Həzinin həzin və hüznlü pıçıltıları - Dəyanət OSMANLI

 

Bizim milli poeziyada təbiət, vətən, torpaq, tale-qədərin insan həyatına gətirdiyi ağrı-acı və məmnunluq mövzusu həmişə üstünlük təşkil edib. Hətta bu mövzuların cazibə miqyası, rəngarəngliyi bütöv şairlər nəslinin yetişməsində hər zaman bir məktəb rolunu oynayıb. Və elə bir şair yoxdur ki, onun yaradıcılığında doğulduğu yurdun özəllikləri, qayğıları, təbiəti, ictimai ruhu əks olunmasın. İnsan yaşantıları, yaddaşa daimilik həkk olunmuş anlar və anılar, bağrıbadaş olduğu təbiətə, yurda sevginin poetik inikası oxucu düşüncəsinə özüylə bir əhval-ruhiyyə dalğası gətirir, hansısa bəlirsiz ruhsal ovqat sərgiləyir.

 

"Kövrək könül pıçıltıları" Həzi Həsənlinin son dövr yaradıcılıq nümunələrinin toplandığı növbəti kitabıdır. Bu kitabda hər şeir, eyni zamanda şairin öz obrazından ştrix-cizgilərdi, məhz fərqli o ştrixlərin hamısı bir yerdə şair sözünü bütövləşdirir. Şeirlərindən el-oba ətri-tamı gəlir, hər gününü halallıqla yaşamağa can atan insan qayğıları, yurd-ocaq, mənzərəsi, həsrəti bir vətəndaş, övlad yanğısı ilə süslənmiş şəkildə boy göstərir və bunlardan doğulan sevgi Vətənlə Övlad arasında könül xoşluğu ilə paylaşılır:

 

İlk beşiyim - anam Vətən,

Nədir könlünü göynədən?!

Kədərini sən bilmədən,

Bölərəm sənin eşqinə.

 

Həzi Həsənlinin ictimai motivləri, şeirlərində sevgi və kədər eyni məcrada təzahür edir. O, Vətəndən, torpaq uğrunda vətəndaş mücadiləsindən, haqq-ədalətdən, dürüstlükdən, mənəvi zənginlikdən yazanda - "Zəfər", "Xocalı qətliamı", "Şəhid anası" şeirlərindəki kimi eyni məsuliyyət və amaldan çıxış edir:

 

Ana Vətən, torpağında, daşında

Ordun qalib gəldi haqq savaşında,

Gül açdı yurdumun hər qarışında,

Dil açdı sazımın telində Zəfər.

 

"Zəfər"

 

Yaxud:

 

İnildəyir meşələr

Dərdli anadan betər,

Açmışdı bənövşələr

Qan qarışıq, təzə-tər.

 

"Xocalı qətliamı"

 

Şairin şeirləri xarakter etibarilə təbiətin, doğulduğu torpağın indiki və çoxdan yaddaşa köçmüş lövhələridir. O mətnlərdə sözlə əksini tapan poetik lövhələr bütün fəsillərin xüsusiyyətləri - rəngləri, iqlimi incəliyi və sərtliyi, mülayimliyi ilə özünü büruzə verir. O təbiətin rənglərinin çeşidi, iqlimin sürprizləri mənə də doğmadır və Həzinin təsvirində xüsusi estetik zövqlə, gözəl bir türkcə ilə təqdim olunur:

 

Güllər qönçə-qönçə açıb düzülər,

Gözümə güllərdən işıq süzülər,

Gülüm, həsrətindən canım üzülər,

Gəl, adı yadımdan çıxan, hardasan?!

 

Şair yazın qısa ömrünə də, yayda vaxtsız saralan otlara, çiçəklərə də, payızda ağacların yarpaq tökümünə də, qışda qandonduran sazağın tez ötməsinə də heyifsilənir, qəmlənir, və o qəm notları da növbəti şeirin yaranmasına vəsilə olur. O dilə sərbəstlik verir, misralar zaman, həyat haqqında şair qələmində gözəlliklər haqqında danışır və istər-istəməz o hekayətlərdə keçmişin izləri, bu günün dəymədüşər əhvalı, sabahın bəxti-yığvalı naməlum olan arzuları nəbz kimi döyünür:

 

Bir səs gəlir qulağıma uzaqdan,

O yerlərdə görünmürəm nə vaxtdan,

Pencəyimi götürəcəm savaxdan,

Son arzudu son qatara mindirən.

 

Şair doğma Faxralının məhlələrində, addım-addım gəzdiyi yerlərdə çocuqluğunun izlərini axtarır, sırtını dayadığı Dağüzündən, qayalardan mətinlik alır, buz suyundan içdiyi, aynasında darandığı çeşmələrdən, yuyunub-durulandığı Gözəl dərəsinin axışından bəhs edərkən, şeiri ilə xəyalını Borçalı elinin qürurlu keçmişindən yeni sabahlara daşıyır, bu zaman özü də durulur, misralar da saflaşır.

 

Bu yerlərə çox dəyibdir ayağım,

Hər qayana sarılmışam, Dağüzü.

Söykəndiyim dağlarındı dayağım,

Dağ çayında durulmuşam, Dağüzü.

