Nazim Hikmətin yaxın dostu - Əkbər Babayev - Abuzər BAĞIROV

 

Sovet dövründə türkologiya bütövlükdə bir fənn kimi çox yüksək inkişaf etmiş elm sahəsi idi. Moskva və Bakıda dünya səviyyəsində güclü elmi türkoloji məktəblər yaranmışdı. Müqayisəli qrammatika, etnogenez, əlverişli qarşılıqlı əlaqələr və qarşılıqlı təsirlər, müasir mərhələdə türk dillərinin tarixi inkişafı, ümumtürk leksik fondunun etimologiyası geniş öyrənilir, türkologiyanın bütün dilçilik spektri kifayət qədər dərindən və uğurla araşdırılırdı. Türkologiyanın mədəniyyətşünaslıq və ədəbiyyatşünaslıq sahələri də sovet alimləri tərəfindən hərtərəfli təhlilə, tədqiqat və araşdırmaya cəlb edilmişdi; türk etnosunun yaranması, onun sonrakı inkişafı haqqında qızğın mübahisələr gedirdi. Türk və slavyan etnoslarının qarşılıqlı əlaqəsi və qarşılıqlı zənginləşməsinə bir-birini təkzib edən bir çox elmi əsərlər həsr edilmişdi. Göstərilirdi ki, hər iki etnosun əzəli vətəni Böyük Çöldür - Dəşti-Qıpçaq çölü və bu xalqlar çoxəsrlik ilişkilərlə bir-birinə bağlıdırlar. Əlavə etmək lazımdır ki, türk və slavyan xalqlarının etnogenezini əsaslı surətdə araşdırmaq, ruhən yaxın olan bu xalqların qan qohumluğunun əsaslı elmi bazasını qəti şəkildə aşkar etmək üçün nisbətən gənc olan türkoslavistikanın qarşısında hələ çox vəzifələr dayanır. Belə bir çox mühüm, aktual vəzifə yalnız gələcəkdə bütün aparıcı dünya türkoslavistlərinin obyektiv tədqiqatlarının davam edəcəyi təqdirdə uğurla yerinə yetirilə bilər. Yaddan çıxarmaq olmaz ki, türk və slavyan xalqlarının tam qarşılıqlı anlaşması, qarşılıqlı təsiri dünyanın geosiyasi xəritəsini dəyişdirmək gücündədir...

Fəxrlə qeyd etmək lazımdır ki, azərbaycanlı türkoloq alimlər çoxsaylı nüfuzlu sovet türkoloqları içərisində davamlı avanqard mövqe tuturdular. SSRİ-də türkologiyaya aid yeganə elmi jurnal olan "Sovetskaya türkologiya"nın redaksiyası məhz bizim doğma Bakımızda, Azərbaycan SSR Elmlər Akademiyasının binasında yerləşirdi. Bununla belə, azərbaycanlı alimlərin türkoloji ədəbiyyatşünaslığın məhz türk mövzusu ilə əsaslı şəkildə məşğul olmasına qarşı çox da təqdiredici yanaşma mövcud deyildi. Azərbaycanlılardan başqa, bütün millətlərin nümayəndələrindən olan alimlərin türk ədəbiyyatının ədəbiyyatşünaslıq məsələlərinin tədqiqi ilə məşğul olmasını həvəslə təqdir edirdilər. Moskvanın elmi dairələrində bu məxfi qayda xüsusi ciddi-cəhdlə gözlənilirdi. Aydındır ki, belə qısqanc münasibət dövrün yanlış ideoloji klişesilə əsaslandırılmışdı. Sovet ideoloqları düşünürdülər ki, türk və Azərbaycan xalqı faktiki olaraq çox yaxın xalqlardır. Guya onlara bir-birini yaxından öyrənməyə imkan verilsə, sovet azərbaycanlılarının ağlında arzuolunmaz ideyaların yaranmasına gətirib çıxara bilər, yəni Türkiyə ilə yaxınlaşmaq, birləşmək və s. Bu xüsusda ümummilli lider, böyük Heydər Əliyevin postsovet dövründə müdrikcəsinə dediyi "Bir millət - iki dövlət" kəlamı əyani şəkildə göstərdi ki, həmin üzdəniraq ideoloqların şübhələrinə "haqq qazandırmaq" lazımdır; sən demə, sovet ideologiyası "əjdahaları"nın ehmallı və ayıq-sayıq davranışları əsassız deyilmiş...

