Firudin Qurbansoyun "Müşfiqnamə" toplusu - Safurə QULİYEVA

 

Xalqımızın böyük məhəbbətlə qəlbinin sarı simində əzizləyib yaşatdığı şair övladı Mikayıl Müşfiqə həsr olunmuş söz sənəti nümunələri, xatirələr və elmi məqalələrdən cildlərlə toplular tərtib etmək olar. Belə toplulardan ilkini tanınmış ədəbiyyatşünas alim, yazıçı, dramaturq və astroloq Hacı Firudin Qurbansoy öz əsərlərindən ibarət "Müşfiqnamə" adı ilə çap etdirmişdir (Bakı, 2025, 464 səh.). Topluda müəllifin illər ərzində sevimli şairin həyat və yaradıcılığından təsirlənib qələmə aldığı şeir, hekayə, povest, roman, pyes, kino-ssenari, elmi məqalələr və şairin atası Mirzə Əbdül Qadir Vüsaqi haqqında monoqrafiya cəm olunmuşdur. Əsərlərin növ, janr, üslub rəngarəngliyi müəllifin yaradıcılıq diapozonunun əhatəliliyinə dəlalət etməklə yanaşı, şairin istər bədii-estetik duyğularla təcəssümü, istərsə də poeziyasının elmi tədqiqat obyekti kimi araşdırılması məqsədini əyaniləşdirir.

"Müşfiqnamə" toplusunun ilk bədii örnəyi "İki yekə, qalın stəkan" hekayəsidir. Ədəbiyyatşünas kimi fəaliyyətə başladığım yarım əsrdən çox bir müddətdə sevimli şairimizin qətli ilə bağlı 7 versiya eşitmiş, ya da oxumuşam. Bu hekayənin də məzmunu həmin danışılanlardan biri əsasında qurulmuşdur. Müəllif maraqlı süjet xətti və obrazlar qrupu yaratmaqla qələmə aldığı əhvalatın reallığına inam təlqin edir, həmçinin bugünkü nəslə sovet dövründə yaşanan bir qisim faciəvi hadisələrin əks-sədasını çatdırır. Hekayədən alınan fikri-hissi təəssürat da xeyli düşündürücüdür: zamanında hansı yollarlasa gəlib çatdığın mərtəbə - ictimai status naminə yaranışından yer üzündə sənin təyinatın olan insanlıq missiyanı unutma, dərk etdiyin həqiqətin, vicdanının ziddinə gedib manqurtlaşma!.. Yoxsa nəsibin içindəki özünün də iyrəncliyini dərk etdiyin üfunətli duyğuların iztirabı və heç kimlə bölüşə bilmədiyin tutqun tənhalığında cəhənnəmdən də betər yandırıb-yaxan əzablı bir həyat olacaq.

İkinci əsərin janrını F.Qurbansoy "sənədli povest-kollaj" deyə təqdim edib. Kollajın əsas məzmunu Naxçıvanda müəllimə işləyən Siddiqə xanım adlı yaşlı bir qadının 16-20 yaşlarında ikən Bakı Pedaqoji Texnikumunda oxuduğu illərdə Müşfiqlə tanışlığından, aralarında yaşanan saf sevgi xatirələrindən ibarətdir. O zaman bundan xəbər tutan gənc qızın İrəvandakı valideynləri onu Müşfiqə qəfil qəsd olunacağı ilə qorxudub fikrindən daşınmasını təkid edirlər. Povestin əvvəlində hər iki gəncin 1927-ci ildə ayrı-ayrı çəkilmiş foto-şəkilləri, axıra yaxın isə "Ədəbi Ermənistan" almanaxının 1960-cı ilin 3-cü sayında (səh. 252-261) Siddiqə Qədimbəyovanın "Ötən günlərdən bir xatirə" yazısı əsərin sənədlilik faktına dəlalət edir. Kollajın son parçasında ağsaçlı qadın heykəltəraş Münəvvər xanım Rzayevanın emalatxanasına gəlib, göz yaşları içərisində: "Siz mənim Müşfiqimi torpaqdan tumarlaya-tumarlaya çıxarmısız. Siz mənim əllərimlə onu əzizləmisiz... Çox sağ olun, əziz bacım!.." - deyə onun əllərini öpür. Povestin "Kövrək hisslərin krematoriyası" sərlövhəsi məhz o nakam sevgi külünün uzun illər qəlbin dərinliklərində basdırılması bədii həqiqətində öz təsdiqini tapmışdır.

