Arzu və Yusif dastanı - Əsəd CAHANGİR

Sevgililər gününə

Əsəd CAHANGİR

 

Tarix üzrə fəlsəfə doktoru, tanınmış şair Arzu Nehrəmlinin indiyəcən bir neçə şeir kitabı işıq üzü görüb, amma onun "Bir gecəlik yuxu" kitabı onun vaxtilə oxuduğum "Tənha qu nəğməsi" və "Unutmağı öyrənirəm" kitablarından fərqlənir. Bu kitabların hər üçündə mövzu, məzmun, ideya eynidir - müəllif öz şeirlərini Birinci Qarabağ savaşı şəhidi, hərbi təyyarəçi, həyat yoldaşı, qızı Zübeydənin atası Yusif Vəliyevin xatirəsinə həsr eləyib. Kitabın adı - "Bir gecəlik yuxu" - metaforik baxımdan çoxqatlıdır: burada yuxu unudulmaq deyil, əksinə, oyanmaq üçündür; ölüm son deyil, bir gecəlik fasilədir. Şairin poetik düşüncəsində Yusif Yaquboğlu nə torpağa tapşırılmış keçmişdir, nə də əlçatmaz mif - o, sözün içində yaşayan canlı xatirədir:

 

Gözümün yaşını sıxıb bir yerə,

Göylərdən kim isə deyir, deyirəm.

Səndən qalanları yığıb bir yerə,

Sonra da adına şeir deyirəm.

 

"Bir gecəlik yuxu"nu oxuyanda anlayırsan ki, bu kitab sadəcə şəhid haqqında yazılmayıb - şəhidin yoxluğunda yaşamağın poeziyasıdır. Və bu poeziya oxucunu təkcə kədərləndirmir, onu düşünməyə, xatırlamağa, susaraq dərk etməyə vadar eləyir:

 

Qınamışam çoxu kimi,

varmı kimi, yoxmu kimi,

bir gecəlik yuxu kimi

görməmiş yozmuşam səni.

 

Bu misralar "Bir gecəlik yuxu" kitabının daxili dramaturgiyasını açan əsas məqamdır. Burada şair artıq təkcə itkinin ağrısını yox, insanın öz vicdanı qarşısında mühakiməsini səsləndirir.

Arzunun son kitabındakı şeirlər öz bədii-estetik səviyyəsi, metafizik-fəlsəfi siqləti, dilinin cilası baxımından öncəkilərdən fərqlənir, özü də ciddi surətdə fərqlənir və bu səviyyədə köklü fərq hər müəllifə nəsib olmur.

Arzu bədii yaradıcılığa 80-lərdə başlayıb, ilk dəfə özünü ictimaiyyətə 1984-cü ildə televiziyanıın "Ozan" proqramında səslənən "Ana" şeiriylə təqdim eləyib və tamaşaçı kütləsinin diqqətini çəkib. O gözəl, əlçatmaz keçmiş zamanların adəti üzrə Arzuya minnətdarlıq dolu tamaşaçı məktubları da gəlib. Amma əgər tale Yusifi ona rast gətirməsə, Qarabağ savaşı olmasa, yəqin ki, o tamam başqa bir şair olacaq və bəlkə də, heç olmayacaqdı. Onu indi hamımızın tanıdığı Arzu Nehrəmli eləyən, ona bütün şairlər arasında özünəməxsus, təkrarsız imic qazandıran Qarabağ savaşı və bu savaşda Yusifin şəhadəti olub.

