Klassik məntiqdən qeyri-səlis məntiqə - çətin məsələnin asan izahı - Məsud MAHMUDOV, Azad MƏMMƏDOV

 

Adətən hər hansı kitaba rəy yazanda öncə müəllifin (və ya müəlliflərin) təqdimatından başlayırlar. Hər iki müəllifi - süni intellektin humanitar elmlərə, əsasən dilçiliyə tətbiqi sahəsində fundamental əsərləri ilə tanınan Kamal Abdullanı da, qeyri-səlis məntiqə aid qiymətli tədqiqatları ilə seçilən, Lütfi Zadə irsinin layiqli təmsilçisi və davametdiricisi Rafiq Əliyevi də elmi ictimaiyyət yaxşı tanıyır - fəxrolunası, qibtəediləsi insanlardır.

Əslində, istənilən təqdimat insanın şəxsi təxəyyülü, subyektiv münasibətinin məhsulu kimi səciyyələndirilə bilər - istəsək də, istəməsək də.

Qərara gəldik ki, ənənəni pozaq, süni intellekt (Sİ) əsrində, süni intellektin dəbdə olduğu bir zamanda hər iki hörmətli müəllifi ictimaiyyətə, oxuculara (Sİ) vasitəsi hesab olunan, (Sİ) "sözçüsü" ChatGPT ilə təqdim edək.

Bu, daha obyektiv və maraqlı olar. Beləliklə, kimdir Kamal Abdulla?

"Kamal Abdulla Azərbaycanın tanınmış yazıçısı, akademiki və universitet rektorudur. Onun elmi və bədii fəaliyyəti, xüsusilə, "Dədə Qorqud"un semiotikası, mifik düşüncə və meta-mətn anlayışları üzərində qurulub. O artıq formalaşmış ziyalıdır. Amma hər kəs kimi, zaman-zaman düşünməyə və yeni perspektivlərə açıq ola bilər.

Kamal Abdullanın ən güclü tərəfi düşüncə qatlarını təbəqə-təbəqə açma bacarığıdır. Yəni o həm yazıçı, həm alim, həm də psixoloji müşahidəçidir.

Bu, konkret olaraq aşağıdakı üç sahədə özünü göstərir:

1. Semiotik və fəlsəfi düşüncə.

Məsələn, "Yarımçıq əlyazma" əsərində tarix və mifik düşüncə paralel işləyir - bu, adi roman deyil, meta-mətndir.

2. Ədəbiyyatı formaca və məzmunca sınaqdan keçirmək.

O, klassik ədəbiyyatla çağdaş üslubu birləşdirə bilər.

Yəni nə tam ənənəvidir, nə də müasir moda axınına qapılıb. Bu balans çox az yazıçının bacardığı bir şeydir. Formanın sərhədlərini yoxlamaq Kamal Abdullanın müəllif kimliyində ən güclü tərəfdir.

3. Elm və rəhbərliyin harmoniyası.

Çox az adam həm yazıçı, həm alim, həm də rektor ola bilir - və o, bunu ağır, zadəgan tonla yox, yolgöstərən intellektual kimi edir. Onun rəhbərliyində gərginlikdən çox, intellektual cazibə var.

Kamal Abdullanın ən güclü tərəfi - ədəbiyyatı "sadəcə yazmaq" deyil, "düşündürmək" üçün bir vasitəyə çevirmə bacarığıdır. O, sadəcə yazıçı və alim deyil, düşüncə dramaturqudur. Ədəbiyyatın içində elmi, elmin içində isə insanı qorumaq bacarığı Kamal Abdullanı təkcə bu gün üçün deyil, gələcək üçün də vacib simaya çevirir (ChatGPT-nin təqdimatı ixtisarla verildi).

ChatGPT-nin təqdimatına kiçik bir əlavə.

Moskvada aspiranturada oxuduğu illərdə Kamal müəllim özünün qeyri-adi tədqiqatçılıq qabiliyyəti, erudisiyası, məntiqi təfəkkürü ilə hamının diqqətini cəlb etmiş, dərin rəğbətini qazanmışdı.

Həmin illərdə görkəmli türkoloq-alim, SSRİ EA-nın müxbir üzvü Boris Aleksandroviç Serebrennikov və professor Ninel Zeynalovna Hacıyeva Bakıya gəlmişdi.

