Müasir Azərbaycan nəsrində insanın daxili aləmi, mənəvi seçimləri və taleyin fərdi şüurda yaratdığı etik gərginlik və dramatizm getdikcə daha çox ön plana çıxır. Bu baxımdan Zemfira Məhərrəmlinin nəsri "kiçik dünya" kimi təqdim olunan, fərdi insan müstəvisində formalaşan, lakin mahiyyət etibarilə geniş fəlsəfi və əxlaqi anlamlar daşıyan bədii mətnlər məcmusu kimi seçilir. Yazıçının əsərlərində adi həyat situasiyaları, məişət detalları və lokal insan taleləri böyük mənəvi konstruksiyaların daşıyıcısına çevrilir; insanın vicdanla münasibəti, məsuliyyət hissi, taleyə qarşı passiv itaəti və ya daxili üsyanı poetik bir sistem daxilində təqdim olunur. Zemfira Məhərrəmlinin nəsrində etik diskursun formalaşma xüsusiyyətləri, insan-tale münasibətlərinin bədii-poetik ifadə imkanları və mənəvi problematikanın əsasını təşkil edən estetik mexanizmlər diqqəti çəkən başlıca yaradıcılıq məziyyətləridir.
Müəllifin "Çox kiçikdir bu dünya..." adlı povest və hekayələr toplusu müasir Azərbaycan nəsrində etik problematikanın narrativ struktur daxilində ardıcıl və dərin şəkildə işlənməsi baxımından xüsusi elmi maraq doğuran bədii mətnlər sistemidir. Burada "kiçik dünya" anlayışı yalnız metaforik semantika daşımır, eyni zamanda mətndaxili poetik prinsip kimi çıxış edir və hadisələrin, talelərin, insan münasibətlərinin sıxlaşmış məkan-zaman koordinatlarında təqdimini şərtləndirir. Yazıçının narrativ dünyasında insan taleləri bir-birindən izolə olunmuş şəkildə deyil, etik və psixoloji əlaqələr vəhdətində mövcuddur.
Kitaba daxil edilən əsərlərin hər birinin bədii strukturu antropoloji mərkəzliliyi, insan faktorunu önə çəkən estetik yönü ilə səciyyələnir. Burada hadisə yox, insan ön plandadır; daha dəqiq desək, insanın mənəvi seçimi hadisəni formalaşdırır. Bu baxımdan Zemfira Məhərrəmlinin nəsri klassik süjet istiqamətli deyil, etik-semantik yönümlüdür. Hadisələr səbəb-nəticə zəncirindən çox, vicdanın daxili impulsları ilə hərəkətə gəlir. Məhz bu keyfiyyətinə görə "Çox kiçikdir bu dünya..." kitabında toplanan mətnlərin poetikasını etik narrativ prinsiplər prizmasından izah etmək zərurəti yaranır.
Yazıçının "Anam niyə gəlmədi?" hekayəsi etik narrativin mərkəzi nümunəsidir. Burada pandemiya yalnız tarixi-sosial fon rolunu oynamır, həm də insan münasibətlərini deformasiyaya uğradan qlobal faktor kimi çıxış edir. Hekayənin baş qəhrəmanı Ləman obrazı psixoloji realizm baxımından çoxqatlı planda işlənmişdir. Onun daxili monoloqları, tərəddüdləri və qərarları Freyd sonrası psixoloji ədəbiyyatşünaslığın "daxili konflikt" anlayışı ilə izah oluna biləcək səviyyədə dərinlik daşıyır. Ləman həm ana, həm həkim, həm də sosial subyektdir və bu rollar arasında yaşanan gərginlik povestin əsas dramatik enerjisini təşkil edir.
