Allah sənə rəhmət eləsin, Nahid Hacızadə!
Taledən qismətinə işıq, duyğularına aydınlıq, ömür, sənət yollarına nurlu səmalar yazılmışdı, alın yazılarından işığın səsi gəlirdi; işıqlı adam idi yazıçı-publisist Nahid Hacızadə...
Gədəbəyin Şınıx bölgəsində, Düz Rəsullu kəndinin göy üzündə, doğma yollarında, dumduru düzlərində sayrışan sirli-sehrli bir işıq idi, ağ göyərçin kimi qanadlanır, bir yaşında anasını, sonra atasını itirən uşağın qəlbində-gözündə gülümsəyirdi. O işığın göyərçin əllərindən tuta-tuta böyüdü, Düz Rəsullu kəndinin yeddiillik məktəbində, sonra Tovuz şəhərində təhsil aldı, daha sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib jurnalistikanın əzablı-sevincli yollarına, ədəbi sözün əbədi dünyasına üz tutdu. Taleyini Azərbaycan radiosu və televiziyası ilə bağladı, illər, on illər ötdükcə halal ad-san, şan-şöhrət qazandı, bütöv silsilə təşkil edən sanballı verilişləri, filmləri, tamaşalarıyla sevildi, lirik miniatürləri, hekayələri, pyesləri, povestləriylə məşhurlaşdı. Taleyində zəhmət və istedad, halallıq və işıq birləşdi; daim halal, işıqlı ömrün yollarında yaşadı istedadlı telejurnalist, fədakar ziyalı, görkəmli sənətkar Nahid Hacızadə…
Qəlbində sonsuz vətən sevgisi, daim diri, oyaq olan Azərbaycan eşqi vardı. O sonsuz sevgi, o tükənməz eşq duyğularından, ruhunun səmalarından keçən möcüzəli saz tellərində daim kökdə olardı; Dədə Qorquddan, Qurbanidən, Aşıq Ələsgərdən, Dədə Şəmşirdən, Mikayıl Azaflıdan… bircə söz, bircə misra demək kifayət idi ki, daim diri, kökdə olan o saz telləri titrəyib dilə gəlsin, qəlbin-qanın yaddaş yolları bənövşə-bənövşə gülləyib, çiçəkləyib dil açsın, üzə gülsün; və Nahidli dünyanın haqdan gəlib xalqa doğru gedən ürək sözləri çeşid-çeşid əsərlərə - verilişlərə, telefilmlərə, teletamaşalara, hekayələrə, povestlərə dönsün…
Belə vaxtlarda baş redaktorumuzun - Nahid Hacızadənin qapısını açmaz, ədəbi-bədii yazılarına xələl gətirəcəyimizdən ehtiyat edərdik. Yeni, qalaq-qalaq yazılarını hərdən mənə də verər, - mirzə, təzə bir gözlə oxu, fikrini de, heç bilmirəm hardan başlayıb, harda qurtarmışam, - deyərdi. Və mən o isti, səmimi yazıları oxuyub, adətən, haqlı olaraq tərifləyirdim, niyə təriflədiyimi də ədəbi-tənqidi baxımdan əsaslandırırdım. Nahid müəllim qulaq asıb əməllicə sevinirdi, ruhən rahatlanırdı, - ən böyük nigarançılığım əsərlərimi oxucuların mən istəyən kimi duyub-duymayacağından olur, - deyirdi.
O, yazıya - istər adi veriliş ssenarisi, istər ciddi bir hekayə, povest olsun - müqəddəs bir iş kimi baxırdı; onun nəzərində yazı səmalardan Yer planetinə - insanlığın bu sürgün məkanına göndərilən müqəddəslik, xilas möcüzəsi idi; müqəddəs yazıyla baş-başa onu illər boyu belə gördüm, belə tanıdım və belə qəbul etdim; bizim ən ulu və uca yazımızı min illər əvvəl sazın sinəsində, qolça qopuzun tellərində yazıblar, - deyirdi yazıçı-publisist Nahid Hacızadə. Və dediklərinə qəlbən inanırdı.