Professor Ninel Hacıyeva Boris Aleksandroviçin tündxasiyyət olmasından, indiki gənc tədqiqatçılara pessimist münasibət bəsləməsindən söhbət açdı. O deyirmiş ki, indiki cavan dilçilərdən bizləri (yaşlı nəsli) əvəz edə biləcək kadrlar görmürəm. Boris Aleksandroviç Serebrennikovun gənc tədqiqatçılardan yeganə bəyəndiyi və gələcəyinə böyük ümid bəslədiyi Kamal Abdullayev idi. Bunları eşidəndə bizdə qibtə hissi oyandı. Bu həm də ona görə sevindirici və ürəkaçan idi ki, bizim respublikanın gəncləri barədə Moskva və ümumən Rusiya elmi ictimaiyyətində mənfi rəy formalaşdırılmışdı.

Tanınmış alim Rafiq Əliyevin elmi fəaliyyəti də ChatGPT tərəfindən obyektiv və qərəzsiz qiymətləndirilib. Təqdimatda mənbələr əsasında aşağıdakılar qeyd olunur: "Prof. Lütfi Zadə onun elmi fəaliyyətini yüksək qiymətləndirib, onunla birgə əsər yaratmaqla fuzzy logic sahəsinə töhfə verdiyi qeyd olunub. Yəni prof. Lütfi Zadə Rafiq Əliyevlə əməkdaşlıqdan məmnun idi və onun elmi fəaliyyətini yüksək qiymətləndirirdi.

"Fuzzy Logic Theory and Applications" kitabı "Word Scientific" tərəfindən nəşr olunmuşdur və bu, tez-tez fuzzy logic tədrisində istifadə olunan dərsliklərdəndir.

Lütfi Zadə onu elmi irsini davam edən alim kimi yüksək qiymətləndirib və onunla birgə kitabı böyük elmi əhəmiyyətə malik olaraq qəbul edilib.

Rafiq Əliyev qeyri-səlis məntiq (fuzzy logic), yumşaq hesablamalar (soft computing) və süni intellekt sahəsində tanınmış alimlərdən biridir. Professor Lütfi Zadə ilə əməkdaşlığı, xüsusən də, "Fuzzy Logic: Theory and Applications" kimi ortaq kitabları beynəlxalq akademik dairədə çox yüksək qiymətləndirilir.

Əsərləri aşağıdakı aparıcı beynəlxalq nəşriyyatlarda çap olunub:

Springer

Word Scientific və s.

Əsas kitablarından bəziləri:

"Fuzzy Logic: Theory and Applications" (Lütfi Zadə ilə birlikdə)

"Soft Computing and its Applications" (5 cilddə) və s.

Bu kitablar qeyri-səlis məntiqin yalnız texniki deyil, fəlsəfi və humanitar aspektlərini də əhatə edir - bu, onu başqalarından fərqləndirir.

Google Scholar və Scopus kimi elmi bazalarda onun əsərlərinə yüz dəfələrlə istinad olunmuşdur. Bu, Rafiq Əliyevin beynəlxalq aləmdə tanınmasının bariz göstəricisidir.

Sonda bir daha qeyd etmək olar ki, hər iki alim - Kamal Abdulla və Rafiq Əliyev Tanrının Azərbaycan xalqına, Azərbaycan elminə ən böyük lütfü, ən qiymətli hədiyyəsidir, Allah vergisi olan nadir istedad sahibləridir.

Oxuculara təqdim olunan Kamal Abdulla və Rafiq Əliyevin həmmüəllif olduqları "Kitabi-Dədə Qorqud və Qeyri-Səlis Məntiq" monoqrafiyası dünyanın ən məşhur və nüfuzlu nəşriyyatlarından olan Springer-də ingilis dilində nəşr olunmuşdur (Kamal Abdulla, Rafik Aliev 2026. The Book of Dede Korkut and Fuzzy Logic Springer, 129 p.). Monoqrafiya da hər iki alimin birgə əməyinin uğurlu nəticəsi kimi səciyyələndirilə bilər.

Əsər qeyri-səlis məntiqin atası hesab olunan Lütfi Zadənin əziz xatirəsinə həsr olunmuşdur.

Kitab Ön söz, 9 fəsil və nəticə əvəzi hissələrindən ibarətdir.

