru çərşənbələrdə yazın nəfəsi növbəylə suyun, ağacların, torpağın canına hopub onları oyadır".

Su çərşənbəsi - ilkin həyat başlanğıcı, Od çərşənbəsi - enerjinin aktivləşməsi, Yel çərşənbəsi - hərəkət və dinamika, Torpaq çərşənbəsi isə maddi formalaşma mərhələsidir. Bu ardıcıllıq kosmogenezin mərhələli modelini xatırladır.

Beləliklə, Novruz yalnız təqvim hadisəsi deyil, kosmik strukturun antropoloji şüurda modelləşdirilməsidir.

 

***

Kitabın ikinci əsas istiqaməti Novruzun həyat fəlsəfəsi kontekstində şərhidir. Müəllif həyatın bioloji və sosial səviyyələrdə yenilənməsini Novruzun mərkəzi ideyası kimi təqdim edir.

Novruz təbiətin dirçəlişi ilə bağlıdır. Gülxani Pənah fikirlərində haqlıdır ki, "İnsan yaşadığı aləmi dərk etdiyi gündən sevib. Onun vurub dağıdan, yığıb gətirən, cənnət bağlar quran, əksinə, cana yağı fəsillərini sevib. Daima dəyişən, təzələnən, gözlərinin önündə min bir gözəllikləri ilə duran fəsillərin içindədir insan yaşayışı, güzəranı... ondan asılı olduğunu anlayıb, duyub, duyumunda sevgisi, intizarı, narazılığı, məhəbbəti kök atıb".

Bu, yalnız fiziki proses deyil, həyat enerjisinin metafizik simvoludur. Məsələn, səməni həyatın cücərmə modelini təcəssüm etdirir. Cücərmə həm maddi, həm də mənəvi yenilənmə aktıdır.

 

***

Novruz mərasimləri kollektiv birliyi gücləndirir. Qapı pusmaq, papaq atmaq, tonqal üstündən tullanmaq kimi rituallar sosial əlaqələrin yenilənməsini təmin edir. Müəllif bu mərasimləri sosial inteqrasiyanın arxaik forması kimi təhlil edir.

Novruz süfrəsi - semantik struktur kimi - ailə institutunun və sosial nizamın modeli kimi təqdim olunur. Süfrədəki simvollar (səməni, şam, şirniyyatlar) kosmik harmoniyanın miniatür ifadəsidir. "Novruz yeni ilin, yeni həyatın, bolluğa, firavanlığa gedən yolun ilk başlanğıcıdır. Bu bayramın kasıbı, varlısı yoxdur, hamı təbiətin ecazkar qüdrəti qarşısında birdir - həyata olan sevgisini, təbiətin insanlığa bəxş etdiyi həyat eşqini qeyd edir. Umu-küsü unudulur, insan qəlbini, ruhunu təmizləyir, varlılar, milyonların sahibləri kasıb süfrələrində də naz-nemətin bolluğu üçün üzərinə düşən məsuliyyəti duyur. Varlının, kasıbın bir-birinə gətirdiyi ruzunun dəyəri nəzərə alınmır, çünki bu dəyər eynidir, süfrələrin bəzəyi şamlar, şirniyyatlar, günəşin, ayın, yağışın, torpağın simvolu olan şəkərbura, paxlava, qoğal və sairdir".

 

***

Kitabın ən mühüm yeniliklərindən biri Novruzun idrak fəlsəfəsi kontekstində şərhidir.

Müəllifə görə, Novruz mərasimləri arxetipik şüur formalarını qoruyub saxlayır. Od - təmizlənmə və transformasiya, su - saflaşma, torpaq - məhsuldarlıq, səməni - həyatın davamlılığı arxetipləridir.

Bu simvollar yalnız folklor elementi deyil, kollektiv şüurun dərin qatlarında mövcud olan mənəvi kodlardır.

 

***

Ritual insanın reallığı dərketmə formasıdır. Novruz ritualları vasitəsilə insan kosmik qanunauyğunluqları mənimsəyir. Bu, intuitiv-idrak modelidir. Müəllif ritualı simvolik dil kimi təqdim edir. Novruzun "Avesta"da da əksini tapmasını təbii sayır: "… Novruz bugünkü formasını alana qədər çox uzun bir inkişaf yolu keçib. Hələ şənlik, bayram mahiyyəti daşımadığı zamanda Novruz insanların dini inam və etiqadlarını özündə birləşdirib. Novruz bütpərəstlərin, atəşpərəstlərin, islamın, xristianlığın, neçə-neçə dini proseslərin formalaşmadığı bir dövrdən də əvvəl bayram kimi yaranmağa başlayıb. İnsanla təbiətin harmoniyası Novruzun ruhunda, qanındadır. Novruz dünyada yaşayan, yaşamış olan, yaşayacaq insanın elə bil həyat simvoludur. O, bu dünyada yaşamaq, yaratmaq, insan kimi ömür sürmək fəlsəfəsini Novruzda tapa bilər. Ömrünü mənalı, xoş, qəmsiz, kədərsiz, kin-küdurətsiz keçirmək istəyən hər bir ağıllı, düşüncəli insan üçün həyat konstitusiyasıdır Novruz. Novruz bəşəriyyətin səpdiyi, türk dünyasının becərdiyi, cücərtdiyi humanist toxumdur. O, halallar üçün həyat mənbəyi, haramlar üçün isə ölümdür. Onun qanunlarından kənarda insanlıq mövcud ola bilməz. O, bütün məzmun, ideya keyfiyyətləri ilə humanistnamədir".