***
Nahid Hacızadə xalqın səsini eşidən, Vətənin çağırışlarına cavab verə bilən, bütün yaradıcı varlığıyla o səsə, çağırışa köklənə bilən istedadlı yazıçı, fədakar ziyalı, həqiqi vətəndaş idi. 1990-cı illərin gərgin, böhranlı dövründə qələmini süngüyə döndərmişdi, "Qisas qiyamətə qalmaz", "Qayalarda qalan səs" kimi aktual, vətənpərvər, döyüşkən film-tamaşalarıyla, xalqı səfərbərliyə səsləyən, "Qalx, qalx, ulu torpaq,// Qalx, qalx, sən ey mərd xalq" deyən mahnı-çağırış mətnləriylə ədəbiyyatın, sənətin, teleradionun ön cəbhə xəttində, səngərində döyüşürdü Nahid Hacızadə. Bəstəkarı Eldar Mansurov, ilk və ən istedadlı ifaçısı Mübariz Tağıyev olan həmin mahnı-çağırış illər boyu xalqa, Vətənə, əlli milyonluq bütün Azərbaycan cəmiyyətinə söz dedi, haqqın və həqiqətin müqəddəs yollarını göstərdi.
Səksəninci illərin axırları, doxsanıncı illərin əvvəllərindəki təlatümlü dövrdə N.Hacızadənin təmiz milli mövqeli, vətənpərvər şəxsiyyət olduğuna dönə-dönə əmin oldum, inandım. "Qarabağın əsl tarixi, əsl həqiqəti onun türk yaddaşlı qədim abidələrində, arxeoloji və etnoqrafik milli mədəniyyət nümunələrində, Şuşa, Şahbulaq, Əskəran, Bayat, Koroğlu kimi qalalarında, salnamə kimi yazılan "Qarabağnamə"lərindədir; bu gün ən böyük vətənpərvərlik bu tarix və mədəniyyət abidələrini olduğu kimi çəkib, Azərbaycan televiziyası ilə bütün dünyaya göstərməkdir." - Belə deyirdi, rəhbərlik etdiyi "Ədəbi-dram verilişləri" baş redaksiyasının yaradıcı potensialını bu aktual, strateji xəttə yönəldirdi. Şəxsən mən onun məsləhəti, tapşırığı, göndərişi ilə dəfələrlə Qarabağa, xüsusilə, Şuşaya, Ağdama, Kəlbəcərə ezamiyyətə getmiş, silsilə verilişlər hazırlamışdım. "Qarabağ abidələri" adlı əlli dəqiqəlik elmi-publisistik verilişdə bütün Qarabağ memarlığı əhatə olunmuş, lentin yaddaşına köçürülmüşdü. Şuşa Tarix-diyarşünaslıq muzeyinə, X.Natəvan, Ü.Hacıbəyli, M.M.Nəvvab, Bülbül və başqalarının adı ilə bağlı milli mədəniyyət obyektlərinə xüsusi verilişlər həsr olunması qeyrətli, vətənpərvər, mübariz baş redaktor mövqeyinin nəticəsi idi. İndi Azərbaycan televiziyasının qızıl fondunda qorunub saxlanılan həmin verilişlər, kino və video lent materialları, "Şuşa qalası - həqiqətin tarixi", "Qarabağ memarlığından səhifələr", "Qarabağ abidələri", "Şuşa muzeyləri", "Şuşa muzeylərinin acı taleyi" və başqa çoxsaylı sənədli ekran əsərləri Qarabağın tarixini və əzəli Azərbaycan həqiqəti olmasını təsdiq edən danılmaz telefaktlardır.