"Göylərin lacivərd ətəklərində" adlı sənədli povestini F.Qurbansoy 2008-ci ildə nəşr etdirmişdi. Elə o zaman mən əsəri böyük həyəcanla, təəssüratla oxumuş, dəfələrlə sarsılmış, göz yaşları tökmüşdüm. Təəssüratım çox ağrılı idi. Xeyli müddət içimdə Müşfiqin həbsxana məşəqqətlərindən iztirablı, hüznlü bir ovqat yaşamışdım. Həmçinin təsəvvür edirdim ki, təkcə mütaliəsi ilə oxucuya bu həyəcanları yaşadan sənədli-sübutlu materialları arayıb-araşdıran, toplayıb tədqiq edən, beynində ölçüb-biçib ürəyinin qanı ilə bədii təcəssümünü yaradan müəllif gör, nələr çəkib?! Özünün qeydinə görə, bu yeni kollaj tipaji üzərində yenidən işləmiş, daha əhatəli bədii, sənədli parçalarla xeyli zənginləşdirmişdir.

Əsər kollaj - roman janrında qələmə alındığı üçün müəllif ənənəvi süjet - kompozisiya prinsiplərindən azad, ayrı-ayrılıqda qələmə aldığı materialları öz məqsədi yönümüncə, yaxud məzmun əlaqəliyinə uyğun şəkildə sıralayır. Bunların içində şairin dünyaya göz açdığı gündən, ta 29 yaşında qətlə yetirildiyi son anadək həyatından ən təsirli fraqmentlər obyektivə alınır. İlk hissəsi əlləri qandallanmış qəhrəmanın həbsxananın dəmir darvazasından təkadamlıq kameraya gətirilməsi ilə başlayan romanda Müşfiqin həyatını çevrələyən mühüm məqamlar (ata və anasının ölümü, uşaqlıq və tələbəlik illərindən fraqmentlər, özünün toy şənliyi, beşaylıq körpəsi Yalçının ölümü, "Tar" şeirinin yaranma tarixi hadisəsi, "Lenin", "Stalin", proletar inqilabı bayramlarına dair şeirlərinin məğzi və s. haqqında), ədəbi-mədəni-ictimai mühitlə əlaqədar, şairin yaradıcılığı haqqında kəskin böhtan xarakterli, onu "xalq düşməni" kimi şərləyib güdaza verən mətbuatda çap olunmuş müxtəlif səpkili yazılar xalqımızın bu günümüzdən əsrə yaxın uzaqlaşmış keçmişinin çox mürəkkəb bir mərhələsini aydınladır. Əsər boyu qara şriftlə verilən mətbu parçalar məhz mənbəyi, tarixi, saxlanc yeri göstərilən mətbuat və dəqiq arxiv materialları 1920-1930-cu illərin çox mürəkkəb siyasi spesifikliyini araşdırıb öyrənməyə ərinən, köhnə ərəb əlifbalı mənbələr içində çalışmaqdan ötrü vaxtı, hövsələsi çatmayan, lakin sovet dövrünün yaradıcı şəxsiyyətləri, xüsusilə, Müşfiq haqqında ciddi bir fikir demək zərurətini hiss edənlər üçün mühüm dəyərli məxəzdir.

