Sovet İttifaqının gurhagur zamanlarında Azərbaycanın Moskvada yaşayan istedadlı kinematoqrafçıları ssenari işindən başlamış prodüser peşəsinədək, dramaturgiyadan tutmuş kino, kinodramaturgiyası sənətində də çox məhsuldar çalışmış, dəyərli, yaddaqalan əsərlər yaratmışdılar. Əjdər İbrahimov (1919-1993), Hüseyn Nəcəfov (1921-1989), Əbdül Hüseynov (1925-2017), Rüstəm İbrahimbəyov (1939-2022), Alla Axundova (1939), Fərhad Ağamalıyev (1946-2012) və Oleq Səfərəliyev (1952) SSRİ Kinematoqrafçılar İttifaqının adlı-sanlı üzvləri idilər, dramaturgiya, kinorejissorluğu və kinodramaturgiya sahələrində fəal çalışmış, bu gün də fəxr edə biləcəyimiz layiqli sənət örnəkləri yaratmışlar.
Bütün Sovetlər birliyində və bir sıra xarici ölkələrdə yetərincə məşhur olan kinorejissor, ssenarist, aktyor, nasir, pedaqoq, kino sənətinin mahir bilicisi, bu sənət sahəsinin inkişafında həm ölkə daxilində, həm xaricdə əvəzsiz təşkilatçılıq bacarığı göstərmiş qeyrətli, cəsarətli, milli mənliyini, milli mentalitetini hər zaman qabarıq şəkildə göstərməkdən çəkinməyən, Azərbaycan türkü olmağı ilə qürur duyan ötkəm bir kişi, nəhəng sənət adamı Əjdər İbrahimov uzun illər Moskva şəhərində başımızı ucaldan, kinematoqrafiya aləmində hər an Azərbaycanımızın maraqlarını qoruyan qorxmaz cəngavər timsalında olub.
Əjdər Mütəllim oğlu İbrahimov 29 aprel 1919-cu ildə Aşqabadda Cənubi Azərbaycanın Ərdəbil şəhərindən Türkmənistana köçmüş sənətkar ailəsində anadan olmuşdur. O, 8 yaşında olanda atası qəfil ürəkkeçməsindən dünyasını dəyişmişdir. Yetimliyin ilk zərbəsi kiçik Əjdəri yenicə oxumağa getdiyi məktəbdən vurub kərpic zavoduna atmış, bir tikə çörək xatirinə 3 il ağır fəhləliyə qatlanmalı olmuşdur. Yalnız 11 yaşında məktəbə qayıda bilmiş və tezliklə məktəbin dram özfəaliyyət dərnəyinin ən fəal üzvünə çevrilmişdir. Həmin dərnəkdə yeniyetmə Əjdər müxtəlif tamaşalarda rollar oynamış, orta məktəblə paralel olaraq 1937-1940-cı illərdə teatr məktəbini də bitirmiş və Aşqabad şəhər kinostudiyasında əmək fəaliyyətinə başlamışdır. Biliyinə, bacarığına və ictimai fəallığına görə orada vilayət komsomol bürosunun üzvü seçilmişdir (1939-1942). Gənc Əjdər İbrahimov 1942-ci ilin mart ayında ordu sıralarına çağırılmış, Aşqabadda piyada hərbi məktəbi və əlahiddə zabitlər məktəbində qısamüddətli kurslarda təhsil alaraq, leytenant rütbəsilə Böyük Vətən müharibəsinə (22.06.1941-09.05.1945) göndərilmişdir. Müharibənin sonuna yaxın ağır yaralanmış, böyük leytenant rütbəsində ordudan tərxis olunmuş və Türkmənistan Dövlət Filarmoniyasının direktor müavini vəzifəsində işləmişdir (1945-1946).
Müharibə veteranı 1946-cı ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) rejissorluq fakültəsinə daxil olmuş, Sergey Yutkeviç (1904-1985) və Mixail Rommun (1901-1971) qrupunda təhsil almışdır. O, 1952-ci ildə ÜDKİ-ni bitirərək, Aşqabad kinostudiyasında rejissor kimi işləməyə başlamış və orada iki sənədli film çəkmişdir: "Firuzə" (1953), "Xəzər dənizinin şərqində" (1953). Sonra o, Bakıya köçmüş və 1953-cü ilin sonlarından, ta Vyetnama ezam olunana qədər - 1959-cu ilədək "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. Əjdər İbrahimov bu illər ərzində iki tammetrajlı bədii film çəkmişdir: "Bir məhəlləli iki oğlan" (1957) və "Onun böyük ürəyi" (1958).
