Nədən Bakı? - Nuridə Novruzova (Səməd)

"Şimal küləyi"nin əsintisindən öncəki Bakı

 

I məqalə

 

XX yüzilin əvvəllərində Bakı şəhəri türk dünyasının elmi və mədəni mərkəzlərindən biri və fərqli türk yurdlarından gəlmiş alim və ziyalıların toplandığı tək şəhər idi. O dövrün mürəkkəb siyasi, hərbi hadisələri, iqtisadi çətinlikləri fonunda Bakı işləmək və elmi fəaliyyət üçün daha münasib mühiti olan bir məkan idi. Bakı Universitetinin açılması (1919) səbəbi ilə fərqli türk yurdlarından Bakıda dərs demək üçün dövrün tanınmış adamları dəvət edilmişdi. XX yüzilin əvvəllərində Bakı şəhərində bütün türk dünyasını əhatə edən və bu xalqların taleyüklü problemlərini müzakirə etmək, yeni yüksəliş yolunu müəyyən etmək üçün müxtəlif sahəni öyrənən elm adamları bir yerə toplana bilmişdi.

Bakı Universitetində dərs deyən və "Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti"nin dəvət etdiyi o dövrün tanınmış elm adamları müxtəlif türk yurdlarını təmsil edirdi. XX əsrin əvvəllərində Bakının türkoloji mərkəzə çevrilməsində "Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti"nin fəaliyyəti əvəzsizdir. 1923-cü ildə bir qrup ziyalının təşəbbüsü ilə Bakıda türk dilini, ədəbiyyatını, mədəniyyətini, tarixini, etnoqrafiyasını öyrənilmək məqsədi ilə "Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti" yaradılır. İlk olaraq tarix, etnoqrafiya, təbiət, iqtisadiyyat bölmələri ilə fəaliyyətə başlayan Cəmiyyətdə sonralar türkologiya bölməsi də açır. XX əsrin 20-ci illərində Azərbaycanda türkoloji tədqiqatları genişləndirir və müxtəlif türk yurdlarından Azərbaycana çalışmaq üçün gələn elm adamlarının Bakıda toplanması, Azərbaycanı Öyrənən Tədqiq və Tətəbbö Cəmiyyətin (ATTC) kitabxanasının yaradılması Bakıda elmi mühiti formalaşdırır.

XX əsrin 20-ci illərinin əvvəllərində Bakıda yaradılan ATTC o dövrün nüfuzlu alimləri - V.İ.Qordlovski, İ.İ.Meşşaninov, V.V.Bartold, A.Y.Krımski, N.Y.Marr, A.N.Samoyloviç, N.İ.Aşmarin, N.İ.Juze, Zifeldt, V.P.Zummer, V.M.Sisoyev, həmçinin Türkiyədən gələn İsmayıl Hikmət, Fuad Köprülüzadə, özbək türkü olan Xalid Xocayev, Krım türkü olan B.Çobanzadə kimi alimlərin elmi fəaliyyəti ilə Bakıda türkoloji tədqiqatlar genişlənir. Elmi mühitin formalaşması ilə SSRİ-də yaşayan tanınmış türkoloqların Türkiyədə olan alimlərlə elmi əlaqələri genişlənir. Bakıda türk dili, ədəbiyyatı, tarixi, etnoqrafiyası, yazılı abidələrinin tədqiqinə aid yeni əsərlər yazılır, çap edilir. Bu elmi mühit Vəli Xuluflu, Salman Mümtaz kimi vətənpərvər, milli düşüncəli ziyalıların da yetişməsində mühüm rol oynayır.

