Ölümün fövqündə: Pərvanə Bəkirqızının posthum nəşrləri - Vüsalə MUSALI

 

Adı, soyadı

Açılır mötərizə,

Doğduğu il, tire, öldüyü il, bitdi,

Bağlanır mötərizə.

O indi kitablarda bir ad, bir soyad,

Bir mötərizə içində doğum, ölüm illəri.

Ya səhifə altında, ya da bir az irəlidə

Əsərləri, nə zaman nəşr olunduğu

Qısa, uzun bir siyahı,

Kitab adları

Can verən quşlar kimi əlinizdə.

Mötərizə içindəki tire

Nə varsa, orda,

Ümidi, qorxusu, göz yaşı, sevinci,

Nə varsa, orda.

O indi kitablarda

Bir tirelik yerdə əsir.

 

Behçet NECATİGİL

 

Behçet Necatigilin "Kitablarda ölmək" şeiri insan ömrünün bioqrafik göstəricilərlə - ad, soyad, doğum və ölüm tarixləri ilə - ifadə olunmasının məhdudluğunu poetik müstəvidə açır. Şeirdə mötərizə içindəki tire, iki tarix arasındakı sadə zaman göstəricisi deyil, insanın yaşadıqları, hissləri və mənəvi dünyası ilə dolu bütöv bir ömür yolunun rəmzi kimi təqdim olunur. Şair bu yolla fiziki varlığı sona çatan insanın mətn və kitab vasitəsilə davam edən mövcudluğuna diqqət çəkir.

Bu düşüncə xətti 13 fevral 2025-ci ildə itirdiyimiz f.e.d. Pərvanə Bəkirqızı İsayevanın (1969-2025) vəfatından sonra nəşr olunan elmi məqalə və kitabları ilə məna baxımından səsləşir. Alimin adı artıq tərcümeyi-halında mötərizə içində yer alsa da, onun elmi irsi, araşdırmaları və metodoloji yanaşmaları əsərləri vasitəsilə elmi dövriyyədə yaşamaqdadır. P.İsayevanın yaradıcılığı B.Necatigilin şeirində ifadə olunan "kitablarda qalmaq" anlayışının konkret və real təcəssümünə çevrilir. Onun ömür yolu tərcümeyi-halındakı bir tire ilə (1969-2025) məhdudlaşmır; əksinə, kitab və məqalələrdə yaşayaraq öz mövcudluğunu qoruyur.

Posthum (lat. posthumus) termini müəllifin vəfatından sonra işıq üzü görən əsərləri və elmi irsi ifadə edir. Elmi baxımdan bu anlayış, tədqiqatçının fiziki varlığı sona çatsa da, onun düşüncə sistemi, metodoloji yanaşmaları və elmi təsirinin zamanla davam etdiyini göstərir. Posthum nəşrlər alim irsinin qapalı və yekun bir bütöv olmadığını, əksinə, sonrakı mərhələlərdə də oxunan, şərh edilən və elmi dövriyyədə yaşayan bir dəyər kimi mövcudluğunu qoruduğunu ortaya qoyur. Bu mənada, posthum anlayışı elmi fəaliyyətin bioloji ömürlə məhdudlaşmadığını ifadə edən termin kimi işlədilir.

Vəfatından sonra nəşr olunan kitab və məqalələr Pərvanə İsayevanın elmi fəaliyyətində əsas yer tutan metodoloji yanaşmaların və fənlərarası tədqiqat istiqamətinin sonrakı mərhələdə də davam etdirildiyini göstərir. Bu nəşrlər alimin elmi yaradıcılığının yekun mərhələsini əks etdirən mühüm mənbələrdir. Onun tədqiqatları, xüsusilə, mifoloji və poetik ünsürlərin bədii mətn kontekstində təhlili sahəsində, milli ədəbi irsin elmi əsaslarla öyrənilməsinə mühüm töhfələr vermişdir. P.İsayeva araşdırmalarında yalnız nəzəri biliklərlə kifayətlənməmiş, eyni zamanda Azərbaycan ədəbiyyatının mədəni yaddaşının və mifoloji qatlarının dərinləşdirilməsinə yönəlmiş konseptual yanaşmalar irəli sürmüşdür.