Əjdər İbrahimov SSRİ Mədəniyyət Nazirliyinin göndərişi ilə 1959-cu ildən 1962-ci ilədək kinooperator Malik Kayumovla (1912-2010) birlikdə Şimali Vyetnamda işləmiş, orada kino məktəbinin bünövrəsini qoymuş (sonralar bu məktəb Kinematoqrafiya İnstitutuna çevrilmişdir) və özü də burada aktyor sənəti və rejissorluqdan dərs demişdir. O, 1962-ci ildə vyetnamlı tələbələri ilə birlikdə bir tammetrajlı - "Payızın əvvəlində bir gün", iki qısametrajlı - "Ağgöz quş" və "İki əsgər" bədii filmlərini çəkmişdir. Həmyerlimiz bu filmlərə görə Vyetnamın I dərəcəli Əmək ordeni (bu mükafat SSRİ-dəki Sosialist Əməyi Qəhrəmanı adına bərabər idi) və medalla təltif olunmuşdur. Türkmənistan (1959) və Azərbaycan SSR-in (1960) Əməkdar incəsənət xadimi, Azərbaycan SSR Xalq artisti (1967) Əjdər İbrahimov 1962-ci ildən ömrünün sonuna kimi Moskvada "Mosfilm" kinostudiyasında quruluşçu rejissor işləmiş və uzun illər bu təşkilatın partiya təşkilatının katibi vəzifəsində çalışmışdır. Həmin illər sənətkarın məhsuldar yaradıcılığı, çəkdiyi kinolentlərdə qaldırdığı sosial problemlər, cəsarətli fikirlər onun nüfuzunun paytaxt kinematoqrafçıları arasında daha da yüksəlməsinə dayaq olmuşdu.
SSRİ Xalq artisti (1991) Əjdər İbrahimovun filmoqrafiyası sənədli və bədii, qısa və tammetrajlı filmlər də daxil olmaqla cəmi 13 kinolentdən ibarətdir. Bunların ikisi, yuxarıda qeyd etdiyimiz kimi ("Firuzə", "Xəzər dənizinin şərqində"), sənədli, 11 kinolent isə bədii filmlərdir. Sovet zamanı kinematoqrafiya sahəsində mövcud olan əksər rəsmi titulları almış bir sənətkar üçün belə azsaylı filmoqrafiya ilk baxışda qəribə görünə bilər. Lakin sənətkarın ömür yoluna, yaradıcılıq inkişafına diqqətlə nəzər saldıqda, bütün şübhələr yoxa çıxır, qaranlıq mətləblər aydınlaşır və hər bir təltifin, titulun Əjdər İbrahimova haqlı verildiyinin təsdiqini görürük. O, sözün həqiqi mənasında kəmiyyət dalınca qaçanlardan yox, keyfiyyəti, bədii sənətkarlığı uca tutan, Xaliqin verdiyi istedadının var gücü ilə buna çalışan azsaylı yaradıcı şəxsiyyətlərdən olmuşdur. Onun bütün filmlərində ekranda gördüklərimizin, eşitdiklərimizin alt qatında yerləşən bolluca sətiraltı mənalar aşkarca duyulur, anlaşılırdı. Milli koloritimizi, milli mənafelərimizi qoruyan müdrik fikirlər nə əcəb, hər zaman ayıq-sayıq sovet senzurasının diqqətindən yayına bilirdi?! Bunun ilkin səbəbi Əjdər İbrahimovun ssenari müəllifi, quruluşçu rejissor kimi yüksək izazdırma məharəti, "qızım, sənə deyirəm, gəlinim, sən eşit" Ezop dili formulasına dərindən aşinalığıydı. Digər tərəfdən, o, 1952-ci ildən üzvü olduğu kommunist partiyası funksionerlərinin saqqızını oğurlayıb, onların sarsılmaz etibarını qazana bilən nadir sənətkarlardan idi. O, tam inam qazanmasaydı, kommunist kimi ona güvənməsəydilər, nəhəng kollektivə malik "Mosfilm" kinostudiyasının partiya katibliyini uzun illər Əjdər İbrahimova tapşırmazdılar...