"Qeyri-səlis setlər və qeyri-səlis məntiq" adlanan 1-ci fəsil bu məntiqin əsasını təşkil edən fasetlərə həsr olunmuşdur. Monoqrafiya müəllifləri hesab edirlər ki, qeyri-səlis məntiq, hər şeydən əvvəl, şübhələrin, tərəddüdlərin, "bəlkə"lərin, axtarışların, cəhdlərin, canatmaların, yeni üfüqlərin aranması və kəşf edilməsi, kvantlara doğru yürüşün məntiqidir. Belə yanaşma çərçivəsində oxuculara dörd sütuna - fasetə ümumi məntiq sütunu, qeyri-səlis çoxluqlar sütunu, epistemik (epistemoloji) sütun, münasibətlər sütunu əsaslanan qeyri-səlis məntiqin elmi konsepsiyası təqdim olunur.

2-ci fəsil "Kitabi-Dədə Qorqud dastanı - bildiklərimiz və bilmədiklərimiz" adlanır. Burada müəlliflər epos haqqında bütün məlum olan biliklərlə yanaşı, mütəxəssislər və geniş oxucuya bir qədər gizli qalan məqamları qabardırlar.

"Kitabi-Dədə Qorqudda qeyri-səlis məntiq elementləri" adlanan 3-cü fəsil böyük maraq doğurur və dastan mətnindəki qeyri-səlislik nümunələrinin təhlilinə həsr olunmuşdur.

Dastanda bir sıra dil vahidləri - ayrı-ayrı sözlər, qoşa sözlər, qoşmalar, saylar, qeyri-müəyyən əvəzliklər, təqlidi sözlər, zərflər, modal sözlər qeyri-səlisliyin formal əsasını hazırlamaqla sanki bir tikinti materialı rolunu oynayır. Onları bir ümumi adla hedclər adlandırırlar. Lütfi Zadənin dediyi kimi, linqvistik ifadələr elə ifadələrdir ki, onların qiymətləri (dəyərləri) rəqəmlərlə yox, söz və ya cümlələrlə ifadə olunur. Bu dəyərlərin hedclərlə təmsil olunması tədqiqat üçün geniş imkanlar açır.

Linqvistik hedc qeyri-səlis çoxluğun mənasını dəyişdirən vasitədir. Müəlliflərin fikrincə, real mətnlərdə hedclərin, adətən, aşağıdakı növlərindən istifadə olunur:

- qeyri-səlis çoxluğu gücləndirən (çox, həddən artıq...) hedclər;

- qeyri-səlis çoxluğu yumşaldan (bir qədər, bir növ...) hedclər;

- ehtimalları ifadə edən (ehtimal ki, mümkün deyil ki...) hedclər;

- qeyri-müəyyən miqdarları ifadə edən (ən çox, nadir hallarda...) hedclər.

Müəlliflər dastan materialı əsasında hedc funksiyasında çıxış edən əvəzliklər, qoşa sözlər, saylar barədə ətraflı məlumat vermişlər.

Qeyri-səlis məntiqin tikinti materialı olan hedclər dastan mətnində müəyyən yumşaldıcı (kəskinləşdirici) ab-hava yaradır. Bununla, mətndə özünü göstərən qətilik, dözülməzlik, dəyişməzlik dəyərlərinə, başqa sözlə, invariant mütləqiyyətinə qarşı bir etiraz müşahidə edilir.

4-cü fəsildə Kitabi-Dədə Qorqudda qeyri-səlisliyi formalaşdıran vasitələr diqqət mərkəzindədir. Hedclər adlandırılan bu vasitələr əsasən əvəzlik və saylardır. Onların dastanda çoxsaylı qeyri-səlisliyə işarə edən işlənmə məqamlarının təhlili xüsusilə maraqlıdır.

5-ci fəsil "Kitabi-Dədə Qorqud mətni və Qeyri-Səlis Məntiqin "şübhə daimisi" adlanır. Burada "şübhə" fenomeni qeyri-səlis məntiq baxımından araşdırılır. Bu kontekstdə dastandakı "Kiçik Ölüm" halı təhlil olunur.