İstedadlı türkoloq, tanınmış moskvalı azərbaycanlı alim, yorulmaz tərcüməçi, obyektiv tədqiqatçı, türk ədəbiyyatının gözəl bilicisi və xeyirxah təbliğatçısı Əkbər Babayev gənclik illərindən Moskvada yaşamış, daima sovet ideologiyasının bütün maneə və süni sədlərini dəf etmək məcburiyyətində buluna-buluna, həyatı boyu türk ədəbiyyatını öyrənməli, tərcümə və təbliğ etməli olmuşdur.

Adlı-sanlı türkoloq, filologiya elmləri namizədi (1951), tərcüməçi, SSRİ Yazıçılar İttifaqının üzvü (1963) Əkbər Ağarza oğlu Babayev 10 iyul 1924-cü ildə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Gəncə şəhərində müəllim ailəsində anadan olmuşdur. O, 1940-cı ildə Azərbaycan Dövlət Universitetinə daxil olur, lakin Böyük Vətən müharibəsi (22.06.1941-09.05.1945) başlayanda təcili olaraq hərbi tərcüməçilik kursunu bitirir və cəbhəyə göndərilir. 1942-ci ilin əvvəllərində Xarkov şəhəri ətrafındakı döyüşlərdə yaralanır, sağaldıqdan sonra ordudan tərxis olunur, Bakıya qayıdır, təhsilini davam etdirir. Əkbər 1945-ci ildə Azərbaycan Dövlət Universitetində təhsilini uğurla başa vuraraq, şərqşünas-türkoloq diplomu almışdır. O, 1946-cı ildə SSRİ EA Şərqşünaslıq İnstitutunun "Türk şöbəsi"nə aspiranturaya daxil olmuş, bir ildən sonra isə atasına "pantürkizm" damğası vurub, ittiham edərək 25 illik həbs cəzasına məhkum olunduğundan institutdan qovulmaq təhlükəsilə üz-üzə qalmışdır. Gənc aspiranta məşhur türk vətənpərvər şairi, o zamankı türk rejimi tərəfindən uzun illər Bursa zindanında dustaqlığa məhkum olunan Nazim Hikmətin (15.01.1902-03.06.1963) adı kömək etmişdir. O illərdə dünya şöhrətli şairin azad olunması üçün hər yerdə ciddi kompaniya aparılırdı. Bu mübarizəyə Pablo Neruda (1904-1973), Pablo Pikasso (1881-1973), Pol Robson (1898-1976), Jan Pol Sartr (1905-1980), Lui Araqon (1897-1982) və digər görkəmli dünya mədəniyyət xadimləri qoşulmuşdular. SSRİ-də isə bu hadisə həqiqətən, ümumxalq mübarizəsinə çevrilmişdi və həbsdən azad olunduqdan sonra Nazim Hikmət Moskvaya köçmüşdü...

 

Gənc tədqiqatçı Əkbər Babayevin taleyində atasının (Ağarza Babayevi yalnız 1953-cü ildə, Stalinin ölümündən sonra azad etdilər və tam bəraət verdilər) həbsindən bir il əvvəl elmi şurada təsdiq edilmiş namizədlik dissertasiyasının mövzusu xilasedici qayıq rolunu oynadı: "Nazim Hikmət - sülh uğrunda mübarizdir". İstedadlı aspirantı ustad şərqşünas alimlər - SSRİ EA-nın akademiki, İnstitutun direktoru Vasili Vasilyeviç Struve (02.02.1889-15.09.1965), SSRİ EA-nın müxbir üzvü, Azərbaycan ədəbiyyatının tədqiqatçısı və səmimi dostu Yevgeni Eduardoviç Bertels (25.12.1890-07.10.1957) müdafiə etdilər və nəhayət ki, ona başladığı elmi işi davam etdirməyə icazə verdilər. 1951-ci ildə dissertasiyasını müdafiə edən Əkbər Babayev xeyirxah himayəçi müəllimlərini heç vaxt unutmadı və ömrünün sonunadək ona doğma olan məşhur elmi-tədqiqat institutunda elmi əməkdaş kimi çalışdı.