Əsərdə qəhrəmanın qızına ünvanladığı məktub narrativ baxımdan xüsusi funksiya daşıyır. Daxili əzabla qələmə alınan sətirlər 7 yaşlı qızcığaza ünvanlanıb: "Ölənlərin sayı çoxalanda burda elə ağrı-acılı anlar yaşanır ki... Bəlkə də bütün olanlar barədə sənə nahaq yerə yazıram. Sənin kiçik yumruğun boyda olan ürəyin bu üzüntülərə tab gətirməz. Kövrəlsəm də, məktubu yaza-yaza özümü qınayıram. Belə həssas dönəmdə həyat eşqini gərək itirməyək." (Məhərrəmli Z. Çox kiçikdir bu dünya..., Bakı: Vektor, 2022, s.7.) Məktub epistolyar janr elementi kimi mətndə yalnız emosional vasitə deyil, həm də etik mövqeyin verbal manifestasiyasıdır. Burada qəhrəmanın daxili məsuliyyət hissi, vicdanla üzləşməsi və taleyə münasibəti diskursiv şəkildə ifadə olunur. Məktubun diktə etdiyi "burda olmalıyam, çünki xəstələr məni gözləyir" məntiqi fərdi hisslə ictimai məsuliyyət arasında qurulan dəyər iyerarxiyasını açıq şəkildə göstərir. Bu məqamda müəllif fərdi faciəni ortaq, kollektiv məsuliyyət kontekstində təqdim edir və oxucunu etik empatiya mövqeyinə dəvət edir.
Zemfira Məhərrəmlinin nəsrində diqqəti cəlb edən əsas cəhətlərdən biri də etik konfliktin yalnız süjet hadisəsi kimi deyil, mətnin strukturunu müəyyən edən ontoloji prinsip kimi çıxış etməsidir. Burada etik seçim nə epizodik xarakter daşıyır, nə də yalnız finalda həll olunur; əksinə, etik dilemma mətndə başlanğıcdan sona qədər davam edən semantik gərginlik yaradır. Bu xüsusiyyət müəllifin nəsrini klassik realizmdən fərqləndirərək onu etik realizm kontekstində xarakterizə etməyə imkan verir.
Ədəbiyyatşünaslıqda etik realizm insanın sosial reallıq içindəki davranışlarını əxlaqi ölçülərlə təhlil edən poetik sistem kimi qavranılır. Zemfira Məhərrəmlinin mətnlərində bu sistem aydın şəkildə müşahidə edilir. Onun qəhrəmanları "yaxşı" və "pis", "müsbət" və "mənfi" kimi qütbləşdirilmir; əksinə, etik qeyri-müəyyənlik vəziyyətində qərar verən insanlar kimi təqdim olunur. Bu yanaşmanı "Anam niyə gəlmədi?" hekayəsində də qabarıq şəkildə görürük. Ləman obrazı ideallaşdırılmış bir qəhrəman deyil, lakin mənəvi cəhətdən məsuliyyətli subyektdir. Onun "qızımı qucaqlamaq istəyirəm" arzusu ilə "xəstələr məni gözləyir" düşüncəsi arasında qaldığı anlar etik subyektin parçalanmasını nümayiş etdirir. Xəstələrini müalicə edərkən, özü də koronavirusa yoluxan gənc həkm-ana - Ləman qızdırma içində bir tərəfdən, xəstələrini və virusa yoluxan tibb bacısı Sara xalanı düşünürsə, bir yandan da, azyaşlı qızı üçün narahat olur: "Ən çox yadına düşən isə qoca anasının ümidinə qoyduğu əziz balası idi. Qızcığaz bir an xəyalından çıxmırdı" (yenə orada, s.10). Pandemiya şəraitində gənc həkim-ananın düşüncələri peşə məsuliyyəti ilə analıq duyğusu arasında parçalanmış şüurun dramatik tablosunu yaradır. Bu parçalanma yalnız psixoloji yox, həm də epistemoloji xarakter daşıyır: qəhrəman hansı məntiqlə, hansı dəyər sistemi ilə qərar verdiyini özü də tam müəyyənləşdirə bilmir. Məhz bu məqam mətni didaktik çərçivədən çıxararaq elmi interpretasiya üçün açıq hala gətirir.