Qeyri-səlis məntiqin "məntiqi" filoloji-humanitar rakursdan baxdıqda tərəddüdlərin, şübhələrin, gümanların, inamsızlığın ideologiyasından doğur. "Şübhə" komponenti qeyri-səlis məntiq kompozisiyalarının daimi göstəricisidir. Elmdə, sənətdə şübhə zəiflik deyil, əksinə, gücdür. Mükəmməl elmi nailiyyətlər, adətən, şübhəli fərziyyələrdən doğur. "Şübhə daimisi"nin əsas funksiyası düşüncə tərzini "ya...ya..." sxemindən "nə...nə..." sxeminə yönəltməkdir. "Nə...nə..." sxemi düşüncə tərzinin demokratikləşmə rejiminə keçməsindən xəbər verir.

Qeyri-səlis məntiq Tanrıdan başqa mütləq hesab olunan nə varsa, hamısını rədd edir. Qeyri-səlis məntiqə görə mütləq mənada ağ rəng, qara rəng yoxdur. Mütləq mənada sıfır, mütləq mənada vahid, mütləq mənada yalan, mütləq mənada vahid yoxdur. Qeyri-səlis məntiqi səciyyələndirən əsas tərif onun təxmini düşünmə məntiqi olduğunu düşünməkdir.

Qeyri-səlis məntiq prinsiplərinin reallaşmasında xüsusi funksiyaya malik olan "şübhə daimisi"nin öztəyinediciləri (lokalizatorları) var. Onların içərisində ən ifadəlilisi "bəlkə" komponentidir.

Müəlliflər göstərirlər ki, hedclərin (yumşaldıcı, kəskinləşdirici sözlərin, ifadələrin) digər bədii mətnlərdə axtarışı qaranlıqda qeyri-səlis məntiqin işıq zərrələrini axtarmaq deməkdir. "Bu adam, ya diridir, ya ölü" ifadəsinin dərinində "bu adam nə ölüdür, nə diri, o, bəlkə, bu iki reallığın ortasındadır" mənası durur. Dastan mətnində bu ehtimal özünü "küçücük ölüm" ifadəsində tapır. Bu isə o uzaq dövrdə koma vəziyyəti ilə əlaqələndirilə bilər.

"Dədə Qorqud" mətnində qeyri-səlis məntiq nəticəsində ortaya çıxan bu ad ("küçücük ölüm" - koma) məhz şübhə vasitəsilə tapılıb, nə ölü, nə diri olan adama Aristotel məntiqi ilə yanaşmaqdan imtina edilib, bu hala yeni prinsiplə qiymət vermək ehtiyacı yaranıb və nəticədə "koma"nın qədim oğuz cəmiyyətində və təbii ki, qədim Azərbaycan türk dilində belə bir adı ("küçücük ölüm") yaranmış olub.

Müəlliflər belə bir qənaətdədirlər ki, "Kitabi-Dədə Qorqud" şübhə və tərəddüdlərin bol-bol rast gəlindiyi bir ədəbi məkandır. Dastan qeyri-səlis düşüncə, buradan da qeyri-səlis məntiq üçün münbit zəmindir.

"Kitabi-Dədə Qorqud mətni və Qeyri-Səlis Məntiq vasitəsilə "Üçüncünün Axtarışı" adlanan 6-cı fəsil dastanda klassik məntiqin fundamentlərindən olan orta anlayışını istisna edən qanunun özünü necə büruzə verdiyi tədqiq olunur.

Müəlliflər qeyd edirlər ki, əslində qeyri-səlis məntiq formal məntiqin daha geniş "əraziyə" səpələnmiş təzahürlərini görməklə üzə çıxarır və onun ən birinci, ən əsas funksiyası dünyanı iki rəngdə - ağ-qara görmə yox, ağ və qaranın arasındakıları ilə bir yerdə görməkdir.

Üçüncünü istisna qanunu deyir ki, ya həqiqət, ya həqiqət olmayan, yaxud ya həyat, ya da ölüm arasında heç nə yoxdur. Amma biz artıq bilirik ki, dastan mətnində ölümlə həyat arasında "üçüncü" hal özünü göstərir. Qazan xan və Qanturalı ilə bağlı "küçücük ölüm" ifadəsini, Dirsə xanın xatununun irəli sürdüyü övladsızlıq səbəblərini, Dəli Domrulun yad qızı halalının mərdanə hərəkətini və s. xatırlayaq.

Rasional nəticəçıxarma qanunu mətndən onun ilkin təşkiledicilərinə əsaslanaraq ümumi nəticə çıxarmaqla formalaşır.