Topluda "Dərya kənarında bir ev" sərlövhəli kino-ssenari Müşfiqin atalı, az sonra atasız uşaqlıq illərinin ağır güzəranlı səhnələri ilə diqqət çəkir. Kollaj sxemi kimi bir-birini sürətlə əvəz edən kadrlarda 6-12 yaşlarında Müşfiq 1914-1920-ci illərdə Bakı mühitində baş verən tarixi hadisələr fonunda müxtəlif əhvalatların ön planında görünür. Əsərdən tipik bir nümunə: "12 yaşlı Müşfiq Parlaman binasının üstündən üçrəngli bayrağı açıb yerinə qırmızı rənglisini taxan bolşevik əsgərinə nifrətlə baxır. Nərdivandan düşən əsgər Mikayılın ona baxdığını görüb üçrəngli bayrağı ona uzadır:

- Xoçeşğ?

Mikayıl bayrağı cəld alıb öpür, ürəyinin üstünə, pencəyinin cibinə qoyur. Bayraq Mikayılın içində əriyir, özü bayraq heykəlinə dönür. Mikayıl az sonra öz şəklinə qayıdır.

- Çto gto bılo?.. Nado malo pitğ... Nado radovatğsə novomu flaqu. Radostğ-to tvoə ne budet dolqoveçnoy. Mı zdesğ budem aj dolqo, dolqo... mojno skazatğ veçno.

Mikayıl əsgərə qəzəblə baxır:

- Ay sən özün öləsən!.. (s.201)

Yaxud tələbə müsamirələrində öz şeirləri ilə məşhurlaşmış 18-20 yaşlı Müşfiqin Bakı Pedaqoji Məktəbi qarşısında Hüseyn Cavidlə tanışlığı, bu zaman qızların rus mürəbbinin müşayiəti ilə məktəbdən çıxmaları, iki qızın Müşfiqi bir-birinə qısqanmaları səhnəsində dialoqların üç dildə: Azərbaycan, türk və rus dillərində verilməsi müəllifin alt qatda çatdırmaq istədiyi məsələlərdən idi. Bunun da həmin illərin hansı probleminə işarə olduğu aydın dərk olunur. Həmçinin dövrün ən mənayüklü hadisəsi olan Dövlət Türk Teatrında "Tarın məhkəməsi" ictimai müzakirəsinin əsərdə geniş yer alması da belə epizodlardandır. Yeni quruluşun siyasətindəki ən iyrənc məqamlardan olan bu tarixi hadisəyə - ədəbi məhkəmə "oyunu"na F.Qurbansoy topluda "Oxu, tar" adlı birpərdəli pyesində də toxunmuş, cəmiyyətdə, xüsusilə, gənclər arasında güdükçülük, çuğulçuluq, donos yazmaq kimi mənfi meyillərin maddi həvəsləndirmək yolu ilə aşılandığını vurğulayırdı. Bütün ssenari boyu şairin ömür yolu izlənirkən, kadrlarda onun kimliyi, mənəvi aləmi, istedadı açılır, daha irəlilədikcə cəmiyyəti, mühiti kadrarxası mənalı, dolğun ştrixlərlə işıqlandırılır. Kino-ssenari əvvəlki nəsr nümunələri əsasında montaj təsiri bağışlasa da, süjetəyatımlı maraqlı parçalarla xeyli zənginləşmişdir.

- Tariximizin iyirminci yüzilliyində Cümhuriyyətin süqutundan sonra sovet sosialist sisteminə keçid mərhələsində yaşayan və yaradan Mikayıl Müşfiqin ictimai-siyasi mühitinin görünən və görünməyən tərəfləri F.Qurbansoyun elmi məqalələrində də kifayət qədər əsaslı işıqlandırılmışdır. Doğrudur, müəllifin bu mini-tədqiqat örnəklərində müasir ədəbiyyatşünaslıq əsərlərində nadir müraciət olunan astrologiya, ilahiyyat, numerologiya, divan ədəbiyyatı poetikası, sənətşünaslıq, videoqrafiya və s. sahələrində bilgiləri maraq doğurmaqla yanaşı, araşdırmaların orijinallığına, əhatəliliyinə də dəlalət edir. Məsələn, o, "İrsi yaddaşın unikal faktı" məqaləsində Müşfiqin 1930-cu ildə nəşr olunmuş "Küləklər" şeir kitabına yazılmış gecikmiş resenziyasında və "Müşfiq - şimşək" başlıqlı yazıda şairin bir sıra məcazlı ifadələrinə müqəddəs kitabımız Qurani-Kərimdən gətirilən ayələrə istinadla şərhlər verir. "Mikayıl Müşfiqin divan ədəbiyyatı ənənələrinə bağlılığı" araşdırmasında isə şairin bəzi əsərlərində təzmin poetik vasitəsindən faydalanması nümunələrlə təhlil obyekti olmuşdur.