Pərvanə Bəkirqızı İsayeva elmi fəaliyyətə 1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərində başlamışdır. Bu mərhələ Azərbaycan cəmiyyətinin ictimai-siyasi həyatında köklü dəyişikliklərin baş verdiyi bir dövrə təsadüf edir. Sovet İttifaqının süqutu, müstəqillik uğrunda mübarizə və Birinci Qarabağ müharibəsi ölkənin ictimai, mədəni və elmi mühitinə ciddi təsir göstərmişdir. Sözügedən tarixi proseslər Azərbaycan ziyalılarının dünyagörüşünün, elmi mövqelərinin və tədqiqat istiqamətlərinin formalaşmasında mühüm rol oynamış, elmi düşüncədə milli kimlik, tarixi yaddaş və mədəni irs problemlərinin aktuallaşmasına zəmin yaratmışdır. Müstəqillikdən sonrakı mərhələdə elm və təhsil sahəsində əsaslı struktur dəyişiklikləri həyata keçirilmiş, sovet ideoloji çərçivəsindən uzaqlaşmaq, milli elmi düşüncə sistemini formalaşdırmaq və beynəlxalq elmi mühitə inteqrasiya əsas məqsədlərdən birinə çevrilmişdir. Bu kontekstdə təhsil və elmin milli kimliyin qorunması və inkişafındakı rolu xüsusi əhəmiyyət kəsb etmişdir. Yeni elmi nəsil qarşısında bir tərəfdən, tarixi irsi yaşatmaq, digər tərəfdən isə, müasir metodoloji yanaşmalar əsasında milli ədəbiyyatşünaslığı inkişaf etdirmək vəzifəsi dayanmışdır. Pərvanə Bəkirqızı İsayeva məhz müstəqillik dövründə formalaşan alimlər nəslinin nümayəndəsi kimi, elmi fəaliyyətində Azərbaycan ədəbiyyatşünaslığının yeni nəzəri istiqamətlərinin inkişafına yönəlmiş tədqiqatları ilə seçilir.

Pərvanə Bəkirqızının vəfatından bir ay sonra onun elmi irsini əks etdirən nəşrlərdən biri Ankarada Qazi Yayınevi tərəfindən çap olunmuş "Mifo-poetik və filoloji düşüncədə mif konsepsiyaları" adlı kitabdır. Əsər ədəbiyyat və mifologiya arasındakı əlaqələrin nəzəri əsaslarını araşdıran elmi tədqiqatdır. Kitabda Azərbaycan ədəbiyyatında mifo-poetik düşüncənin əsas cizgiləri izlənilir, mifin ədəbi təfəkkürdə tutduğu yer və funksiyası müxtəlif nəzəri yanaşmalar əsasında təhlil olunur. Müəllif mifoloji ünsürləri bədii mətnin struktur komponenti kimi dəyərləndirir və onların ədəbi düşüncənin formalaşmasında oynadığı rolu göstərir. Əsər beş bölmədən ibarətdir.

Birinci bölmədə mifin ədəbi və poetik təhlili ilə bağlı əsas nəzəri yanaşmalar təqdim olunur. İkinci bölmədə mifin ədəbiyyatda yeni formalarda təzahürü və mədəni kontekstdə funksiyası müzakirə edilir. Üçüncü bölmə arxetiplərin və neo-mifoloji yanaşmaların ədəbiyyatda tətbiqinə həsr edilmişdir. Dördüncü bölmədə XX əsrdən bu günə qədər ədəbiyyatda mifoloji ünsürlərin istifadəsi izlənilir. Son bölmədə isə mifologiya və arxetiplərin bədii mətnlərdəki ümumi rolu qısa şəkildə ümumiləşdirilir. Kitabın nəticə hissəsində mifologiyanın müasir ədəbiyyatşünaslıq üçün əhəmiyyəti barədə ümumi qənaətlər irəli sürülür. Əsər Türkiyə türkcəsinə professor Vüsalə Musalı tərəfindən tərcümə edilmişdir.