"ya...ya..." ideologiyası bizə həyat və ölümdən başqa heç nə qoymurdu. Bunun əksi olaraq qeyri-səlis məntiq bizə üçüncünü verir. O bizə deyir ki, nə həyatın, nə də ölümün olmadığı başqa bir reallıq da var. Bu reallıq iki qütbün ortasındadır və o küçücük ölüm (koma) kimi özünü göstərə bilər. Məsələnin bu şəkildə, yəni üçüncü daxil olmaqla, "nə...nə" sxemli yola qədəm qoyması, heç şübhəsiz, düşüncənin demokratik cücərtilərindən xəbər verir.

Müəlliflər belə bir fikirdədirlər ki, ümumiyyətlə, qəti hökmlərə həmişə şübhə ilə yanaşmaq lazımdır.

Üçüncünün istisna qanununun istisnası ilə "Dədə Qorqud" mətni boyu tez-tez rastlaşırıq. Bunu "Dədə Qorqud" mətninin müəllifinin (müəlliflərinin) zaman-zaman bizi əhatə edən dünyanı, ətrafımızı daha rəngarəng görmək cəhdi kimi, qeyri-səlis düşüncə tərzinə sədaqət kimi qiymətləndirmək lazımdır. Bu cəhdi qədim zamanlardan bəri düşüncəmizin dərinliklərində demokratik çalarların mövcud olmasına bir işarə kimi qəbul etmək olar.

7-ci fəsil "Sən ən gözəllərin gözəlindən də gözəlsən, gözəlim" adlanır. Burada müəlliflər "Kitabi-Dədə Qorqud"da müşahidə olunan qeyri-səlis setlərdən bəhs edirlər.

Bu ifadənin ilk dəfə görkəmli alim Lütfi Zadə tərəfindən zövcəsi Feya xanım haqqında deyildiyi ehtimal olunur. Bu deyim qeyri-səlis məntiqin çoxluqlar sütunu - faseti baxımından maraqlıdır. Qeyri-səlis məntiqin qeyri-səlis sütununun (fasetin) əsas qayəsi odur ki, dünyada Tanrıdan başqa hər bir şeyin, hər bir hadisənin dərəcəsi var. Qeyri-səlis məntiqin çoxluqlar sütununun əsas prinsipi tədqiqatçını çoxluqlar qradasiyasında ən yüksək səviyyəyə can atmağa və buna uyğun dil vahidi tapmağa sövq edir. Bunun üçün ilkin və sonuncu qütbləri müəyyənləşdirmək lazımdır. Bizim nümunədə bu, "gözəl - gözəllər gözəli" qütbləridir. "Dədə Qorqud" mətnində adi hal ilə maksimal hal arasında dərəcələri müəyyənləşdirmək bəzən çətin olur. Məsələn, "ucalardan ucasan" ifadəsi üstünlüyün ali dərəcəsi anlamında özünü göstərir. Müəlliflər dahi alim Lütfi Zadənin "sən gözəllər gözəlindən də gözəlsən" ifadəsi ilə bağlı qeyd edirlər ki, "gözəllər gözəli" ifadəsi də həmin təsəvvürün son həddi deyilmiş. Və hətta "gözəllər gözəlindən də gözəl" ifadəsinin özünün də bu qradasiyada sonuncu mərhələ olması şübhə doğura bilər.

8-ci fəsil "Kitabi-Dədə Qorqud Qeyri-Səlis Məntiqin Epistemoloji işığında" adlanır. Bu fəsildə öncə Qeyri-Səlis Epistemologiya, sonra isə "Kitabi-Dədə Qorqud"da Qeyri-Səlis Məntiqin Epistemoloji Faseti araşdırılır.

Qeyri-səlis məntiqin epistemoloji sütunu mətnlərdə təqdim edilən biliklərin təsviri, təbii dilin semantikası, mətnlərdəki informasiyanın təhlili ilə əlaqədardır. Bu aspektdə təbii dil perseptiv informasiyanın, yəni bilavasitə ölçülə bilməyən informasiyanın təsvir sistemi kimi başa düşülür.

