Pərvanə Bəkirqızının anım günü

 

13 fevral filologiya elmləri doktoru, ədəbiyyat nəzəriyyəçisi, mifşünas alim, mifopoetikanın incəliklərinə dərindən bələd olan, bu sahədə ciddi elmi axtarışları və tədqiqatları ilə seçilən Pərvanə Bəkirqızı İsayevanın (1969-2025) anım günüdür. Pərvanə xanımın Azərbaycan filologiyasının, eləcə də humanitar düşüncəsinin inkişafında xidməti danılmazdır. Konkret və lokal mövzularla məhdudlaşmayan tutum, multidisiplinar metodologiya, filologiyanın təbiət və dəqiq elmlərlə kəsişmə nöqtələrinə həssaslıq, sistemli yanaşma onun elmi dünyagörüşünün əsas göstəriciləridir. Pərvanə Bəkirqızı "Azərbaycan ədəbiyyatşünaslığında faciə janrının tədqiqi problemləri" (2003) mövzusunda namizədlik və "XX əsr Azərbaycan ədəbiyyatının bədii strukturu və mifopoetik təfəkkür (nəsr və dramaturgiya əsasında)" (2016) mövzusundakı elmlər doktorluğu dissertasiyalarının müəllifidir. Onun "XX əsr Azərbaycan dramaturgiyasında İblis obrazının dini-mifoloji qaynaqlarına dair", "Dastan poetikası və nəsr", "Mifopoetika və filoloji fikirdə mif konsepsiyaları", "Mifopoetika və XX əsr Azərbaycan ədəbiyyatının poetik strukturu", "Faciə janrının poetikası və tədqiqi problemləri", "Mito-poetik ve filolojik düşüncede mit konseptleri" və s. monoqrafiya və məqalələri bu gün də filoloji fikrin əsas istinad qaynaqları olmağa davam edir. Elmi əsərlərində faciə, mif, poetika, simvol, arxetip, struktur, mifopoetik təfəkkür, sinergetika, sinergetik enerji və s. terminlərin işləkliyi Pərvanə Bəkirqızının tədqiqat trayektoriyasının genişliyini və dərinliyini göstərir. Bu miqyas detalda bütövün harmoniyasını, bütövdə detalların xaotikliyini görə bilən, bu ikisi arasında sinergetik enerjini kəşf etməkdən zövq alan elmi erudisiyanın ifadəsidir. Pərvanə Bəkirqızı mətnləri şərh etməklə kifayətlənmir, mifi düşüncə modeli kimi dərk edir və bu model vasitəsilə ədəbiyyata, mədəniyyətə və insana yanaşmanın mümkünlüyünü göstərirdi. İfadə tərzi sakit və dəqiq idi. Yazısında və nitqində fikir tələsmir, haçalanmır, sözlər ölçülü, məntiqli ardıcıllıqla qurulurdu. Terminlərdən yerində və ustalıqla istifadə edirdi. Onun dəqiqliyini müşahidə edən sakitliyi isə emosional durğunluq olmayıb, düşüncəsinin aydınlığı və daxili nizamı ilə ölçülürdü. Mifin semantik qatları, mifoloji obrazların transformasiyası, ölüm və ölümsüzlük anlayışlarının mifopoetik təfəkkürdə yeri, simvolik varlığın tarixi varlıqdan fərqi kimi mövzular ətrafında söhbətlərindəki yaşadığı şövqü hiss etdirməkdən qaçınmazdı.

Pərvanə Bəkirqızının mifdə ölüm haqqında fikirləri, əslində, insanın düşüncə daxilində necə yaşadığını izah edən bir modeldir. Mifdə qəhrəman öldüyü anda zamanın içindən çıxır, artıq tarixi mövcudluğa malik olmur, simvolik mövcudluğu başlayır. O, yaddaşda, düşüncədə, mətndə, mənalar sistemində yaşamağa davam edir. Bu artıq xatirələr səviyyəsində yaşamağın sərhədlərini aşmaq, özü-özünü yaşadan struktura çevrilməkdir. Prosesin baş tutması üçün fiziki yoxluğun düşüncədəki varlığın yanında kiçilib yox olması lazımdır. Qısa ömrünə rəğmən, şəxsiyyəti, vətəndaşlıq mövqeyi, peşəkarlığı, humanitar-filoloji fikirdə tutduğu yer, bütövlükdə həyatı və elmi fəaliyyəti ilə Pərvanə Bəkirqızı mənalar dünyasında yaşamaq haqqını qazanmış nadir insanlardandır. Ədəbiyyatşünaslıq elminin mürəkkəb labirintlərində, xüsusilə ədəbiyyat və mif arasındakı çoxqatlı və tərs-düz əlaqələri araşdırmağa çıxan hər bir tədqiqatçı Pərvanə Bəkirqızı imzası ilə mütləq qarşılaşır və qarşılaşmağa da davam edəcək. Onun imzası həmin labirintdə yolunu itirənlər üçün Ariadnanın ipi rolunu oynayır. Ədəbiyyatı yalnız estetik hadisə kimi deyil, mədəni yaddaşın və mifoloji şüurun struktur daşıyıcısı kimi oxumaq istəyən hər kəsə ustalıqla yol göstərə bilir. Mətnin gizli semantik qatlarını görünən edib düşüncə mədəniyyətini formalaşdırır. Pərvanə Bəkirqızının elmi irsi ciddi və peşəkar ədəbiyyatşünaslığın ayrılmaz tərkib hissəsi və qaynağıdır.

Pərvanə Bəkirqızının aramızdakı fiziki yoxluğundan bir il ötür. Lakin o, zehni aydınlığı, elmi nəfəsi və düşüncə enerjisi ilə bizimlə yaşamağa davam edir. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsi olaraq Pərvanə xanımı dərin ehtiramla anır, xatirəsini və yaddaşımızdakı yerini əziz və əvəzolunmaz hesab edirik.

Ruhunuz şad olsun, əziz Pərvanə xanım!

 

AMEA Nizami Gəncəvi adına

Ədəbiyyat İnstitutu Ədəbiyyat

nəzəriyyəsi şöbəsinin fil.e.d., prof.

Tahirə Məmməd və şöbə əməkdaşları

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!