Azərbaycanı öyrənən Tədqiq və Tətəbbö Cəmiyyətinin tarix və etnoqrafiya şöbəsinə professor A.N.Samoyloviç rəhbərlik edirdi. Onun fəaliyyətində tarix və etnoqrafiya ilə yanaşı, türk dillərinin dialekt və şivələrinin öyrənilməsinə xüsusi yer verilirdi. Həmçinin dillərin tarixi öyrənmək üçün dialekt və şivələrin toplanması və müqayisə edilməsi də vacib sayılırdı. 1923-cü ildə çuvaş türkü olan N.İ.Aşmarin Bakıya dəvət edilir. N.Aşmarin bir neçə ilə Nuxa (Şəki) şivəsinə dair zəngin material toplayır və 1926-cı ildə "Nuxa şəhəri türk xalq şivələrinin ümumi icmalı" adlı əsəri Bakıda çap olunur. Bu əsərdə N.Aşmarin ilk dəfə şivə tədqiqində müqayisəli metodu tətbiq edir və Şəki şivə əlamətlərini Azərbaycan dilinin digər şivələri və həmçinin türk, tatar, çuvaş yakut dili ilə müqayisə edir. Bu əsər Azərbaycanda türkoloji dilçiliyə aid ilk qiymətli əsər hesab edilir.    

Bakıda ərəb qrafikalı əlifbanın dəyişdirilməsi işi sürətlə getsə də, digər türk yurdlarında bu məsələyə fərqli yanaşmalar vardı. İstər Krımda, istərsə də Tatarıstanda, Qazaxıstanda və Özbəkistanda ziyalıların mövqeyi fərqli idi. Yeni əlifbanın həyata kecirilməsi təkcə Azərbaycanla məhdudlaşa bilməzdi. Ona görə ki, məqsəd yeni əlifbanı qəbul etməklə türk xalqlarını birləşdirməyə nail olmaq idi. Məhz türk xalqlarının bir-birinə yaxınlaşmasını təmin etmək üçün əsaslı islahatlardan biri əlifba ilə bağlı idi. Yeni əlifbaya keçmək mümkün qədər türk xalqlarının bir-biri ilə yaxınlaşmasını, birləşməsini təmin edə bilərdi. Ona görə də əlifba dəyişikliyi və vahid türk əlifbasının yaradılması ideyasını təbliğ etmək və bu ideyanı gerçəkləşdirmək üçün S.Ağamalıoğlunun təşəbbüsü ilə Bakıdan bir neçə nüfuzlu ziyalının iştirakı ilə Yeni Əlifba Komitəsi yaradılır. Məqsəd türk xalqları arasında mətbuat mübadiləsini həyata keçirmək üçün yeni əlifba tərəfdarları arasında təbliğatı gücləndirmək, göruşlər təşkil etmək yolu ilə tərəfdarların sayını artırmaqdan ibarət idi. Qrupa S.Ağamalıoğlu başçılıq edirdi, heyətin tərkibinə Bakıda çalışan özbək əsilli Xalid Səid Xocayev, Vəli Xuluflu, C.Məmmədquluzadə daxil edilir.

1924-cü ilin sentyabrından başlayaraq türk yurdlarını gəzən S.Ağamalıoğlu Krımda tatar türkü olan, Avropa təhsilli prof. B.Çobanzadə ilə tanış olur. Bu barədə X.S.Xocayevin 1922-25-ci illərdə qurultaya hazırlıq ərəfəsindəki böyük xidmətləri ilə onun 1928-ci ildə yazdığı və bir il sonra nəşr etdirdiyi "Xalid Səid. Yeni əlifba yollarında əski xatirə və duyğularım: Bakı-Krım-Türkmənistan və Bakı- Türkmənistan-Özbəkistan. 1929, 146 səh.)" kitabından çox qiymətli məlumatlar öyrənmək mümkündür.

"Yeni əlifba yollarında əski xatirə və duyğularım" əsəri 3 hissədən ibarətdir: 1. Bakı-Krım-Moskva; 2. Moskva-Türküstan; 3. Türkoloji qurultay. Bakı-Türkmənistan-Özbəkistan. Bakı-Krım-Moskva adlı birinci hissə "Haraya və nə üçün gedirik" yarımbaşlığı ilə başlayır və bu hissədən etibarən Xalid Səidin xatirələri fonunda qələmə alınan dövrün fövqəladə vəziyyəti və bu vəziyyətdən çıxmaq üçün keçilən yollar əks olunur.