Yadıma bir epizod düşür. Səksəninci illərin sonu, doxsanıncı illərin əvvəllərində sadaladığım həmin verilişlərə, eləcə də "Palitra", "Vətən", "Vətəndaş" kimi silsilə verilişlərə o vaxt gənc elmlər doktorları olan Nizami Cəfərovu, Nizaməddin Şəmsizadəni, Məhərrəm Qasımlını tez-tez dəvət edirdim. Növbəti planlaşmaların birində baş redaktor N.Hacızadə soruşdu:
- Bunlar kimdir? Niyə belə tez-tez dəvət edirsən?
- Hər üçünü tələbəlikdən tanıyıram, saf milli mövqeli, yüksək elmi səviyyəli cavan alimlər, filologiya elmləri doktorlarıdır.
- Bu dəfə nədən danışacaqlar?
- Tarixi yaddaş problemindən, etnogenetik tarixi güc və yaddaş enerjisinin oyadılması, səfərbərliyi və bu günə nəqlindən.
- Çox ciddi, aktual mövzudur. Danışa biləcəklərmi?
- Tam arxayınam... Onlar bu günün və gələcəyin böyük alimləri, oyaq təfəkkürlü istedad və intellekt sahibləridir.
- Harda çəkəcəksiniz?
- Şirvanşahlar sarayının önündə, tarixin və bu günün bütöv memarlıq mühitində.
Gözlərində şirin bir təbəssüm çiçəklədi, uzun barmaqlarıyla qalın, azacıq çallaşan saçlarını geri daraqlayıb son sözünü dedi:
- Çox yaxşı, Elcanlı... - Şəhadət barmağını yuxarı qaldırdı. - Ancaq bu verilişə məxsusi baxacağam, göstər hünərini...
Nizami Cəfərovla Nizaməddin Şəmsizadənin Şirvanşahlar sarayının fonunda qoşa dayanıb etdikləri söhbətin yüksək elmi-intellektual, ədəbi-estetik səviyyəsi, rejissor Rauf Mirzəyev tərəfindən mövzunun uğurlu ekran həlli çoxları kimi Nahid müəllimi də razı saldı. Baş redaktorun təqdimatına əsasən yaradıcı qrupun üzvlərinə aylıq maaş səviyyəsində pul mükafatı da verildi. Və sonra illər boyu çətin, aktual, vətənpərvər mövzularla qarşılaşanda Nahid Hacızadə şirin bir təbəssümlə gülümsəyər, könül xoşluğuyla deyərdi ki, mirzə, o tələbə dostlarını çağır gəlsinlər, bu meydanda yalnız onlar ciddi, lazımlı söz deyə bilərlər...
***
O, ömrünün ən gözəl illərini, yaradıcı həyatının bütöv bir hissəsini Azərbaycan radiosu və televiziyasına həsr edib, özünəməxsus telejurnalistika məktəbini yaradıb. Otuz il "Gənclik" və "Ədəbi-dram" redaksiyalarına rəhbərlik edib, sonra sədr müavini olub, daha sonra müxtəlif vəzifələrdə çalışıb və əsası da odur ki, uşaq vaxtlarından gözlərində yanan, qəlbində qaynayan işıq heç vaxt sönməyib, daim alovlanıb. "Məhəbbət ölüncə var", "Dağlar, sizdə gözüm qaldı", "Məhəbbət leysanları", "Bir ana tanıyırdım", "Köçündən ayrılan durna" və başqa nəsr əsərlərində, çoxsaylı veriliş, telefilm və teletamaşalarında o qeyri-adi işıq daim mübarizə aparıb və qalib gəlib. Ömrünü qara qələmlə ağ kağızın sirli sevgisində, taleyinin işıqlı yollarında yaşayıb yazıçı-jurnalist Nahid Hacızadə…
"Bir ana tanıyırdım", "Dağlar yuxuma girir", "Bir ürəyin çağırışı", "Ömür gözləyir bizi", "Məhəbbət ölüncə var" və başqa nəsr kitabları ilə oxucuların sevgisini qazanan Nahid Hacızadə həmişə öz dəst-xəttinə, yaradıcılıq manerasına sadiq qalıb, öz sənət yolunu uğurlu əsərlərlə zənginləşdirib. Kitablarında toplanmış povestlər, miniatür və hekayələr, pyeslər yazıçının yaradıcılıq axtarışlarının uğurlarından, orijinal sənətkarlıq məziyyətlərindən xəbər verir.