Böyük sənətkarın taleyilə bağlı çox ibrətamiz bir məqam da diqqəti cəlb edir. Onun sözünün paytaxtın o zamankı ədəbi-mədəni mühitində keçərli olmasına, azərbaycanlı ədibin qısa bir zamanda Moskva kimi mürəkkəb milli tərkibli meqapolisdə mötəbər söz sahibinə çevrilməsinə, heç şübhəsiz, ilk addımlarından Azərbaycanın öz istedadlı adamına arxa durması, onun uğurlarını titul və təltiflərlə zamanında, bəlkə bir az da zamanından qabaq, rəsmi şəkildə təsdiqləməsi yardım olurdu. 1953-cü ildə Aşqabaddan Bakıya köçən gənc rejissor Əjdər İbrahimov Azərbaycanda doğma övlad kimi qarşılandı, iki uğurlu bədii filmin çəkilişi ona etibar edildi, Vyetnama ezam olunmaqda lazımi dəstək göstərildi, 1960-cı ildə Azərbaycan SSR-in Əməkdar incəsənət xadimi, az sonra, Azərbaycanın Xalq artisti (1967) fəxri adları verildi.

1962-ci ildən Moskvada yaşayan Əjdər İbrahimov yaradıcılıq yolunu bir an Azərbaycansız təsəvvür etmirdi, şəxsi əlaqələri əsl sənət dostluğuna çevrilirdi. Ustad sənətkarımızın Azərbaycanın Xalq yazıçısı (1988) İsa Hüseynov - Muğanna (1928-2014) ilə tanışlığı yaxın dostluq mərtəbəsinə ucaldı, bir neçə filmin ssenarisini birlikdə ərsəyə gətirdilər: "26 Bakı komissarı" ("Mosfilm" - "Azərbaycanfilm", 1965); "Ulduzlar sönmür" ("Mosfilm" - "Azərbaycanfilm", 1971).
Əjdər İbrahimov haqqında olduqca maraqlı bir yaradıcılıq faktını da qeyd etmək yerinə düşər, onun azsaylı nadir filmlərini milyonların sevimli ekran əsərinə çevirən əsas məziyyətlərindən sayıla bilən mübhəmin açılmasına xidmət edərdi. Onun filmlərinin əksəriyyətinin musiqisi Azərbaycanın dünya şöhrətli üç bəstəkarına məxsusdur. "Bir məhəlləli iki oğlan" ("Azərbaycanfilm" - "Qorki adına kinostudiya", 1957) və "Onun böyük ürəyi" ("Azərbaycanfilm", 1958) filmlərinin bəstəkarı kürreyi-ərzin musiqi əfsanələrindən sayılan SSRİ Xalq artisti (1959), akademik Qara Qarayev (1918-1982) olmuşdur. "26 Bakı komissarı" ("Mosfilm" - "Azərbaycanfilm", 1965), "Ulduzlar sönmür" ("Mosfilm" - "Azərbaycanfilm", 1971) və "Ürək məsələləri" ("Mosfilm", 1973) kinolentlərinin musiqisini Qara Qarayevin ən sevimli yetirməsi, SSRİ Xalq artisti (1986), akademik, unudulmaz Arif Məlikov (1933-2019) bəstələmişdir. "Məhəbbətim mənim, kədərim mənim" ("Mosfilm" - "Turqafilm" - Türkiyə, 1978), "Qəribə adam" ("Azərbaycanfilm", 1979) və "Narahat adam" ("Mosfilm", 1985) ekran əsərlərinin musiqilərini Azərbaycanda doğulmuş, Bakı konservatoriyasında mükəmməl musiqi təhsili almış, SSRİ Xalq artisti (1981), dağıstanlı, lak əsilli, Azərbaycan musiqisinin dərin bilicisi və pərəstişkarı, xalqımızın səmimi dostu Murad Kajlayev ərsəyə gətirmişdir.
Əjdər İbrahimovun əksər filmlərində Azərbaycan musiqisi, ya ön akustik cərgədə, ya da fon olaraq səslənir, ekran əsərinə birbaşa milli mentallıq aşılayır, tamaşaçını Azərbaycan koloritinə kökləyir. Rejissor filmlərində gen-bol bilinqv hadisəsinə yer verir, Azərbaycanın frazeoloji zənginliyindən səmərəli şəkildə bəhrələnir, atalar sözlərindən, zərb-məsəllərdən yerli-yerində faydalanmaqla, obrazların yaddaqalanlığını təmin edir. Sovet dövründə filmdə dini ayin və mərasimlərin nümayişindən əndazəli istifadə belə, sənətkardan məharət və cəsarət tələb edirdi. Filmlərdə Quran ayələrinin aşkar və ya kadrarxası səsləndirilməsi hələm-hələm senzuradan keçən məsələ olmasa da, Əjdər İbrahimov bir neçə filmində bu səddi də bacarıqla aşa bilmək məharətini göstərmişdir...