"On iki yaşın sevinci" hekayəsi isə narrativ perspektivin dəyişməsi baxımından diqqətəlayiqdir. Hekayə ayaq altında diyirlənən boş araq şüşələrinə nifrətlə baxan yeniyetmə oğlanın "Ata, nə olar, az iç bu zəhrimarı!" cümləsi ilə başlayır. Bu başlanğıc epizodda ailədaxili zorakılıq və sosial deqradasiya məişət detalı səviyyəsində təqdim olunsa da, boş araq şüşələri simvolik semantika qazanaraq mənəvi boşluğun və ata fiqurunun etik iflasının vizual ekvivalentinə çevrilir. Yeniyetmə oğlanın replikası yalnız situativ reaksiya deyil, uşaqlıqdan məhrum edilmiş bir şüurun erkən yetkinliyini və ailə institutunun dağılması fonunda formalaşan travmatik təhkiyə mövqeyini açan açar mətn vahidi kimi çıxış edir. Burada hadisələr uşaq şüuru prizmasından təqdim olunur ki, bu da "etibarsız nəqlçi" anlayışına yaxın, lakin mənəvi baxımdan yüksək güvən və etimadı ehtiva edən spesifik narrativ model yaradır.
12 yaşının tamam olmasına bir gün qalmış parkda xəzəllərin arasından bahalı telefon tapan, elə o andaca onu satmaq haqqında düşüncəyə qapılan hekayə qəhrəmanı qəfil həmin telefonun ekranında görünən "Anamın zəngi" yazısından diksinir. Burada sosial yoxsulluq fonunda formalaşan uşaq vicdanı müəllif tərəfindən idealizə edilmir, əksinə, daxili mübarizə içində təqdim olunur. Tapılan telefon epizodu etik dilemmaya çevrilir: maddi ehtiyacla mənəvi seçim qarşı-qarşıya qoyulur. Telefon ekranında "Anamın zəngi" yazısının görünməsi burada semantik detal kimi çıxış edir. Bu detal təsadüfi deyil; ana obrazı burada uşağın vicdanının vizual simvolu, arxetipi səviyyəsinə yüksəlir. Uşaq üçün bir ana səsi maddi ehtiyacdan daha güclü etik çağırışdır. Bu məqamda müəllif etik qərarın rasional yox, emosional-intuitiv mexanizmlə verildiyini göstərir. Qızı üçün narahat olan ananın telefon zəngi əsas obrazın qərarına sirayət edir və bütünlükdə hadisənin gedişatını dəyişir. Ümumiyyətlə, Zemfira Məhərrəmlinin nəsrində ana obrazı xüsusi semantik statusa malikdir. Ana yalnız ailə institutu çərçivəsində təqdim olunmur, eyni zamanda etik arxetip funksiyasını yerinə yetirir. Bu keyfiyyəti "On iki yaşın sevinci" hekayəsində aydın müşahidə etmək olur.
Hekayənin semantik quruluşunda maraqlı cəhətlərdən biri də zaman faktoru ilə bağlıdır. Hadisə qısa zaman kəsiyində baş versə də, uşağın daxili monoloqları zamanın psixoloji genişlənməsinə səbəb olur. Bu, Henri Berqsonun "daxili zaman" anlayışı ilə səsləşən narrativ üsuldur. Uşaq üçün bir neçə dəqiqəlik tərəddüd bütöv bir mənəvi təcrübəyə çevrilir.
"Dünya gör necə dardır..." hekayəsində isə müəllif məkan poetikasını ön plana çəkir. Burada coğrafi məsafələr mənəvi yaxınlıqla kompensasiya olunur. Uşaq evləri, yad ölkələr, fərqli dillər mətndə ayrılıq elementi kimi deyil, insan talelərinin ümumi trayektoriyasını göstərən fon kimi təqdim edilir. Hekayədə narrativ struktur talelərin kəsişməsi üzərində qurulur. Bu mətn dünya ədəbiyyatında geniş yayılmış "qarşılaşma narrativi" modelinə uyğun gəlir. Yetimlik, identiklik və milli mənsubiyyət problemləri burada individual deyil, kollektiv yaddaş kontekstində təqdim olunur.