 

Bəlkə, bu da təsadüfi deyil ki, Yusif 1968-ci il fevralın 14-də dünyaya gəlib. Onlar bir məktəbdə oxuyublar. Orta məktəbi bitirən Yusif Riqa Ali Hərbi Təyyarəçilik məktəbini də bitirib, yüksək ixtisaslı təyyarəçi kimi vətənə qayıdıb. Arzuya sevgisini ən romantik məhəbbət filmlərində belə, rast gəlmədiyimiz bir yolla bildirirmiş - təyyarədən sevdiyi qızgilin həyətinə içində məktub olan gül dəstələri atırmış... Öncə tərəddüd eləyən Arzu bu eşqin böyüklüyü qarşısında geri çəkilib - ailə qurublar. Sonra Yusif Qarabağ savaşına yola düşüb və övladları Zübeydə dünyaya gəlməmiş şəhadət xəbəri gəlib. Şəhidin dəfnində el atası, ulu öndər Heydər Əliyev cənabları şəxsən özü iştirak eləyib, körpə Zübeydəni bağrına basıb. Zübeydə də bu məhəbbətin qarşılığını neçə illər sonra ulu öndərə həsr elədiyi "Əbədi ümidimiz" kitabı ilə verib.

Maraqlıdır ki, Arzu bir neçə kitablıq şeir həsr elədiyi Yusifin adını şeirlərində bircə yerdə də çəkmir. Görəsən, niyə? Çünki bu ad Arzu üçün qutsaldır, Tanrının gizli adı kimi toxunulmazdır, bu adın üstünə tabu qoyulub, bu adı çəkmək yasaqlanıb.

Yusif Arzunun şeirlərinin təkcə mövzusu, məzmunu, ali qayəsi, baş qəhrəmanı, yeganə subyekti deyil. Buludların üstündən, dumanlı-çiskinli xatirələrdən, ağ-qara şəkillərdən, bir də qranit məzar daşından boylanan gülümsər üzlü təyyarəçi gənc həm də bu şeirlərin həmmüəllifidir. Arzu Nehrəmli tarix üzrə fəlsəfə doktorudur və bu fakt onun şeirlər kitabının məzmununa, ruhuna da sirayət edir. Onun şeirlərində zaman xronoloji deyil, fəlsəfi kateqoriya kimi işləyir, keçmiş, bu gün və gələcək bir-birindən ayrılmır. Şairin bədii yozumunda şəhidin ölümü bitmiş hadisə yox, varlığın davam edən halıdır. Şair üçün Yusif Yaquboğlu bir xatirə deyil - varlığın başqa mərhələsinə keçmiş bir mövcudluqdur. O, "Şəhidlər ölməyib" fikrinin canlı təcəssümüdür. O, varlığın başqa halına keçərək yaşayır və bu şeirlərin yazılmasında birbaşa iştirak eləyir:

 

Yenə baş-başayam şeirlərinlə,

Halına yanıram yazdıqlarımın.

Mən bu şeirləri tək yazmıram ki,

Yarısı sənindir yazdıqlarımın.

 

Yusifin şəhadət xəbərini xanımı səhər erkən alıb və o andan gənc qadının dünyasında cəmi iki nəfər qalıb - bir Yusif, bir də onun yadigarı Zübeydə. Övladı ilə sevgisinin, analığı ilə qadınlığının, həyatla ölümün, torpağın üstü ilə altının arasında - neytral zonada qalan Arzu yazır:

 

Ölüm ömürün qəsdində,

İki can qalıb şəstində.

Balası torpaq üstündə,

Atası torpaq altında.

 

Məcnunu itirmək Leylini, Hamleti itirmək Ofeliyanı, Cəlalın ölümü Humayı qeyri-şüuri ölümə sürüklədiyi kimi, sevdiyi şəxsin yoxluğu Arzunu dünyaya özgələşmə sindromu ilə üz-üzə qoyur. Bu onun gözündə zamanı, dünyanı və insanı yadlaşdırır; şeirlərinə amansız, ekzistensial soyuqluq gətirir, bir sözlə, kitaba dərin psixologizm aşılayır:

 

Hər düşəndə gecə yaddır,

Hər söküləndə dan özgə.

Nə ölümdür, nə həyatdır,

Yaşadığım zaman özgə.

 

Gördüyümüz röya deyil,

Guya budur, guya deyil.

Bura bizim dünya deyil,

Bəs, onda haradır dünya?

 

Bu həsrəti tapşırmağa

Necə tapım adam, Allah!

Axı, mən bu adamlara

Neçə ildir yadam, Allah!

