Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təsis etdiyi "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyasının VIII cildi - Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan şairi Nizami" monoqrafiyası "Elm və təhsil" nəşriyyatında çapdan çıxmışdır. Əsər "Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq nəşrə hazırlanmışdır.
İlk nəşrindən təqribən 75 il sonra daha mükəmməl şəkildə yenidən işıq üzü görən bu monoqrafiya mühacirət ədəbiyyatşünaslığında orta əsrlər ədəbiyyatımız haqqında ən sanballı araşdırma olmaqla yanaşı, dünya nizamişünaslığının da mühüm nailiyyətlərindəndir. Müəllifin həm Şərq, həm də Avropa tarixinə, mədəniyyətinə, ədəbiyyatına, ictimai-siyasi, fəlsəfi-estetik fikrinə dair ensiklopedik bilik sahibi olması, zəngin mənbələr əsasında dahi söz ustasının poetik irsini müxtəlif yönlərdən yüksək elmi-nəzəri səviyyədə araşdıraraq, Nizami şeirinin dərin qatlarına nüfuz edə bilməsi əsərin uğurunu şərtləndirmiş amillərdəndir.
Cildi nəşrə hazırlayanlar filologiya elmləri doktoru Nikpur Cabbarlı, elmi işçilər Aysel Əfəndiyeva, Lalə Paşayeva, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva, redaktoru Hülya Cəbiyevadır.
Mətn nəşrə hazırlanarkən müəllifin dili və üslubu saxlanılmış, ilk mənbədəki mətbəə xətaları düzəldilmiş, bəlli olmayan səbəblərdən tərcümə edilməmiş farsca bəzi mətnlərin Azərbaycan dilinə sətri tərcüməsi verilmişdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