 

Həzinin duyğularında zövq əsasdır, özünəxas düzəni-sahmanı var, eyni zamanda heç bir yalan qatqısı olmayan səmimiyyətlə, həssaslıqla müşayiət olunur. Onu bədbin şair adlandırmaq olmaz, amma öz kədərini və ümumiyyətlə insanın çəkdiyi, şahidi olduğu acıları, təbiətin təlatümlərini dərindən duyan, şeirə döndərən bir qələm adamıdır, desəm, yanılmaram. Əziz oğlunun xatirəsinə həsr etdiyi şeir onun ata qəlbini qan ağladan itki barədə özüylə birgə, oxucunu da hüznlü əhvala salan fəryaddır. Şair üçün səbəbsiz heç bir olay baş verməz, yaşıl otlar özbaşına solmaz, "güllər könülsüz açmaz" və ürək dağlayan odur ki:

 

Oğul atasından qabaq

Ölməz, başına dönüm!

Ürək yanar, göz ağlayar,

Gülməz, başına dönüm!

 

Və ardınca şair bu ölümün təsirindən təkcə aldığı sarsıntını dilə gətirmir, həm də lal olduğunu, bir zamanlar ona söylədiyi öygüləri, nağılları unutduğunu, söyləyə bilmədiyini etiraf edir:

 

Nə boyunu öyə billəm,

Nə nağıllar deyə billəm -

Lalam, başına dönüm!

Balam, başına dönüm!..

 

Onun şeirləri, bəzən pıçıltıdır, bəzən yanğılı ağıdır, bəzən haraydır, bəzən qar yağışının səsi kimi yuxulu və su axışı səssizliyinin ritmidır. O pıçıltını eşitmək, o ağıya kövrəlmək, o haraya səs vermək, o qar yağışının səssiz ritmini tutmaq, yəni mətnin, məzmunun, mövzunun dərinliyinə enmək üçün yetər ki, o hissləri nə vaxtsa yaşamış olasan. Bax, onda hər şey təfsilatı ilə sənə aydın olar və doğmalaşar. Həzinin söz tərəzisi yağmurun zümzüməsindəki bir qəm ağırlığını müəyyən edə bilir və onu insanın göz yaşındakı ağrı-acılarla əlaqələndirməyi bacarır:

 

İl gəlir illər üstə,

Qar yağır güllər üstə,

Ağı deyib ağlama,

Gələn nəsillər üstə.

 

İllərin üst-üstə gəlməsindən kədərlənən şair, güllərin üzərinə qar yağdığında da eyni hissləri keçirir. Burada kədərin iki müxtəlif obrazı arasında mövcud olan incə rabitə bir-birinin dərdinə yanan, bir-birinə söykək olan, güvənən sözlərlə üzə çıxır. Baxışların dərinliyindən axan nigaran göz yaşları insan ürəyini dağlayır, naxışlandırır, bu vaxt yağışlar da öz qəm yükünü götürür:

 

O nigaran baxışlar

Ürəyimi naxışlar.

Sən belə ağlayanda

Qəmli yağır yağışlar.

 

- demir ki, "o nigaran baxışlar" məni incidir, - deyir, "ürəyimdə naxışlar" açır, - demir ki, "sən belə ağlayanda" məni də ağlamaq tutur, - deyir, - hətta sən ağlayanda yağışlar da qəmlənir...

Həzinin poeziyasında doğma insanların portretləri var. O insanlar keçmişlə bu günü bir-birinə bağlayan, yaşanmış olaylar arasında cərəyan edən bir enerji kimi hərəkətdədirlər. Kədəri də, sevinci də və ümumən taleyin görklərini xüsusi zövqlə, estetika ilə, ürək genişliyi ilə qarşılayıb yola salırlar. Fərqli ömürlər, qismətlər insanın genetik mirası deyil və şair də "İnsan vardı, İnsan yoxdu" deyimi ilə dünya faniliyinə, gəldi-gedər ömrə təbii olaraq heyifsilənir:

 

Nə gendədi, nə qanda,

Ömür fərqi hər insanda,

Bir də gördün, bircə anda

İnsan vardı, insan yoxdu.

 

Həzi yazarkən forma, qəlib axtarmır, sözləri rəndələmir, onların tərzini dilin seçiminə həvalə edir, mövzunun həllini süni şəkildə uzatmır, öz təbii axarına buraxır, yəni fikir harda sonlanmaq istəyirsə, elə orda da bitir. Bax, onda şeir özü şəkillənir, uyğun formaya düşür və görürsən ki, burada artıq, yaxud yerində olmayan, dağılıb səpələnmiş nəsə yoxdur, fikirlər sanki elə öncədən səlis, ölçülü-biçili olub.

 

Zirvələrdən qaçar gələr,

Qayalardan uçar gələr,

Uca dağların döşündə

Yeni şırım açar gələr

Dağ çayı.

 

Həzi Həsənlinin yazılarında insan, ömür, yol anlayışları ayrı-ayrı, amma bir-birini tamlaşdıran, bir məqsədə, amala xidmət edən həzin dilli obrazlar şəklində təzahür edir. Yəni, insan həm ömürdü, ömür həm də yoldur:

 

Neynim, mən də beləcəyəm,

Gedib, yenə gələcəyəm...

Yollarında öləcəyəm,

ölüm qaçılmaz, qaçılmaz...

 

Şeirdən-şeirə göz atdıqca, fikirlərin, hisslərin aurasına düşmürsənsə, deməli, o şeir deyil, bəlkə də o şeir heç yazılmamalıdır. Həzi Həsənli isə, keçmişini bilib, ona sayğı göstərən, çəmənə-çiçəyə nağıl söyləyən, yurdun dağlarından könül dağlarına kimi keçirdiyi hissləri qələmə alan bir şairdi. "Kövrək könül pıçıltıları" nə qədər həzindirsə, hüznlüdürsə, bəlkə də bir o qədər obrazlıdır, nə qədər obrazlıdırsa, gurultulu deyil, düşündürücüdür.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!