Əfsanəvi türk şairi Nazim Hikmət Moskvaya üçüncü - sonuncu, daha dəqiqi, daimi yaşamaq üçün gəldiyi zaman Əkbər Babayev ilk gündəncə onunla yaxından tanış olur və onlar tezliklə, sözün həqiqi mənasında, ömürlük ayrılmaz dostlara çevrilirlər. O, təkcə əvəzedilməz dost, məsləkdaş deyildi, həm də tərcüməçi, silahdaş, Nazim Hikmətin paytaxtda və bütün Sovet İttifaqında əksər ədəbi və ictimai fəaliyyətinin təşkilatçısı idi. Sovet dövründə Əkbər Babayev dahi türk şairi Nazim Hikmətin yaradıcılığının tədqiqi sahəsində ölkədə həqiqətən də, ən ciddi, ən dərin türkoloq alim hesab olunurdu və bu gün də həmin sahədə eyni səviyyədə, ən mükəmməl araşdırıcı olaraq qalmaqdadır. O, 1957-ci ildə Moskvanın "Xudojestvennaya literatura" ("Bədii ədəbiyyat") nəşriyyatında rus dilində şair haqqında ilk dəfə 166 səhifəlik "Nazim Hikmət" bioqrafik kitabını və 1975-ci ildə "Nauka" ("Elm") nəşriyyatında "Nazim Hikmət. Həyatı və yaradıcılığı" adlı 378 səhifədən ibarət irihəcmli, məzmunca dolğun, əhatəli fundamental monoqrafiyasını nəşr etdirmişdir. Həmin əsər Türkiyədə, Polşada, Rumıniyada, Yuqoslaviyada, İraqda da nəşr olunub və Nazim Hikmət haqqında ən dəyərli, etibarlı bir tədqiqat əsəri kimi yüksək qiymətləndirilib. Əkbər Babayev Nazim Hikmət yaradıcılığından xeyli seçilmiş nümunələri rus dilinə tərcümə etmiş, digər tərcüməçilər tərəfindən onun rus dilinə çevrilmiş əsərlərinin əvəzedilməz redaktoru və rəyçisi olmuşdur. Çünki böyük şair dostunun biliyinə, istedad və bədii zövqünə sonsuz dərəcədə etibar edirdi. Sadiq dost olan Babayev isə (Əkbər Babayevin yaxın dostu, rəhmətlik professor Qəzənfər Əliyev nəql edirdi ki, Nazim Hikmətin əhvalı yaxşı olanda dostunu ancaq familiyası ilə çağırardı) Nazim Hikmətin Bolqarıstanda türk dilində səkkiz cildlik seçilmiş əsərlərinin nəşrinin qızğın təşəbbüskarı idi. Əkbər Babayev ağır zəhmət bahasına dəqiq yoxlanılmış elmi-filoloji mətni işləyib-hazırlamış, səkkiz cildin hər birində bütün əsərləri xronoloji ardıcıllıqla düzmüş, bütün nəşrə geniş elmi izahlar və şərhlər yazmışdır. Əbəs yerə deyil ki, indiyədək elmi dairələrdə bu nəşr haqlı olaraq "Babayev nəşri" adlanır. Dünyanın az-çox dəngəli vaxtlarında - 1960-cı illərdə nə yaxşı ki, Bolqarıstanda türk mənşəli bolqar yazıçılarının kitablarını orijinalda nəşr edən nəşriyyat fəaliyyət göstərirdi. Təəssüflər ki, bu nəşr dünya şöhrətli şairin ölümündən bir neçə müddət sonra, yəni 1967-1972-ci illərdə işıq üzü gördü.