- Şairin ömür yolunun əhəmiyyətli hadisələrinə "Mikayıl Müşfiqin təncim portreti" məqaləsində astronomiya elminin işığında nəzər salınır. Burada onun doğum tarixindəki rəqəmlər və onların numeroloji hesablamaları sayəsində müəllif gəldiyi nəticələrdən və həmçinin adının lüğəvi mənasından çıxış edib, şairin bir sıra xarakter cizgiləri barədə mülahizələr söyləmişdir. Belə ki, numeroloji təhlil nəticəsində aydınlaşdırılır ki, "Müşfiq sözünün əbcəd hesabı 530 edir. Rəqəmləri topladıqda isə 8 alınır. 8 rəqəmi güc və həqiqəti rəmzləşdirir. Taleyində 8 rəqəmi olan adamlar həm də Əkizlər bürcü altında doğulduqları üçün ikiqat güclüdür." (s.172) Yazıda, həmçinin təncim, cifr, surətşünaslıq bilgilərinin də köməyilə obrazın xarakterinin şərhinə yeni ştrixlər etməyə təşəbbüs olunur.

F.Qurbansoy şairin xarakteri ilə əlaqədar "Ey həyat qınına girməyən qılınc" sərlövhəli yazısının ilk abzasında müxtəsər və dəqiq bir ümumiləşdirmə vermişdir. Doğrudur, məqalədə əsasən Müşfiqin "Şair və vətəndaş" dramatik səhnəciyini obyekt alan müəllif onun dram əsəri yazmaq məqsədindən bəhs açmış, əsərin bu vaxtadək kitablarında ixtisarla verilməsini nəzərə çatdırıb, "İnqilab və mədəniyyət" jurnalının 1935-ci il 6-7-ci sayında çap olunmuş ilk mətbu variantını tam halda təqdim etmişdir. Qayıdaq ilk abzasa.

 

F.Qurbansoy yazır: "Belə bir söz var ki, bütün ömrü boyu hansı sahədə fəaliyyət göstərməyindən asılı olmayaraq hər bir kəs öz avtoportretini çəkir. Bu portret sözlə, söhbətlə, musiqiylə, foto, tablo, ya da cizgilərlə çəkilib yadda qalır. Mikayıl Müşfiqin "Ey həyat qınına girməyən qılınc" misrası onun bütün xarakterini, həyat yolunu, məramını əks etdirən avtoportret cizgisidir. Bu misra "Şair və vətəndaş" adlı dramatik səhnəciyindəndir. Çox təəssüf ki, kitablarının hamısında bu əsər yersiz ixtisarlar və yerinə düşməyən düzəlişlərlə nəşr olunub. (s.303)