1924-cu ilin sentyabr ayının 14-də "Yeni Əlifba Komitəsi"nin üzvləri Krıma səfər edir. Heyət üzvləri böyük əhval-ruhiyyə ilə mindikləri vaqonun içərisindəki masanın ətrafında yeni əlifbanın gələcəyi barədə söhbət edir, məsləhətləşirlər. 1924-cü il sentyabrın 9-da heyət Rostova doğru hərəkət edir, bir muddətdən sonra Krım Cümhuriyyətinə və onun mərkəzi Ağməscidə çatır. Xalid Səid Xocayev Bəkir Çobanzadə ilə burada tanış olur. Xalid Səid Xocayev əsərində yazırdı ki, Səməd Ağamalıoğlu Krımda yeni əlifba məsələsinə münasibəti Bəkir Çobanzadədən soruşur. Bəkir Çobanzadə isə ciddi bir vəziyyət alaraq burada yeni əlifba məsələsinə münasibət barədə məlumat verir. Qeyd edir ki, Krımda əlifba və imla ilə bağlı gənclər arasında üç cərəyan özünü göstərir.

Birinci cərəyan tərəfdarları islahatçılardır. Onlar ərəb əlifbasının üzərində müəyyən islahatların aparılmasının tərəfdarıdırlar. İkincilər latın əlifbasının tərəfində olanlardır. Üçüncülər isə rus əlifbasının (yəni kirilin) tərəfdarlarıdır.

Bəkir Çobanzadənin bu məlumatından sonra Səməd Ağamalıoğlu deyir ki, ərəb və rus əlifbasının tərəfdarlarının fikri mənasız fikirdir. Krımlılar yeni əlifbanı qəbul edəcəklər. Xalid Səid qeyd edir ki, Səməd Ağa bu fikrini çox qətiyyətli və inamlı söyləyirdi. Əlbəttə, əlifba məsələsi mühüm məsələ idi. Belə bir mühüm məsələ millətin təkamülünü gözləməklə həll oluna bilməzdi. Əksinə, bunu həll etməklə milləti təkamül etdirmək, inkişaf yoluna çıxarmaq, irəliyə aparmaq mümkün idi.

Daşkənddəki vəziyyət Səməd Ağamalıoğlunun rəhbərlik etdiyi heyətə məlum olduqdan sonra orada qalıb vaxt keçirməyə ehtiyac qalmır. Qarşıda heyəti yeni-yeni görüşlər gözlədiyi üçün Orenburq yolu ilə Qazaxıstan, Başqırdıstan, Tatarıstan ellərinə yollanmaq lazım gəlirdi. Bu barədə Xalid Səid Xocayev yazır: "Mən əfsus ki, bu səyahətdə (Qazaxıstan, Başqırdıstan, Tatarıstan ellərinə olan səyahətdə) iştirak edə bilmədim. Çünki oktyabrın yeddisi idi (1924-cü ilin oktyabr ayının 7-si), məktəblərdə artıq dərslər başlamışdı. Səməd ağadan izn alaraq Krasnovodsk yolu ilə Bakıya dönməyə məcbur oldum. Yuxarıda göstərilən üç cümhuriyyətdə görulən işlər ilə nəticələri barəsindəki məlumatı qeyd etmək vəzifəsini Xuluflu yoldaş öz öhdəsinə aldı".

Yeni əlifbaya keçmək məsələsini müzakirə etmək üçün bir qurultay keçirmək lazım gəlirdi. Ona gorə də Birinci Türkoloji Qurultayın çağırılması bir zərurətə çevrilmişdi. Türkoloji Qurultay çağırmaq ideyası gücləndikcə onun nə zaman və harada keçirilməsi məsələsi də gündəmə gəlirdi.