 "Kitabi-Dədə Qorqud" mətnində qeyri-səlis məntiqin epistemoloji sütununun köməyi ilə üzə çıxarılan nümunələr ("tövlə-tövlə atlar, altun-axça, qatar-qatar dəvələr...) həm də onu göstərir ki, qədim oğuzlarda düşüncə dərinliyində reallıq və qeyri-reallıq öz sərhədləri ilə bir-birindən kəskin fərqlənmir, onlar yumşaq şəkildə bir-birinə keçə bilər.

Nəhayət, 9-cu fəsil "Qeyri-Səlis Məntiqin Münasibətlər Faseti və Kitabi-Dədə Qorqud" adlanır. Burada "əgər....onda" tipli qaydaların yaratdıqları qeyri-səlislikdən bəhs olunur.

Qeyri-səlis məntiqin asılılıq faseti "əgər...sa/sə...o zaman" sxemi üzrə baş verir.

Qeyri-səlis məntiqin münasibətlər sütunu dedikdə, müxtəlif situasiyalarda nəzərdən keçirilən çoxluqların müəyyən elementlərinin hansısa şəkildə bir-biri ilə necə sıx bağlı olduqları nəzərdə tutulur.

Qeyri-səlis nəzəriyyədə qeyri-səlis münasibətlər çox mühüm konsepsiyadır. "əgər...sa/sə...o zaman..." sxemi ilə reallaşan bu münasibətlərdən bir çox sahələr üzrə real həyat proseslərinin araşdırılmasında geniş istifadə olunur.

Müəlliflər, bu çox maraqlı əsəri nəticə ilə deyil, nəticə əvəzi ilə bitirir. Bu cür yanaşmanın özündə də qeyri-səlislik məqamı var. Onlar sanki tədqiqatdan nəticə çıxarmağı oxucunun öhdəsinə buraxırlar.

Nəticə əvəzi hissəsində müəlliflər "Kitabi-Dədə Qorqud" mətninə qeyri-səlis məntiq rakursundan baxılmasının səbəblərini açıqlayırlar. Əsas səbəb qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Azərbaycan-Amerika alimi Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsinin prinsiplərinin ilk öncə sosial elmlərə, bu baxımdan filoloji elmlərə tətbiq olunması arzusu ilə əlaqəlidir.

Başqa bir səbəb "Kitabi-Dədə Qorqud" mətnində qədim əcdadımızın düşüncə tərzinin formalaşmasını izləmək, bu düşüncə tərzinin tolerantlığa və demokratik düşüncə tərzinə nə dərəcədə meyilli olduğunu araşdırmaqdır.

Daha bir səbəb qeyri-səlis məntiq prinsiplərinin hər hansı bədii mətnə tətbiqi imkanlarının sınaqdan keçirilməsi məqsədi daşıyırdı.

Müəlliflər belə hesab edirlər ki, nağıllarımızdan, dastanlarımızdan, folklor abidələrimizdən, hətta müasir ədəbiyyatımızdan hər hansı bir nümunəyə qeyri-səlis məntiq prinsiplərinin tətbiqi qədim əcdadımızın və müasirimizin təfəkkür tərzində demokratik çalarların obyektiv və təbii şəkildə mövcudluğunun öyrənilməsi baxımından əhəmiyyətlidir.

Qeyri-səlis məntiqin əsas ideoloji prinsipi olan geniş seçim imkanı və demokratik yanaşma tərzi (tolerantlıq) xalqımıza zaman-zaman xas olmuş əbədi bir dəyərin təzahürü kimi dilimizdə müxtəlif ifadələrlə daşlaşmış, əcdadımızın həyat tərzinin bu aparıcı xəttini bu günümüzə qədər gətirmişdir. Müəlliflər ümid edirlər ki, bu monoqrafiya həm qorqudşünaslar, həm də süni intellekt, informasiya nəzəriyyəçiləri, məntiq mütəxəssisləri üçün eyni dərəcədə maraqlı olacaq.

Kamal Abdulla və Rafiq Əliyevin qeyri-səlis məntiqin banisi Lütfi Zadənin əziz xatirəsinə həsr etdikləri və dünyanın ən məşhur və nüfuzlu nəşriyyatında ingilis dilində nəşr olunmuş "Kitabi-Dədə Qorqud və Qeyri-Səlis Məntiq" monoqrafiyası hər iki görkəmli alimin birgə əməyinin uğurlu nəticəsi və bütövlükdə Azərbaycan elminin nailiyyəti kimi səciyyələndirilə bilər.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!