Yeri gəlmişkən, böyük Nazim Hikmət və tanınmış türkoloq Əkbər Babayevin yaxın dostluğu haqqında məşhur Azərbaycan yazıçısı, professor Çingiz Hüseynov dəfələrlə yazmışdır: "Gözəl həmyerlim, türkoloq alim Əkbər Babayev Nazim Hikmət Moskvaya gəldiyi vaxtdan, demək olar ki, hər gün onunla görüşürdü, lakin təəssüf ki, mən ona gündəlik tutub bütün görüş və söhbətləri günbəgün qələmə almağı nə qədər məsləhət görsəm də, o, bu işi təxirə salır, ümid edirdi ki, eşitdiklərini yazmaq üçün hələ vaxt olacaq, yaddaşı ona xəyanət etməyəcək. Lakin taleyin erkən ölümü xəyanət etdi. Mən Mayakovskinin sözlərini dəyişib belə deyərdim: "Nazim Hikmət haqqında danışıram - Əkbər Babayevi görürəm, Əkbər Babayev haqqında danışıram - Nazim Hikməti görürəm. Əkbər Babayevin qiymətsiz işlərindən biri - bu da Nazim Hikmət üçün böyük bayrama çevrildi - mülayimləşmə illərində, Stalin kultu ifşa edildikdən sonra Nazim Hikmətin seçilmiş əsərlərinin Bolqarıstanda səkkiz cilddə orijinalın dilində çap olunmasıdır" (Ç.Q.Quseynov. Leta k vospominaniəm klonət. Jurnal "Drujba narodov" №4, Moskva, 2002. Glektronnıy resurs. Rejim dostupa: http:// magazines/russ/ru/druzhba/2002/4/gus.html).

Əkbər Babayev və Nazim Hikmətin qarşılıqlı yaradıcılıq əlaqələri, dostluq münasibətləri haqqında Azərbaycanın görkəmli xalq yazıçısı Anar (1938) "Kərəm kimi" xatirə-essesində ətraflı söz açmış, yaddaqalan maraqlı epizodlar xatırlamışdır (Anar. Kak Kerem. Glektronnıy resurs. Rejim dostupa: http://azeribooks.narod.ru/proza/anar/kak_kerem.html).

Moskvada yaşayan Nazim Hikmət tezliklə Sovet İttifaqındakı siyasi, sosial vəziyyətdən məyus olur. O, ölkədə yayılmış şəxsiyyətə pərəstiş və onun eybəcər təzahürlərini anlamır və başa düşə bilmirdi. Şair həmişə sosialist quruluşunun ədalətli ideallarına səmimiyyətlə inanırdı. Lakin gözləri ilə gördükləri onun qəti çaşqınlığına səbəb olmuşdu. İ.V.Stalinin (18.12.1878-05.03.1953) ölümündən sonra da ölkədə radikal, köklü dəyişikliklər baş vermədi, yalnız rəhbərlərin portretləri dəyişdirildi. Bütün bu mənəvi çaxnaşmalar şairə psixoloji təsir göstərirdi və o, yaxın və məhrəm ünsiyyət üçün ruhən doğma olan, etibarlı adama kəskin ehtiyac hiss edirdi. Yaradıcılıq taleyini Nazim Hikmətin həyat və bədii irsinin öyrənilməsi ilə bağlayan Əkbər Babayev şair üçün məhz belə bir insan idi. Nazim Hikmətin mərhum həyat yoldaşı, "son məhəbbəti" Vera Vladimirovna Tulyakova-Hikmət (1932-2001) yaxınlar arasında onların ayrılmaz dostluğunu həmişə xüsusi bir hərarətlə xatırlamağı sevərdi. O, danışırdı ki, xarakterlərinin fərqli olmasına baxmayaraq, onlar bircə gün bir-birini görmədən yaşaya bilməzdilər və mən təəccüb edirdim ki, onlar heç vaxt bir-birindən bezmirdilər, həmişə ünsiyyət üçün maraqlı mövzu tapırdılar. V.V. Tulyakova-Hikmət böyük şairə - öz həyat yoldaşına xəyalən müraciətlə üz tutduğu "Nazimlə axırıncı söhbət" (Moskva, "Vremya", 2009. 398 səh.) xatirələr kitabının 15-ci səhifəsində onların dostluğunu çox dəqiq və səmimiyyətlə səciyyələndirmişdi: "Sizin Əkbər Babayevlə qəribə münasibətləriniz yaranmışdı - rahat, dostyana. Bircə gün görüşmədən keçirə bilmirdiz. Sizin dialoqlarınızın tələbkarlığı, mədəniliyi, mən deyərdim, nəzakətliliyi bir-birinizə "Siz" deyə müraciətinizdə nəzərə çarpırdı. Belə əks xarakterli insanların dostluğu ilk baxışda anlaşılmaz görünə bilərdi. Lakin mən sizi birlikdə olanda nə qədər çox müşahidə edirdimsə, bu müdrik, kişi bağlılığı, kişi dostluğu mənə daha yaxından aydın olur, daha dərindən anlaşılırdı. Sən çılğın, ekspansiv dinamit insansan, zavod kimi işləyirsən. Sakit, astagəl Əkbər isə gərgin vəziyyəti incə yumoru ilə yumşaltmağı bacarırdı, siz bir-birinizə çox lazım idiniz".