Krıma səfərdən sonra S.Ağamalıoğlu B.Çobanzadəni Bakıya dəvət edir. I Türkoloji Qurultayın çağırılması və təşkilatı işlərində çox fəal çalışan B.Çobanzadənin nüfuzu, elmi əlaqələri sayəsində toplantıya türk dünyasının fərqli elm adamları dəvət olunmuşdu. Beləliklə, Bakıda professor B.Çobanzadənin rəhbərliyi ilə türkoloji tədqiqatların əsası qoyulur. B.Çobanzadə Bakı Universitetində dərs deyir, terminologiya problemləri ilə məşğul olan komitəyə rəhbərlik edir, türkoloji tədqiqatların aparılmasında aparıcı rol oynayır.

XX əsrin iyirminci illərində Azərbaycanda türkoloji tədqiqatların inkişafı I Türkoloji Qurultayın keçirilməsi ilə nəticələnir. Birinci Türkoloji Qurultay həm də Azərbaycan türkologiyasının dünya türkologiyasında olan nüfuzunu və yerini göstərirdi. Bakı şəhəri türkoloji mərkəzə çevrilmişdi. Qurultay çağırılması ideyası hələ 1923-cü ildə yaranmışdı. N.Nərimanovun ərəb qrafikalı əlifbanın dəyişdirilməsi və Sovet İttifaqında yaşayan türklərin ümumi bir əlifbaya keçməsi fikri o zaman tez-tez səslənən fikirlərdən idi. Belə bir mühitdə türk xalqlarının bir sıra problemlərini müzakirə etmək məqsədi ilə qurultay çağırlması fikri getdikcə aktuallaşırdı.

Bakı şəhərinin o dövrün türkoloji mərkəzlərindən birinə çevrilməsində yerləşdiyi coğrafi mövqeyin də rolu vardı. Türküstandan Türk Cümhuriyyətinə gedən yol Bakıdan keçirdi.  Bakı Krıma, Kazana yaxın olduğu qədər, həm də Qafqaz türklərinə ən yaxın bir türk şəhəri və türkoloji beyin mərkəzi idi.

İlk dəfə qurultayın çağırılması məsələsi rəsmi olaraq, 1924-cü ildə Azərbaycan SSR hökuməti tərəfindən SSRİ rəhbərliyinə təqdim edilmişdi. SSRİ hökumətinin Türkoloji Qurultayın çağırılması barədə qərarından altı ay əvvəl latın əlifbasına keçilməsi məsələlərinin həll edilməsi zərurəti 1-ci Azərbaycan Yerli Diyarşünaslıq Qurultayında və SSRİ Elmlər Akademiyası və Ümumittifaq Şərqşünaslıq Birliyində də qaldırılmışdı. Nəhayət, 1925-ci ilin avqustunda SSRİ Xalq Komissarları Şurası Ümumittifaq Türkoloji Qurultayının çağırılması haqqında qərar qəbul etdi.

SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə Qurultayın çağırılmasına hazırlıq üzrə təşkilat komissiyası yaradıldı. Təşkilat komissiyasının tərkibinə Səməd Ağamalıoğlu (sədr), M.Pavloviç, Həbib Cəbiyev, Vasili Bartold, Aleksandr Samoyloviç, Cəlaləddin Qorxmazov, Q.Broydo, Tyuryakulov, Zifeld, Fitred, Bəkir Çobanzadə, Aşmarin, Odabaş, Novşirvano, Əhməd Baytursunoğlu, Yusifzadə seçildilər.