"Məhəbbət ölüncə var" kitabında müəllifin üç povesti çap olunub. Estetik ideal bütövlüyü, bədii mətləb-məqsəd aydınlığı, yazıçı mövqeyinin aşkarlığı ilə seçilən bu əsərlər maraqla oxunur, güclü təsir qüvvəsi, lirik-psixoloji cazibəsi, qəribə sehri ilə oxucu qəlbində dərin izlər buraxır. Bu povestlər öz yolu olan, öz sözünü deyən, heç kimə bənzəməyən nasir qələminin məhsuludur. Bu qələm az sözlə çox məna-mətləb ifadə etməyə, bir neçə cümlə ilə bütöv mənzərələr yaratmağa, mürəkkəb lirik-psixoloji anları dəqiqliklə təqdim etməyə qadirdir. Uzun illərin ayrılığından, həsrətindən sonra ana ilə oğlunun görüşü belə təsvir olunur: "Ana həsrət baxışlarını oğlunun üzündən ayıra bilmir, sanki onu gözlərinə köçürmək və beləcə, nə qədər canında can varsa gözlərində saxlamaq istəyirdi. Bu baxışlar Toğrulu çəpərləmişdi. ("Dağlar, səndə gözüm qaldı" povestindən). Yaxud böyük aktyor Kazım Ziyanın psixoloji vəziyyəti bircə cümlədə ustalıqla açılır: "Dodaqlarında Füzulinin sehrkar misraları çiçəkləyirdi". ("Məhəbbət ölüncə var" povestindən). Belə misalların sayını istənilən qədər artırmaq olar. Söz üzərində zərgər dəqiqliyi ilə işləmək, sözə hörmət etmək, sözün daxili enerjisini, gizli gücünü üzə çıxarmaq, potensial imkanlarını oyatmaq, səfərbər edə bilmək Nahid Hacızadənin yazıçı kimi uğuru, xoşbəxtliyi idi. Lakin həmişə təvazökarlıq edər, "biz də yazırıq da" deyərdi. 1984-cü ilin 2 avqustunda "Azərbaycan gəncləri" qəzetində bu sətirlərin müəllifi "Şair təbiətli yazıçı" adlı bir məqalə çap etdirmişdi; Nahid müəllim o məqaləni oxuyub xeyli sevinmişdi və onu da xüsusi vurğulamışdı ki, "Mirzə, məqaləyə görə çox sağ ol, amma etiraf edim, mənim boyumdan yüksək yazmısan..."
Nahid Hacızadənin miniatür və hekayələrindən, povest və pyeslərindən danışarkən Maksim Qorkinin "İnsan məğrur səslənir!" kəlamı düşür yada. Onun əksər əsərlərində lirik-romantik bir dillə məğrur insan ruhu, qaranlığa qalib gələn işıq təsvir və tərənnüm olunur. Bu əsərlər işıq haqqında, günəş haqqında, dünyaya qurub-yaratmaq, sevinmək üçün gələn bəşər oğlu haqqındadır. "Avtoqraf" miniatüründə təkcə Nazim Hikmətin Mehmet, Münəvvər, Məmləkət həsrətindən yox, ümumiləşdirilmiş insan həsrətindən danışılır. Əli Kərimin xatirəsinə həsr olunmuş "Elegiya" əsəri də quran, yaradan, dünyaya gərək olan insanın, işığın, məğrur çinar yaşıllığının təsdiqidir. "Məhəbbət yaşadır" lirik dramındakı Cığatay-Ziyad, Elcan-Nübar xətləri nəticə etibarı ilə insana inamın, məhəbbətin tərənnümü, bədii-estetik müdafiəsidir. Və bütün bu əsərlərdə "Mən işığam - qaranlığın qənimi" (Rəsul Rza) yanğısı, sənətkar ehtirası qırmızı xətt kimi keçir, heç vaxt səngimir, geri çəkilmir.