 

Lakin Arzu nə Leyli, nə Ofeliya, nə də Humaydır, o elə Arzudur! O kədərləndirir, amma ağlatmır. sentimentalizm ona yaddır. Bu kitabda qadın səsi zəiflik yox, mənəvi dayanıqlıq formasıdır.

Arzunun şeirlərində Yusifdən sonra ikinci əsas obraz ömürlük ayrılıq, həsrət, dərddir.  Lakin dərdin çəkilməzliyi, şiddəti onun səciyyəsini şüuraltı olaraq dəyişir - o uzaqdan yaxına, mənfidən müsbətə, düşməndən dosta, ağrıdan nəşəyə çevrilir. Dərd dərdi çəkilən adamla eyniləşir və odur ki, dərdə münasibət ikiləşir. Şair bir yandan, ondan qurtarmaq, xilas olmaq istəyir, bir yandan da, ən əziz adamı kimi gecələr onun üstünü örtür, onun görüşünə əldə bir dəstə gül gedir, neçə illərdir ki, onu uşaq kimi böyüdür:

 

Mənzilə yetməyən iz böyüdürəm,

Ruhumda sevgi var, dilimdə öyüd.

İllərdir bir yetim qız böyüdürəm,

Gəl görüm, indi də yetim dərd böyüt.

 

Bu ikiləşmə Arzunun şeirlərində silsilə paradokslar yaradır. Ümumən, məncə, paradoks olmayan yerdə şeir yoxdur. Çünki fakta hamıdan fərqli şair baxışı, bədii kəşf paradoks olan yerdə meydana çıxır.

Arzu Nehrəmli Yusifin xatirəsi ilə bağlı duyğularını həyat yoldaşına həsr elədiyi "Bir igid var idi..." poema-dastanında ümumiləşdirib. Şeir və nəsrin bir-birini əvəzlədiyi, lirik-epik üslubda yazılmış "Bir igid var idi..." poemasında məhəbbət və qəhrəmanlıq motivləri birləşir. Bu, fərdi və ümummilli taleyin birləşməsi kimi anlaşılır. Lakin bura Arzunun şeirlərindən də qırmızı xətlə keçən üçüncü bir motiv - bəxt, tale, alın yazısı, bir sözlə, ilahi-metafizik qat da əlavə olunur:

 

Gözün Vətən görür, hayana baxsan,

Ağrıya-acıya şahidliyin var.

Özün də bilirdin, bəlkə nə vaxtsa,

Alnına yazılan şəhidliyin var.

 

"Bir gecəlik yuxu" kitabındakı şeirlərin bir qismi Qarabağ zəfəri və turançılıq ideallarına həsr olunub. Bu bir daha göstərir ki, bu kitabdakı şeirlər təkcə şəxsi ağrının poetik ifadəsi deyil. Kitabda fərdi ağrı milli ağrı ilə eyniləşir, bir ailənin itkisi xalqın taleyi ilə üst-üstə düşür. Arzu Nehrəmli ağrını gizlətmir, amma onu nümayiş də etdirmir. O öz itkisini ümumiləşdirərək milli yaddaşın bir hissəsinə çevirir. Bu, artıq şəxsi poeziya yox, ictimai vicdan poeziyasıdır. Bu mənada "Bir gecəlik yuxu" təkcə sevən bir qadının elegiyası yox, müharibənin yarımçıq qoyduğu həyatların poetik hesabatı, müharibədən sonrakı Azərbaycan insanının mənəvi durumunu əks etdirən bədii sənəddir:

 

Biz onu qoruduq ürəyimizlə,

Uğrunda həm ölən, itən varıydı.

Sındıra bilmədi bizi ayrılıq,

Çünki içimizdə vətən varıydı.

 

Folklorşünaslar deyir ki, dastan yaradıcılığı dövrü başa çatıb. Amma bəlkə də dastanlar yenə yaranır, Yusif dastanında olduğu kimi. Bəlkə də, o dastanlar indi həyatın özündə yaşayır; Arzunun həm məhəbbət, həm də qəhrəmanlıqdan ibarət həyatı kimi.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!