Musa Ələkbərli ayrılığına ağı

Azərbaycan ədəbiyyatının əvəzolunmaz nümayəndəsi, şair Musa Ələkbərli 76 yaşında haqq dünyasına qovuşdu. Məkanın uca olsun, ustad!
Onun 76 illik ömrünün 40 ildən çoxu bizim dostluğumuzun əhatəsində keçib. İllərini onunla dostluq, yoldaşlıq mühitində keçirəsən, üstəlik də, bu adam şair ola, sən onu illərin o başından şair kimi sevəsən, sonradan yoldaş olasan və indi də haqqında danışasan... Bir az duyğuludu, bir az həzin xatirələri var, ən əsası da, illərdir poeziyasına vurğun olasan. Misralarını addımbaşı xatırlayasan. Musa Ələkbərli mənim üçün məhz belə bir doğmadır.
Musa Ələkbərli mənim üçün məhz belə bir doğma olub.
Bir adam bir şey haqqında çox məlumatlı olanda, danışanda karıxır. Karıxır ki, hardan başlasın, harda qurtarsın. 90-ci illərdə Sabir adına Mərkəzi şəhər kitabxanasında Musa Ələkbərlinin rəhbərlik etdiyi "Pərvanə" ədəbi məclisinin yetirməsi kimi də onun haqqında danışanda hardan başlamalıyam? - sualı qarşısında adam bir az karıxır. Ona görə ki, onun yaradıcılığı, şəxsiyyəti, yaşam tərzi haqqında istənilən məqamdan yapışıb danışmaq olar.
Adam başdan-başa səmimiyyətdir, sevgiyə bələnmişlərdəndir. Onunla ünsiyyətdə olanda saflaşırsan, durulursan. Çünki çoxlarından fərqli olaraq onun ürəyində qeybətə yer yoxdur. Bütün yamanlardan, şərdən-xatadan qoruna bilən şair təkcə o ülvi hissdən - böyük sevgidən - qoruna bilmirdi.
O hansı gözəldi heyran olduğum,
Gözündən, könlündən pünhan olduğum,
Qorumur heç zaman qurban olduğum,
Qorumur bu gözəl bəladan məni.
Musa Ələkbərli bütün şeirlərinə, xüsusilə, Vətən, torpaqla bağlı əsərlərinə sözün şəhdini-şirəsini qoyur. Mən onun qədər torpaq yanğısı haqqında şeirlər yazan şair az tanıyıram. Hamısını da Yaradanın diktəsi ilə yazır. Özü dediyi kimi:
Mən kiməm ki, nə uydurum, nə yazım,
Tanrı mənə söyləməsə yazmaram.
Təbii ki, Musa Ələkbərlini daha çox sevgi şairi kimi sevmişik. Amma bir məqama burda hökmən toxunmaq lazımdır. Biz onu, sadəcə, sevgi şairi kimi yox, sözün böyük mənasında sevgi şairi kimi sevmişik. Bütün yazılarını sevgi ilə yazan şair kimi sevmişik. Tam səmimiyyətlə deyirəm, Musa Ələkbərlinin ən ilahi sevgisi onun Vətənlə, torpaqla bağlı şeirlərindədir.
Hələ Qarabağ savaşının başladığı ilk illərdə yazdığı şeirlərində Musa Ələkbərli deyirdi:
Nə dərin quyuya atıldı bu daş,
ATƏT-in həmsədri dəyişdi yenə.
Allahın yanına çıxsaq da, qardaş,
Bu yolun son ucu döyüşdü yenə.
Musa Ələkbərli yaradıcılığında Qarabağ həqiqətləri, Azərbaycan həqiqətləri vaxtaşırı olaraq öz əksini tapırdı:
Yuvasından perik düşən elim var,
Bu ocaqda kösöylənən əlim var.
Bu dünyada bir şərəfli ölüm var -
Qarabağdı, Qarabağdı, Qarabağ!
"Vektor"nəşriyyatında Elçin İsgəndərzadənin xeyirxahlığı ilə çap olunan "Sən elə bir sevdasan ki" kitabındakı şeirlərin yarıdan çoxunu Musa müəllimin Vətən sevdalı, Qarabağ sevdalı şeirləri təşkil edir.