Bir dost məclisində Vera xanım bu iki ayrılmaz dostdan məzəli bir əhvalat danışmışdı. Həmin şirin söhbəti eşitdiyim kimi sevimli oxuculara çatdırmağı məqsədəuyğun sandım. Onlar son dərəcə çox şirniyyat yeyən olublar, xüsusən də paxlavanı dəlicəsinə seviblər. Nazim Hikmət həmişə İstanbul paxlavasının, Əkbər Babayev isə Gəncə paxlavasının tərifini göylərə qaldırarmışlar. Bütün mübahisələr zarafatla bitər, Əkbər imkan düşəndə doğma şəhərinin şirin nemətini böyük dostuna pay gətirərmiş. Səxavətli Nazim Hikmət borclu qalmaq istəmir və bir dəfə Bolqarıstan səfərindən qayıdanda övlad qədər xatirini əziz tutduğu Əkbər Babayevə Sofiyada hazırlanmış türk paxlavası gətirmək fikrinə düşür. Şair şirniyyatçıdan xahiş edir ki, 5 kiloqram paxlavanı qütəbbər qablaşdırsın və bantla möhkəm-möhkəm sarısın. Nazim Hikmət paxlava qutusu əlində təyyarə salonuna daxil olur, yerində əyləşir, az keçmir ki, şirniyyata olan tamahı onu yenir, çətinliklə olsa da, bağlamanın bir qırağını açır və arabir əlini salıb dadlı paxlavaların tamına baxa-baxa gəlib çatır Moskvanın "Şeremetyev" hava limanına. Şair qeyd dəftərçəsindən bir vərəq ayırıb, Əkbər Babayevə üzrxahlıq naməsi yazıb qutunun içinə qoyur: "Evladım Əkbər! Sofiyadan sənin üçün məxsusi 5 kiloqram türk paxlavası aldım. Özümü saxlaya bilmədim, tamah andıra qalmış mənə güc gəldi, dadını yoxlamaq fikrinə düşdüm, mənzil başına çatanda anladım ki, paxlava qutusunda yel vurub, yengələr oynaşır. Nə isə, sənin payına 1 kiloqram qala, ya qalmaya. Məni üzrlü tut, evladım, tamah dediyin yamanca şeytanmış..."

Nazim Hikmət və Əkbər Babayevin dostluğu haqqında, görünür, həm sovet, həm də türk xüsusi xidmət orqanlarının yaxşı xəbərləri var idi, çünki Əkbər Babayevə - ölkənin nüfuzlu türkoloquna bir dəfə də olsun Sovet İttifaqından Türkiyəyə getməyə icazə verilməmişdi. O, həmişə Türkiyədə olmaq səadəti nəsib olan dostları və tanışları vasitəsilə İstanbula - sevimli Nazim Hikmətin sevimli şəhərinə səmimi salamlar göndərir və həmişə kədərlə xahiş edirdi: "Xahiş edirəm, İstanbulda olanda ona mənim gözlərimlə də yaxşıca-yaxşıca, doyunca baxın..."