Əjdər İbrahimovun sovet kinematoqrafiyasının "qızıl fondu"na daxil olan məşhur filmlərinin əksəriyyəti Azərbaycan və türk materialları əsasında çəkilmişdir. "Onun böyük ürəyi", "26 Bakı komissarı", "Ulduzlar sönmür", "Ürək məsələləri" kimi son dərəcə gözəl filmlər Azərbaycan milli koloriti və mentalitetini parlaq şəkildə əks etdirir. Lirik məhəbbət motivli, kəskin sosial problemlər qoyan istedadla çəkilmiş "Bir məhəlləli iki oğlan", "Məhəbbətim mənim, kədərim mənim" və "Qəribə adam" filmləri türk realiləri, qəhrəmanların tuş gəldikləri həyati durumlar, həmçinin türk cəmiyyətinin iyerarxik quruluşundan tamaşaçılara inandırıcı şəkildə bəhs edilmişdir.
Moskva mədəni mühitində yaxşı mənada səs-küyə səbəb olan "Narahat adam" filmi isə həm materialına, həm xarakterinə, həm də hadisələrin başvermə məkanına görə uzun tarixə malik sırf rus kino sənətinin layiqli nümunələrindəndir. Filmdə istehsalat prosesi kəskin sosial problemlərin göstərilməsi və şərhi üçün sadəcə bir bədii vasitə, əlverişli fon kimi istifadə edilmişdir. Əsərin baş qəhrəmanı Birulin cəmiyyətdə mövcud olan əyər-əskiklərin üzə çıxarılıb aşkarlanmasında güzəştə getməyən, nöqsanlarla barışmayan, mübariz bir vətəndaş kimi ekrandakı oyunu ilə tamaşaçıları tam inandırmış, onları ifa etdiyi obrazın həmfikrinə çevirə bilmişdir. 1985-ci ildə geniş ekranlara buraxılan bu film ilin ən çox tamaşaçı baxan beş filmindən biri elan edilmişdi...
Əjdər İbrahimovn ilk bədii nəsr debütü 1948-ci ildə "Türkmənistan" jurnalında dərc edilmiş "Möcüzə" hekayəsi olub. "26 Bakı komissarı", "Ulduzlar sönmür", "Məhəbbətim mənim, kədərim mənim", "Qaynana", "Qəribə adam", "Narahat adam" kinossenarilərindən başqa, sənətşünaslığa dair bir neçə kitab -"Torpaq qazmada kino" (Moskva, "İskusstvo kino", 1967), "Döyüşən Vyetnamın kino sənəti" (Moskva, "İskusstvo kino", 1968), həmçinin çox maraqlı nəsr kitabları da - "Vyetnamda gördüklərim" (Bakı, "Azərnəşr", 1964); "Əsgər yolu" (Moskva, "Molodaya qvardiya", 1966); "Tai qəbiləsindən olan qız" (Moskva, "Sovetskiy pisatel", 1970); "Günəş ağlayır" (Bakı, "Azərnəşr", 1971); "İsti torpaq" (Bakı, "Azərnəşr", 1978) onun qələminə məxsusdur.
Böyük sənətkarımız, Sovet kino sənətinin layiqli klassiklərindən sayılan, Moskvadakı Azərbaycan ədəbi-mədəni mühitinin istedadlı ədibi, parlaq kinematoqrafiya ulduzu, milli koloritilə dostların qəlbini fəth etmiş eloğlumuz, cəmi 74 il 144 gün ömür sürmüş Əjdər Mütəllim oğlu İbrahimovun Vətən sevdalı ürəyi 20 sentyabr 1993-cü ildə son dəfə döyündü və qəfildən əbədiyyət yuxusuna daldı. Onun nəşi Azərbaycan Respublikasının Prezidenti, ulu öndərimiz Heydər Əliyevin şəxsi təşəbbüsü və mərhumun ailəsinin razılığı ilə Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
