Rəna Rüfətqızının "Ay işığı" romanı barədə düşündüklərim
Rəna Rüfətqızının yaradıcılığı müasir Azərbaycan ədəbiyyatında motivasiya, psixoloji özünüdərk və şəxsi inkişaf mövzularının bədii ifadəsi baxımından özünəməxsus yer tutur. İki kitab müəllifi olan yazarın həm Azərbaycan, həm də Qərb mediasında, eləcə də sosial şəbəkələrdə fəal olması onun oxucu auditoriyası ilə birbaşa ünsiyyət qurmasına imkan verir. Eyni zamanda, "Aesthete" sağlamlıq jurnalının təsisçisi və baş redaktoru kimi fəaliyyəti müəllifin publisistik üslubunu genişləndirir. Jurnalda təqdim olunan mövzular - insanların özünü və ətrafını sevməsi, "sağlam bədəndə sağlam ruh olar" prinsipi əsasında həyat tərzi - müəllifin şəxsi fəlsəfəsini və dünyagörüşünü əks etdirir.
Rəna Rüfətqızının 2022-ci ildə nəşr olunmuş "Şans, yoxsa iradə?" adlı kitabı daxili inkişaf, iradə gücü və mənəvi təkamül mövzularını sistemli və ardıcıl şəkildə izah etməsi ilə oxucular tərəfindən böyük rəğbətlə qarşılanmışdı. Kitabda "Pis vərdişləri yaxşı ilə əvəz etmək", "Özünəinam", "Mənəvi keyfiyyətlərin inkişafı", "Qəzəbə nəzarət", "Komplekslərdən azad olmaq" və digər mövzular sistemli şəkildə təhlil olunur. Bu isə müəllifin yanaşmasının elmi əsaslara söykəndiyini, analitik düşüncə tərzinin isə yetkinliyini nümayiş etdirir. Bu baxımdan, Rəna Rüfətqızının yaradıcılığı həm də insanın daxili potensialının reallaşdırılması, özünüsevmə və özünəgüvən anlayışlarının psixoloji, sosial və mədəni aspektlərdən izahına yönəlmiş çoxşaxəli tədqiqat nümunəsi kimi dəyərləndirilə bilər.
Mən bu yazımda Rəna xanımın bədii nəsrindən - "Ay işığı" romanından danışmaq istəyirəm. Romanda müəllif insanın öz daxili işığını tapması, qaranlıqla mübarizəsi və nəhayət, ruhi sabitliyə qovuşması kimi mövzuları simvolik müstəvidə açır. Əsərin qəhrəmanı Ayşa, iş həyatında uğur qazanmış, ali təhsilli və güclü iradəyə malik bir xanımdır. Lakin şəxsi həyatı, xüsusilə, sevgi münasibətləri baxımından çətinliklərlə doludur. Qəhrəmanın atası dünyasını erkən dəyişmiş, onu anası tərbiyə etmişdir. Bu psixoloji fon əsərdə Ayşanın daxili mübarizəsini və şəxsiyyətinin formalaşmasını dərinləşdirir.
Romanın əsas mövzularından biri sosial bərabərsizlik və onun şəxsi münasibətlərə təsiridir. Ayşanın sevgi münasibətləri imkanlı ailənin oğlu Zeyn ilə bağlıdır, lakin bu münasibət həm sosial fərqlər, həm də bəzi xarakterlərin müdaxiləsi səbəbindən çətinliklərlə üzləşir. Bu elementlər müəllifin hadisələri yalnız şəxsi dram kimi deyil, həm də sosial kontekstdə izah etmək bacarığını göstərir.
Bədii quruluş baxımından əsər həm lineer, həm də qeyri-lineer xronologiya ilə irəliləyir və qəhrəmanın iç dünyasına fokuslanır. Ayşanın qarşılaşdığı maneələr və daxili konfliktlər onun psixoloji portretini və sosial mühitin təsvirini ortaya qoyur, eyni zamanda müəllifin analitik və müşahidəçi bacarıqlarını nümayiş etdirir. Bu baxımdan əsər oxucu üçün maraqlı olmaqla yanaşı onu düşünməyə vadar edir.
Rəna Rüfətqızının dili sadə, poetik və axıcıdır. O, bədii təsvirlərlə psixoloji müşahidələri ustalıqla birləşdirərək oxucu ilə emosional əlaqə yaradır. Romanın strukturu, hadisələrarası keçidlər və dialoqlar isə mətnə həm dinamika, həm də ritmik axıcılıq qazandırır. Müəllifin esse üslubundan gələn analitik yanaşması personajların düşüncə xəttini daha aydın və əsaslandırılmış şəkildə təqdim edir.