 

***

Əsərdə Novruz türk dünyasının ortaq mədəni fenomeni kimi təqdim olunur. Tədqiqatçı Novruzu "zaman-zaman, nəsilbənəsil Adəmin övladlarından yalnız Türk adlı oğlunun törəmələri tərəfindən qorunub, türk təfəkkürü ilə zənginləşib, daha sanballı, əhatəli şəkil" aldığını, "bu mənada dünya xalqlarının tək bir Adəmin övladı olmasına baxmayaraq içində mühafizəkarlığı ilə seçilən, adət-ənənəsinə, inamına xəzinə kimi baxan, qoruyan türk oğullarının əmanətinə sədaqəti diqqəti" cəlb etdiyini yazır.

Müəllif Novruzu türk milli mənəviyyatının fundamental dayağı kimi qiymətləndirir: "Bayramın dini fərqi olmadan keçirilməsi özü bir daha sübut edir ki, Novruz əski türk əcdadlarımızın ulularından bizə miras qalan mənəvi irsdir. Hər bir türk övladı dinindən, təriqətindən asılı olmayaraq bu bayrama müqəddəs hisslərlə yanaşmış, damarından axan qanda Novruz doğmalığını duymuş, bunu bir qanun kimi nəsildən-nəslə ötürmək missiyasını yerinə yetirmiş, əsrimizin ən möhtəşəm bir mənəvi xəzinəsi kimi qorunub saxlanmasına xidmət etmişdir. Novruz elə bir mənəvi irsdir ki, yediyimiz nemətin, içdiyimiz suyun, əkdiyimiz torpağın, dərdiyimiz barın xislətindədir. Torpaq, su, hava, yel dördlüyünün verdiyi nemətlərə İnsan şükr edən olub. Şükür sevən, Allahın verdiyi nemətləri sevgiylə, bayramla, sevinclə qarşılamağı bacaran bəşər övladının, xüsusilə, türk övladının burada qızıla, var-dövlətə deyil, onun gündəlik dolanacağına qarant olan nemətlərə şükranlıq etməsi xalqımızın sağlam mənəvi keyfiyyətlərinin təzahürü kimi dəyərləndirilməlidir. İnsanlar paklık, saflıq, doğruluq istəyir. Bolluq, əkdiyi, zəhmət çəkdiyi torpağın bəhərini, barını istəyir. Alın təriylə qazandığı nemətlərə şükr edir. Ağacına, torpağına, daşına yaradıcı meyarlarına görə sitayiş edir. Onu qızdıran, torpağına can verən, ölmüşünü dirildən günəşin gücünə sitayiş edən türk ilkin təsəvvüründə bunları onlara bəxş edən bir qüvvənin varlığına inanıb. Bu inamıyla yaşayıb, yaradıb".

 

***

Tədqiqatçı Novruzun qədim türk inancları ilə bağlılığını diqqətə çəkir. Təbiətə sitayiş, göy kultu, odun müqəddəsliyi türk mifoloji sisteminin əsas elementlərindəndir. Novruzda, novruzun ruhunda ilk insanın inanclar sistemi üstünlük təşkil edir. Bu bayramın rituallarında bu inancların çoxşaxəli, həm də sistemli bir obrazını görür: "Məsələn, Novruzun ilk çərşənbəsi Su çərşənbəsində qorunan ritualların əksəriyyəti o biri çərşənbələrdə də var. Bunlarda müqəddəslik duyulur, suya tüpürməzlər, od pislikləri, bədbəxtlikləri, xəstəlikləri  yandırıb məhv etmək keyfiyyətinə malik qüdrət sahibi kimi verilir və ocağa tüpürmək olmaz, odla oynamaq olmaz, torpaq müqəddəsdir, onu sevmək, əkmək, becərmək, alaq otlarından təmizləmək, gülüstana çevirmək, şumlamaq insan oğlunun borcudur. Torpağın simvolu olan səmənini quruyandan sonra yerə atmaq olmaz, onu ya suya axıtmaq, ya da torpağa basdırmaq lazımdır. Yeli, küləyi söymək, lənətləmək olmaz, onu göndərən ilahi qüvvə var. Yerlə göyü mayalandıran, həyatı yaşadan qüvvə yel vasitəsi ilə insanlara "sorağını" - xəbərlərini çatdırır. Bu, bütöv bir inam və etiqadlarla zəngin mərasimdir. İnsan bu mərasimləri Novruz - Yeni gün kimi möhtəşəm bir bayramının içində yaşadıb, yaradıb".