Pərvanə Bəkirqızı İsayevanın vəfatından sonra nəşr olunan digər elmi məqaləsi "Bədii mətnin sinergetik quruluşu: Nizami Gəncəvinin "İsgəndərnamə"sində Həzrət Xızır" adlanır. Sözügedən məqalə Türkiyədə "Edeb Erkan" elmi-nəzəri jurnalının 2025-ci il, 7-ci sayında dərc edilmişdir (s. 27-45). Bu tədqiqat alimin elmi yaradıcılığında mühüm yer tutan mifopoetik və sinergetik yanaşmanın davamı kimi diqqəti cəlb edir.

Məqalədə Nizami Gəncəvinin "İsgəndərnamə" məsnəvisində yer alan Xızır obrazı sinergetik yanaşma əsasında araşdırılır. Tədqiqatın əsas məqsədi Xızırın mifoloji statusunu, funksional xüsusiyyətlərini və bədii mətn kontekstində tutduğu mövqeyi müəyyənləşdirmək, eləcə də mitoloji obraz və motivlərin mətn daxilində yayılma formasını və mürəkkəb sistemdə oynadığı rolu təhlil etməkdən ibarətdir.

Pərvanə İsayeva vəfatından sonra da elmi irsi ilə elmi dövriyyədə yer almaqda davam etmişdir. Onun tədqiqatlarından biri nüfuzlu Brill nəşriyyatında işıq üzü görmüşdür (2025). "Synergetic Aspects of the Artistic Text Based on Nizami's İskandar-Nama" adlı məqalə "Exploring İntersections between Nizami and Dante" adlı kollektiv monoqrafiyanın VIII fəslində dərc olunmuşdur (s.142-158). Məqalə Nizami Gəncəvinin "İsgəndərnamə" poemasının müasir ədəbi-nəzəri yanaşma əsasında təhlilinə həsr edilmişdir. Müəllif burada bədii mətn daxilində mifoloji obraz və motivlərin çoxşaxəli inkişafını, mifin informativ və ornamental imkanlarını mürəkkəb və açıq sistem kimi araşdırır. Tədqiqatın əsas metodoloji əsasını sistemli-sinergetik yanaşma təşkil edir. Müəllif mifoloji obrazı və motivi bədii mətn daxilində dissipativ şəkildə yayılan, özünü qoruyan və bərpa edən struktur kimi nəzərdən keçirir. Bu baxımdan mif yalnız süjet və ya obraz səviyyəsində deyil, həm də mətnin daxili nizamını formalaşdıran, onun semantik qatlarını əlaqələndirən əsas mexanizm kimi təqdim olunur.

Pərvanə Bəkirqızının vəfatından sonra "Ədəbiyyat qəzeti"ndə onun "Mifin bir qısa tərifi" adlı məqaləsi  də dərc olunmuşdur (2025). Sözügedən yazıda müəllif mif anlayışına nəzəri və fəlsəfi baxımdan yanaşaraq, bu məfhumun sadə və birtərəfli izahla məhdudlaşdırılmasının mümkün olmadığını əsaslandırır. Məqalədə mif insanlığın minilliklər boyu həqiqət və məna axtarışlarını əks etdirən rəmzi düşüncə forması kimi təqdim olunur və onun mədəni yaddaşın formalaşmasındakı rolu vurğulanır.

Pərvanə Bəkirqızının vəfatından sonra çap olunan kitab və məqalələr onun elmi baxışlarının konseptual bütövlüyünü və ardıcıllığını aydın şəkildə ortaya qoyur. Bu nəşrlər alimin elmi fəaliyyətinin vəfatı ilə məhdudlaşmadığını, nəşr olunmamış əsərlərinin işıq üzü görməsi sayəsində elmi dövriyyədə yer aldığını təsdiqləyir. Pərvanə Bəkirqızının posthum nəşrləri göstərir ki, alim üçün son söz ölüm deyil, mətnin yaşamaq gücüdür.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!