Əsərin mərkəzində duran qəhrəman Ayşa, gözəlliyi ilə diqqət çəkən bir xanım olsa da, sonda gözəlliyin xoşbəxtlik gətirmədiyini dərk edir. Müəllifin əsərdə istifadə etdiyi psixoloji dialoqlar - qəhrəmanın özü ilə etdiyi daxili monoloqlar - oxucunu Ayşanın mənəvi sarsıntılarına və həyat dərslərinə yaxınlaşdırır. Məsələn: "Bəzən eşitmək istədiyin, amma yalan hesab etdiyin söz belə səni sağalda bilər. Dürüstlük acıdır, amma realdır. Bir dəfə incidir, sonra qaysaqlanır və bir daha qanamır. Lakin onu qəbul etmək üçün cəsarət lazımdır." Və yaxud "Ən şəxsiyyətsiz, ən mənəviyyatsız insan belə bir anın içində qəhrəman ola bilər. Amma hər kişi ləyaqətli ola bilməz. Ləyaqətli olmaq üçün bir ömür lazımdır". Və ya "Hə, nə olsun ki, gözələm, nə olsun axı" kimi düşüncələr oxucuya yalnız xarici hadisələri deyil, həm də qəhrəmanın daxili dünyasını, sosial və şəxsi reallıqları əyani şəkildə göstərir. Bu xüsusiyyət, həmçinin müəllifin fikirlərini real həyatdan götürərək oxucuya əyani şəkildə göstərmək bacarığını ortaya qoyur. Mənim bir zamanlar yazdığım "Gözəllər bəxtəvər deyil, bəxtəvərlər gözəldir" başlıqlı essemi xatırladan Ayşa obrazı ilə Rəna Rüfətqızı düşüncələri yalnız sözlə deyil, həm də bədii təsvir vasitəsilə ifadəetmə qabiliyyətini nümayiş etdirir.
Rəna Rüfətqızının romanında diqqət çəkən məqamlardan biri də obrazların həyat təcrübəsi nəticəsində xarakterlərində baş verən dəyişikliklərdir. Xüsusilə, mənfi obraz kimi təqdim olunan Ceyrin (Ayşanın rəfiqəsi) romanın sonlarına doğru həyatın reallığını dərk edir, etdiyi pisliklərə görə peşman olur və daxili ağrı və əzablarını açıq şəkildə ifadə edir. Həyatla barışmayan, etdiyi səhvlərdən yorulan və Ayşanın sevdiyi oğlanla ailə qurmasından sonra sevginin pulla ölçülmədiyini dərk edən Ceyrin, bu prosesdə dərin psixoloji böhran və çıxılmazlıq yaşayır. Nəticədə o, ata-anasına, əri Zeynə, rəfiqəsi Ayşaya və həyata ünvanladığı məktublarla daxili iztirablarını ifadə edərək həyatla vidalaşır. Ayşaya yazdığı məktubdan: "Ayşa, səssiz ağlamaq bilirsən, nədir? Səssiz ağlamaq... hıçqırıqsız... sözsüz, sadəcə ağlamaq. Otağın qaranlıq bir küncünə sürünmək... Gecə... hamı yatarkən... ruhun belə səni görmür, eşitmir. Bilmir ki, sən həqiqətən, belə kiçik, müdafiəsiz və zəif məxluqsan..." Bu son məktub, son üzrxahlıq göstərir ki, başqalarını sevməyən insan da həyatın ağır reallığı ilə üzləşdikdə daxili yanğı və əzab yaşayır. Ceyrinin dəyişimi, iç sarsıntısı və peşmançılığı əsərin psixoloji dərinliyini artırır, oxucuda həm empatiya, həm də insan təbiətinə dair refleksiya yaratmağa xidmət edir.
Bu məktublar arasında xüsusilə diqqət çəkən isə məhz həyata ünvanlanmış məktubdur. Məktubda Ceyrin duyduğu kədər və hiddəti sanki bütün bədbəxtlərin dili ilə yazır: "Nə qəribəsən sən, həyat. Yaşadırsan yaşatmağına, amma içimizə elə bir hiss salırsan ki, sevmədən-sevilmədən yaşaya bilmirik... Mənə hər şey verdiyin, amma illər uzunu özümü heç nəsiz hiss etdiyim üçün günahkarsan! Səni bağışlamayacam. Və içimdə olan dərdimi heç kimə danışa bilmədiyim üçün səni bağışlamayacam. Səni qoyub gedirəm, bunun nə qədər ağır olduğunu hiss etməyin üçün səni qoyub gedirəm". Bu məqamda bir anlıq dayanırsan və özün-özünə sual verirsən: Ən böyük intiqam sadəcə getməkdir? Və əsərin təsiri altında elə özün-öz sualına cavab da verirsən. "Bəli, ən böyük intiqam sadəcə getməkdir!"