Nahid Hacızadə şair təbiətli yazıçıdır, lirik improvizələr ustasıdır. Onun nəsri nağıllı-dastanlı dünyadan, el sözünün bayatı qatından, qoşma saxlancından, dağlarımızın sazlı-sözlü baharından pöhrələyib, xalqımızın bədii söz tarlasında öz duruşu, öz siması olan çinar kimi qol-budaq atıb. Bu çinarın öz sərinliyi, öz yaşıllığı var. Və bu çinarın nurlu işığında oxucular tilsimə düşər, sənətin tilsimkar dünyasında xoşbəxt olar…
Yarım əsrdən artıq müddətdə yazıb-yaradan, doğma teleradiomuza, ədəbiyyatımıza, bütünlüklə milli mədəniyyətimizə şərəfli xidmət nümunəsi göstərən Nahid Hacızadə cismən bizi tərk etsə də, haqq dünyasına qovuşsa da, əsərləri ilə bu gün də yaradıcı sözlə, sehrli sənətlə üz-üzədir. Son illər "Tanrıma, taleyimə minnətdaram ki, ömrün bu çağına yetirdi məni" deyirdi, böyük bir hissəsi "Yada düşdü" adlı nəhəng kitabda toplanan xatirələrini yazmaqda davam edirdi. Artıq "Yada düşdü" adlı xatirələr karvanının ikinci kitabını da tamamlamışdı. Neçə ildir ki, Nahid Hacızadənin baş redaktoru olduğu "Azərbaycan Respublikasının Xatirə Kitabı" redaksiyası İkinci Dünya müharibəsində, Əfqanıstanda, 20 Yanvar faciəsində və Qarabağ uğrunda döyüşlərdə həlak olan soydaşlarımız haqqında iyirmi cildlik ensiklopediya üzərində işləyirdi. Beləcə, ürək çaylar kimi coşmaqdan, dağlar kimi döyünməkdən, qələm kotan kimi işləməkdən yorulmurdu, ömrün işıqlı yolları davam edir, yeni-yeni uğurlara imza atırdı.
Bu gün Nahid Hacızadə cismən aramızda olmasa da, çoxsaylı veriliş, film və tamaşalarında, nəsr, dramaturgiya və publisistik əsərlərində, əbədiyyət yolunu davam etdirən uğurlu sənət nümunələrində yenə də öz xalqıyla, vətəniylə birlikdədir. O, sanki dastanlardan çıxıb gəlmişdi, qəlbində-qanında dastan ruhu, dastan sevdası vardı. Ömrünün son illərində, aylarında hərdən yaddaşını itirsə də, yaralı yaddaş yollarında duyğuları pərən-pərən olsa da, yaddaşsızlığın mifik-tragik əzablarına sinə gərsə də, ruhən heç vaxt təslim, məğlub olmadı, dastan sevdası, əsatiri bir güclə həmişə dik durdu. Beləcə, əsərlərilə dastan kimi xalq qəlbinə, nurlu, əbədi yaddaş hücrəsinə çəkildi. Və o yaddaş məmləkətində Nahid Hacızadə ünvanlı, işıq, halallıq yüklü, dastan ləngərli sənət karvanı yolunu davam etdirir, yeni yolların uğurlu, əbədiyyət adlı sirli səfərin mübarək, Nahid müəllim...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!