Təşkilat komissiyası Ümumittifaq Türkoloji Qurultaya hazırlıq üçün görülən bütün işləri işıqlandırmaq üçün "Xəbərlər" nəşr etdirirdi. Mənbələrdə Qurultayın Bakı şəhərində keçirilmə səbəbi tam açıqlanmasa da, o dövrdə belə bir mühüm tədbirin keçirilməsi üçün təklif olunan şəhərlər (Leninqrad, Kazan və Bakı) içərisində həm coğrafi, həm də mədəni səviyyəsinə görə Bakı daha münasib idi. Əvvəla, Türkoloji Qurultayın türk ölkəsində keçirilməsi vacib məsələ idi. Leninqrad həm türk yurdu olmaması, həm də yerləşim yerinə görə uyğun deyildi. Kazan türk yurdu olsa da, o zaman qıtlıq və maddi çətinliklərlə üz-üzə olan Kazan belə bir məsuliyyəti üzərinə götürə bilmədi. Bakı şəhəri ən uyğun məkan olaraq seçildi və I Türkoloji Qurultayın Bakı şəhərində keçirilməsi razılaşdırıldı.

Bakıda türk dünyasının tanınmış elm adamlarının toplanması sonralar onların "Türkçü", "Turançı", "Casus" kimi damğalanaraq məhv edilməsi üçün bəhanə olacaqdı. 1937-ci ildə 12493 nömrəli iş (alimlərin işi) üzrə alimlərin çoxuna I Türkoloji Qurultayda, SSRİ-nin türkdilli respublikalarında keçirilən elmi konfrans və ezamiyyətlərdə iştirakı, türk xalqlarının tarixi, etnoqrafiyası, dili və ədəbiyyatı sahəsində tədqiqatları, ali məktəblərdə türkoloji fənlərin tədrisi və s. kimi iradlar tutuldu. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində saxlanılan Azərbaycan K(b)P MK katibi M.C.Bağırovun Xalq Daxili İşlər Komissarının müavini Gerasimova ünvanladığı məktubda deyilir: Bu gün üstü açılan və ifşa edilmiş düşmənlərimizin, xüsusən də, Çobanzadə, Qubaydullin və başqalarının çoxsaylı məhkəmə ifadələri ilə təsdiqini tapan bir çox işlər əsasını hələ o dövrdən götürür. Ona görə də, xahiş edirəm ki, sonrakı istintaq zamanı Azərbaycanda aparılan əksinqilabi pantürkist və panislamist fəaliyyətin tam mənzərəsinin və tarixinin aydınlaşdırılması üçün aşağıdakı faktlara xüsusi diqqət yetirilsin:

Xalq Maarif Komissarlığı ali və orta məktəblərə əcnəbi müəllimləri qəbul edir, hətta türk müəllim və alimlərini xaricdən də dəvət edir. Müəllim adı altında isə fəaliyyətini genişləndirmək məqsədi ilə türk casusları gəlirlər. Məsələn, İsmayıl Hikmət, Əbdül Cəfər Əfəndi, Mustafa İsmayıl Tevfik, Akif bəy, Xalid Səid. Bakıda türk müəllimlərin sayı 25-ə qədərdir. Bu qrupa Türkoloji Qurultayla bağlı əvvəlki qeydlərimizdə şəxsiyyətindən kifayət qədər bəhs olunan prof. B.Çobanzadə də daxildir. M.Köprülüzadə və Messaroşla əlaqədədir, əgər buraya yerli müsavatçı pedaqoqları da əlavə etsək, onda nəinki təhsil alan gənclərə, hətta mədəni müəssisələrimizin, xüsusən də, Xalq Maarif Komissarlığının rəhbər dairələrinə olan təsir mənbəyi tam aydınlığı ilə aşkarlanar. Bakıda çağırılan I Türkoloji Qurultayın təşkilat komissiyasının işində bu, özünü daha aydın şəkildə göstərmiş oldu, xüsusən də, şəxsən dəvət olunmuşların siyahısı tərtib olunarkən, oraya bəzi istisnalar edilməklə, SSRİ türk-tatar xalqlarının bütün millətçi-şovinistlərinin, xaricdən isə Köprülüzadə, Əli bəy Hüseynzadə, Messaroş və b. adlarının salınması oldu. Bütün bunlara o da əlavə olunmalıdır ki, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti öz fəallarının tərkibinə yalnız yuxarıda adları çəkilən şəxsləri və onlara yaxın millətçi-şovinistləri daxil etmişdi. Belə olan şəraitdə Azərbaycanın mədəni həyatının millətçi, pantürkist hərəkatla zəbt olunması üçün münbit zəmin yaranmış olur. Təcili olaraq məsələni əsaslı surətdə araşdırıb, siyasətimizi yenidən qurmalıyıq".