Ceyrinin bu məktubu mənə Tolstoyun "Anna Karenina" romanının açılış cümləsində yer alan fikirləri xatırlatdı: "Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, hər bədbəxt ailə isə öz bədbəxtliyində fərqlidir". Eyni zamanda bu məktub mənfi obrazın iztirablarını və həyatla mübarizəsini oxucuya hiss etdirir və onu sadəcə tənqid obyektinə çevirmir, qəhrəmanın xarakterindəki çatışmazlıqların haradan qaynaqlandığını izah edir. Müəllif özünün yaratdığı bu mənfi obraza qarşı şəfqət və anlayışla yanaşır, oxucuya isə insan təbiətinin mürəkkəbliyini dərinliklə hiss etdirməyi bacarır və sübut etməyə çalışır ki, əslində pis insan yoxdur, həyatın pisliyə doğru dəyişdirdiyi çarəsizlər var.
Romanın ən təsirli aspektlərindən biri ana-ata sevgisinin, övlada bağlılığın, ailə institutunun mənəvi dayaqları kimi təqdim olunmasıdır. Əsərdəki ana obrazı həm qəhrəmanın psixoloji dayağı, həm də romanın emosional dinamikasını formalaşdıran əsas mərkəzlərdən biridir. Fədakarlıq, sədaqət və mənəvi dözümlülük motivləri müəllifin incə bədii müşahidələri ilə tamamlanaraq mətnə lirizm və həyat fəlsəfəsi qatır. Bununla yanaşı, müəllif valideyn-övlad münasibətlərinin mürəkkəbliyindən də söz açır. Çoxumuzun ehtiyat etdiyi bir məsələyə toxunan və aydınlıq gətirən yazar qeyd edir ki, valideynlər, hətta ən yaxşı niyyətlə, övladlarının həyatına qarışaraq onları bədbəxt edə bilərlər: "Anaların ən böyük arzusu övladlarının xoşbəxtliyidir. Təəssüf ki, ana-ataya xoşbəxtlik kimi görünən bəzi məqamlar hərdən övladlara xoşbəxtlik gətirmir". Bu fikirlər müəllifin psixoloji müşahidə qabiliyyətini və ailə münasibətlərini dərindən təhlil etmək bacarığını göstərir. Oxucu burada yalnız xarakterlərin davranışlarını izləməklə qalmır, həm də valideynlərin və övladların psixologiyası arasındakı ziddiyyətləri görür və bu məsələ üzərində düşünməyə təşviq olunur.
Əsərin sonunda qəhrəmanımız Ayşa azadlığını tapır və bu azadlıqdan sonra həqiqi xoşbəxtliyə çatır. Romanda vurğulanan ideyalardan biri də budur: xoşbəxtlik azad olmaqdır.
Rəna Rüfətqızının əsərində yalnız qəhrəmanın həyat hekayəsi deyil, eyni zamanda müəllifin şəxsi həyat dərslərindən və müşahidələrindən əldə etdiyi fikirlər də önəmli yer tutur: "Ümid bədbəxtlərin ikinci ruhudur", "Sevgi insan ruhunun xəstəliyidir, həm də xoşbəxtliyi", "İtki ölümdən ağırdır. Çünki ucunda ümid var. Və hər dəfəsində ümidin boşa çıxması var.", "Cismə toxunmaq hər kişinin işidir, ruha toxunmaq isə ürək istər", "Xoşbəxtlik sevgi deyilmiş, xoşbəxtlik var-dövlət də deyilmiş, xoşbəxtlik azad olmaq imiş", "Ümid həyatda ən son bitən hiss, sevgi sağalmayan ruhi xəstəlikdir", - bu qənaətlər həm psixoloji, həm də fəlsəfi baxımdan əsərə dərinlik qatır.
İxtisasca həkim olan müəllifin tibbi biliklərdən ustalıqla istifadə etməsi romanda həm maarifləndirici, həm də realist təsvir qatının formalaşmasına xidmət edir. Zərərli vərdişlərin insan sağlamlığına təsirinin elmi əsaslarla izah edilməsi bədii mətndə informasiya balansını yaradır və müəllifin bu sahədə də peşəkarlığını ön plana çıxarır.
"Ay işığı" romanının digər seçilən özəlliyi Rəna Rüfətqızının Avropa ölkələrinə etdiyi səyahətlərin təsviri-estetik səviyyəyə yüksəldilməsidir. Müəllif burada sadəcə məlumat təqdim etmir, Avropa şəhərlərinin mədəniyyətini, tarixi memarlığını və həyat ritmini həm təsvirçi realizm, həm də müşahidə prizmasından təqdim edərək, mətnə faktoloji zənginlik və bədii dinamika əlavə edir.
Rəna Rüfətqızının rəngarəng daxili aləmi həm publisistik üslubunda, həm nəsrində, həm də yaratdığı rəsm əsərlərində əks olunur və bu, onun çoxşaxəli yaradıcılıq imzasının formalaşmasına şərait yaradır.
Beləliklə, "Ay işığı" romanı Rəna Rüfətqızının həm psixoloji, həm sosial, həm də estetik baxımdan məharətlə qələmə aldığı bir əsərdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