Moskvada yaşayan azərbaycanlı ailənin evinə soyuducu təmir etməyə gələn Dima obrazının təmiz Azərbaycan dilində "Bakı mənə də doğmadır" deməsi yalnız nostalji ifadə kimi səslənmir, həm də milli-mədəni identikliyin transsərhəd xarakterini göstərən semantik açar funksiyası daşıyır. Dimanın soyuducu ustası kimi gəldiyi, isti qarşılandığı bir ailəyə danışdığı həyat hekayəsi, öz ata-anasının onu yetimxanaya atdığı halda, azərbaycanlı ailənin - Niyaz dayı və arvadı Məsumə xalanın onu sevgiylə böyütməsi, dəfələrlə Azərbaycana qonaq gəlməsi obrazın Azərbaycan sevgisinin köklərini açıb göstərir. Dimanın müxtəlif coğrafi məkanların insanları arasındakı mənəvi bağlılıq haqqında yaratdığı təəssürat mətndə kimlik məsələsinin sentimental deyil, ontoloji aspektdə təqdim olunduğunu göstərir.
Bu hekayədə talelərin kəsişməsi təsadüf yox, narrativ determinizm prinsipi ilə izah olunur. Dünya burada kiçikdir, insan taleyi öz keçmişindən qaça bilmir, çünki keçmiş insanın ontoloji tərkib hissəsidir və ondan ayrılmazdır. Bu yanaşma XX əsr Avropa və Amerika nəsrində sıx rast gəlinən "geri qayıdan yaddaş" motivi, təsadüfi görüşlər üzərində qurulmuş strukturlarla səsləşir. Lakin Zemfira Məhərrəmlidə qarşılaşma nostalji deyil, identiklik problemi ilə əlaqələndirilir. Burada keçmiş sentimental xatirə deyil, insanın ontoloji təməli kimi təqdim olunur. Bu yanaşma onu postmodern təsadüf estetikasından uzaqlaşdırır, yazıçının mətnlərini lokal mövzudan çıxarıb ümumbəşəri kontekstə daxil edir.
"Bir qaranlıq gecədə" hekayəsi sosial realizmin etik diskursla sintezini nümayiş etdirir. Əri qəzada həlak olandan sonra övladlarını min bir əzabla, təkbaşına böyüdən dul qadın Güldəstə obrazı gender baxımından deyil, mənəvi mövqeyinə görə mərkəzə çəkilir. O, sosial cəhətdən nə qədər zəif təsir bağışlayırsa, mənəvi keyfiyyətlərinə görə bir o qədər güclü xarakter kimi dolğun görünür. Ailəsinin yeganə dolanışıq qaynağı, övladlarının ruzusu olan qoyunlarını gecəyarı tövlədən aparan oğrular qarşısındakı cəsarəti bu obrazın ana məsuliyyətinin sosial qorxu üzərində qələbəsini simvolizə edir. Güldəstənin sərgilədiyi davranış instinktiv deyil, dəyər əsaslıdır. "O heyvanları ancaq meyitimin üstündən apara bilərsən" cümləsi narrativ kulminasiya nöqtəsidir və burada qorxu ilə ləyaqət, həyatla ölüm arasındakı sərhədi etik mövqeyin son həddi kimi müəyyənləşdirir. Bu məqamda qorxu artıq bioloji instinkt deyil, mənəvi baryer kimi aşılır. Qoyunlarını oğruların əlindən alıb geri qaytaran qadının gecə qaranlığında işığa doğru getməsi mətndə simvolik xarakter daşıyır və etik seçimin metaforik ifadəsinə çevrilir. Bu hekayədə qadın obrazı passiv qurban deyil, etik subyekt kimi diqqəti çəkir.