İlk tədqiqat işim "Müşfiqin sənətkarlığı" olduğu üçün ("Müşfiqin sənət aləmi" monoqrafiyam 1988-ci ildə "Yazıçı" nəşriyyatında çap olunub) onun bənzərsiz bədii-estetik duyumlu məcazlı ifadələrinə həmişə həssas olmuşam. Nə vaxtsa təsadüf etdiyim həmin misranın yalnız pafoslu intonasiyası ilə yaddaşıma oturduğunu etiraf edirəm. Və F.Qurbansoyun bu misranı Müşfiqin "bütün xarakterini, həyat yolunu, məramını əks etdirən avtoportret cizgisidir" mülahizəsi həqiqətən, şüurumda bir təlatüm yaratdı. Təsəvvür edin, çoxmənalı söz kimi işlənən "qın" sözünü şair bədii yaradıcılıqda ilk dəfə "həyat" kəlməsinə yanaşdırır və qılıncın qabı mənasına gətirir: "Ey həyat qınına girməyən qılınc!!!" Bu həyatın 1920-30-cu illər ictimai-siyasi mühitini, "qılınc" isə gənc ikən "Göylərin lacivərd ətəklərində gedən qovğadan" əl çəkmək istəməsə də, həyatın qınına girməyib, alnına qurğuşun güllələrin sıxılmasına qərar verən azad təbiətli Müşfiqin "bütün xarakterini, həyat yolunu, məramını" necə də mükəmməl əks etdirir!!! Zamanın kontekstində yaranmış bu "qılınc" simvolu həm də vətənin müstəqilliyini qandallamış sovet rejimini heç cür qəbul etməyən minlərlə repressiya qurbanlarını ehtiva etmirmi?! Nəzəriyyəçi ədəbiyyatşünas alim Günay Qarayeva "Azərbaycan şeirində simvolun ideya-bədii xüsusiyyətləri və poetikası" adlı tədqiqatında (B., 2025) haqlı olaraq belə bir nəticəyə gəlmişdir ki, "Zaman faktoru, onun əsasında formalaşan ideyalı obraz simvolik sistemin yenidən qurulması və simvol tiplərinin bərpası baxımından zəmin yaratmaqla yanaşı, bədii düşüncənin konkret dövr üçün parametrlərinin müəyyənləşməsində xüsusi əhəmiyyətə malikdir". (s.128).

Bu məqalədən sonra verilmiş "Müşfiqin "Azadlıq dastanı" poeması" sərlövhəli yazıda da adi ədəbiyyatşünaslıq təhlilindən fərqli maraqlı mülahizələr yer almışdır. Müəllif şairin "azadlıq" anlayışı ətrafında poetik düşüncələrinə aydınlıq gətirərək, araşdırmasına yekun olaraq belə xitam verir: "Azadlığı seçib ölümdən qorxmadığı, onun üzərinə inamla getdiyi üçün Mikayıl Müşfiq qalib gələrək fiziki ölümü ilə ruhani ölümsüzlük qazandı". (s.302)

Kitabda son elmi əsər XX yüzilliyin əvvəli Bakı ədəbi-ictimai mühitində tanınmış maarifçi ziyalılardan şair və müəllim - Müşfiqin atası Mirzə Əbdül Qadir Vüsaqi haqqında monoqrafiyadır. Müəllifin qeydinə görə, Müşfiq həbs olunarkən mənzilindəki bütün əlyazmaları və kitabları müsadirə olunduğu üçün tədqiqatda "ancaq əlyetər materiallar istifadə edilmişdir". (s.338) Bununla belə, F.Qurbansoy ədəbiyyatşünaslıq çevrəsində bir sıra bilgiləri də ehtiva edən, özünə xas tədqiqat üsulu iləVüsaqinin həyat yolu, şəcərəsindəki şairlər nəsli, müəllimlik fəaliyyəti, lirikası və opera librettolarını, müasirlərinin onun haqqında xatirələrini yetərincə işıqlandırmışdır.

Ədəbiyyatşünaslıq elmimizdə daha çox orta əsrlər dövrünün erudisiyalı mütəxəssisi kimi tanınan və elmi araşdırmalarında bir çox "ilk"lərdə imzası olan Firudin Qurbansoyun "Müşfiqnamə" toplusundakı sevimli şairimiz haqqında doğmalıq istiliyi, mənəvi yaxınlıq və həssaslıqla yazılmış həm bədii, bədii-sənədli, həm də elmi əsərlər təkcə Müşfiqsevərlər üçün deyil, həmçinin Mikayıl Müşfiq yaradıcılığının gələcək tədqiqatçıları üçün də mühüm dəyərli məxəzdir. Kitabda əbədiyaşar şairimizin şəcərəsi, həyatı, taleyi, yaşadığı dövr və yaradıcılığı barədə xeyli maraqlı və ilk aşkar olunan materiallar var ki, hər kəsə onu oxumağı tövsiyə edərdim.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!