Tədqiqatçılar ilkin insanların Novruzu bayram kimi deyil, dini proses kimi tənzimlədiyinə də şübhə etmir. "Kim bilir, tarixin dolablarında insan və cəmiyyət qanunlarını özündə birləşdirən nə qədər novruzsayağı "konstitusiyalar" var. Lakin zaman keçdikcə yaddaşlardan-yaddaşlara ötürüldükcə, köçetmə prosesində bu "konstitusiyalar"ın "maddələri" unudulub, hafizələrdə izləri qalıb".

Eyni zamanda hər bir həyat konsepsiyasının Novruzda izləri, Novruzun inam və etiqadlarla, adət-ənənələrlə zənginliyi diqqətə çəkilir: "Ola bilməz ki, insan yaranan gündən Novruzu bu şəkildə sistemləşdirsin. Novruz mənəvi dəyərlərimizin toplusudur, adət-ənənələrimizin toplusudur, yaratdığı cəmiyyətin qanun-qaydaları ilə  təbiətin qanun-qaydalarının toplusudur. Birinci növbədə Yaradana, "öldürüb dirildənə", təbiətin insan həyatında özündən də güclü olan varlıqlarına inamlarının toplusudur. Bayrama keçənə qədər Novruzda elə güclü həyat fəlsəfəsi var ki, tədqiqlərini, tədqiqatçılarını gözləyir. Novruzla bağlı yüzlərlə namizədlik, doktorluq dissertasiyası yazılıb, araşdırmalar aparılıb. Hələ bunlar azdır. Novruzun canında Üzü Adəmdən bəri bu zamana qədər yaşayıb gələn insan nəslinin həm bədii, mədəni, estetik, mənəvi böyüklüyü, həm də qloballaşmaqda olan dünyanın qlobal məsələlərinin həllinə kömək edəcək məsələlər var", - deyir.

Bununla belə, Gülxani Pənah bəşəriyyətin bir "anatel"dən qaynaqlandığını da nəzərə alır, bu bayrama ümumbəşəri mədəni prosesin tərkib hissəsi kimi də baxır.

 

***

Novruz kollektiv yaddaşın qorunma mexanizmidir. Bu bayram vasitəsilə milli identiklik nəsildən-nəslə ötürülür. Müəllif Novruzu mədəni kod sistemi kimi şərh edir. Qədim və orta əsrlər bəşər sivilizasiyasının inkişafına diqqət yetirdikdə görürük ki, onların sosial və mədəni tərəqqisi mürəkkəb xarakter və inkişaf dinamikasına malik olmuşdur. Ümumbəşər mədəniyyətinin tərkib hissəsi olan ümumtürk mədəniyyəti bu mədəniyyətin yüksək səviyyədə, yaradıcı, inkişafetdirici "mühafizəçisi" olmaqla yanaşı, onu qoruyub saxlayan, yaşadan, yaşatdıqca da öz milli təfəkkürünün zənginliyinə uyğun daha da cilalamış, daha yüksək səviyyəyə çatdırmışdır. Daima etnik-milli mədəniyyət sistemində mühüm "struktur vahidlərindən biri" olan folklorunda yaşatmış, onu adət-ənənələrinin, sosial həyat şəraitinin tərkib hissəsinə çevirmişdir.

Gülxani Pənahın əsəri struktur-semiotik və fenomenoloji metodların sintezini təqdim edir. Müəllif Novruzu Ontoloji model, Antropoloji struktur, Simvolik sistem, Mədəni kod mexanizmi kimi təhlil edir.

Gülxani Pənah Novruzu yalnız etnoqrafik fakt kimi deyil, fəlsəfi kateqoriya kimi təqdim edir. "Yaradılış. Həyat. İdrak fəlsəfəsi - Novruz - Yeni gün" əsəri Novruzu çoxölçülü fenomen kimi şərh edən fundamental tədqiqatdır. Müəllif Novruzu yaradılışın modeli, həyatın yenilənməsi və idrakın simvolik strukturu kimi sistemli şəkildə izah edir.

Əsər göstərir ki, Novruz Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində yalnız bayram deyil, kosmik harmoniyanın, sosial birliyin və mənəvi özünüdərkin fəlsəfi ifadəsidir.

Bütün türk dünyasının möhtəşəm mənəvi xəzinəsi olan Novruz bayramının Azərbaycan Respublikasının dövlət bayramı kimi, eləcə də bütün digər türk ölkələrində də bayram edilməsi milli koda bağlılığın təzahürüdür.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!