Gəldiyi qənaət bu idi ki, bu yurdun Mübariz kimi oğulları var. Belə oğulların Vətəninin dilbər guşəsi düşmənin soyuq nəzərləri altında sıxıla bilməz. Necə ki, bunu illər öncə demişdi:
Gözümdən-könlümdən axan dolu var,
Yurdun Təbrizləşən neçə qolu var...
Torpağı gedənin bircə yolu var,
Yaşayıb ölmək yox, ölüb yaşamaq.
Və 2020-ci ildə Azərbaycan ordusunun yazdığı şərəfli tarix, 30 il düşmənin soyuq baxışları altında inləyən torpaqlarımızın azad olması Musa Ələkbərlinin də içindəki torpaq ağrısının üstünə su səpdi.
Musa Ələkbərlinin torpaq, Vətən ağrılı şeirlərində sanki bir ardıcıllıq var. Şuşa sevincini, qələbə sevincini bizə yaşatmaq üçün şəhidlik zirvəsinə ucalan Xudayar kimi igidlərimizin fədakarlığı Musa müəllimin şeirlərində ana xəttə çevrildi.
Qoy məndən uzaqda göynəsin qələm,
Ocaqda qoymusan əlimi, oğul.
Nə desin, nə yazsın, neynəsin qələm,
Nəğmən öldürdüsə ölümü, oğul?!
M.Ələkbərlinin poeziyası haqqında bir çox dəyərli qələm adamları öz fikirlərini bildiriblər. Bu baxımdan professor, millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərovun fikirləri xüsusilə ibrətamizdir: "Musa Ələkbərli daha çox sevgidən yazırdı... Ancaq bu sevgi "öz içini yiyə-yiyə duran", yaxud "tərki-dünya bir aşiqin subyektiv yaşantıları" deyildi, təbiətin özü qədər təbii, mükəmməl bir kəndli balasının yüz illər ərzində formalaşmış mərdanə istəyi, kişiliyin zərif məxluq qarşısındakı tarixi məsuliyyəti idi".
Böyük şairimiz İlyas Tapdığın Musa Ələkbərli poeziyası haqqında fikirləri də çox maraqlıdır: "Dünyanın ikiüzlülüyü, qismətlərin bərabərsizliyi Musa Ələkbərlinin nifrət hədəfinə çevrilir. Və onun istəyi, öz oxucusuna sözü nədir?
Mən nə istəyirəm, qayğı bolluğu,
Daima çırpınan, göynəyən ürək.
Var-dövlət sanıram bu yoxsulluğu,
Deyirəm, bəsimdir bir tikə çörək..."
...Bu da Musa Ələkbərlinin halallıq içində bulunmuş 76 illik bir zaman kəsiyində tamamlanan ömrü. Bu zaman kəsiyində Musa Ələkbərlinin qazancı - "Məndən şeir istə", "Ürəyimin işığında", "Bəlkə bir də görüşdük", "Gözlərim yol çəkir", "Aydanım - ay işığı", "Sevgi bulağı", "Gözümdə ağlayan bulud", "Dünya sevgidən doğulub", "Tanrı mənə söyləməsə, yazmaram", "Gəlir türkün səadəti", "Ata sevgisi", "Ürəyimin qapısından keçənlər" və "Sözün qiyaməti qopan yerdəyəm" adlı kitabları, bir ailəlik sevgi dünyası, canından artıq sevdiyi vətəni və sadiq oxucularıdır. Musa müəllim bu qiymətli sərvəti atası, el şairi olmuş Məlik müəllimin ocağında aldığı saflığın, canındakı sevginin - böyük sevginin gücünə toplayıb.
İstəyin odur ki, dinməyə, susa,
Bu xəbər çatmaya elə-ulusa.
Elə arxayınsan, elə bil Musa,
Sən olan dünyaya bir də gələcək.
Musa Ələkbərli o zirvədə elə qərar tutub ki, heç bir də gəlməyə ehtiyac olmayacaq. Çünki o zirvədən getmək yoxdur. Orda əbədilik var. Neçə ki, bu dünya məhvərindən çıxmayıb, onun kimi şairlərin sevilmək haqqını heç kim əlindən ala bilməz. Şair xoşbəxtliyi unudulmayan keçmişdədir.
Zamanından, yerindən asılı olmayaraq harda Azərbaycan poeziyasından söz düşsə, Musa Ələkbərlinin adı ordan qırmızı xətlə keçəcək.
Məkanın cənnət olsun, ustad!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