Türkiyə ilə ədəbi və mədəni əlaqələrin genişlənməsində də Əkbər Babayev faydalı xidmətlər göstərib. Şərqşünaslıq İnstitutunda apardığı elmi işlə yanaşı, Əkbər Babayev istedadlı tərcüməçi kimi də fəaliyyət göstərirdi. Nazim Hikmətin, Əziz Nesinin (1915-1995) və başqa türk yazıçılarının ən dəyərli əsərlərini rus dilinə tərcümə edir, başqa tərcüməçilərə qiymətli məsləhətlər verir və bir sıra tərcümə əsərlərini redaktə edirdi. O, Azərbaycan ədəbiyyatı nümunələrinin rus dilinə tərcüməsi, Moskva nəşriyyatlarında çap edilib geniş yayılması sahəsində də xeyli əmək sərf edib. Anarın "Molla Nəsrəddin - 66" əsəri rusdilli oxuculara məhz Əkbər Babayevin tərcüməsində təqdim olunub, xalq şairi Bəxtiyar Vahabzadə ilə birgə "Azərbaycan poeziyası antologiyası" adlı kitab da Moskvada rus dilində onun səyi ilə çap edilib.

Əkbər Babayev, həmçinin türk ədəbiyyatının problemlərinə dair bir neçə fundamental kitab da nəşr etdirmişdir: irihəcmli "Müasir türk ədəbiyyatına dair oçerklər" monoqrafiyası (A.A.Babaev. Oçerki sovremennoy tureükoy literaturı. Moskva, "Vostoçnaə literatura", 1959. 240 s.); "Türk ədəbiyyatı (qısa oçerk)" elmi icmal - tanınmış Rusiya türkoloqu Leyla Osman qızı Alkayevanın (1914-1986) həmmüəllifliyi ilə (A.A.Babaev, L.O.Alğkaeva. Tureükaə literatura. Moskva, "Nauka", 1967. 189 s.); "Əziz Nesin", (A.A.Babaev, "Aziz Nesin", Moskva, "Vostoçnaə literatura", 1969, 246 s.); ölümündən sonra nəşr edilmiş "Şair ölümündən sonra yenidən doğulur: sonetlər və poemalar" (A.A.Babaev. Zanovo rojdaetsə pogt posle smerti: sonetı i pogmı. Baku, "Qəndjlik", 1981. 202 s.) seçilmiş ədəbi esse və tərcümələr.

Xüsusi məmnunluqla qeyd etmək lazımdır ki, moskvalı azərbaycanlı ədəbiyyatşünas, türkoloq Əkbər Babayevin tədqiqatlarının əksəriyyəti indiyədək elmi yeniliyini, aktuallığını itirməmişdir və alimin müraciət etdiyi mövzulara bu gün də eyni dərəcədə tələbat vardır. Onun böyük türk şairi Nazim Hikmətin həyat və yaradıcılığından bəhs edən yaradıcılıq irsindəki, həmçinin icmallarındakı, XX əsr türk ədəbiyyatına dair müxtəlif problemlər qoyulmuş məqalələrindəki elmi tezislər, ümumiləşdirmə və nəticələr zamanla səsləşir, müasir Rusiya, Türkiyə və Azərbaycan türkologiyasının bugünkü inkişaf səviyyəsi ilə tamamilə ayaqlaşır.

Türk dünyasının böyük şairi Nazim Hikmətə Moskvadakı qürbətin acılarını ovundurmaqda həyan olmuş, ona atası qədər sevgi bəsləmiş, sadiq dostluğun örnəyi, daim gülərüz, incə yumorlu Əkbər Ağarza oğlu Babayev bu fani dünyada vur-tut, 55 il 60 gün ömür sürdü, onun ağır sürən xərçəng xəstəliyindən əzab çəkən unudulmaz ruhu 12 sentyabr 1979-cu ildən doğma şəhəri, qədim Gəncənin Şəmkir yönümlü qəbristanlığında aram tapdı.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!