Bu məktub türk ziyalılarının Bakıda toplanmasından narahat olan bolşevik hökumətinin gerçək düşüncələrinin ifadəsidir; gələcək faciələrə hazırlıq planı idi.

Amma hələ iyirminci ilin əvvəlləri idi. Çar Rusiyasının xarabalıqları üzərində qurulmuş "Qırmızı İmperiya"nın onlara hazırladığı faciələrdən xəbərsiz olan türk aydınları türk birliyi ideyasından, ortaq əlifba, ortaq yazı dili olması ideyasından, turan ideyasından həvəslə danışırdılar. Hələ Bakıda toplanan türk aydınları, yurdsevər, xalqını maarifləndirmək üçün çalışan bu alimlər zamanın yaratdığı bu imkanlardan faydalanmağa çalışırdılar.

"Bolşevik dövlətinin qurduğu tələni bilməyən türkoloqlar, fədakar ziyalılar XX əsrin 20-ci illərində I Bakı Türkoloji Qurultayının keçirilməsi təşəbbüsünə müsbət hal kimi yanaşırlar. "Əslində bu tarixi məqamın iki cəbhəsi var idi: rus imperiyası və böyük türk aydınları - Turan yolçuları. Bu pusqudan tam xəbərsiz türk aydınları elə ilk gündə məqsədlərini ortaya qoydular".

Hələ Şimal küləyi başlamamışdı. Sovetlər İttifaqının NKVD adlanan türk düşməni qəddar təşkilatı seyrçidir, kimin hansı əqidə sahibi olduğunu müəyyən edir, siyahılar tutulur. Şimal küləyinin əsintiləri başlanmamış hələ. Hələ ki, Bakı həyəcan içində qonaqlarını gözləyir, hazırlıq işləri görülür. Bakı ziyalıları isə I Türkoloji Qurultayda çıxış edənlərin siyahısını dəqiqləşdirir, müzakirə ediləcək məsələlər haqqında fikir mübadiləsi edir, məsləhətləşmələr keçirirdilər.

Bakıda türk aydınlarının toplanması və Türkoloji Mərkəz rolunu oynaması I Türkoloji Qurultayın Bakıda keçirilməsi ilə nəticələndi. 1926-cı ilin 26 fevral-6 mart günlərində Bakıda keçirilmiş I Türkoloji Qurultay türk xalqlarının həyatında iz qoyan, bütün türk xalqlarının elmi və mədəni inkişafı üçün perspektiv əhəmiyyət daşıyan mühüm bir hadisə oldu. Stenoqrafik hesabatın titul səhifəsində qurultayın sonuncu günü kimi 5 mart göstərilsə də, qurultay öz işini martın 6-da da davam etdirmiş, 16-cı və 17-ci iclaslar məhz həmin gün keçirilmişdir.

Hazırda Milli Arxivdə olan Türkoloji Qurultayın Stenoqramında məruzələrin hamısı yazılmayıb. O dövrün imkanlarına görə, əsasən, rus dilində olan məruzələrin mətni yazılıb. Bəzi məruzəçilərin adı qeyd edilsə də, məruzələrin mətni yoxdur. Xüsusilə müxtəlif türk dillərində olan çıxışlar və məruzələr yazılmayıb.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!