Kitabdakı bütün mətnlərdə qadın obrazlarının fəal narrativ mövqedə olması müəllifin antropoloji yanaşmasının göstəricisidir. Kişi obrazları isə çox zaman daxili zəiflik, tərəddüd və peşmanlıq içində təqdim olunur. Bu qarşılaşdırma ideoloji deyil, etik xarakter daşıyır və müəllifin əsas meyarının insanın mənəvi mövqeyi olduğunu göstərir.
Yazıçının üslubu minimalist poetika ilə xarakterizə olunur. O, emosional təsiri maksimal dərəcədə yığcam ifadə vasitələri ilə yaradır. Bu nəsrdə artıq söz, təsadüfi detal yoxdur. Hər epizod mənəvi yük daşıyır. Daxili monoloqlar, məktublar və qısa dialoqlar mətndə psixoloji dərinlik yaradan əsas narrativ vasitələrdir. Zamanın axını xronoloji olsa da, hadisələrin semantik çəkisi retrospektiv düşüncə ilə artır. Mətnlərdə simvolika açıq şəkildə təqdim edilmir, lakin dərin semantik qatlar yaradır. Bu xüsusiyyət yazıçının nəsrini postrealist poetikaya yaxınlaşdırır.
Zemfira Məhərrəmlinin nəsrində diqqət çəkən mühüm cəhətlərdən biri də susqunluğun semantikasıdır. Personajlar çox zaman uzun monoloqlarla yox, qısa cümlələrlə, hətta susaraq danışırlar. Bu, mətndə "sükut poetikası" yaradır və oxucunu aktiv interpretator mövqeyinə gətirir. Sükut burada zəiflik yox, etik düşüncə formasıdır.
Zemfira Məhərrəmlinin nəsrini dünya ədəbiyyatı kontekstində dəyərləndirdikdə, onun mətnlərinin heç bir konkret ədəbi məktəbin mexaniki davamı olmadığı, lakin bir sıra aparıcı poetik tendensiyalarla daxili səsləşmə təşkil etdiyi müşahidə olunur. Bu səsləşmə birbaşa təsir və ya intertekstual sitat səviyyəsində deyil, etik problematikanın bədii təşkili, narrativ minimalizm və insan antropologiyasına yönəlmiş baxış bucağı səviyyəsində özünü göstərir. Məsələn, Zemfira Məhərrəmlinin hekayə və povestlərində müşahidə olunan hadisə qənaətcilliyi və süjetin daxili gərginlik üzərində qurulması Anton Pavloviç Çexovun "süjetsiz süjet" prinsipini xatırladır. Lakin bu oxşarlıq formal deyil. Çexov nəsrində hadisənin arxa plana çəkilməsi daha çox ekzistensial boşluq və insanın daxili passivliyi ilə bağlıdırsa, Zemfira Məhərrəmlidə hadisənin yığcamlığı etik məsuliyyətin ön plana çıxarılması ilə şərtlənir. Burada sükut və pauza insanın laqeydliyini deyil, əksinə, daxili qərar anının ağırlığını ifadə edir. Bu mənada, Məhərrəmlinin "susqunluq poetikası" Çexovvari neytrallıqdan fərqli olaraq mənəvi gərginlik daşıyır.
Digər tərəfdən, "Anam niyə gəlmədi?" hekayəsində pandemiya fonunda təqdim olunan insan taleləri Albert Kamyunun "Taun" romanındakı kollektiv fəlakət motivi ilə müəyyən paralellər yaradır. Lakin Kamyuda xəstəlik daha çox fəlsəfi-absurd düşüncənin ifadə vasitəsi kimi çıxış etdiyi halda, Zemfira Məhərrəmlidə pandemiya etik seçimi kəskinləşdirən sosial reallıq funksiyasını daşıyır. Ləman obrazı Kamyunun doktor Ryö tipi ilə müqayisə oluna bilsə də, burada qəhrəmanlıq ideyası deyil, vicdanın səssiz məsuliyyəti ön plana çəkilir. Bu fərq Z.Məhərrəmlinin nəsrini ekzistensial fəlsəfədən çox, etik realizm müstəvisinə yaxınlaşdırır.
Yazıçının hekayələrində gündəlik həyat içində verilən kiçik, lakin taleyüklü qərarların bədii təqdimatı Kanada yazıçısı Elis Munronun nəsr estetikasını da xatırladır. Munroda olduğu kimi, burada da hadisələr böyük dramatik partlayışlarla deyil, psixoloji dönüş nöqtələri ilə inkişaf edir. Lakin Munronun mətnləri daha çox fərdi qadın təcrübəsinin zaman içində transformasiyasına fokuslanırsa, Zemfira Məhərrəmlidə fərdi təcrübə ictimai-mənəvi biçim qazanır. "On iki yaşın sevinci" hekayəsində uşağın verdiyi qərar yalnız şəxsi davranış aktı deyil, cəmiyyətin mənəvi vəziyyətini ölçən göstəriciyə çevrilir.
"Bir qaranlıq gecədə" hekayəsində sosial mühitlə mənəvi müqavimətin toqquşması rus realizminin klassik nümunələri, xüsusilə, Şoloxov yaradıcılığının ilk dövrünə aid olan hekayələrin qadın obrazları ilə (Dunyatka - "Çoban", Nyurka - "Əyri tikiş", Anna - "İki ərli", Marinka - "Qaloşlar" və s.) müqayisə oluna bilər. Lakin Şoloxovda sosial konflikt daha çox tarixi-sinfi zəmində inkişaf etdiyi halda, Məhərrəmlidə konflikt etik və insani ölçüdə lokallaşır. Güldəstə obrazı ideoloji mübarizənin yox, şəxsi ləyaqətin daşıyıcısıdır, bu xüsusiyyət Z.Məhərrəmli nəsrini sosial realizmdən etik realizmə doğru yönəldir.
Beləliklə, Zemfira Məhərrəmlinin "Çox kiçikdir bu dünya..." kitabında toplanan əsərlər dünya nəsrində mövcud olan bir sıra aparıcı estetik meyillərlə dialoq halındadır, lakin bu dialoq imitativ xarakter daşımır. Müəllif qlobal ədəbi modelləri milli-mənəvi təcrübənin süzgəcindən keçirərək, özünəməxsus etik-narrativ sistem yaradır. Onun mətnləri nə yalnız milli çərçivədə, nə də ümumbəşəri abstraksiyada qalır; fərdi talelər vasitəsilə universal mənəvi suallar formalaşdırır.
Nəticə etibarilə, "Çox kiçikdir bu dünya..." kitabı müasir Azərbaycan nəsrində etik diskursun, narrativ strategiyanın və insan antropologiyasının uğurlu sintezidir. Bu povest və hekayələrdə dünya kiçikdir, çünki insanın mənəvi seçimi qlobal nəticələr doğurur. Zemfira Məhərrəmli oxucunu hazır cavablarla deyil, etik məsuliyyətlə düşünməyə sövq edən açıq mətnlər yaradır. Bu baxımdan kitab yalnız bədii deyil, həm də yüksək elmi-analitik potensiala malik ədəbi yeniliyi ilə maraq doğurur. Müasir Azərbaycan nəsrində etik düşüncənin bədii təcəssümü kimi meydana çıxan bu mətnlər oxucunu emosional təsirlə yox, mənəvi məsuliyyətlə üz-üzə qoyur. Dünya burada kiçikdir, çünki insanın verdiyi hər bir qərar başqa bir insanın həyatına toxunur. Zemfira Məhərrəmli insanı hadisələrin kölgəsində yox, etik seçimin mərkəzində təqdim edir və bununla da müasir ədəbiyyat üçün əhəmiyyətli estetik model yaradır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
